Edebiyyat.az » Ədəbi tənqid » Kənan Hacı - “Ucubuluq” – hadisəyə çevrilən roman

Kənan Hacı - “Ucubuluq” – hadisəyə çevrilən roman

Kənan Hacı - “Ucubuluq” – hadisəyə çevrilən roman
Ədəbi tənqid
admin
Müəllif:
02:43, 29 avqust 2024
537
0
Kənan Hacı - “Ucubuluq” – hadisəyə çevrilən roman



 Bir bədii mətn romana çevrilincə düşüncədə ilmə-ilmə toxunar, zaman-zaman yazıçı ilə beyin yolçuluğuna varar, qol-budaq atar, şəkillənər... Mövzu roman halına gəlincə yazıçı yaratdığı alternativ dünyanın sakini kimi gəzib-dolaşar. Görkəmli yazıçımız Azad Qaradərəlinin “Ucubuluq” romanı Azərbaycan ədəbiyyatında mifoloji təfəkkürün nadir nümunələrindəndir. Əsər “Kitabi Dədə Qorqud” dastanının itmiş boylarından bir kimi qələmə alınıb və dastandakı dil, stilistika olduğu kimi qorunub saxlanılıb. Dastanın leksik-semantik üslubunu saxlamaq şərtilə Ucubuluq adlı bədheybət məxluqun Oğuz elinə yaşatdığı müsibətlər təsvir edilir. Roman mifologiya ilə gerçəkliyin sintezi üzərində qurulub. Və əsasən, mifin ictimai, sosioloji funksiyası önə çəkilir. Mistik funksiya isə sadəcə, bir fondur.  Bu priyom ədəbiyyatda sequel adlanır.

 

“Ucubuluq” postmodern estetikaya söykənən əsərdir. İngilis alimi Antoni Giddens postmodernizm və ədəbiyyat konusunda belə fikrə gəlir ki, postmodernizmin əgər bir anlamı varsa, onu ədəbiyyatla sınırlandırmaq ən doğru yoldur. Postmodernizm anlayışı ədəbiyyatda özünü əsasən romanda göstərir. Modern zamanın romanı mimetik anlayışın məhsuludur. Mimetik estetika məzmunun görünən gerçəkliklə üst-üstə düşməsidir. Postmodern zamana gəlincə, artıq ayaq basılacaq zəminin qurmaca olduğunu göstərir. Ucubuluq mifdən gələn obrazdır, şəri simvolizə edir, yazıçı bu obrazı topluma proyeksiya edir və beləcə, ədəbiyyatımızda yeni bir demon tipi meydana çıxır.  

Yazıçı Ucubuluq vasitəsilə insanın xislətindəki naqis cəhətləri göstərir, yaltaqlığın, riyakarlığın anatomiyasını cızır, Oğuz elinə gələn bəlaların səbəblərini göstərir. Oğuz eli Dədə Qorquda arxa çevirir, ol zamandan bəla bu elin üzərindən əskik olmur. Ucubuluq barometrdir. Bu obraz ədəbiyyatımızda öz orijinallığı ilə yadda qalan güclü rəmzi obraza çevrilir. Müəllif sanki mifologiya okeanında balıq ovuna çıxır. Personajları bu cür çeşidləmək olar: insan obrazları, təbiət obrazları, rəmzi-simvolik obrazlar və bir də sırf mifik obrazlar. Romanı oxuyanda isə sanki fərqinə varmırsan – təbiət obrazlarını da insan obrazları kimi qəbul edirsən. Yəni obrazların canlımı, cansızmı, realmı, irrealmı olduğu bir elə əhəmiyyət kəsb eləmir. Vacib olan fabuladır. 

Qaragünə, Uçar bəy, Ağac bəy, Ağcan xanım şərə qarşı döyüşürlər. Lakin Dursun xan, Şöklü Məlik güclüdürlər, Ucubuluğun qolları o qədər uzundur ki, hər yerə çatır. O, hər yerə üfunət yayır, çirkab axıdır. Çoban Qarabinəni öldürüb sürüsünü yağmalayan Ucubuluqdan intiqam almaq üçün qardaşı Qaragünə onunla savaşa çıxır. Bu savaş uzun sürür, qardaş qanı tökülür. Buğac xan onu qara çadıra yerləşdirdiyi üçün Dursun xana asi olur. Bundan sonra Beyrəyin qızı Banugerçək ona bir igid oğul doğur. Bir gecə Dədə Qorqud Buğac xanın yuxusuna girir və oğluna ad verir: Buğac oğlu Ağac. 

Amma bir saxta “Dədə Qorqud” da var. Ona gədə Qorqud deyirlər. O, Dursun xanın adamı, saray aşığıdır, ona yaltaqlanır, şəninə tərif qoşur. Əsl Dədə Qorquda tənə edir ki, daha sənin əyyamın keçib. Sən demə, məmləkəti yalançı Dədə Qorqudlar bürüyübmüş. Yazıçı yaltaqlığın insanı necə simasızlaşdırdığını özünəxas anlatım texnikası ilə göstərir. Bir də var Dursun xanın oxşarı, yalançı Dursun xan. Dəyirmançı Dursun. O, xeyirxah adamdır, Dursun xana oxşadığı üçün onu saraya gətiriblər ki, xan sarayda olmayanda onu əvəz eləsin. Səlahiyyətindən istifadə edib Ağcan xanımı zindandan azad edən də odur. Dəyirmançı Dursun Axundovun “Aldanmış kəvakib”indəki Yusif Sərracı xatırladır. 

Dədə Qorqudla Ucubuluğu birləşdirən bir cəhət var – hər ikisi ölümsüzdür. (!) Açması budur ki, dünya durduqca xeyirlə şərin mübarizəsi davam edəcək.  Mətnin alt qatındakı mənalar fəhmli oxucuya gün kimi aydındır. Dil, zaman və məkan üzərindəki oyunlar xeyirin şərlə mübarizəsi müstəvisində baş verir.  Yazıçı əbədi Xeyir-Şər süjetinə orijinal təfəkkür tərzilə yanaşır və nəticədə bənzərsiz bir roman ərsəyə gəlir. Bu romanın meydana çıxması ədəbi fakt çərçivəsindən qat-qat böyük əhəmiyyətə malikdir. 

“Ucubuluq” ədəbiyyatımızda hadisəyə çevriləsi əsərdir. Dəyərli yazıçımızı bu münasibətlə ürəkdən təbrik edirəm!  

29. 08. 2024  

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)