AZAD QARADƏRƏLİ - LYOSA: SEVGİDƏN SİYASƏTƏCƏN

(Perulu ədibin özü və sözü haqqında kiçik esse)
Mənimçün ədəbiyyat qatı dumanda azan yolçunun düşdüyü vəziyyət kimidir: sonu bilinməyən dumanda azmaq qorxusu və üzünü şıltaq qadın kimi yalayıb, səni az qala masturbasiya həddinə gətirən dumanın həyəcanı. Neçə-neçə hekayə, roman, esse yazdım, zira nə o dumanın cazibəsindən qurtuldum, nə o azmış yolçunun qorxusundan...
Hər dəfə əlimə qələm alanda (indi klaviatura) o cazibə və qorxu kəsir başımın üstünü.
Gənclik illərində Nizami, Hüqo, Tolstoy, Cek London, Mopassan, Cəlil Məmmədquluzadə kimi ədiblərin rəfimdəki kitablarını əlimlə sığallayar, onlardan sanki güc alardım. (Onda rəfim də rəf deyildi: altı taxtanı pis-pis yontaqlayıb mismarlamış, üstünü qəzet parçaları ilə bürüb-bükmüş, bu rəfəoxşar taxçakimiyə az-çox kitablarımı yığmışdım.) Bu da yetməyəndə Sabir Əhmədovun yanına gedər, o böyük yazıçının aşıb-daşan enerjisindən qidalanardım, toxtayardım...
18 yaşda da beləydi, 68-də də belədir.
Dəyişən adlardır: Bulqakov, Platonov, Markes, Lyosa, Çəmənzəminli... Sabir Əhmədlinin indi özü yoxsa da, kitabları rəflərimi bəzəyir... Məhz bu ədiblərin “yanına” gəlir, kitablarını tumarlayır, onlardan güc alıram. Qorxu və həyəcan çəkilir, duman isə “Yaramaz qız”a* çevrilib, mənimlə mazaqlaşır, qorxma, yaz deyir. Artıq canımdan çıxan qorxunu həyəcanla yola salaraq kompüterin qapağını açıram.
Bu dəfə dostum, həmkarım və sonsuz qaraçuxalarımdan biri olan Lyosadan söz açmaq istəyirəm.
Nobelli Lyosa, perulu Lyosa, özündən 18 yaş böyük qadına aşiq olan, ondan ilham alan Lyosa, Markesin gözünün altını qaraldan Lyosa, Peru prezidentliyinə namizəd olub uduzan Lyosa, cild-cild romanlar yazan Lyosa...
Çox az əsərini oxusam da, mətni və həyata baxışı ilə mənə yol yoldaşı olan Lyosa...
Qəribədir ki, dünya şöhrətli Lyosa da indi oxucuların azalmasından gileylənirdi. Özü də necə?!
“Belə görünür ki, ədəbiyyat get-gedə daha çox qadın işi olub. Kitab evlərində, yazıçıların təşkil etdiyi konfranslarda, qiraət günlərində, universitetlərin humanitar elmlərə ayrılmış fakültələrində qadınların sayı kişilərdən çoxdur. Bu fakt adətən belə izah olunur: orta təbəqədən olan qadınlar kişilər qədər işləmədikləri üçün daha çox kitab oxuyurlar; bundan başqa, əksər qadınlar xəyal qurmağı və fantaziyaya vaxt ayırmağı, kişilərdən daha çox özlərinin haqqı hesab edirlər. Kişilərlə qadınları kəskin siniflərə bölən, qadınla kişinin bir-birindən fərqli fəzilət və qüsurları olmasını özünə dayaq nöqtəsi götürən izahların heç birindən heç vaxt xoşum gəlməyib. Amma ədəbiyyat oxucusunun hər gün azalması və yerdə qalan oxucu kütləsinin içində say etibarilə qadınların dominantlığı inkar edilməz həqiqətdir.”
***
İstinad nöqtəmizin biri ədibin bu günlərdə oxuyub başa çıxdığım məşhur “Yaramaz qızın sərgüzəştləri” romanıdır, fəqət buracan Lyosa haqqında vacib deyiləsi bir neçə kəlmənin üstündən keçə bilmərəm.
Bilənlər bilir ki, mən on ilə yaxın “Yazı” adlı dərgi buraxmışam. Bu dərgi ilk növbədə mənim özümə lazım idi. Sonra mənim ətrafıma, xüsusən gənclərə. Bilirəm, bəzi özündənmüştəbehlər o dərgiyə ağız büzə bilərlər, daha yaxşısını çıxartmaq olardı deyərlər və s. Bilənlər onu da bilirlər ki, belə sözlər söyləmək işin ən asanıdır. “Yazı” isə bundan sonra çıxacaq, şıxmayacaq, bilmirəm, amma o öz zamanı üçün fövqəladə bir iş gördü. (Bu sətirləri yazanda dərgini hələ gənclərə verməmişdim – indi mən dərginin yalnız təsisçisiyəm və həvalə etdiyim gənclərin işinə də qarışmıram. Əlbəttə, bu mənim “Yazı”m deyil, amma dərgimizin yaşaması naminə bu işə razılıq vermişəm. Nə yazıq ki, mənim yaşım və fiziki gücüm bu işi görməyə yetmir.)** İlk növbədə dünya klassiklərinin əsərlərini, o cümlədən modern dünya və Azərbaycan ədəbiyyatını Azərbaycan oxucusuna çatdırdı. Elə böyük Peru ədibi Mariya Varqas Lyosanı da bəlkə, ilk dəfə Azərbaycan oxucusuna “Yazı” təqdim etdi. Təbii ki, bu yerdə ilk növbədə dərgi ilə əməkdaşlıq edən, dərginin yaşaması üçün maddi-mənəvi dəstəyini əsirgəməyən, həm də çevirmən kimi çalışan Moskvada yaşayan Araz Gündüzə sağ olun deyirəm!
Araz bəyin tərcüməsində Lyosanın təxminən 50 jurnal səhifəsi edən (dərgimiz 200 səhifə idi) ədəbi qeydlərini – memuarını çap etdik. Şəxsən mən o əsərə qədər Lyosanın rus dilində, Anadolu və Azərbaycan türkcələrində iki-üç hekayəsini oxumuşdum. Lyosanın bu iri həcmli xatirə üslubunda yazdığı əsər mənim ədəbi tərcümeyi-halımda böyük rol oynadı. Mən o əsəri çap edəndə (“Yazı”, 2015-ci il, 13-cü nömrə, səh.85-148.) nisbətən az yazırdım. Lakin o əsəri oxuyub redəktə edə-edə çapa hazırlayanda anladım: dayanmadan, nəfəs dərmədən ürəyimdəkiləri kompüterin klavişlərinə döyəcləməli, yazmalı, yazmalıyam. Bu gün yazdığım çoxlu hekayə və romanlara görə məhz Lyosaya borcluyam. (Burda Joze Saromoqonun da haqqını vermək gərək. Adam deyirdi ki, yazıçı hər gün səhər ən azı bir səhifə yazmalıdır. Bu bir səhifə ilin sonunda 362 səhifə olacaq... Yəni bütöv bir roman...)
Gələk ədibin sözügedən əsərinə - “Su içindəki balıq kimi yaşadığım günlər”ə. Əslində bu yazıda daha çox elə bu əsərdən bəhs edəcəyəm. Nədən? Ona görə ki, mən tənqidçi deyiləm və Lyosanın “Şıltaq qız”ını təhlil etmək fikrindən də uzağam. Sadəcə...
Hə, bizdə ədəbi-bədii memuar səviyyəsində kitablar ya yoxdur, ya da çox lazımsızdır. Ordubadinin, Çəmənzəminlinin və daha bir-iki ədibimizin belə əsərləri var, zira onlar da tam deyil, yalnız müəyyən dövrü əhatə edir. Bir də Ümbülbəni – Banin və onun “Qafqaz günləri” var ki, bu ayrı bir estetikadır və ayrıca təhlil tələb edir, zira buranın yeri deyil. (Sadəcə, oxucuya çatdırmalıyam: bir vaxtlar mövcud olan “Xan” nəşriyyatının təklifi ilə Baninin sözügedən romanını yenidən çapa hazırladım. Belə ki, romanın Sovet dövründə naqis çap olunduğunu, ixtisarlar edildiyini bilirdim. İxtisar olunmuş səhifələri tərcümə edən gənc bir müəllifin köməyi ilə əsəri tam bərpa olunmuş vəziyyətdə çapa hazırlayıb, redaktor kimi də ön söz yazdım.)
Yəni Sovet dövrünə ayaq basan kimi ya mətn axsayır, ya da...
Anarın “Sizsiz”i var. Bu “ya da”, əslində, o əsərə işarədir. Adam ata-anasından yaza bilər, amma həqiqəti yaza bilməyəcəksənsə, yazma, qardaşım, yazma. Onsuz da bilənlər bilir, kim kimdir... Nigar xanım böyük bir nəslin qızıdır, amma o allahsız Sovet höküməti ilk olaraq o böyük nəsillərin boynunu vurub, boylarını gödəltməklə məşqul idi. Daha çox baş əyənlər, daha çox yuxarıya yaltaqlananlar həm sağ qaldılar, həm də vəzifə və ad-san, gəlir əldə etdilər...
Yəni, olub-bitənləri sizsiz də bilirik, elə “Sizsiz” də...
Rəhmətlik Sabir Əhmədlinin “Yazılmayan yazı” romanı istisna olmaqla, bizdə Lyosanın memuarı səviyyədə əsər yoxdur...
Mətləbdən uzaq düşdük. Qayıdaq “Su içində balıq kimi yaşadığım günlər”ə. (Heyf ki, əsər əlimizə yarımçıq gəlib çatmışdı və dostumuz da onu ancaq o cür çevirməyə məcbur olmuşdu. “Yazı”nı bəyənməyənlərin ilk işlərindən biri, həmin əsəri tapıb çevirmək, bütöv şəkildə oxuculara çatdırmaq olmalıdır.)
M.Kunderanın sözüdür:”Əsərlərindən daha ağıllı olan yazıçılar peşələrini dəyişməlidirlər.”
Lyosa ağıllı yazıçıdır. Zira əsərləri özündən daha kamil, daha ağıllı...
Niyə bu memuar mənim diqqətimi belə çox cəlb edib?
Çünki orada Lyosanı Lyosa edən həqiqətlərə ütü çəkilməyib. Məsələn, ailəsini müqəddəsləşdirmir. Onu hərbi məktəbə vermələrini, o məktəbdə başına gələnlər...
Və babası, nənəsi...
Onu yazıçı edənlər...
Və bütün manelərə baxmayaraq özündən az qala iki dəfə yaşlı olan bir qadınla ailə qurmasını detalları ilə yazması. Az qala bütün nəslin-kökün onalara qarşı çıxması...
Və Markesin gözünün altına vurulan yumruq...
...Qələm dostumuz Aslan Quliyevin çevirdiyi “Yaramaz qızın sərgüzəştləri” romanı Lyosanın sevgi və birtərəfli sevginin doğurduğu eybəcərliklərin siyasət fonunda necə ustalıqla verilməsinə ən yaxşı nümunədir. Əsər o qədər cazibəlidir ki, başladınmı, səni buraxmaz. Adi, adi olduğu qədər də qeyri-adi bir qızın, az qala bütün dünyaya kəf gəlməyi bacaran şıltaq qadının – mən onun adını belə bura yazmağa qorxuram, çünki özü saxta olduğu kimi adları da saxta idi – onu dəlicəsinə sevən insanın sevgisini ələ salıb dolamasını, hətta alçaltmasını elə əsrarəngiz dillə çatdırır ki...
Bir şey də qəribədir: bu saxta xanımın özü kimi saxta məhəbbətinin fonunda dünya, siyasət, acı da olsa insanlığın get-gedə çökməsi Lyosa qələmi ilə elə ustalıqla verilir ki, buna valeh olmaya bilmirsən...
O, ədəbiyyatın gücünə inanırdı. Zatən inanmasaydı o qalın-qalın romanları yazmadı. Bu da onun dedikləridir:”Etnik və kulturoloji fərqlərdə insanlıq mirasının zənginliyini görməyi, bu fərqləri bəşəriyyətin çoxtərəfli yaradıcılığının simptomu kimi dəyərləndirməyi ədəbiyyatdan daha yaxşı heç bir şey öyrədə bilməz. Yaxşı ədəbi əsərləri oxuyanda, heç şübhəsiz, böyük ləzzət alırıq, amma həm də insani bütövlüyümüz və qüsurlarımız içində gördüyümüz işləri, xəyallarımızı və kabuslarımızı, təkliyimizi və bizi başqalarına bağlayan münasibətləri, cəmiyyətdəki obrazımızda və şüurumuzun gizli çıxıntılarında kim olduğumuzu, necə olduğumuzu öyrənirik.”
“El Paris” qəzeti “Yaramaz qızın sərgüzıştləi haqqında yazmışdı:”Sevgi, qarşılaşmalar, ayrılıqlar, aldatmalar, təslim olmaq və eyni zamanda bir çox həqiqəti özündə ehtiva edən bir roman.”
S.A. (Söz Ardı)
Əziz oxucu! Mən bu yazını illər əvvəl başlamış, lakin dəfə-dəfə qayıtsam da tamamlaya bilməmişdim. Bu gün böyük kədər hissi ilə Lyosanın fiziki köçünü oxuyub sarsıldım və ilk işim bu yarımçıq yazını tamamlamaq oldu. Bilirəm, ürəyimi boşalda bilmədim, amma olan oldu. Dünya nəsrinin böyük ədibi Lyosa bizlərə əlvida dedi. Ruhu şad olsun.
2020-2025
---------------------------------------------------------------------------------------------------------------------
*Perulu yazıçı Mario Varqas Lyosanın “Yaramaz qızın sərgüzəştləri” romanının qısaldılmış adı.
*Mən bu yazını başlayanda vacib işlər çıxmışdı və onu bitirmək planım baş tutmadı. O müddətdə “Yazı”nı gənclərə verdim, onlar bir neçə nömrə buraxdılar və usandılar. İndi yenə fasilə vermişik. Çox güman ki, bu fasilə deyil, tam mənada sondur.