AZAD QARADƏRƏLİ - DOSTUM PROFESSOR ZAKİR MƏMMƏDƏLİYƏ
(“Ucubuluq” romanım haqqındakı maraqlı mülahizələrinə görə təşəkkür
və şükranlıq duyğusu ilə qələmə alınmış ədəbi düşüncələrim)
Əziz dost!
Mənim “Ucubuluq” romanım haqqında yazdığınız qeyri-adi esse hələ də fikirlərimi məşqul etmədədir. Düzü, sizin romanda tutduğunuz və yazınızda ortaya qoyduğunuz məsələlər romanı yazarkən ağlımın ucundan da keçməyib. Elə sizin üçün, elmi baxımdan qeyri-ixtisas sahəsi olsa da, məqalədə israrla qaldırdığınız mətləblər barədə sonradan düşündüm və sizə haqq verməyə bilmədim. (Zakir Məmmədəli - “Ucubuluq” roman-dastanında Qərb fəlsəfəsi motivləri”, https://mail.edebiyyat.az/edebi-tenqid/1891-zakir-memmedeli-ucubuluq-roman-dastaninda-qerb-felsefesi-motivleri.html)
Zənnimcə, sizin məqalənizdən aşağıda gətirdiyim parça söhbətin nədən getdiyini oxucu üçün aydınlatmış olar: “Azad Qaradərəlininin “Kitabi-Dədəm Qorqud” dastanının motivləri əsasında qələmə aldığı “Ucubuluq” roman-dastanını oxuyarkən XX əsrin dünyaca ünlü filosofu Martin Haydeggerin fəlsəfəsi ilə roman arasında özümü də heyrətə salan maraqlı assosiasiyalar yarandı məndə. Romanın girişində Dədə Qorqudun oğuz ellərini tərk etməsindən, müəllifin təbirincə desək, “inziva”ya çəkilməsindən bəhs olunur. Haydegger də 1966-cı ildə alman jurnalı “Şpigel”in əməkdaşları ilə müsahibəsində Allahın uzun zamandı Avropanı tərk etməsindən danışırdı: “Bizim yeganə şansımız qalır: təfəkkürdə və poeziyada Allahın zühur etməsinə və ya onun yoxluğu ilə barışaraq, ölməyə hazırlaşmaq”.
Oxucuya ipucu verdiyim üçün qalanını onun öz ixtiyarına buraxır və az qala bir il zaman kəsiyində sizin bu essenizə sonradan yazdığınız və mənim yalnız bu günlərdə xəbər tutduğum ikinci yazınıza dönməyi lazım bilirəm. (Gərək üzürlü sayasınız. Bu mənim günahımdır ki, diqqətsizlik etmiş, yazınızın saytda yayımlanmasından xəbər tutmamışam.) “Ucubuluğ”a sözardı” adlı kiçik həcmli yazınızda çox mühüm mətləblərə toxunmusunuz və təklif edirsiniz ki, mən bu mühüm məsələləri əsərin yeni nəşrlərində nəzərə alım. (https://mail.edebiyyat.az/edebi-tenqid/1898-zakir-memmedeli-ucubuluga-sozardi.html)
Qeyd edirsiniz ki, yazıçı Ucubuluq obrazını yalnız Oğuzun başının bəlası kimi xarakterizə edir. Əslində onu dünya xalqlarının “qəhrəmanı”na çevirmək olardı. “Könül istərdi ki, dəyərli yazarımız qələminin qüdrəti ilə Ucubuluğu bir ümumbəşəri fenomen kimi də işləyib qoysun bəşərin qənşərinə.”
Əziz Zakir müəllim, məlumdur ki, bütün ədəbi obrazlar kimi Ucubuluq da milli bir fenomen kimi yaransa da, o həm də bəşəridir, yəni millilik yalnız onun fərqlənmə nişanıdır. “Cinayətkarın milliyyəti olmur” deyimi burada köməyimizə çatır.
Sonra qeyd edirsiniz ki, Ucubuluq insanların hamısına eyni gözlə baxmır. Yəni sortlaşdırır: ona qarşı miyanəlik edənlərin nə özünə, nə mal-mülkünə toxunmur. Çox doğru təspitdir. Elə indinin özündə də həm bizdə, həm dünyada rüşvətxorlara, korrupsionerlərə və millətin cibinə girənlərə loyal olanlar onların ən əziz adamı sayılır, hətta onlarla az qala şərik olur, yanlarında hərlənir, tör-tökülüntüləri ilə qidalanırlar. Bu da indinin Ucubuluqlarının xisləti ilə bizim Ucubuluğun qohumluğuna dəlalət edir.
Gələk yazınızın ən maraqlı yerinə. Yəni Ucubuluğun sortlaşdırdığı üçüncü qism adamlara. Qoy burada sizin öz yazınızdan misal gətirim: “Ucubuluğun təsnifatındakı üçüncü qrup onu şiddətlə söyməyinə söyür, amma diqqət yetirəndə görürsən ki, adamın üstündə Allah var, bunların söyüşü elə qara-qışqırıq deyil. Müxtəsəri, sözlərinin canı var.
İndi deyəcəm, inanmayacaqsınız: vallahi, Ucubuluğun bunlara əməlli-başlı simpatiyası var. Belələrini o, uzun qollarını işə salıb çəkib aparır mağarasına, amma yemir. Nə sirri-xudadısa, bunları mağaradan açıb buraxandan sonra dönüb olurlar adam balası, söyüşü-filanı da yığışdırırlar, ağır oturub batman gəlirlər! Ucubuluq da day ucuzluğa gedib bunların qoyun-quzusuna, mal-davarına dəymir... Bax elə budu məni hələk-fələk eləyən, ha baş sındırıram, bu sirdən baş aça bilmirəm ki bilmirəm...”
Əziz dost!
Məncə siz özünüz bu sətirlərdə hər şeyi demisiniz. Ucubuluğu güclü edən ən naqis adamlar elə bu üçüncülərdir. Bu gün də onların hesabına ucubuluqlar meydan sulayır, asır-kəsir, müharibələrlə, atom bombaları ilə dünyanı hədələyirlər.
Mən elə bilirdim ki, siz burada dayanacaqsınız. Amma xeyir. Yuxarıda yazmışdım ki, sizinçün “qeyri-ixtisas” sahəsi olan-filan... Açığı bu fikrimi geri götürürürəm. Əvvala, siz elmi baxımından, professor kimi başqa sahənin adamı olsanız da, şeir adamı kimi ədəbiyyata bir köynək yaxınsınız. İkincisi də, siz bizim ikimizin də dostumuz, müəllimimiz olan ensiklopedik zəka sahibi yazıçı, alim Tifiq Qəhrəmanovun Yuxarı Dağlıqdakı “təkkə”sindən çıxmısınız. Deməli, “Ucubuluğ”u və onun qəhrəmanı Ucubuluğu yaxşı anlamısınız. Və düzü, gözləmədiyim halda, bir ədəbiyyatşünas kimi romanın episentrinə enib ən mühüm cəhəti tapmağınız məni sevindirdi. Yenə yazınıza dönək:” Nəhayət, təsnifatdakı sonuncu qrup elə əvvəldən ağır oturub batman gələnlərdi. Doğrudu, bunlar Ucubuluğu qınamağına qınıyırlar, amma, bir az belə ney kimi yanıqlı-yanıqlı, ədəb-ərkanla, “intiligentni”... Ucubuluq bunların dəlisidi da!.. Onları nəinki yemir, heç mağarasına da çəkib aparmır. Yenə nə sirri-xudadısa, belələri özlərini tanıdandan bir müddət sonra Ucubuluğu bilmərrə yadlarından çıxarırlar və başlayırlar dünyanın dadını çıxarmağa. Şeir deyən kim, məclis quran kim...”
Bəli, miyanələr, dəymə mənə, dəyməyim sənələr, məndən ötdü deyənlər (M.Araza min rəhmət!), ailəsini vətən, qohumlarını xalqı bilənlər dünyamızın tarazlığını pozan Ucubuluqlara daha çox sərf edirlər! Nə yazıq ki, bu gün bu kimilərin işi “xod” gedir. Siçovul kimi artırlar, törəyirlər, cəmiyyətin tarazlığını pozan Ucubuluqlara gözəgörünməz tellərlə bağlı olurlar, əslində...
Elə bilirəm ki, romanda bu kimi mətləblərə işıq tutmağa çalışmışam. Və sizin də qeyd etdiyiniz kimi yazıçı yaxşı bildiyi və tanıdığı obrazlardan yazmalıdır: “Bunları dilə gətirdim ki, bəlkə Azad müəllim bu sirri-xudadan məni agah eləyə. Ucubuluğu ondan yaxşı kim tanıyır axı?”
Əziz dost!
Birinci essenizin davamı, yaxud yazdığınız kimi sözardı şəklində qələmə alınan bu yazıya və elə essenin özünə görə təbrikimi qəbul edin. Və nəhayət, əsər haqqında yazan digər müəlliflərin mövqeyini qoruyaraq deməliyəm ki, roman haqqında yazılan və yazılmaqda olan məqalələr içərisində sizin bu iki məqaləniz məni daha çox tərpətdi. İnanın ki, sizin “Sözardı”ndan sonra romanı yenidən oxumalı oldum. (Həm də əsəri çapa hazırladığım külliyyatın müvafiq cildinə calacaqdım deyə, ona bir daha nəzər salmaq lazım idi.) Və anladım ki, sizi narahat edən nöqtələrə yaxşı toxunmusunuz...
Əliniz-qolunuz yorulmasın.
18.04.2023.