Edebiyyat.az » Ədəbi tənqid » GÜNEL ƏSKƏROVA - AZAD QARADƏRƏLİNİN ROMANLARINDA MAGİK - REALİZM

GÜNEL ƏSKƏROVA - AZAD QARADƏRƏLİNİN ROMANLARINDA MAGİK - REALİZM

GÜNEL ƏSKƏROVA - AZAD QARADƏRƏLİNİN ROMANLARINDA MAGİK - REALİZM
Ədəbi tənqid
admin
Müəllif:
18:51, 18 sentyabr 2023
467
0
GÜNEL ƏSKƏROVA - AZAD QARADƏRƏLİNİN ROMANLARINDA MAGİK - REALİZM




 

Açar sözlər: magik-realizm, postmodern epoxa, paralel təsvirlər, sosial-psixoloji nəsr, sosial-psixoloji roman, Qarabağ mövzusu, sosial partlayışlar, qaçqınlıq problemi, cəmiyyət reallıqları, vətəndaşlıq mövqeyi
                 MAGIC - REALISM IN THE NOVELS OF AZAD GARADARELI
Key words: magic-realism,socio- psychological prose, postmodern era, parallel images,
socio- psychological novels, Karabakh issue, social explosions, social realities, civil position.

G İ R İ Ş

Azad Qaradərəlinin sosial-psixoloji romanlarının - “Günəş tutulan yerdə” (2011), “Kuma-Manıç çökəkliyi” (2012), “Şəhərcik” (2011-2012), “Əllidən bir kəm” (2016-2017), “Morq çiçəkləri” (2017-2018) və s.-in  təhlili də göstərdi ki, yazıçı realist yazı tərzinə üstünlük verir. Bununla belə, bu əsərlərin yarandığı dövrün modern və postmodern estetikası da romanlara təsirsiz ötüşmür. Bunu ilk növbədə XXI yüzildə postmodernizmin intensiv şəkildə Azərbaycan ədəbi-bədii düşüncəsinə, ədəbi mühitə və geniş oxucu auditoriyalarına nüfuz edib estetik zövqləri müəyyənləşdirməsi ilə izah etmək olar. Müasir roman haqqında məqaləsində Tehran Əlişanoğlu yazır: “Roman ümumən Fərdin ətrafı-əhatəsi ilə (ictimai-mənəvi-əxlaqi-fəlsəfi-psixoloji-... və s.) münasibətlərini cızan-çözən-görk və dərk edən – bədii modelləşdirən janrdır. Romanın son iki əsrdə intensiv gəlişməsi həmin müstəvilərin sayını daha da artırmışdır; əlavə olaraq indi Fərdi həm də: magik-mistik-fövqəl- və təhtəlşüur-elmi-fantastik-kosmik-texnogen-qlobalist- (və antiqlobal) - kriminal-detektiv və s. və s. əhatələrdə almaq-ələmək-ələşdirmək romanın janr qeydiyyatını olduqca diferensiallaşdırmışdır.” (27, s. 551-552) və tənqidçi bu sıradan Azərbaycan ədəbiyyatının “ən yeni romançılıq” mərhələsinə qədəm qoyduğunu vurğulayır: “Ən yeni romançılıq deyəndə, romanın yaşadığımız postmodern epoxanın havası-ruhu, poetika və estetikasını ehtiva eləməsi nəzərdə tutulur...” (27, s. 551)   

 

Postmodern epoxada romanın müxtəlifləşməsi ənənəvi romanları dəyişdirsə də əsas hədəfindən - sosial gerçəklikdən yayındırmır. Ədəbiyyatşünas Qorxmaz Quliyev yazır: “Problemi bir qədər başqa rakursdan işıqlanran Z.Bauman postmodernizmi "sosial gerçəkliyin inkişafında yeni dövr olmaqdan daha çox şüurun irəliləyişində yeni dönəm" kimi dəyərləndirmişdir. Göründüyü kimi, tədqiqatçı heç də postmodernizmin sosial gerçəkliklə bağlı olması faktını inkar etmir, lakin onu bir növ "daxililəşdirərək" qnoseoloji aspektini ön plana çəkmişdir” (81, s. 14)

Bütün bu prosesləri Azad Qaradərəlinin romanlarının nümunəsində də görmək olar. Yazıçı sosial-psixoloji romanlarında ictimai mühitin, sosial gerçəklərin bədii təsviri və tədqiqini verməkdə davam edir, amma eyni zamanda cəmiyyətdə və insan içində dağılma proseslərinə diqqət cəlb etmək üçün modern roman vasitələrindən, postmodernizm estetikasından da bəhrələnir. Bu prosesin Azad Qaradərəlinin yaradıcılığında romandan-romana daha da intensivləşdiyini, inkişaf etdiyini görürük.

                                           ƏSAS HİSSƏ

Strukturuna görə, Azad Qaradərəlinin romanları sosial-psixoloji quruluşunu qoruyub-saxlayır. Hər bir romanında müəllif cəmiyyətin tipik bir üzvünü qəhrəman seçərək, fonunda sosial gerçəkləri də analitik süzgəcdən keçirir, nümunəsində “zəmanəmizin qəhrəmanı”nı da kəşf edir. “Günəş tutulan yerdə” romanının bütünlükdə əsərin baş qəhrəmanı Mirzə müəllimin dəyişməsi, daxilən özündən uzaqlaşması, psixoloji sarsıntıları və faciəli ölümü üzərində qurulduğunu görürük. Bu prosesi cəmiyyət həyatının qaranlıq mənzərələri müşaiyət edir və daim qəhrəmanın daxili dünyasının bütövlüyünü dağıdır. Vaqif Yusifliyə görə: “Romanda Xaos hökmrandır, yəni müəllif Xaosun cəmiyyətə, kiçik və böyük mühitə, ailəyə güclü təsirini qabarıq nəzərə çarpdırmışdır. Xaos Şər qüvvələrin meydanıdır, Zaman Xaos üzərində qurulub. Elə buna görə də Azadın romanında Harmoniya Xaosun qədərincə deyil, zəifdir və təsvir olunan insanlar Harmoniyaya yox, Xaosa meyl edirlər, yaxud Harmoniyaya can atsalar da qarşılarında Xaosu görürlər. 

  Doğrudan da günəşlə bağlı olan süjet xətti ayrıca bir əsər təsiri bağışlayır. Bununla belə, Azad Qaradərəlinin sonrakı romanları göstərdi ki, yazıçı “xaos estetikası”na da, “paralel təsvir” üslubuna da bilərəkdən üstünlük verir.

İkinci bir tərəfdən “paralel təsvirlər” xəttini də yazıçı “Şəhərcik”də davam etdirir və romanın təhlilində göstərdiyimiz kimi, “Orucun qeyd dəftəri”nin nümunəsində mətnə daha üzvi şəkildə daxil edir. Eyni zamanda “Günəş tutulan yerdə” romanında müşahidə olunan magik realizm ünsürlərini  (“günəş tutulan şəhər”in timsalında) inkişaf etdirərək, ayrıca rəmzi qat kimi “Şəhərcik” romanında qabardır (şəhər əhalisini “qıl-qıp”ın basması, Ucubuluğ əfsanəsi) . Bütün bu təsvir və ifadə tərzini ədəbiyyatşünas-tənqidçi Tehran Əlişanoğlu postmodernizmə xas “açıq mətn” prinsipi kimi qiymətləndirir, lakin Azad Qaradərəlinin “Şəhərciy”ində realizmə daha böyük önəm verərək yazır: “Əslində, Azad Qaradərəli romanı təzədəb postmodern kontekstin qaydalarına müvafiq açıq mətn prinsipi ilə qurmağa çalışmış. Guya ikinci – əsl müəllifin də olması və mətndə gizlənməsi, çoxlu sayda tarixi keçmiş, yaxın keçmiş, masonluq, Qərb barmağı, siyasət və siyasət qurbanları və s. haqqında əlavə epizodların, əsas xəttə yapışıq təkrar bir passajın (Orucun “Dəftər”i) artırılması, açıq publisistik şəbədə (“şəhərcik”) və yapma qrotesk (şəhər əhalisinin yarısını qıl-qıp basması) və s. – de-struktə yolu ilə bəlkə də mətn atmosferinə hansısa “küy”ləri gətirir və guya bununla romanı həyata yaxınlaşdırır. Halbuki oxucuya əsas sözü sadəcə “həyat materialı” yox, məhz roman deyir və onu (romanı) Azad Qaradərəli qələminə xas realizm təcrübəsi üzərində qurmuşdur” (27, s. 578-579)

Əksinə, Azad Qaradərəlinin romanlarında magik ünsürlərin yer almasını bir sıra tədqiqatçı və tənqidçilər (Maral Yaqubova, Ceylan Mumoglu və s.) məziyyət hesab edir və bu romanları dünya ədəbiyyatı nümunələri ilə müqayisə edirlər. “Morq çiçəkləri... Əsərin magik-realizm havasını daha ilk sətirlərdən hiss edirəm... Bu dəfə Xuan Rulfonun "Pedro Paramo" əsəri oyandı hafizəmin qeyd olunan hansısa guşəsində. Orda da ölülər dünyası, "Morq çiçəkləri"ndə də... Sıfır rəqəmləriylə başlayan və sıfır rəqəmləriylə bitən bu maraqlı roman mütləq nəşr olunmalıdır. Hətta başqa dillərə də çevrilməlidir. Dünyaya çıxış edən bənzər romanlardan heç bir əskikliyi yoxdur”. Pandemiya dövründə yazılmış başqa bir rəydə deyilir: “Bu ağır günlərdə Azad Qaradərəlinin "Morq çiçəkləri" kitabını oxuyurdum. Nəhayət ki, bitirdim. “Kitab Xuan Rulfonun "Pedro Paramo"sundan, Q.Q.Markezin "Patriarxın payızı"ndan daha doğma gəldi mənə. Yaşadığımız, gördüyümüz, eşitdiyimiz, yaşamayıb hiss etdiyimiz hadisələrlə zəngin, əziz romanı nə qədər acı olsa da sevə-sevə oxudum. Axır ki, magik-realizm janrında yazılmış bir roman gördüm...” (85) 

                                     NƏTİCƏ/CONCLUSİON

Doğrudur, pritçavarilik, rəmzi-simvolik təsvir üsuluna müraciət ən çox modern romanlara xasdır. Amma “Morq çiçəkləri”ni, fikrimizcə, magik realizmə aid etmək yanlışdır. Magik təsvirlər, xəyali olaraq cəhənnəmin təsvirini verən əsərlər realizmə də xasdır; bircə elə Əbdürrəhimbəy Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları”nda cəhənnəmin təsvirini verən epizodları xatırlatmaq kifayətdir (39). Realist əsərlərdə magik elementlər, qrotesk təsvirlər bədii vasitə kimi istifadə olunur, bilavasitə reallıqdan alınan təsvir və təəssüratın qüvvətlənməsinə, mətləbin daha dərindən ifadə olunmasına xidmət edir. 

                                          ƏDƏBİYYAT

Əliyev Rəhim, Əşirət xəstəliyi // Tənqid.net jurnalı, № 3, 2007,  s. 80-86

Əlişanoğlu Tehran, Milli nəsrdə Azərbaycan obrazı. Bakı, “Elm və təhsil”, 2017, 616 səh.

Hacılı Asif, Postmodernizm // Tənqid.net jurnalı, № 3, 2007,  s. 69-70

 

Qaradərəli Azad, “Sonuncu”nun həqiqəti // Azad Qaradərəli, Renessans həsrəti. Bakı, Qanun 

nəşriyyatı, 2015, 368 səh.; s. 181-184

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, 2 cilddə. I cild, Bakı, “Elm və təhsil”, 2016, 888 səh.

Rüstəmxanlı Sabir, Yazıçının qalibiyyətlə nəticələnən savaşı, 27/09/2016 // www.Yazıçının 

qalibiyyətlə nəticələnən savaşı - VHP 

Tanınmış yazıçı ilə müsahibə. 21 oktyabr 2016 // Tanınmış yazıçı: “Tehran Əlişanoğlu məndən 

qisas alır” (teleqraf.com) 

Umberto Eko, Postmodernizm, kinayə həzz. Tərcümə edən Asif Hacılı // Tənqid.net jurnalı, № 

3, 2007,  s. 70-73 

Yusifli Vaqif, Aslan Quliyevin “Yazıçının savaşı” kitabı və digər əsərləri barədə // Ədalət qəzeti,  24 noyabr 2012

 

Rəyçi:AMEA-nın müxbir üzvü Tehran Mustafayev.

AMEA NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT İNSTİTUTU

ÜNVAN: BAKI ŞƏHƏRİ, YASAMAL. HÜSEYN CAVİD 115

MAİL: lisey.thtft@mail.ru

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)