Edebiyyat.az » Poeziya » ÇilənAy Nur Faiqdən şeirlər

ÇilənAy Nur Faiqdən şeirlər

ÇilənAy Nur Faiqdən şeirlər
Poeziya
admin
Müəllif:
22:58, 17 aprel 2025
163
0
ÇilənAy Nur Faiqdən şeirlər



Ata

Ata övladını gözüyaşlı qoymaz.
Sən mənim gözümdə yaş oldun, ata!
Səninlə sevindim, səninlə güldüm,
Sən getdin yerini boş qoydun, ata!

Qəlbimdə sağalmaz bir yara açdın.
Dünyadan tez doyub cənnətə qaçdın.
Ömrünün yetdiyi hər an, hər dəqiqə,
Qaranlıq dünyama sən işıq saçdın.

Çiynimə dağ boyda dərdi qoymusan.
Güllər açan yerdə sənsə solmusan.
Bir kərə səsimə səs ver ki, görüm,
Niyə bu dünyadan sən tez doymusan?

Sızlayan ürəkdir, ağlayan gözüm.
Dərdimi deməyə yoxdur bir sözüm.
Sən gedən o yerə gedərdim özüm.
Sən niyə vəfasız çıxdın, ay ata!

Baxıb gözlərimə imdad diləyib.
Bir kəlmə sözünü deyə bilmədin!
Əzabla yaşayıb, əzabla öldün,
Dünyada gün üzü görə bilmədin!

Cismin o dünyada, ruhun mənlədi.
Sənsiz olan dünyada donub qəmlədi.
Bir zaman səninlə gülən gözlərim,
Sən gedən o gündən yaşla, nəmlədi.

Ətrafım insanla dolu olsada,
Gözlərim hər yerdə səni axtarır.
Sənin bu dünyadan vaxtsız gedişin,
Bilirsən nə qədər ürək dağlayır?

Yenə də gözlərim yolarda qalıb.
Elə bil nə vaxtsa evə gələssən.
Oturub səninçün ağlayanda mən,
Burdayam göz yaşın tökmə deyəssən.

Məzara qoydular dura bilmədin.
Bilirəm dünyadan doya bilmədin!
Sənə rəhmət verən o insanların,
Durub ağızların yuma bilmədin.

Qaytarmır aldığın torpaq heç zaman!
Qəlbimdə qalassan bil ki, hər zaman!
Unutma heç zaman tək deyilsən sən!
Gözlə  gələcəyəm mən də bir zaman!

Sonda bircə kəlmə qalıb bizlərə.
Məzarın hər zaman nurlarla dolsun!
Dünyaya sığmayan o ömrün sənin,
Getdiyin dünyada cənnətlik olsun!

Atasız dünya

Ömrün günün bezar oldu!
Dərdin sənə azar oldu!
Torpaq deyil, ay ata.
Dünya sənə məzar oldu!

Bilirəm getmisən gələ bilmərsən!
Dərdimi mənimlə bölə bilmərsən!
Deyirlər dünyanın qanunudur bu.
Ölənlə bir yerdə ölə bilmərsən!

Gələcək günlərin nə mənası var?
İçimdən keçmişə qayıtmaq gəlir!
Sənsiz bu günlərdə yanan ürəkdən,
Səni o məzardan ayıltmaq gəlir!

Bir zaman getdiyin o yollar səni,
Qoynunda ömürlük məhbus saxlayır!
Bu gediş o qədər ağır oldu ki,
Gözlərim durmadan dərdə ağlayr!

Darıxıb qəlbini sıxma, ay atam!
Mən sənin bircə qat yuxarındayam!
Qovuşmaq yaxındır səbr elə bir az!
Bir də görəssən ki, qucağındayam!

Qapqara dünyanın bu ağ qızının ,
Taleyi bir azca ağ olaydı kaş!
Mənə qazılardı o soyuq məzar,
Atam bu dünyada sağ olaydı kaş!

Keçmişdə çoxları deyirdi mənə.
Yazma qəm-kədərdən bəsdi bu qədər!
Atasız dünyanı dərdi yamandı.
Qayıt gəl sənsizlik bəsdi bu qədər!

Cənnətdəki yaş günün.

Həyatda yoxdur səsin.
Gəlmir artıq nəfəsin.
Cənnətə çox tez uçdun,
Dünya oldu qəfəsin!

Əlli beş illik ömrü ,
Qoyub hara getmisən?
Söylə torpaq altında ,
Vüsalamı yetmisən?

Cənnətdəki ilk yaşın,
Mübarəkdir, mübarək!
Sənsiz qalan bu dünya,
Qiyamətdir, qiyamət!

Bir gün gələcək bu gün,
Sənlə birgə olacam.
O gün gələnə qədər,
Mən səni tək qoyacam.


✍️Bəyaz sətirlər

Bəzən sevgim ilə cavanlaşırsan.
Bəzən kədərimlə tək savaşırsan.
Görürəm sən mənə çox yaraşırsan,
Qəlbimin sahibi, bəyaz sətirlər.

Tənhalıq səninlə ordu kimidi.
Sən mənə yüz dostdan daha gərəksən!
Acanda dünyanın 
xoşbəxtliyinə.
Yediyim ən dadlı şirin çörəksən!


✍️Sevgilim

Belə yadlaşmayaq bir-birimizə.
Gəzək küçələri, gəzək tinləri.
Şahidi eyləyək daşı, divarı
Sevgi misrasının ilıq səsinə.

Gizlincə dinləsin sevənlər bizi.
Arzular, xəyallar vüsala çatsın!
Bu yaşda sevginin yası tutulmaz.
Məhəbbət sevginin eşqiylə yatsın!

Dodaqlar sevginin hərarətiylə,
Yerindən oynadar qarı, yağışı.
Deyəsən, göz dəyir sevgilim bizə.
Gəl uzaq saxlayaq dostu, tanışı.


✍️***

Gözlərin eşqinin izin itirib.
Sözlərin sevgidən nağıl danışır.
Məni sevmirsənsə dilin de niyə?
Başqasın sevməyim deyə dalaşır.

Susdurma içində boğduğun səsi!
Qorxma hislərindən mərd ol, sevgilim!
Doğrudan əl çəkib yalan danışma,
Lap belə qəlbimə dərd ol, sevgilim!


✍️ Sevənlər

Sənin sağlığına qalxır badələr,
Sənin atəşinlə dərdlər kül olur.
Bəzən sevgiləri qutaran təkcə,
Sakitcə verilən bəyaz gül olur.

Deyəndə sevməyə nə var asandı?
Bilmirdin ayrılıq sənə yar olar!
Könlü qırılmasa sevgililərin,
Sevənlər hamıdan bəxtiyar olar!


✍️***

Yaşamaq istəyin çoxdursa əgər,
Gəl sənə ömrümü hədiyə verim.
Sevilmək istəyin yoxdursa əgər,
Mən sənə ömrümü nə deyə verim?

Üsyankar baxışlar məhv edər səni.
Qəzəbin sevgiylə dostluğu tutmaz!
Çox vaxt yaralara olsa da məlhəm,
Sevgi göz yaşların bəzən qurutmaz!



✍️
İstəsəm ayazı saz edərdin sən.
Ruhuma sevgidən nəğmə qoşardın.
İstəsəm payızı yaz edərdin sən.
Ağacda xəzan yox, sevgi bitərdi.

Deyəndə gəl sevmə yanacaq qəlbin!
Sən məni sevməyi asan sanırdın.
Deyəndə gəl sevmə öləcəksən, sən!
Sən mənsiz ölməyi günah sayırdın.

Sevmisən gəl indi nazımı da çək!
Taleyin yolunu tərs döndərməyək.
Onsuzda sevirik bir-birimizi,
Mərd olub bu eşqə üz çöndərməyək!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)