Dilqəm Əhməd - Əhməd bəyin zəhmi
Ədəbi tənqid
Dilqəm Əhməd - Əhməd bəyin zəhmi
Türkiyənin “Son posta” qəzetinin 1930-cu il saylarını oxuyarkən kiçik bir xəbər qarşıma çıxdı.
Türkiyə Böyük Millət Məclisində baş verən olay xəbərdə bu şəkildə verilmişdi: “Dünən Böyük Millət Məclisində Fadıl Əhməd bəy Ağaoğlu Əhməd bəyə “Sizin ixtiyarlığınıza hörmət edilir, bunu belə bilin” demişdir.
Əhməd bəy buna fövqəladə şəkildə hirslənmiş, “İxtiyarlığıma rəğmən səndən qorxmuram, sənin hörmət sədəqənə ehtiyacım yoxdur” deyərək Fadıl Əhməd bəyin üstünə yürümüş, yumruqlamaq istəmişdir.
Ankara məbusu Talat bəy Ağaoğlu Əhməd bəyi zorla tutmuş, başqa bir hadisəyə imkan verməmişdir”.
Yenə qəzetlərin birində Əhməd bəyin evinin elektrik enerjisini kəsmək üçün gələn məmurlarla dalaşdığına dair xəbər oxumuşdum. Əhməd bəy məmurlara evində müsafir olduğunu, məsələni daha sonra həll edə biləcəyini söyləyib.
Lakin məmurların etirazı aralarında qarşıdurma yaranmasına səbəb olub.
Məşhur türk jurnalistlərindən Zəkəriyyə Sertel isə xatirələrində Əhməd bəyin fövqəladə zəkaya malik olduğunu vurğulamaqla yanaşı, Bəkirağa məhbəsində şahid olduğu xatirəni də qeyd edib:
“Bəkirağa bölüyündə özünü məsul görməyən Ağaoğlu Əhməd bəy böyüklərin olduğu hücrədə bar-bar bağırır, bütün bu fəlakətlərə Ənvər paşanın səbəb olduğunu söyləyirdi. Onun bu fikrini dəstəkləyənlər çoxdu. Ağaoğlu sözünü deməkdən çəkinməyən bir adamdı. Hər şeyi düşündüyü kimi söyləyərdi... Özünü günahkar saymadığı üçün əsəbləşir və digər ittihadçı liderlərə hücum edirdi”.
Əhməd bəyin zəhmli xarakterə malik olduğunu oğlu Səməd Ağaoğlu xatirələrində dəfələrlə yazıb. Yemək masasında zəif və xəstəhal yoldaşına və övladlarına hirslənməsi, əlinə keçənləri tullaması kimi hadisələrdən bəhs edib.
O, bir xatirəsində qeyd edib: “Ata kimi onun sərt davranışından zaman-zaman şikayətçi oldum. Hətta bir dəfə heç vaxt geri dönməmək qərarı ilə mərhum Yusuf Akçuranın evinə getdim. Aradan iki gün ötəndən sonra qayıtdığım zaman onu təkbaşına bağçada gəzib-dolaşan gördüm. Yanına getdim. Heç bir söz demədən qollarını açıb məni qucaqladı”.
Bu faktları kifayət qədər uzatmaq olar.
Əhməd bəy H.Z.Tağıyevdən Topçubaşova, Rəsulzadədən Atatürkə qədər çox şəxsiyyətlə qarşıdurma içində olub, sözünü deməkdən çəkinməyib. Mustafa Kamal və İsmət paşalara qarşı uyğun məqamda sözünü deyə bilən nadir şəxsiyyətlərdən olub. Malta adasında ingilis zabitlərin qarşısında əyilməməsi, Sertelin də yazdığı kimi sözünü deyə bilməsi onun xarakterinin daimi çizgisi idi. Mətbuat həyatının ilk illərindən ta ömrünün ahıl çağında Türkiyədəki “Kadro”çularla fikir münaqişələrinə qədər yazıları da çəkişmələr, mübahisələrlə dolu idi.
Əhməd bəy niyə belə idi?
Osmanlı, daha sonra Türkiyə Əhməd bəyə nə qədər doğma olsa da, mətbu və siyasi fəaliyyəti Azərbaycandan daha çox bu ölkədə davam etsə də, hər zaman özünə qarşı yad münasibəti hiss edib. Onunla mübahisə edənlər “gəlmə” olduğunu yadına salmaq üçün soyadını dəyişdiyi halda “Agayef” deyə müraciət edib, bəzi hallarda isə şiə olduğunu bildiriblər. Hətta bu hadisə bir müddət oğlu Səməd bəyə qarşı da baş verib.
Ağaoğlu bütün bunların fərqində olsa da, yalnız bir hadisəni çıxmaqla hamısına dözüb. Mustafa Kamal paşanın Dolmabaxça sarayında “onu da unudursan ki, gəlib burada bizim qoltuğumuza sığınmısan” sözü Əhməd bəyə o qədər ağır təsir edib ki, Atatürkün üzrxahlığına rəğmən masasına getməyib. Türkiyə yolunda etdiyi bu qədər xidmətinə, bir türk yurdundan digər türk yurduna gəldiyi halda ən ali mövqedən “sığıntı” olaraq adlandırılmasını qəbul edə bilməyib, Atatürkə belə cavab verib: “Paşam, mənə çox adamlar bu sözü söylədilər. Hamısına gülərək keçmişdim. Amma indi sizin dilinizdən eyni sözləri eşitmək məni ruhumun ən dərin qatlarına qədər sarsıtdı. Çünki o birilər kiçik adamlardı. Siz isə bu məmləkəti qurtarmış bir insansınız. Bir yandan dünyanın türk irqindən, türk millətindən yaranması fikrini ortaya atırsınız, o biri tərəfdən də sərhədlərimizdən iki saatlıq məsafədəki xalis türk məmləkətindən və nə yazıqlar ki, əsir bir məmləkətdən türkün öz hürriyyətini mühafizə etməyə müfəvvəq olduğu torpaqlara gələn xalis bir türkə “qoltuğa sığınmısan” deyirsiniz. Bu nə qorxunc təzaddır və nə üçün Allah mənə sizi belə bir təzadlı uçurum üzərində görmək fəlakətini nəsib etdi?”
Ta gənclik illərindən gördüyü haqsızlıqlara susmaması, xalqının taleyüklü zamanlarında Çar Rusiyasının mərkəzinə qədər gedərək haqqını müdafiə etməsi, erməni qətliamlarına qarşı təşkilat yaratması sonrakı həyatını da şəkilləndirib. Bu baxımdan təlatümlü həyat sürən Əhməd bəyin xarakteri olduqca sərt idi və bu sərtlik sadəcə mətbu və siyasi həyatda deyil, ailə həyatında da özünü həmişə göstərib.
TBMM-də deputat yoldaşına “sənin hörmət sədəqənə ehtiyacım” yoxdur deyərək onu vurmaq istəməsi də bu xarakterinin ən təbii tərəfi idi.
Mənbə: Telegraf.com
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AYGÜN ASLANLI - TÜRK KİNOSU NECƏ YARANDI