AZAD QARADƏRƏLİ - ƏDƏBİYYATIN DOĞDUQLARI
KORONA VİRUS GÜNLƏRİNDƏ OXU
(Qapalı mühitdə qalmağın “fəsadlarından” doğan esse)
Ədəbiyyat işi sevgidir – bu gün onun yaratdığı qəhrəmanları daş-qalaq edənlərin övladları müəyyən zaman keçdikdən sonra onlar üçün göz yaşı tökəcək, balalarına adlarını qoyacaqlar.
Ədəbiyyat işi bir az da sehrbazlıqdır – kanat üzərinə çıxardar səni, ömründə ilk dəfə! Əlinə uzun ağac da verib “yeri” deyər. O “Yeri”ni elə deyər ki, ən usta sehrbazın çıxara bilmədiyi oyunlardan çıxarsan kanatın üstündə.
Ədəbiyyat fitili gödək bombadır – hər oğul ona kibrit çala bilməz.
Ədəbiyyat p...dan konfet düzəltməyə bənzəyir – yeyərsən, barmaqlarını da yalayarsan.
Ədəbiyyat bic uşağı elə doğuzdurar, elə göbəyini kəsər, elə anasının qucağına verər ki, heç ruhu da inciməz. Hətta az keçməz ona ata da bular – zahı qadına atılmağa amadə olan əllərdəki daşları bir yerə yığıb, ana ilə uşağa bir balaca daxma da tikər – naşı atanı bənna da edibən...
Ədəbiyyatda səhv etmək də var, sözün ağını göyünə bənd edərsən, amma onu elə ürəkdən edərsən ki, qəbullanarlar, əllərini əllərinə vurub ürəkdən gülərlər, hətta sənin bu gözəl səhvinə ad da qoyarlar – “yanlış da bir naxışdır...”
Bu ədəbiyyatdır, qardaşım! Yazıçısı yer üzünün balaca allahı, yaratdıqları da allahına bəndəlik eləməyən asilər...
Hə, hə! Ədəbiyyat işi bir az da asilikdir! Şəkkaklıqdır.
O böyük yazıçı ədəbiyyatı dülgərliyə bənzədib... (Markesi deyirəm.) Axı İsa da dülgər olmuşdu...
Mən isə ədəbiyyatı boyaqçılığa bənzətmişəm bir zamanlar:
“Mənə görə isə yazıçılıq toxuculuğa, bir az da toxuculuğa qohum olan boyaqçılığa bənzəyir... Yəni boyaqçılar dağların ən rəngli gül-çiçəyini yığar, qoz ağacının, heyva ağacının qabığını soyar, ayrı-ayrı qazanlarda qaynadar, sonra ipləri onlara salıb boyayardılar. Yalnız bu hazır rəngarəng iplərdən culfalar gəbə, kilim, palaz toxuyardılar. Gəbə (xalça) ən gözəl ədəbi əsərlərdir ki, min illər oxunar, rəngi getməz, çeşnisi itməz. Kilim orta səviyyəli ədəbi əsərlərdir ki, zamanında oxunar, bir para adamların, məsələn evdar qadınların, müəyyən çevrələrin maraq dairəsində olar və sonra unudular, ancaq tarixdə adları keçər. Palaz isə yazıldığı gün unudulan, heç tarixin qırağında belə yeri olmayan ədəbi cızma-qaralardır ki, ancaq ocaq qalayanda samovar odlayanda gərək olur. Gəbəni ona görə həm də divara vurarlar. Kilimi ən yaxşı qonağın ayağı altına salarlar. Palazı uşaq-böyük altına salarlar, ona görə daim sadırlı, pox-püsürlü olar... “
Kilimnən palazı o yana elə. Gəbədən danış, gəbədən! (“Xalça”dan çox “gəbə” sözünü sevmişəm. Ona görə yox ki, biz tərəfin sözüdür, ona görə ki, “gəbə”nin bir mənası da “hamilə” deməkdir Anadolu türklərində. Ədəbiyyat elə gəbəlikdir – naxışlı, niyazlı əl işi bir xalçanın üstündə doğuşa hazır olmaq kimi...
***
Çoxdan izlədiyim bir şair var. Yerişi, duruşu, səsi, ruhu və içi tamam şeirdi, ədəbiyyatdı. Doğuşdan, yaranışdan şair gəlib... Mamaçası da ədəbiyyat olub, ədəbiyyatın əli ilə kəsilən göbəyini bir daşın altına qoysa da, cücərib, süsüb çıxıb altından; daşın özünü də şairanə edib...
qaranlıq da daş kimi düşər bu şəhərə...
xəyanətlər ən əvvəl ağrı kimi olar bədəndə...
Şair vergili olmalı. Atadan, anadan deyil, Tanrının bağrından doğar şairlər. Ona görə Tanrı özünün yarada bilmək özəlliyindən şairlərə də pay verər. Təkcə yaratmaqmı? Haşa!.. Fəhm də verər onlara. Üç il sonranı, beş il sonranı, yüz il sonranı görmək fəhmi... (Bir xasiyyətim var: xoşum gələn şeirləri internetdən endirir, “Sevimlilər” adlı fayla qoyuram. Hətta bəzən müəllifin adı düşür, kimliyini bilmirəm sonralar. İndi misal gətirəcəyim nümunələr o fayldandır.) Bu sətirləri azı beş il əvvəl yazıb zənnimcə, amma necə bu günə “yaraşandı”, deyilmi?
onda lap çoxdan idi
onda hamı sağ idi
yaxşı yadımdadı
anamızın qarğışı da heç kimsəni tutmazdı
Allah da heç kimi öldürməzdi
sən deyirdin: uzaqlar olmayacaq...
amma
mən qorxurdum
qorxurdum ki, hamı birdən susa bilər...
Bir hekayəm var, bu korona viruslu günlərdə yazmışam. Yox, çaşdım, bağışlayın, bu günlərdə bitirmişəm. Amma onu təxminən üç il əvvəl yazmışdım. İstanbulda olanda, üç səhifəsini qaralamışdım, ardı gəlməmişdi. “Kaşğarlının göz yaşları” adlanır. (https://mail.edebiyyat.az/proza/1118-azad-qaraderel-kasqarlnn-goz-yaslar-hekaye.html) Bilirsinizmi haçan bitirdim o nakamı? Korona virusun Çini ağzına aldığı günlərdə. Hə, hə! Axı hekayə Çinin uyğur türklərinə qarşı törətdiyi soyqırımdan bəhs edirdi. Bilmişim, fəhm etmişdim ki, bunun qarşılığını verən olacaq və hekayədə yalan-palan, turan-muran, hayqara salmadan vaxtı gözləmişdim, gələcəyini duymuşdum o məşhər gününün. Və o gün gəlmiş, faşist-kommunist rejimin başı öz dərdinə elə qarışmışdı ki, uyğurlar yaddan çıxmışdı...
Hə, qayıdaq şairə...
Şair “günəşi olmayan ömürlər” deyəndə nəyi nəzərdə tutub, bilmirəm, amma mən min faiz inanıram ki, o bu günü - günəşsiz, işıqsız, havasız və hətta dərindən çəkilən ahsız bir otağa qapadılan bəşəri görmüşdü... Lap deyəlim ki, o bunu deyil, ayrı nəsnələri yazmış, olsun. Amma görünən o ki, şairə pıçıldanan şeyləri havada tutmuş və bizim bu günkü halımıza ağı yazmış...
günəşi oğurlanmış ömürlər var
açılmaz sabahları
tanrının unutduğu adamlar var
eşidilməz ahları
nədən ki
məscidlərdən gələn səslərə qarışıb itdi
palatalardan ucalan dualar
mən sizə demişdim axı
Allahın da tərs damarı var...
Şair milyardların bir fərd oluşunu, hamının bir bədənə sığışdığını, dünyanın bir evə dönüşünü görmüş neçə il əvvəl. Biz bir atadan, bir anadan doğulmadıqmı? Bir evin adamı deyildikmi? Elə o evdən başlamadımı qan-qada? Qardaş qanı o evdən axmadımı? Sənin-mənim davası ordan başlamadımı? Bir ev milyonlarla evə dönübən bizi bir-birimizə yadlaşdırmadımı? O vaxtdan toxun acdan xəbəri olmadımı? O vaxtdan sərvət ovçusu olmadıqmı? O vaxtdan altımıza milyonlarla bərabər bombalar yığmadıqmı?! İndi partlayacaq deyə qacıb o tək evə doluşmadıqmı?!
xatırlandıqca daha çox inanırsan ağrılarına
daha çox ağlayırsan keçmişinə
daha çox udur səni qapqara boşluq...
bir də
daha çox hamılaşırsan
daha çox heçkimləşirsən
daha çox yadlaşırlar dost-doğma adamlar...
Və Allaha bir ömürlük bu duanı pıçıldayırsan:
İlahi, məni bütün bədənlərdə unutdur...
Sizin sevgi misraları kimi anladığınızı mən belə yozdum: şair “yoluxmağımızı”, “yoluxduracağımızı” neçə il əvvəl görmüş, “alınmayan”, “olmayan” sevdaların, mayası tutmayan gəlişmələrin bu gün bağlı qapılar dalında çözülməyə məhkumluğunu yazmış... Yazmış dedim, tanrı yazısıyla, şair yazısında bir oxşarlıq, hətta eyniyyət olmalı. Yazıdan qaçmaq olmur, əlbət alın yazısıymış kimi... İndi pəncərələrdən qışqıra bilirik, indi internetdən əhvallaşa bilirik, indi xəyalən sevişirik... Bizdə nəsə alınmayıb...
bu təkliyə yoluxmağın bir adı da olmalı,
bir əlinlə başına döy, o biriylə sığal çək.
güzgüyə bax, gülümsə, de ki: “səndə alınmadı,
nəsə... nəsə... olmadı! nəsə... nəsə... olmadı”...
Bilənlər bilir ki, bu misralar gənc şair Şəhriyar del Geraninindir. Əsl Şəhriyardan sonra Şəhriyar olmağın min bir əzabı var, əfəndim! Amma o, qəsd edib ki, Məmmədhüseyn Şəhriyar deyil, del Gerani Şəhriyar olacağam, yəni Şəhriyardan sonrakı Şəhriyar... Bunun da ayrı fəsadları olmamış deyil təbii...
Nə bilim, zəmanəmiz qarışıq, ədəbiyyat sehrə möhtac, insanlıq sirrə mübtəla...
İçəridən salamlar...
02.04.2020.