AZAD QARADƏRƏLİ - FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ – birini güllələdilər, o birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
İkinci hissə
80-lərin sonlarıydı. Eldar bizim rayona tez-tez gəlirdi. Dostu və eloğlusu katibdi - bir, iki – gərək ki, orta məktəb yoldaşı olan bir polis işçisi bizdə müavin idi. Yekə çıxmasın, mən də vardım – bu da üç.
Yəni, Eldar rayon səviyyəli tədbirlərə gələr, məni də özünə qoşardı. Daha doğrusu, indi mənə raykomda bir balaca iş də vermişdilər, əli mənə tez çatırdı. (Bu o vaxtlar idi ki, mənim “Dumduru su” adlı hekayələr kitabım təzə çıxmışdı və katib həmin kitabı kitab mağazasında görmüş, hətta pul verib birini almış, kitabla tanış olduqdan sonra məni raykoma işə çağırmışdı. Bu haqda bir neçə dəfə yazmışam, ona görə təkrarçılıq edib mətləbi uzatmayacağam. Sadəcə, onu qeyd edim ki, mənim kimi arxasız birinin raykoma işə aparılmasını min yerə yozanlar olmuşdu: uzaq qohumumuz rəhmətlik Məhəmməd Əsədovla bağlayan kim, Eldar Baxışın üstünə yıxan kim... Yazıq o bapbalaca kitabımı heçə sayam kim...) Bir dəfə həmin polis bizə hindüşka kababı verdi və o qonaqlıqda Eldar o qədər lətifə danışdı ki, adamlar az qaldı şalvarlarına işəsinlər gülməkdən...
Həmin lətifələrin çoxu az sonra onun “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabında çap olundu. Biri elə az qala o polisin özü və rəisi haqqında idi. Məşhur “Kapital”ı kim yazıb?” sualı və polisin bunu zorla bir nəfərin boynuna qoması...
İki ay sonra qəribə yerişli-duruşlu, intilgentsayaq bir qoca gəldi mənim yanıma və dedi ki, mənim qoyunlarımı polis rəisinin müavininin əli ilə oğurlayıblar. Dəlil-sübut da göstərirdi. Həmin rəis müavininə zəng vurdum, dedim bu nə məsələdir? Gülüb dedi ki, sən o kişinin sözlərinə inanırsan?! O özü maşennikin biridir...
Hirslənib getdim katibin yanına. Məsələni ona da danışdım. Katib nə desə yaxşıdır? “O qoca agent olub, casus olub. Vaxtilə İrana işləyib. Burdan ora partbilet daşıyıb... Belə birisinin sözünə necə inanmaq olar?! Sən yazıçısan, rayonumuza gələn qələm adamları ilə otur-dur, özünı bir gün ağla, gələcəyini düşün...”
Növbəti dəfə Eldar gələndə əhvalatı ona danışdım. Başını buladı və həmişə gülən gözləri hirsindən alacalandı:”Vay səni əclaf! Gedəndə bir erkək cəmdəyi qoymuşdu mənə! Dəqiq o kişinin qoyunlarından imiş... O dəfəri qapatdıq... Bir də onunla görüşməyəcəyəm... Bu nə ölkədi, bu nə dünyadı?!”
Sonra yeni çapdan çıxmış kitabını mənimçün imzalayıb, havalı-havalı qonaq evinə getdi. Səhəri eşitdim ki, Qubadlıya yollanıb. Mən isə onun yeni kitabından bu sətirləri oxuyanda əlim üzümdə qaldı:
Dəyişib elə bil hər şeyin tamı,
Bal var zəhər dadır, zəhər bal dadır.
Quzunun qurd üzü aldada bilmir,
Qurdun quzu üzü bizi aldadır...
...Dostum Camal Yusifzadə ilə ədəbiyyatdan danışırıq. Qəfil Lorkadan söz salır və elə danışır ki, sanki Lənkəranda bir futbol komandasında oynamışdılar, ya da Qranadada dərnək yoldaşı olmuşdular. Qanaddan, qayıdışdan bəhs edən bir bəndi rusca oxudu, sonra da şairin o qanadlarını əclafların qırdığını deyib doluxsundu – elə bil əziz dostunu, sirdaşını güllələmişdilər. Sonralar mən o şeirlə gənc bir şairin tərcüməsində yenidən qarşılaşdım. Nədənsə yenə Eldarı xatırladım, Camalın nurlu siması siqaret dumanında çəkildi və ömründə siqaret çəkməyən Eldarın (mən onu siqaret çəkən görməmişəm, bəlkə gəncliyində çəkmişdi, bilmirəm) şaqqa çəkib gülən siması göründü, fəqət o simanı da boz bir duman aldı... Lorkanın misralarında Eldarla Lorka ilk dəfə üz-üzə gəldilər:
Qanadlarıma görə geri qayıdacağam,
qoy geri qayıdım,
ağ rəngli bir diyarda ölmək istəyirəm,
Dünənlərin diyarında...
Qanadlarıma görə geri qayıdacağam
qoy geri qayıdım,
dənizin gözündən uzaqda,
Sərhədsiz bir diyarda ölmək istəyirəm...
Sonra eşitdim ki, Eldar “ala-bula” adamların güdazına gedib. Sinəsinə dağ çəkmək üçün oğlunu maşınla vurub öldürdülər – təbii bunun adı bir qəza kimi düşdü tarixə. Fəqət bu qəzanın nə qəza olduğunu bir Eldar bilirdi, bir o “ala-bula” adam bilirdi, bir də o gözəgörünməz kişi... O da ki, hələm-hələm reaksiya verən deyil. Səbri gendi. Əlli il, yüz il...
Eldar isə kənddə, düzün ortasında maşınla vurulan balasına ağı deyirdi:
Ay ölüm, ağlama sən də,
Gözlərində yaş görməyim.
Didib-dağıtma sinəni,
Sinən daşdı, daş görməyim.
Sən də bir tale qarğışı,
Qapıda dolanma, yaxşı...
Düşüb üzüyümün qaşı,
Üzüyündə qaş görməyim...
Keç içəri... dərd dərində,
Dərd mənim can dəftərimdə.
Uzan Andayın yerində,
Mən o yeri boş görməyim.
Lorka da elə bil ona doğru gələn xatanı duyurdu. Sanki anlamışdı ki, həbsi ilə qurşuna düzülməyi cəmi üç gün çəkəcək. Əli qanlı adamlarçün güllələnənin kimliyi maraqlı deyil, onlarçün ölüm statistikadır. Lakin neçə şeiri, pormanı, dram əsərini güllələdiklərinin fərqində deyildilər! Elə bilirdilər hər atılan güllə ətə dəyir – anlamırdılar ki, kağıza, qələmə, mürəkkəbə, ədəbiyyata dəyir onların məşum güllələri!
Sanki şair bunları duyurmuş kimi yazırdı:
Unut bizə gələn yolu.
Kəsilmə qapıda qənim...
Eldar ölümün həyatdan üstün olduğu, ölümün meydan suladığı, ölümün başda oturduğu yerdə yazırdı ölümsüz şeirlərini. Sovet höküməti deyilən şər imperiyası özü boyda bir ölüm makinasıydı. Qabağına çıxanı udurdu. Yarandığı gündən həyatla deyil, ölümlə uğraşırdı bu qondarma dövlət. Lenin deyibən Lenin ola bilməyən kişinin cildinə girmiş Stalin adlı bir İblis od püskürür, qan qusur, ölkəni də qana bələyirdi. Ən çox ziyalı qanı içən bu diktatoru bizimkilər Koba deyib qəhrəmana çevirir, ellər atası eləyib yarımallaha bənzədirdilər... Və nə yazıqlar ki, bu “yarımallahlar” hələ də canımızda, qanımızda gizlənən gizli kodla bizi idarə edir, demokratiyanın, saf sözün deyil, çiy sözün, yalanın, saxtalığın yanında olmağa itələyir bizi... və biz də himə bəndmiş kimi gedirik...
Eldarın davası bunlarla idi. Bizi ora itəliyənlərlə və o itələnən yerə it kəmsiyə gedən kimi gedən bizlərlə:
Dizini çək, diz yiyəsi,
Nə qədər dizləmək olar.
Nə qədər sevinci qovub,
Dərdi əzizləmək olar.
Bu aslan o aslan deyil,
Bu yastan o yastan deyil,
Dünya axı bostan deyil,
Nə qədər üzləmək olar.
Bir çiçəyi dərməyəndən,
Bir yetimə verməyəndən,
Ölümünü görməyəndən,
Nə desən, gözləmək olar...
Lorkanın şeirləri də, pyesləri də ölümə, qana qarşı idi. Bu misralarda “rüzgar qovaqların saçlarını yelpikləyir”, “sevgililərin ürəyi atır”, “bülbülün cəhcəhi” duyulur və “məhəbbət portağal rəngində” dil açır. Və belə bir sevgi, eşq aləmində kimsə tüfəng axtarır, kimsə silah istəyir, kimsə bıçaq tələb edir. Onda milliyyəti bilinməyən bir ana (böyük ədiblərin qəhrəmanlarının milliyyəti olmur – onlar böyük hərfli insanlardırlar) nalə təpərək hayqırır: “Tüfənglərə, tapançalara, ən balaca bıçaqlara belə, hətt toxaya, yabaya da lənət olsun!” (Lorka “Qanlı toy” pyesindən, çevirən Əfqan Xəlilli.)
Lorka da, Eldar da ictimai motivli əsərlərində xalqının özgürlük istəyini dilə gətirir, zira onların ikisində də daha çox bəşərin arzuları önə çıxır. Lorka yağışı vəsf edəndə insan bütün kin-küdurəti unudur, dünyanın gözəlliyinə valeh olur, sevib, sevilmək istəyir:
Canlanır qədim bir əsatir kimi,
Mavi bir busətək öpür torpağı.
Odur qovuşduran səmayla yeri
Aramla düşərkən bir axşamçağı...
Bu da Eldarın qənaətidir: insan oğlu bu dünyaya gələndə bir əlçim bulud kimi ümid başının üstündən əskik olmur. O gərək o ümiddən bərk yapışsın. Biri “Həşimin oğlu”, biri “Vəlişin oğlu”, biri də “Həmidin oğlu” olsa da, sən “ümidin balası, ümidin oğlu” olduğunu unutmamalısan. Sənə verilən bu missiya həm də bir şairlikdir ki, hər kəsə nəsib olma. Ona görə də kimlərinsə əli ümiddən üzülə bilər, səninki əsla:
Elə bil dünyanı verdilər mənə,
Dünyanın içindən seçdim ümidi.
Təndir çörəyi tək yedim ümidi,
Bulaq suyu kimi içdim ümidi...
***
Bu yazı bir tədqiqat işi deyil, zira buracan uzanmağına səbəb də gələcəkdə bir əli qələmli, qoltuğu netbuklu gənc ədəbiyyatşünasın yol bələdçisi ola bilmək amacıdır. Mən yazdım ki, kimlərsə davam etsin. Ayrı-ayrı ölkələrdə, ayrı-ayrı paralellərdə yaşamış iki böyük ola biləcək, fəqət böyümələrinə imkan verilməyən, sözləri ağızlarında güllələnən, sözlərinə zəhər qatılan şairin yaradıcılıqlarına bir güzgü tutduq. Lorkanı dilimizə çevirən, kitabını çap edən Elçin İskəndərzadəyə var olun deyibən yadına bir nəsnəni salmaya bilmirəm: 2004-də Lorkanın Azərbaycanda kitabını buraxmaq nə qədər böyük fəzilətdirsə, 1988-dən bu yana Eldarın kitabını buraxmamaq o qədər... Bu məsələnin ona, əlbəttə bir dəxli olmamalı... Axı Lorkanın ölümündən 88 il ötüb, Eldarın ölümündən isə 26 il! Yəni, 62 il ötməlidir ki, Eldarın da əsərləri nəinki bizdə, hətta İspaniyada çap olunsun...
62 il...
Gözləyək...
Ölənlər öləcək, Lorka ilə Eldarsa əbədidir.
Əbədiyə illər nə edər ki?..
22-25.06.2022