Edebiyyat.az » Ədəbi tənqid » Səbirə Müzəffər - Edqar Allan Ponun “Bunu edən kişi sənsən” hekayəsində obrazlaşdırılmış arxetiplər

Səbirə Müzəffər - Edqar Allan Ponun “Bunu edən kişi sənsən” hekayəsində obrazlaşdırılmış arxetiplər

Səbirə Müzəffər - Edqar Allan Ponun “Bunu edən kişi sənsən” hekayəsində obrazlaşdırılmış arxetiplər
Ədəbi tənqid
admin
Müəllif:
19:50, 09 fevral 2022
1 234
0
Səbirə Müzəffər - Edqar Allan Ponun “Bunu edən kişi sənsən” hekayəsində obrazlaşdırılmış arxetiplər




 Amerika ədəbiyyatının öncül siması, “Qara pişik”, “Xanım Liqeya”, “Morq küçəsində qətl”, “Qızıl böcək”, “Mari Rujinin sirri” və s. kimi silsilə hekayələr müəllifi,   ədəbi cameədə dedektiv və kriminoloji-fantastik janrın ustası kimi şöhrət qazanmışdır. Erkən yaşlarında valideyn itkisi yaşayan Po dərin psixoloji-sarsıntı keçirmiş və yaşam boyu həyatın acı üzü ilə qarşı-qarşıya gəlmişdir. Sonda bu qarşıdurmada  həyatın qara notlarına məğlub olaraq və dünya ilə vidalaşmışdır. Yaradıcılığa poeziya ilə  başlayan Po yolunu nəsrlə davam etmişdir. “Bunu edən kişi sənsən” əsəri də detektiv nəsrin nümunəsidir.  
“Bunu edən kişi sənsən” hekayəsi  “Mari Rujinin sirri” adlı kitabın (Bakı, Xan nəşriyyatı, 2018, səh 58-73)  içərisində yer alan ikinci hekayədir. Hekayə Edqar Allan Po təxəyyülünün məhsulu olan xəfiyyə obrazı – Ogüst Düpen tərəfindən təhkiyə olunur. Ogüst Düpen oxuculara “Morq küçəsində qətl”, “Oğurlanmış məktub” əsərlərindən bəllidir. 
 Əsərin süjet xətti “18..ci ilin yayında” Rettlboroda baş vermiş cinayət üzərində qurulmuşdur. Şəhər sakinlərindən  biri- cənab Barnabas Çelnoukun qəfil yoxa çıxması onun dostlarını narahat edir və “Çelnoukun gəlib çıxmadığını görən dostları  bir yerə yığışıb onun meyitinin axtarışına çıxırlar”.  Əsərdə  obrazlar təkcə zahiri görünüşü yaxud cəmiyyətdə tutduğu mövqelərinə görə deyil, daha çox daxili keyfiyyətlərinə  görə səciyyələnib. 
Cənab Çelnouk-şəhərin ən varlı, adlı-sanlı   adamlarından biridir. Onun haqqında tam məlumat olmasa da nəql edilənlər  oxucunun beynində  səxavətli, dostcanlı bir obraz kimi təsəvvür yaradır. 
Çarliz Duşkins-əsərdə Cənab Çelnoukun ən yaxın dostu, insan xislətinin dərinliklərini, xarici təsirlərdən formalaşdırdığı gizlin dünyanın qaranlıq tərəflərini oxucuya tanıdan tipdir. Əsərin aparıcı obrazı sayılan Çarlz Duşkins  əsərin məzmununun açılmasına xidmət edən bədii personajdır.  Qoca Duşkins ruhunu  zülmətlə bəsləyən, sosial tələbatlarını yerinə yetirmək üçün maskalanmağı bacaran bir obraz kimi xarakterizə olunub. Duşkinsin  mehriban, səmimi, sadiq, geniş qəlbli olması  onun sadəcə ictimai üzüdür. Bir sözlə, oxuculara təqdim olunan personasıdır və bu persona  şəhər sakinlərində xoş təəssürat yaratmağa və onlardan doğrunu gizlətmək  üçün  lazım olan sığınacaqdır.  “Rettlboranın bütün hörmətli sakinləriylə ünsiyyət qurmaq ona zərrə qədər çətin gəlmirdi. Onların istənilən biri heç düşünmədən ona min funt sterlinq borc pul verə bilərdi: qadınlara gəldikdə isə əllərindən gələni edirdilər ki, “qoca Çarli”nin işinə yarasınlar”. Personanın gücü danılmazdır. 
Təsvirlər içərisində yer alan digər obraz Şelyopayndır. Şelyopayn cənab Çelnoukun avara həyat tərzi keçirən, iyrənc xasiyyətilə ad çıxaran qardaşı oğludur. Şelyopayn və Duşkins əsərdə ədavətli obrazlardır. Cənab Şelyopayn və Çarliz Duşkins arasında yaxın zamanlarda kiçik münaqişə yaranmış və Şelyopayn Duşkinsi yerə sərmişdir. Lakin daxilindəki kölgənin üzə çıxmasını məqsədəuyğun olmadığını özünətəlqin edən Duşkins personasına sığınaraq “xristian təvazökarlığı”  nümayiş etdirmiş, “pisliyə pisliklə” cavab verməyə çalışmayıbmış. Ancaq əsərdəki qəhrəmanların qarşıdurmaları onların mənəvi dünyalarının, fərdi xarakterlərinin açılmasına gətirib çıxarır. “Bunu edən kişi sənsən” hekayəsində də Duşkinsin  niyyəti məhz bu qarşılaşma zamanı oxuculara bəlli olur. Personasına əks qütbdə dayanan Çarlinin kölgəsi  özünü cinayətlə  biruzə verir. “İlk fürsətdə səninlə üzləşəcəm” mızıldanan Çarlz Duşkins Şelyopayndan qisas almaq üçün cənab Çelnouku öldürür.  Ən xırda şübhəni belə özünə yaxın buraxmayan Duşkins cinayəti törədərkən   Şelyopayna məxsus əşyalardan  ( baş hərfi həkk olunmuş bıçaq, palçığa batmış məxmər jilet və güllə) istifadə edərək bütün diqqəti onun üzərinə yönləndirməyi bacarmışdır.   Qoca qatil ön planda cəmiyyətə özünün geniş qəlbliyini nümayiş etdirmək üçün  Şelyopayn lehinə şahidlik edib, onun günahsız olduğunu bildirsə də, arxa planda faciəvi əməllərinə imza atmağa davam edirdi.
Bütün bu hadisələrə müşahidəçilik edən Ponun xəfiyyə obrazı- Edip (Ogüst Düpen) hiyləgərcəsinə düşünülmüş uydurmanın sirrini açmağa müvəffəq olur. O, məntiqi təhlillər apararaq,  cinayətin cəmiyyətə məlum olmayan izlərinin ardıyca getmiş və sonda cinayətin Duşkins tərəfindən törədildiyini əldə etdiyi tapıntılarla sübuta yetirmişdir. Nəticədə bütün şübhələr aradan qalxmış və Şelyopyn azadlığa buraxılmışdır. “Cənab Şelyopayn təcili azadlığa buraxıldı, əmisinin mirasını aldı, üzərinə atılmış ləkəni sınaq kimi qəbul edib bundan nəticə çıxardı, yeni həyata başladı və o vaxtdan bəri xoşbəxt ömür sürü”.   
Məzmunca kiçik, mənaca dərin məna kəsb edən bu hekayədə horror, mistika, fantastika hökm sürsə də, ideya cəhətdən zəmanənin reallıqları ilə daha yaxından  səsləşir. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)