Edebiyyat.az » Ədəbi tənqid » Nicat Həşimzadə - Təhsildə milli və bəşəri dəyərlər

Nicat Həşimzadə - Təhsildə milli və bəşəri dəyərlər

Nicat Həşimzadə - Təhsildə milli və bəşəri dəyərlər
Ədəbi tənqid
admin
Müəllif:
10:40, 25 iyun 2023
814
0
Nicat Həşimzadə - Təhsildə milli və bəşəri dəyərlər




Azərbaycan Respublikasının Təhsil haqqında qanununa görə Azərbaycanda təhsilin 3 forması var. 

Formal təhsil – müvafiq dövlət təhsil sənədinin verilməsi ilə yekunlaşır

İnformal təhsil – özünütəhsil yolu ilə bilik əldə etmək

Qeyri-formal təhsil-  qeyri-dövlət təhsil müəssisələrində dövlət təhsil sənədinin verilməsi ilə yekunlaşmayan təhsil forması


Hər üç təhsil forması üçün milli və bəşəri dəyərlər böyük əhəmiyyət daşıyır. Mənim üçün milli dəyər adətlərə, ənənələrə bağlılıq deyil. Adət və ənənələrə bağlılıq əksər hallarda xalqın mədəni, mənəvi keyfiyyətlərinin inkişafına mane olur. Bizim xalq olaraq daimi adətimiz, uzun ömürlü ənənəmiz ola bilməz. Çünki biz daim işğallara məruz qalmışıq. Azərbaycanda dəfələrlə müxtəlif ideoloji cərəyanların qarşıdurması olub. Bu səbəbə görə də bizim insanlarımızda vahid ideoloji birlik olmayıb. Tarixin müxtəlif məqamlarında baş verən ideoloji ziddiyətlər bizim insanımızı həyatda qalmaq üçün neytral mövqe tutmağa məcbur edib. Bu səbəbə görə də bizim xarakterimiz şəraitə uyğunlaşma zəminində formalaşıb. Adət və ənənələr əsasən mifoloji dünya görüşü ilə əlaqədardır. İnternetdə Azərbaycan mifologiyası yazıb axtarışa verəndə bizim qarşımıza Türk mifologiyası ilə materiallar çıxır. Əlbəttə, kökümüz, dilimiz birdir. Bunu təbii qəbul etmək lazımdır. Problemsə odur ki, nə Azərbaycan, nə də Türkiyə həmin mifologiyanı müasir günümüzdə yaşatmır. Çünki zamanla dini və mifoloji dünyagörüşləri öz yerlərini fəlsəfi və elmi dünyagörüşlərinə veriblər. Bu yaxınlarda xəbər kanallarında informasiya verildi ki, Həcc ziyarətinə ancaq vaksinasiya olunmuş insanları qəbul edəcəklər. Elm gündən-günə daha aktuallaşır. Bəşəriyyətin hər zaman dinə ehtiyacı olub, bu gün də var. Fəqət zaman keçdikcə elm dəyərini daha çox artırır. Dəfələrlə milli ənənə mövzusunda ziyalılarımızla mübahisələrim olub. Onlara sual vermişəm. Milli adət nədir və ya milli ənənə nədir? Onlar hesab edirdilər ki, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı bizim milli adətimiz, ənənəmizdir. Milli adət o adətlərdir ki, onu bir coğrafi mühit daxilində tarixən o ərazidə yaşayan xalq yaradır. Əgər Novruz bizim milli bayramımızdırsa, niyə bizim billi bayram adımız fars dilində olmalıdır? Əgər muğamlarımız həqiqətən də bizə məxsusdursa, niyə adları fars dilində olmalıdır? Biz Novruz bayramını Egenekon bayramı kimi qeyd etsək, bəlkə o halda, bunu milli bayram, milli adət hesab edərdik. Qurban bayramını, Ramazan bayramını da biz düşünüb yaratmamışıq. Faydalı olduğunu bilib öz xalqımıza uyğun hesab etmişik. Elə bir adət, elə bir ənənə düşünək ki, o adət, o ənənə heç bir başqa xalqda olmasın. Ancaq bizə məxsus olsun. Varmı elə bayramımız, varmı elə adətimiz? Bəs milli dəyər nədir? Biz çox zaman anlayışları qarışdırırıq. Bu mənada ciddi səhvlərə yol veririk. Mənim fikrim budur ki, bizim milli ənənəmiz, adətimiz yoxdur. Çünki daim işğallara məruz qalmışıq. İşğal təkcə torpaqların zəbt olunması deyil. İşğal həm də mədəniyyətin qəsb edilməsidir. Məsələn, Hitler dövründə, nasist Almaniyasında yəhudi bəstəkarların musiqiləri qadağan olunmuşdu, yəhudi yazarların kitabları yandırılırdı. Məsələn, rusların, ingilislərin, yəhudilərin milli bayramları var. Bizim milli bayramımız varmı? Novruz bayramı millidirmi? Qədim adı Ergenekon olan bu bayramın böyük tarixi əhəmiyyəti var. Türklərin vahid bir ərazidə məskunlaşması, bir od qalayıb ətrafına yığışması ilə yaranıb. Bu mənasa biz ev – ocaq sözlərini istifadə edirik. Keçəl, Kosa kimi obrazlarınsa bildiyimə görə Ergenekona dəxli yoxdur. Nə edəsən ki, coğrafiya da bir taledir. Zamanla ərəb və fars təsiri ilə düşüncəmiz, həyata baxışımız dəyişdi. 

Mənim üçün milli dəyər ölkəmizin, xalqımızın böyük şəxsiyyətləridir. Mənə elə gəlir ki, biz öz şəxsiyyətlərimizi yetərincə tanımırıq və düzgün təbliğ etmirik. Bu gün universitet bitirən adamlar var ki, Ömər Faiq Nemanzadənin bir məqaləsini oxumayıb. Əhməd bəy Ağaoğlunu tanımır. Cümhuriyyət ziyalıları haqqında məlumatı yoxdur. Repressiya hadisələrinin mahiyyətini bilmir. Bunun günahı kimdədir? Təhsildə ya tələbənin özündə? Məncə hər iki tərəfdə nöqsanlar var. Mahatma Qandi deyirdi ki, vətənpərvərlik ancaq əlinə silah alıb vuruşmaq deyil, vətənpərvərlik odur ki, hər insan öz işini ləyaqətlə yerinə yetirir. Dövlət əhəmiyyətli, ölkənin gələcək taleyi ilə bağlı işlərdə mütləq ölkəsini sevən adamlar çalışmalıdır. Ölkəsini sevən adam milli dəyərlərini də sevəcək. Milli dəyər deyəndə mən Üzeyir Hacıbəyovu, Hüseyn Cavidi, Mirzə Cəlili, Həmidə xanım Məmmədquluzadəni, Salman Mümtazı, Cəfər Cabbarlını nəzərdə tuturam. Millətin milli dəyəri toy, nişan, xınayaxdı mərasimi ola bilməz. Bunları milli adət  saymaq səhvdir. Bu adətlər bir çox millətlərdə var. Bu adətləri digər millətlər bizdən mənimsəməyib. Bizdən öncə də bir çox millətlərdə bu adətlər olub. Milli adət, ənənə deyərkən ağlımıza ancaq məişət adətlərimiz gəlir. Məişət adətlərinə milli ənənə adını verib bununla fəxr etmək olarmı?

Söhbəti çox uzatmasam yaxşı olar. Mənim üçün milli dəyər Azərbaycan dövlətçilik tarixində, Azərbaycan sənət tarixində, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində ciddi rolu olan şəxsiyyətlərdir. Xalqın da, dövlətin də milli dəyəri bu şəxsiyyətlərdir. Biz milli dəyəri toylarda, mətbəxdə, məişətdə axtarmamalıyıq. Millət və dəyər anlayışları məişət məsələlərindən uzaq tutulacaq qədər önəmli anlayışlardır. Gənc nəsilə milli dəyərlərdən danışan zaman ehtiyatlı olmaq lazımdır. Təhsildə milli dəyər deyəndə də mən Azərbaycanın inkişafı naminə çalışan dəyərli şəxsiyyətləri nəzərdə tuturam. Təhsildə də, mədəniyyətdə də varislik böyük əhəmiyyət daşıyır.  

Məsələn, Üzeyir Hacıbəyovun mədəniyyətdəki varislik məsələsində böyük rolu var. Özündən sonra Azərbaycan musiqisinə həm zəngin musiqi nümunələri, həm də böyük bəstəkarlar miras qoydu. Ədəbi məktəbləri də məniyyətdəki varislik prinsipinə aid edə bilərik. Məsələn, Füzuli məktəbi, Səməd Vurğun məktəbi və s. 

Məncə yaxşı müəllim olmaq istəyən hər kəs Qriqori Petrovun “Bəyaz zanbaqlar ölkəsində” və “İdeal müəllim” kitablarını mütləq oxumalıdır. Hər bir müəllim Snelmanı və professor Raçinskini tanımalıdır. Təhsil sadəcə şagirdə, tələbəyə informasiya verməkdən ibarət deyil. Təhsilin vəzifəsi həm də vətəndaş yetişdirməkdir. Azərbaycanda təhsil proqramı dövlət səviyyəsində müəyyən edilir. Təhsil dövlət siyasətinin ən vacib  sahələrindən biridir. Azərbaycan qanunvericiliyi Avropa və ABŞ hüquq sistemindaki bir çox müddəaları əks etdirir. Bəşəri dəyərlər dedikdə insan haqları, bəşəri humanitar prinsiplər nəzərdə tutulur. Bu mənada biz təhsilin prinsiplərinə istinad etməliyik. Təhsilin millilik və bəşərilik, humanistlik, demokratiklik, bərabərlik prinsipləri bizim nəzərdə tutduğumuz bəşəri dəyərləri özündə əsk etdirir. Bu gün təhsil dövlət siyasətinin aparıcı qollarından biridir. Təhsil proqramı dövlət proqramı, dövlət siyasəti əsasında qurulur. Bəşəri dəyərlər dedikdə mən əsasən iki istiqaməti nəzərdə tuturam. Birinci, təməl insan haqları. İkincisi, dünyanın istiqamətini dəyişən böyük şəxsiyyətlər. Məncə, dünyanın inkişafında  vacib ixtiralar edən, yenə fəlsəfi düşüncələr, ədəbi cərəyanlar yaradan zəka sahiblərini mütləq bəşəri dəyər hesab etməliyik. 

Hər bir Azərbaycan gənci öz ölkəsinin inkişafı naminə böyük düşünməyi, böyük olmağı bacarmalıdır. 21-ci əsrdə dünyada ancaq ağıllı xalqlar həyatda qalmağı bacaracaq. Bu mənada demək olar ki, çağdaş dövrümüzdə dünyanın ən böyük dəyəri təhsildir. Sağlam gənclik ölkənin sağlam gələcəyini yaradır. 




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)