Edebiyyat.az » Ədəbi tənqid » ​Kənan Hacı - Yazı sənəti və nənələrimiz

​Kənan Hacı - Yazı sənəti və nənələrimiz

​Kənan Hacı - Yazı sənəti və nənələrimiz
Ədəbi tənqid
admin
Müəllif:
21:56, 08 iyun 2023
952
0
Kənan Hacı - Yazı sənəti və nənələrimiz

 





 Şübhə fikir dünyasında irəliləməyin təməl şərtlərindən biridir. Şübhənin olmadığı yerdə ədəbi inkişafdan söhbət gedə bilməz. Hüseyn Cavid necə deyirdi: Şübhədir hər həqiqətin anası, Şübhədir əhli-hikmətin babası. Şübhə özgüvənə aparan yoldur. Elmi, fəlsəfi skeptisizmdən özgə bir də ədəbi skeptisizm var. Bu, qrafomanlıq üçün ən yaxşı müalicədir. **** Yeni yazmağa başlayan gənclərin saf və məsum hisləri hələ toxunulmamış haldadır, o hisləri sözlərə çevirmək üçün dünya ədəbiyyatının başından girib ayağından çıxmaq lazımdır ki, bu da böyük zəhmət, səbr, hövsələ tələb edən bir işdir. Dilin ana qaynaqları olan folkloru bilməyən gənc sözlərin məna çalarlarına vaqif ola bilməz. Şifahi xalq ədəbiyyatı, nağıllar, dastanlar, bayatılar yazı sənətinin əlifbasıdır. Mən həmişə gənclərə Azərbaycan nağıllarını dönə-dönə oxumağı məsləhət görürəm. Nağıllar mifoloji təfəkkürün məhsuludur, təxəyyül hissini körükləyən mətnlərdir. Yazmaq üçün xəyal qurmağı bacarmalısan. Xatırlamıram, nə vaxtsa bir yerdə oxumuşdum, hansısa yazıçı öz uşaqlığından yazmışdı. Demək, uşaq vaxtı onlara hər gecə iki qoca qarı gələrmiş. Bu qarılar hər dəfə ona eyni nağılları danışıb yuxuya verərmişlər. Yazıçı yazır ki, onlar hər axşam danışdıqları eyni nağıllara təzə detallar, süjetlər əlavə edərək inkişaf etdirirdilər. Nağıllar tədricən bitgin hala gəlirdi. Əlbəttə, o savadsız qarılar özləri bunun fərqində deyildilər. Onlar sadəcə, xəyal qurmağı bacarırdılar və beləcə, nağıllarda yan süjetlər əmələ gəlirdi, özləri belə bilmədən süjet xəttini inkişaf etdirirdilər. Bu fakt mənə o qədər maraqlı, o qədər cəzbedici görünmüşdü ki, nənələrin xəyal gücünə, süjet qurma qabiliyyətinə heyran qalmışdım. Düşünmüşdüm ki, axı bu nənələr ömürlərində bir kitab üzü açmayıblar, hərfləri belə tanımırlar. Bəs bu hekayətləri necə uydururmuşlar?! Uydurmaq insanın fitrətindədir. Yadıma gəlir, orta məktəbdə oxuyarkən, fizika, kimya dərslərində uydurduğum hekayələri dəftərlərin arxasına yazırdım. Buna görə dəfələrlə müəllim tərəfindən tənbeh edildiyimi də xatırlayıram. Hekayələr uydurmaq insanın genetik proqramına daxildir. İstənilən insanın içində bir yazıçı gizlənir, sadəcə, istedadlı adamlar bu bacarığı inkişaf etdirib yazmağa başlayırlar, yaza bilməyənlər isə şifahi şəkildə hekayətlər danışırlar. Modernizm ədəbi cərəyanının yaradıcılarından olan Virciniya Vulfun gündəliyini ilk dəfə oxuyanda fikir verməmişdim: Bu gündəlikdə müəllif öz romanlarının, xüsusən də “Dalğalar” və “Mayaka doğru” əsərlərinin necə yazılmasının tarixçəsini danışır, bədiiliyin izahını verir. Hətta yazıçı mətbəxinin bəzi gizlinlərini açmaqla əsərin nəqletmə texnikası haqda bilgi verir. O, şəxsi sarsıntıları ilə yanaşı, rəvayətlə bağlı fikirlərini də gündəliyinə gətirib. Vulf yalnız nəticələrdən danışır.Onun üçün roman yalnız nəticələrin təfsiridir. Qərb ədəbiyyatında bu cür nümunələr çox azdır. Ümumiyyətlə, Avropa yazıçıları öz yaradıcılıqlarını şəxsi həyatlarından ayırmırdılar, əsərləri haqqında düşünməyi gündəlik həyatlarının bir hissəsi hesab edirdilər. Zənnimcə, hansısa əsərin necə yazılmasıyla bağlı yazıçı qeydləri əsərin özündən daha artıq dərəcədə əhəmiyyət daşıyır. Əsərin hansı qaynaqlardan su içdiyi, hansı hadisələrdən, insanlardan, məqamlardan rişələndiyi də oxucu üçün son dərəcə maraqlıdır. Bu gündəliklər yazıçını ədəbi skeptizmin məngənəsindən xilas edir, onda özgüvən hissi yaradır. Yazıçı öz yazdıqlarına ilk növbədə özü inanmalıdır. Bu, yaradıcılıqda dəyişməz bir qaydadır. Bu xüsusiyyət rəvayət nəql edən adi insanlarda olmur, mətn üzərində işləyən yazıçıları isə şübhə virusu mütləq yaxalayır. Bu narahatlıq bədii həqiqətə yol açan faktordur və yaradıcılıq üçün vacib bir nüansdır. Təbii ki, gündəliklər, qeydlər əsərin ümumi keyfiyyəti haqda oxucuya nəsə demir, amma əsərlə bağlı detalları gündəliyə qeyd etmək zamanla müəllifi ciddi nizam-intizama sövq edir. Şübhə məhz o qeydlərdə əriyib yoxa çıxır. Roman yazarkən bu barədə uzun-uzadı düşünmək lazım gəlir. Türk yazıçısı Selim İleri “Hər gecə Bodrumda” əsərini necə yazması barədə qeydlərində belə deyir: “O vaxta qədər mənim romanla münasibətim müxtəlif zövqlərə malik oxucunun müşahidələri çərçivəsində inkişaf etmişdi. İstər-istəməz ədəbiyyatın bu qolunun xüsusiyyətlərini, keyfiyyətlərini qavramağa çalışırdım. Yazı prosesində əsər roman anlayışından kənara çıxırdı. Mənim üçün situasiya və obrazlar daha önəmli idi. Yeni Avropa romanının modelini öz mətnimə tətbiq etmək istəyirdim. Lakin Qərb romanının ənənələrini bizim həyatımızla çox yerdə paralelləşdirmək olmaz. Roman yaxşı sayıla biləcək tərcümə çərçivəsində qalmaq təhlükəsi ilə üz-üzə qala bilər. Bu, bir tərəfdən təsvir etmək istədiyim insanların bütün həyatına sirayət edən bir təhlükə idi”. Yazıçı bu təhlükədən necə yayınmağın yolları haqda düşünür və fikirlərini gündəliklərində yazır. Və bu gündəliklərdə “yazıçı öz şübhələrindən necə xilas olmalıdır və özünəinam hissini necə formalaşdırmalıdır?” suallarına cavab tapmaq mümkündür. Məhz bu düşüncələr yazıçını qrafomanlıqdan qoruyur. Nənələrimiz də yad ünsürlərdən qorunmaq üçün yaradıcı təxəyyülümüzdə immunitet yaratmaq gücündədir. Folknerin “Avqust işığında” romanının texnikasında yazmaq yazıçıya uğur gətirməz. Romanın üzərinə suvaq çəkməklə duyğuları dərində gizlətmək surroqat bir mətnin ortaya çıxmasıyla nəticələnəcək. Yeni yazmağa başlayan gənc yazıçıların bəzilərində Markes, Folkner, Kortasar üslubunu təqlid etmə meylləri hiss olunur ki, bu da orijinal mətnin ortaya çıxmasına əngəllər yaradır. Atmosfer yaratmaqda çətinlik çəkirlər, bədii təsvirlərə daha çox önəm verdiklərindən süjetin cazibəsi itir. Bu da oxucunu əsərdən uzaqlaşdırır. Üslubi qayğılardan xilas olmaq üçün hansısa əsəri yazarkən yazıçı özünü yad təsirlərdən qorumalıdır. Yaradıcılıq prosesində bir müddət mütaliəyə fasilə vermək lazımdır. Bütün ustad yazıçılar bunu məsləhət görürlər. Sənin yazdığın əsərə yad nəfəs toxunmamalıdır. Üslub yazıçının qəlbinin dərinliklərində gizlənir, müəllif onu tapana qədər daxilində “arxeoloji” qazıntılar aparmaqdan usanmamalıdır. Əlbəttə, bu, uzun bir zaman tələb edir. Səbr, zəhmət, dözüm. Bu üç anlayış yaradıcılığın təməl prinsipidir. Nəticə əlbəttə, uğurlu olacaq. Nəsr yazmaq böyük əziyyət və səbr tələb edir, bu işin əyləncə tərəfi isə cəlbedicidir; yazı prosesində əziyyət və əyləncə iç-içədir. Elə yazıçılar var ki, yazmaq onlar üçün sadəcə, istirahətdir. Bu tipli yazıçılar artıq prozanın, yazmağın bütün çətinliklərini adlamış, yazı tərzi formalaşmış püxtə qələm sahibləridir. Buna qədər hələ saatlarla, bəzənsə günlərlə ağ kağızla və ya hələ bir söz belə yazılmamış kompyuter səhifəsi ilə üzbəüz qalmaq lazım gəlir. Duyduğunuz, gördüyünüz, öyrəndiyiniz hər şey dəyirmanda üyüdülən taxıl kimidir. Bəzən fikrinizdəki süjeti yazmaq üçün masa arxasına keçərsiniz, di gəl, düşüncənizin axarı sizi tamamilə başqa səmtə çəkib aparar, sonda nəzərdə tutduğunuz mətn deyil, tamamilə gözlənilməz bir hekayə ortaya çıxar. Yaradıcılığın belə izaholunmaz gedişləri var. Bir maşının dörd təkəri olduğu kimi mətnin də (süjetin) irəliləməsi üçün struktural elementlər mövcuddur, sadəcə, bu elementləri tapıb mətnin içinə yerləşdirmək lazımdır. Hekayəsi olmayan bir xarakter, dili olmayan bir hekayə yaxud üslubsuz, formasız bir dil bədii mətnin bütövlüyünə xələl gətirir. Bədii mətn bu ünsürlərin hamısını özündə ehtiva etməlidir. Qalır nə? İdeya. Mətni yazmazdan öncə ideya səninçün aydın olmalıdır, çünki ideyadan məhrum əsər içi boş qazan kimidir. Bəzən təcrübəsizlik ideyadan istifadəni çətinləşdirir, oxucu üçün ideya aydın olmur. Mətnin strukturu, təhkiyəsi, dili gözəldir, amma ideya yoxdur. Bu, mükəmməl quruluşlu bir evin içində heç kəsin yaşamamasına bənzəyir. Bina gözəldir, içində yaşamaq üçün ideal şərait var, amma bu binada heç kim yaşamır. İdeyasız əsər də boş binaya bənzəyir. Əsərin hər cümləsi məhz fərdi şüurun süzgəcindən keçməlidir, əks halda onun müəllifi siz deyilsiniz. Hibrid bir mətnlə yəqin ki, ədəbiyyatda uğur qazanmaq kimi xam xülyaya düşməmisiniz. Yazının əvvəlində xatırladığımız nənələrdən də çox şeylər öyrənməkdə fayda var. Ən azı, səmimiyyəti!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)