Edebiyyat.az » Ədəbi tənqid » VAQİF OSMANOV - POEZİYAMIZIN SABAHI RAUF RA

VAQİF OSMANOV - POEZİYAMIZIN SABAHI RAUF RA

VAQİF OSMANOV - POEZİYAMIZIN SABAHI RAUF RA
Ədəbi tənqid
nemət
Müəllif:
19:25, 17 mart 2020
1 911
0
VAQİF OSMANOV - POEZİYAMIZIN SABAHI RAUF RA




Əvvəlcədən xatırladım ki, Raufun şeirləri haqqında bu dəyərləndirmə qazi şair qardaşımız Süleyman Abdullaya məxsusdur. Bayramqabağı yazdığım bu işıqlı yazıya bundan uğurlu ad tapa  bilmədim. Həm də şair qardaşım ürəyimi oxuyubmuş...
Rauf Ra (Rauf Qədimov) tələbədir, 19 yaşı var, amma poetik fikirləri özündən azı 19 yaş böyükdür. Şeirlərini oxuyanlar ondan yaşını soruşurlar. 19 deyəndə çoxları Raufa inanmırlar. Üzr istəyirəm, Raufun təbirincə desəm, "məzələnmə" deyirlər. Rauf da belələri üçün deyir ki, bu dünya "ağıllı"larla doluymuş. Bir də yaşın nə fərqi var ki, əsas ürəkdir, istedaddır, təxəyyüldür. Müşfiq də, Cabbarlı da, Əli Kərim də yaşından çox-çox böyükdürlər, Eləcə də Rauf. 19 yaşındakıların əksəriyyəti "podxod ədəbiyyatı" yazırlar, Raufdan fərqli olaraq. Rauf kimilərə bu lazım deyil. Süleyman müəllimin sözləri ilə desək, "bəşəri şeirlər" yazanlar mədhiyyədən uzaqdırlar...
"Fikirlərin kökü yoxdursa, tarix silahında boşa açılan güllə kimi unudulur". Bu da Raufun yaşından qoca müdrikliyəbənzər fikridir. Niyə müdrik demədim? Hələ çox tezdir. Bunu zaman göstərəcək. Müdriklik ömrün zirvəsidir. Rauf hələ zirvəyə doğru yenicə yola çıxıb. Oraya çatmağa "uzun, incə, əzablı və kələkötür bir yol var...
Günəş Allahının adını özünə təxəllüs seçən Rauf nə yaxşı ki, özündən razı deyil, Allahlıq iddiasından uzaqdır, yazdığı misralar kimi səmimidir...
Gənc şair oxucunu sözünün sehrində, cazibəsində saxlaya bilir, düşündürür, sözdən canlı heykəl yapmağa çalışır, misralarda o heykəlin nəfəsini duyursan. Hətta onun təsvir etdiyi müqəvva bizimlə birlikdə bu dünyanın oksigeninə də şərikdir:

Yelləyir əllərini
bir əkində üşüyən
cır-cındırlı müqəvva
buludların dalınca...


Düşündüm: görəsən, bu müqəvva niyə buludların dalınca əllərini yelləyir, bəlkə hirslənib? Nədən? Bəlkə cır - cındırlı canını qara buludların göndərdiyi yağış damlaları üşüdür? Yox, inanmıram, Raufun lirik qəhrəmanı (nə olsun ki, müqəvvadı) belə primitiv düşünməz. Bəlkə heç hirslənməyib, qoruduğu əkinə yağış payı istəyir əllərini yelləyib, doğmasını cana gətirmək üçün yağışı haraylayır. Bəlkə... Belə bəlkələrin çoxluğu sözün qüdrətindən xəbər verir...
Məni həmişə uğurlu fikir ovsunlayıb. Belə vaxtlarda ilahi sözün əllərindən öpürəm ki, bəlkə Raufun ağıllı müqəvvaları sirrini mənə söyləyə...
Gənc olsa da Rauf çox da arxada qalmayan uşaqlığını axtarır. Bilirəm, həmişə axtarışda olacaq. Rauf tələsir, qoy tələssin, məhz buna görə Rauf və Raufkimilər başqalarından fərqlənir:


Küçədəki bomjun
zibil qutusunda
çörək axtarması kimi
axtarıram uşaqlığımı
ömür dediyinizdə...


Rauf indidən bəşərin sabahından narahatdır:


Tək ayaqda addımlayır əlil uşaq,
fırladır əsasıyla
yorulmuş Yer kürəsini...
Yaxud:
Alov qüllələrindən qızınır
qazsız, işıqsız evlər,
işıqlı şəhərdə...


Raufun "hər kəsin dəyəri çalışıb-əlləşdiyi işin qiyməti qədərdir" deyiminin sahibi Mark Avrelidən (eramızın 121-180-ci illərində yaşamış qədim Roma imperatoru və filosofu, həm də çox ədalətli və müdrik imperator) öyrənmək istəyində də böyüklük görünür. "Əzab nədir?" sualının cavabını ondan soruşur:


Əzab nədir, Avreli,
sevgilərin sonrası
bir gedişin ağrısı?
ya
kasıb bir daxmada
bir gecənin yarısı
südsüz qalan körpənin
süd dişinin ağrısı?...
Doğrudan da bəşəri poeziyadı...
Bu misraların yükünə də fikir verin:
Bir gün
dar ağacındakı ip də
asdı özünü dar ağacından,
amma bacarmadı çəkməyi,
ayağının altındakı insanları...


Yaxud:


Bir gün Tanrı götürüb topunu
oynamıram deyib gedəcək evinə.
Və sənin duaların heç kimə çatmayacaq...
Heyrət!..
"Unutmaq" felinə rast gələndə Raufun yaşıdları ilk sevgisini yada salırlar yəqin, ya da vurulduqları qızın onlara laqeydliyini. Amma Rauf unutmağı belə anlayır:
İndi səni unutmaq
yol kənarında əl açan
dilənçi yanından
- yalançıdır, deyib
keçmək kimi...
keçirsən
və qəfildən dayanırsan:
-Birdən əgər deyilsə?..


Raufun şeirlərindəki yeni fikirlər, qeyri-adi bənzətmələr, sözdən qənaətlə istifadə poeziyanın ayaqlanmış cığırları ilə gedənlərin çox olduğu indiki zamanda alqışlanmalıdır. O, "əyninə yeni "brend don" - cırılmış şalvar geymiş dilənçi qızın "ağ-qara dişlərlə məsum piano gülüşü"nü təsvir edəndə mən də Raufun yaşına şübhə etdim. Yaxud, üşümək deyəndə nəyi düşünürük? Hər kəs bir mücərrəd cavab verər yəqin. Üşümək haradan başlanır? Soyuqdan, tənhalıqdan, ayaqdan, başdan, lap elə gözlərdən kimi elementar cavablar verərik. Rauf isə:


Baxıram stolun üstə,
suya qoyduğumuz güllər də solub,
gülqabılar boşalan evlərdə
kül qusar külqabılar.
Dodaqdan başlayır üşümək...


Rauf uşaqlar qayğısız uşaqlıq çağlarının ləzzətini yaşasınlar cümləsini belə poetikləşdirir:


İndi mən hər uşağın
yelləndiyi yelləncəkdən
ayaqlarının yerə çatmamasını istəyirəm...
Raufun həsrətinə də "vurulmamaq" olmur:
Heç özüm də bilmədim,
axı
mən sənə gecikməyə,
harda,
necə tələsdim?
Raufun zamanı nə qədər qəddardır:
Gözüm dəyir saata,
Sonsuzluq necə də gözəl çəkir divara
onsuzluğun rəsmini...


"Vicdana endirim aksiyası keçirən ən ali təhsil müəssisəsi - "Elmlər Akademiyası" stansiyası, ölüm həvəsli "Azadlıq" stansiyası, piano gülüşlü dilənçi qızcığaz - "Gənclik" stansiyası". Maraqlı və düşündürücüdür, bu bənzətmələr, elə deyilmi?..


Raufun şeirlərində həm də poeziyamızın "Dədə Qorqud"u Fikrət Sadıq ruhu nəzərimdən qaçmadı, yığcam 2-3 misraya zəngin informasiya yükləmək:


Tələbələrə iş var yazılan bukletləri
paylayır metro çıxışında işsiz tələbə,
nə qəribə...
***
Güllələr boşa açılanda yox,
hədəfə dəyəndə ölürlər...
***
Güllələr çıxdılar yaşam axtarışına,
gülümsəyərək...
Sözün yollarında səyahətə çıxan kəslər ana dilimizin saflığının keşiyində müsəlləh əsgər olmalıdır. Öyrənmək insan ömrünün mənası olmasa gələcək uğurlardan söhbət gedə bilməz, Rauf. Bu günümüzün şəxsiyyəti kimi poeziyası da bütöv şairi Süleyman Abdullanın məsləhətini unutma. Sözlərin sonundakı öz halal və doğma yerini tutan saitləri "qovma", dilin orfoqrafik qaydalarına fikir ver, qafiyə xətrinə sözü yaralama.
Rauf "üstəgəlli sevgilər ağacların gövdəsini cızıq-cızıq edən", bütün ümidlər "küçənin kirli topu" kimi "hirsli qonşu barısını aşıb keçən" dövrün gəncidir. Amma onda sabaha inam, yaşayıb-yaratmaq eşqi güclüdür...
İstedadı, təxəyyülü zəhmət cilalayır, inamı güclü olanlar bütün sədləri keçə bilirlər, Rauf Ra!
Mən də gələcəkdə qürur duyacağam ki, bir ünlü şairə iyirmi birinci yüzilliyin iyirminci ilində - baharın gəlişi ərəfəsində "uğurlu yol" arzulamışam. Sağlıq olsun!

mart 2020.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)