Zakir Məmmədəli - “Ucubuluğa” sözardı
Azad Qaradərəli “ucubuluq” fenomeni üzrə, heç şübhəsiz ki, hamının təsdiqlədiyi bir söz sahibi olsa da, Ucubuluğun bəzi heyrətamiz məziyyətləri, məncə, onun diqqətindən kənarda qalıb. Əgər indi söyləyəcəklərim ağlına batsa, inşallah, romanın ikinci nəşrində, yəqin ki, nəzərə alar. Hə, sözümün canı odu ki, Azad müəllim bu Ucubuluğu bizlərə tanıdandan sonra mən də ona ucdan-qulaqdan bir xeyli göz qoydum və gördüm ki, bu Ucubuluq (ada bax daa!), vallah, çox qəribə məxluqdu. Nədədi bu haramzadanın qəribəliyi, indi mən deyim bir-bir, siz də qulaq kəsilin.
Əvvəla, dəyərli yazarımız Ucubuluğu oğuzun başının bəlası kimi incələsə də (Dədə Qoqrqudun sehrindən çıxmaq müşkül işdi), əslində bu yaramaz bir ümumbəşəri fenomendi. Doğrudu, Azad müəllim romanın girişində buna incə bir eyham vurur, amma əsərdə Ucubuluq məxsusi bir oğuz hadisəsi olaraq gündəmə gəlir. Məncə bu həm oğuzu bir balaca başı aşağı eliəyir (belə bir Canavarı tərətdiyi üzündən), həm də digər toplumların bir azacıq haqqına girir. Könül istərdi ki, dəyərli yazarımız qələminin qüdrəti ilə Ucubuluğu bir ümumbəşəri fenomen kimi də işləyib qoysun bəşərin qənşərinə.
İkincisi, baxıb gördüm ki, Ucubuluq başa bəla olmağına başa bəladı, amma bunun bütün xisləti heç də, çoxlarının düşündüyü kimi, qabağına keçəni həzm-rabedən keçirmək deyil. İş burasındadı ki, o, adamlara, onların mal-qarasına, qoyun-quzusuna ağına-bozuna baxmadan, sadəcə bir yem kimi baxmır. Ucubuluq yaxşı bilir ki, adamların ondan zəhləsi gedir. Bu onun heç vecinə də deyi, amma, bununla belə onları əməlli-başlı sortlara bölür. Onunla işi-gücü olmayanlardan və onların mal-qarasından əlinə keçənləri emosiyasız-filansız, yəni, hər gün adət elədiyimiz adi günorta yeməyini yediyimiz kimi, acandan-acana, sadəcə olaraq, həzm-rabedən keçirir və yıxılıb yatır.
Adamların başqa bir qismi, birincilərdən fərqli olaraq, Ucubuluq yetimi qara-qışqırıqla quru yuyub yaş sərirlər, amma baxıb görürsən ki, bu haray-həşirin içində sör-söyüşdən başqa dişə dəyəsi bir şey yoxdu. Bax, belələrinə Ucubuluq cəhənnəmin nə olduğunu bu dünyada göstərir və onları şişə taxıb kabab çəkməkdən bir ayrı ləzzət alır. Ucubuluğun təsnifatındakı üçüncü qrup onu şiddətlə söyməyinə söyür, amma diqqət yetirəndə görürsən ki, adamın üstündə Allah var, bunların söyüşü elə qara-qışqırıq deyil. Müxtəsəri, sözlərinin canı var.
İndi deyəcəm, inanmayacaqsınız: vallahi, Ucubuluğun bunlara əməlli-başlı simpatiyası var. Belələrini o, uzun qollarını işə salıb çəkib aparır mağarasına, amma yemir. Nə sirri-xudadısa, bunları mağaradan açıb buraxandan sonra dönüb olurlar adam balası, söyüşü-filanı da yığışdırırlar, ağır oturub batman gəlirlər! Ucubuluq da day ucuzluğa gedib bunların qoyun-quzusuna, mal-davarına dəymir... Bax elə budu məni hələk-fələk eləyən, ha baş sındırıram, bu sirdən baş aça bilmirəm ki bilmirəm... Nəhayət, təsnifatdakı sonuncu qrup elə əvvəldən ağır oturub batman gələnlərdi. Doğrudu, bunlar Ucubuluğu qınamağına qınıyırlar, amma, bir az belə ney kimi yanıqlı-yanıqlı, ədəb-ərkanla, “intiligentni”... Ucubuluq bunların dəlisidi da!.. Onları nəinki yemir, heç mağarasına da çəkib aparmır. Yenə nə sirri-xudadısa, belələri özlərini tanıdandan bir müddət sonra Ucubuluğu bilmərrə yadlarından çıxarırlar və başlayırlar dünyanın dadını çıxarmağa. Şeir deyən kim, məclis quran kim...
Bunları dilə gətirdim ki, bəlkə Azad müəllim bu sirri-xudadan məni agah eləyə. Ucubuluğu ondan yaxşı kim tanıyır axı?