Edebiyyat.az » Film » Terrence Malick'in şüur axını

Terrence Malick'in şüur axını

Terrence Malick'in şüur axını
Film
Necef Esgerzade
Müəllif:
14:01, 22 iyun 2019
2 052
0
Yadındadır sən uşaq olarkən, mən sənə nə danışmışdım? Gənc şahzadə haqqında, o şahzadə ki, atası (Şərqin kralı) onu qərbə, Misirə zümrüd axtarışına yollamışdı. Ən dərin dənizlərin zümrüdü. Amma şahzadə ora çatdığında ona içki süzdülər, içib hər şeyi unutdu. Zümrüdü də. Kral oğlu olduğunu belə. Və dərin bir yuxuya getdi"... 

"Kuboklar cəngavəri" ("Knight of Cups") – amerikalı kult rejissor Terens Malikin (Terrence Malick) şüur axını metodunda yaratdığı növbəti sənət əsəridir. Şüur axını metodu nə deməkdir, əvvəlcə onu araşdıraq. 

20-ci əsr modernizm ədəbiyyatında istifadə edilməyə başlayan, psixologiyaya aid üsuldur. Termin olaraq amerikalı filosof və psixoloq Uillyam Ceymsə (William James) aiddir. Mey Sinkler (May Sinclair) tərəfindən psixologiyadan ədəbiyyata daxil edilib. Ceyms Coys (James Joyce), Marsel Prust (Marcel Proust), Vircinia Vulf (Virginia Woolf) "şüur axını" metodu ilə ədəbiyyatda modernizm üslubunda möhtəşəm sənət əsərləri yaratmışlar. Şüur axını metodu çox vaxt daxili dialoqla qarışıq salınır. Şüur axının başlıca fərqi səliqəsiz, məntiqsiz və qrammatik qaydalara əməl olunmadan istifadə olunmasıdır. Yazarın anlaşılmaz şüur axını oxucunu əlavə düşüncələrlə dünyadan və əsərin mahiyyətindən uzaqlaşdırır və beləliklə oxunulan hər ikinci cümlə özündən əvvəlkini unutdurur. Nəticədə oxuduğun səhifədən heç nə anlamırsan. Cümlələr zövq versə də, anlaşılmaz qalmaqda davam edir. Məsələn, Coysşünas Stüart Gilbert yazıçının məşhur "Uliss" ("Ulysses") romanını təhlil halında (daha anlayışlı variant) hazırlamışdı. Hər fəslin başlanğıcında olan fiqurların açması verilmişdi. Xüsusi sxem yaradılmışdı. Məsələn fəslin adı – "Protey", səhnə – "Çimərlik", saat – "11", orqan – "naməlum", rəng – "yaşıl", simvol – "dalğa", sənət – "filologiya", texnika – "kişi monoloqu". Amma Gilbertin özü şüur axınında sözlərin istifadəsinin əleyhinə idi. İzah: "Şüur axını zamanı insan danışmır, düşünür və bu zaman heç bir sözdən söhbət gedə bilməz". Xorxe Luis Borxes hesab edirdi ki, "Uliss" və "Dublinlilər" romanı ilə Coys ədəbiyyatın sonuna çıxmaq istəyirdi. Bir növ özünü ədəbiyyatın son yazarı olaraq görürdü və yazdığı əsərlərlə ədəbiyyatın tamamlanacağına əmin idi. Amma Coys yanılmışdı. Şüur axını metodu modernizmi nə qədər absurdlaşdırsa belə, kinoya təsiri o qədər hiss olunmadı. Andrey Tarkovski "Ayna"sı (“Зеркало”) ilə, Devid Linç "Daxili imperiya"sı ("Inland Empire") ilə, Çarli Kaufman “Nyu-York illüziyası” ("Synedoche, New York") ilə şüur axını metoduna müraciət etmişdilər. Amma bu metodun ustası, sözsüz ki, Malik sayılır. Haqqında sözü gedən filmdə də o, bu üsuldan ustalıqla istifadə edib.


Bu dəfə qəhrəman Los-Ancelesdə yaşayan Rik (Christian Bale) adlı uğurlu ssenaristdir. Qardaşının ölümündən sonra atası ilə yaşanan anlaşılmazlıqlar onu həyatın dibinə atıb. Bu vəziyyətdən o, yalnız qadınlar və ziyafətlər vasitəsi ilə çıxır. Hər yeni tanışlığın onu həqiqətə daha da yaxın etdiyini düşünür.
Göründüyü kimi, ilk baxışdan çox sadə ssenaridir. Hər şey olduqca şəffaf təsvir edilib. Ekzistensial boşluq, ritorik və cavabsız suallar. Lubezki yenə kamera ilə möcüzələr yaradır. Kadrların boşluğunda yer saxlayır, tamaşaçını oranı öz düşüncəsi ilə doldurmağa çağırır. Zümrüd haqqında əfsanənin gerçəkliyinə inanmaq istəyirsən, hovuzda itin topu heç cürə tuta bilməməsi həqiqətinə gülümsəyirsən. Qəhrəmanımız cəngavərlərə xas zireh daşıyır. Əynindəki pencəyə fikir verməsək, bu zirehin daxili rahatlığa can atması uğrunda döyüşlərdə onu əldən salmasını asanlıqla görə bilərik. Təbiətini idarə edən başlıca şey də, əlbəttə ki, elə təbiətdir. Malik həqiqətində insan təbiətlə vəhdət təşkil edir. Bəlkə də Malik yeganə rejissordur ki, öz həqiqətini bu qədər hiss etdirə bilir filmləri vasitəsi ilə. Öz həqiqətini axtarmaqla, axtarışın özünün elə həqiqət olduğunu bilməklə belə gözəl tablo yarada bilir.

"Sən mənə sülh verdin. Dünyanın mənə verə biləcəyi hər şeyi verdin. Hissiyyat, sevgi, sevinc... Qalan hər şey bulud və dumandır. Mənimlə ol. Hər zaman...”



Malik filmdən filmə daha çox qəlizləşir. Film Taro kartlarına uyğun fəsillərə bölünüb. Rikin qadınları da fərqlidir. Daha dəqiq desək, hər qadın onun üçün həqiqətin parçasıdır. Ardıcıllıqla sıralasaq, Malik həqiqətinə bir addım daha yaxınlaşmış olarıq: çılğınlıq (Imogen Poots), ağıl (Cate Blancett), rahatlıq (Frieda Pinto), axmaqlıq (Isabel Lucas), ümid (Natalie Portman) və sevgi (Teresa Palmer).
"Həyat ağacı" ("Tree of life") filmi: "Onu sənə verirəm. Oğlumu qəbul et" – xahişi ilə, "Möcüzəyə" ("To the wonder") filmi: "Bizi sevən sevgi, təşəkkürlər!" – minnətdarlığı ilə, hər şeyi unudan şahzadə haqqında hekayə ilə başlayan, haqqında danışdığımız son filmi isə: "Oğlum, yadda saxla!" – əmri ilə bitir.

Mənbə: shahinkhalil.blogspot.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)