Edebiyyat.az » Ədəbi tənqid » Umberto Eko – Xalqdan istifadə etmək

Umberto Eko – Xalqdan istifadə etmək

Umberto Eko – Xalqdan istifadə etmək
Ədəbi tənqid
admin
Müəllif:
00:22, 02 iyun 2020
1 522
0
Umberto Eko – Xalqdan istifadə etmək
 


 Bu həftə xeyli xarici qəzet Avropa Birliyinin gələn altı ay ərzində İtaliya baş naziri tərəfindən idarə edilməsinə bəslənən qayğıdan söhbət açdı. Bu qayğının hamımızın çox yaxşı bildiyi səbəbləri var. Bunlar xeyli ölkənin vətəndaşına təsir edərkən (bəzi şeylərin bir gün öz ölkələrində də olmasından qorxurlar) italyanların böyük əksəriyyətini hələ də narahat etmir. Amma mən Berluskoni “rejimi” ilə bağlı təhlükələrdən birinin üzərində dayanmaq istəyirəm. Əvvəla “rejim” sözünə mənfi çalar yükləməməliyik; çünki rejimdən söhbət gedəndə adətən ağlımıza faşist rejim gəlir; halbuki hökuməti ən sərt formadan tənqid edənlər belə qəbul edirlər ki, Berluskoni yenidən faşist Parlament qurmaq, gənclərə qara köynək geyindirmək, qəzetləri bağlamaq niyyətində deyil. Amma “rejim” neytral sözdür, hökumət forması deməkdir (demokratik rejimli, xristian demokrat rejimli, cumhuriyyət və monarxik rejimli ölkələrdən danışmaq olar).
Şübhəsiz ki, Berluskoni özünəməxsus bir hökumət formasını həyata keçirmək üzrədir. Bu hökumət formasının xüsusiyyətləri arasında təhlükəli bir populist meylin olduğunu diqqətə çatdırmaq istəyirəm. “Populizm” sözünü tarixi mənada (rus populizmi) yox, aktual mənada istifadə edirəm; yeri gəlmişkən, Peron və bəzi Cənubi Amerika, ya da Afrika liderləri üçün də populist deyilib. Berluskoninin hələ ədalətin himayəsi altında olmadığı vaxtlarda prokurorlarla bağlı bir açıqlamasını xatırlayaq. Demişdi ki, xalq tərəfindən seçiləndən sonra imtahan verərək vəzifəyə gəlmiş şəxslərə özümü təftiş etdirməyəcəm.
Bu açıqlamanı ciddiyə alsaq, mən apendisit, ya da xərçəng xəstəliyinə görə əməliyyat olunmamalı, uşaqlarımı məktəbə göndərməməli və polisin məni tutmasına qarşı çıxmalıyam; çünki həkimlər, müəllimlər və polislər xalqın seçimiylə yox, imtahanla o vəzifələri tutublar. Amma Berluskoni xüsusilə xalq tərəfindən seçilən lider statusu ilə əsas vəzifəsi cinayətkarı müəyyənləşdirmək olan şəxsə (imtahan vasitəsilə qanuni olaraq seçilən) qarşı çıxırdı.

Əslində, “xalq”  (vahid istək və duyğular mənasında, əxlaqı və tarixi təmsil edən təbii sayıla biləcək güc olaraq) yoxdur. Fərqli düşüncələrə sahib vətəndaşlar var və demokratik rejim (ən yaxşı idarəetmə olmasa da, başqa metodlardan yaxşıdır) deyir ki, səs çoxluğunu əldə edənin ölkəni idarə edəcək. Söhbət xalqın yox, çoxluğun səsindən gedir və bəzən bu çoxluq seçim vərəqələrinin ümumi sayıyla yox, tək adlı (uninominal) bir seçim sistemində səslərin bölüşdürülməsiylə müəyyənləşir. Seçilənlər səs verən vətəndaşları Parlamentdə nisbi olaraq təmsil edirlər. Amma ölkə təkcə Parlamentdən ibarət deyil. Sənayedən orduya, peşə sahiblərindən mətbuata qədər çoxsaylı “ara bədənlər” var və bu insanların çoxu imtahan verərək həmin vəzifəyə gəliblər, heç biri qətiyyən mütəxəssislərin keçirdiyi imtahan nəticəsində vəzifəyə gəlməklərini əsas götürərək hüquqlarının pozulduğunu deməyiblər, əksinə, ölkə imtahanlar sayəsində (əgər saxtakarlıq olmayıbsa, üstəlik, seçkidə də saxtakarlıq ola bilər) işinin peşakarı olan insanların varlığını qarantiyaya alır. Orta məktəb müəllimlərinin və tarix professorlarının, Berluskoninin “Romolo və Remolo” deyəndə səhvini tutmaq haqqı və səlahiyyəti imtahanlardan keçdiklərinə görədir; həkimlərin bir dərmanın sağlığa zərərli olmasıyla bağlı xəbərdarlıq etmək səlahiyyəti də imtahanlarla əlaqədardır. Üstəlik, seçkiylə yox, peşələrinə əsasən vəzifəyə təyin edilən bəzi nazirlər də bu imtahanlardan keçiblər.
Xalqa səslənmək xəyali bir varlıq yaratmaq mənasına gəlir: Xalq – mövcud olmadığı üçün, populist lider xalqın istəyiylə bağlı virtual görüntü yaradır. Mussolini bunu Piazza Venesiyaya yüz, ya da iki yüz min nəfər yığaraq edərdi, bu insanlar xalq rolu oynayan aktyorlar kimi onu alqışlayardılar. Başqaları ictimai rəyi yoxlamaqla, ya da eləcə virtual bir “xalq” obrazı yaradaraq xalqın təsdiqini almaq görüntüsü yarada bilərlər. Bu yolla populist lider öz planlarını xalqın istəyiylə eyniləşdirir və sonra uğurlu olsa (çox vaxt olur da), öz yaratdığı həmin “xalq”ın içindəki çoxsaylı vətəndaşı virtual bir görüntüylə sehirləyərək onunla eyniləşməyə sürükləyir.
Bax, populizmin təhlükələri bunlardır, bunları başqa ölkələrdə görüb narahat olduq, amma qəribədir ki, öz ölkəmizdə olanda fərqinə varmırıq. Bəlkə də bəzi təhlükələri əvvəlcə risk altındakı cəmiyyətlər (xalq yox, vətəndaşlar) yox, ancaq xaricilər hiss edir.
Tərcümə: Qismət
Mənbə: Sim-sim.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)