Edebiyyat.az » Film » Sevda Sultanova - Ekranlaşdırılmış ədəbi əsərlər - "Medeya"

Sevda Sultanova - Ekranlaşdırılmış ədəbi əsərlər - "Medeya"

Sevda Sultanova - Ekranlaşdırılmış ədəbi əsərlər - "Medeya"
Film
Necef Esgerzade
Müəllif:
13:33, 13 avqust 2019
2 029
0
Layihədə təqdim etdiyimiz növbəti ekran əsəri antik yunan dramaturqu Evripidin "Medeya" faciəsi əsasında çəkilmiş eyniadlı iki filmdir. Filmlərdən birinin müəllifi italyan Paolo Pazolini, digərinin müəllifi isə danimarkalı Lars fon Trierdir.
Dünya kinosunda Medeya obrazı həm "Yason və arqonavtlar" haqda çəkilən müxtəlif janrlı filmlərdə yer alıb, həm də Medeyanın hekayəsi ayrıca bədii film kimi işlənilib. Amma kinoda Medeya obrazından danışarkən, əsasən, iki dahi rejissorun - Pazolininin və Trierin ekran əsərlərinə istinad olunur.
Mövzunu araşdıranda Medeyanın hekayəsinin motivləri əsasında çəkilmiş daha bir film diqqətimi çəkdi. Bu, italyan rejissoru Tonino de Bernardinin 2009-cu ildə ekranlaşdırdığı, dünya kinosunun parlaq aktrisalarından biri, fransız İzabel Yupperin baş rol aldığı "Medeyanın möcüzəsi" dramıdır. Yupperin universal fakturasını, ustalığını, geniş imkanlarını nəzərə alsaq, cəsarətlə "Medeya məhz odur" demək olardı. Ancaq təəssüf ki, filmi izləmək əlçatan olmadığından, onun necə bir keyfiyyətdə çəkilməsi haqda nəsə söyləmək çətindir. Yazılanlara görə, süjetdə yunan mifindəki hadisələr fərqli şəkildə müasir dövrümüzə gətirilib. Əsərin qəhrəmanı, iki qız anası İren xəyanətkar ərindən qisas alsa da, özü daha çox iztirab çəkir. Ətrafı onu pis ana olmaqda ittiham edərək, uşaqların himayədarlığından məhrum etmək istəyir. Emosional gərginlik keçirən qadın uşaqlarını qətlə yetirmək fikrinə düşür, ancaq Medeyadan fərqli olaraq, son nəticədə özündə güc taparaq fikrini dəyişir. İren Parisdən gedərək, yeni həyata başlamaq qərarına gəlir...      
Gələk, yunan mifinə. Mifə görə Peli ögey qardaşı Esonun İolkdakı hakimiyyətini əlindən alır. Esonun oğlu Yason böyüyüb hakimiyyəti geri almaq istəyəndə əmisi ona Kolxidadan qızıl qoçun dərisini gətirməyi tapşırır. Yason və arqonavtlar dərini əldə etmək üçün yola düşürlər.
Kolxida şahı, günəş Allahı Heliosun oğlu Eyet qızıl dərini ona verməkdən imtina edir. Eyetin qızı sehrbaz Medeya Yasona aşıq olur və dərini oğurlamaqda ona kömək edir.  İolka birlikdə qayıdan Yason və Medeyanı qardaşı Absirt təqib edir. O, qardaşına Yasonla birlikdə tələ qurur. Onu öldürüb bədəninin parçalarını çaya atırlar. Absirtin döyüşçüləri onun hissələrini yığana qədər, artıq Medeya və Yasonun olduğu gəmi uzaqlara üzür.
Peli qızıl qoçun dərisini gətirən Yasona hakmiyyəti qaytarmaqdan imtina edəndə Medeya hiylə ilə onu öldürür. Qətlə görə İolkdan qovulan Medeya və Yason Korinfə üz tuturlar. Evripidin pyesi də məhz burdan - Korinfdən başlayır. Yason Korinf şahı Kreontun qızı Qlavkaya aşıq olur, Medeyanı və iki oğlunu tərk edir. Ərinin xəyanətindən sarsılan Medeya qisas almağa qərar verir.
Medeya Afina hökmdarı Egeyi, ona sığınacaq verməsinə razı salandan sonra, öz planını həyata keçirir.  
O, Qlavkaya toy hədiyyəsi olaraq, geyim və tac bağışlayır. Geyimə və taca hopdurulan zəhər qızın bədəninə yeriyir, atası köməyə tələsəndə o da ölür. Həm Kreontun qohumlarının oğullarından qisas alacağını düşünərək, həm də Yasona daha ağır zərbə vurmaq üçün Medeya doğma övladlarını da qətlə yetirir.

Bəzi qeydlərə görə, korinflilər tarixə uşaq qatili kimi düşmək istəmədiklərindən Evripiddən, əsərində qətli Medeyanın adına yazmağı xahiş ediblər. Və Evripid bu xahişi rüşvət qarşılığında yerinə yetirib.
...Trier filmi böyük danimarkalı rejissor Karl Dreyerin ssenarisi əsasında 1988-ci ildə lentə alıb. Vaxtilə Dreyer, Evripidin əsərinin motivləri əsasında yazdığı ssenarini reallaşdıra bilməyib. 
Trier bu haqda deyir: "Mən Dreyerin filmini çəkməyə cəhd etməmişəm. Ancaq orijinala və ustada dərin hörmətimi ifadə edərək, öz bədii yozumumu göstərmişəm".
Trier məkanı dəyişərək, hadisələri Yunanıstandan Orta əsrlər Skandinaviyasına gətirib. Daim tutqun hava, duman, qorxu aşılayan sərt dəniz mənzərəsi, qumluqlar, qorxunc külək, dəniz səsi əhvalatı nuar estetikası (nuar fransızcadan qara deməkdir, bu estetikada çəkilən filmlərə  adətən kriminal süjet xasdır, interyer, natura tutqun rənglərlə işlənir, hava yağışlı, atmosfer bədbin olur, gecəni və ya gündüzü müəyyən etmək çətinləşir, qəhrəmanla antiqəhrəman arasında sərhəd silinir və s.) ilə yükləyir. Seçilmiş estetika isə hekayənin faciəvi mahiyyətini tamamlayır. Bundan başqa filmdə ekspressionizmə xas bəzi əlamətlər sezilir: misalçün, məkanda, dekorasiyalarda ekspressiya, kölgə və işıq oyunu ilə predmetlərin, məkanın təhrifi və personajların daxili mücadiləsinin vizuallaşdırılması, bəzi kadrların iti bucaqdan çəkilməsi ilə əndişə duyğusunun ötürülməsi.  
Trier filmin proloqunu titrlərdən başlayır. Medeya yazılmış titrdə, ağac şəklində göstərilən D hərfindən asılmış iki uşaq təsvir edilir, bununla da müəllif tamaşaçını pyesin mətnindən fərqli olaraq, daha tükürpədici səhnə hazırladığına eyham vurur. Bir qayda olaraq, seyrçini qəddar, gözlənilməz səhnələrlə emosional şoka salmaq, onu psixoloji sınaqlara məruz qoymaq kimi provokasiyalar Trierin kino dünyası üçün xarakterikdir.  

Onun yaradıcılığında qadın mövzusu xüsusi yer tutur. Qadınlar onun əsərlərində gerçəkdə malik olduqları imkanları aşaraq, mahiyyətində daha mühüm, bəşəri, fövqəlgüc və məna daşıyırlar. 
O, Medeya obrazına da xüsusi həssaslıqla yanaşır, onun əzablarını, daxili konfliktini anlamağa və göstərməyə çalışır. Yunanlar üçün Medeyanın ilahə ilə cadugər arasında olan statusu vardı. Trier yozumunda Medeyanı ilahə, sehrbaz statusundan məhz adi qadın statusuna endirir. Və öz konsepsiyasına sadiq qalaraq, onun obrazını məhz qadınlığından yola çıxaraq göstərir.
Əhvalatda Medeyanın tərəddüdləri, ağrıları, çıxılmazlığı, qətl planını həyata keçirməyin ondan ötrü necə bir əzab olduğu təsirli iri planlarla, psixoloji rakurs və mizanlarala, kölgə və işıq oyununda açılır.
Maraqlı orasıdır ki, Trier Medeyanı ustadı Dreyerin Janna Dark obrazına uyğun işləyib.
Dreyerin 1928-ci ildə çəkdiyi, kinematoqrafiyanın ən yaxşı nümunələrindən sayılan "Janna Darkın izitirabları"nda personajın psixoloji vəziyyətini dinamikləşdirən iri planlardan istifadə olunur.  Janna Dark əksər kadrlarda təkdir və bu, qəhrəmanın ifadəliliyini, əzəmətini artırır. Dreyer Jannanın simasında döyüşçü yox, təhqirlərə dözən, iztirab çəkən qurbanı, müqəddəsi göstərib. Bununla da onu İsa Məsihlə eyniləşdirib.
Trier də Medeya obrazına münasibətdə məhz Dreyerin yolu ilə gedir. Medeya daha çox yaxın planlarda və əksər kadrlarda tək göstərilir, kamera onun əzəmətinə, üzünün əzablı ifadəsinə, gözlərinin kədərinə xüsusi vurğular edir. Əgər Pazolininin Medeyası zərif, cazibədardırsa (üstəlik, Medeya rolunun ifaçısı Mariya Kallasın gözəlliyi bu imkanı verir), Trierin Medeyası soyuqdur, sərtdir, onda cəngavərsayağı döyüş ruhu sezilir. Və onun soyuqluğu, sərtliyi altında sezilən iztirabları daha toxunandır və təhtəlüşura birbaşa  işləyir. Medeya rolunun ifaçısı Kristen Olesen öz qəhrəmanının daxili aləmini təmkinli və ifadəli oyun tərzi ilə açır. 
Filmdə maraqlı, eksperimental kadr var. Medeya Egeyin ona sığınacaq verəcəyinə əmin olandan sonra, qətl planları haqda qərar verir. Əvvəlcə bütün kadrı nəhəng, qorxulu buludlar tutur və kadrın aşağı hissəsindən yuxarıya doğru qalxan Medeya buludlar fonunda təsvir olunur. Aşağıdan, yarıköndələn və iti bucaqdan çəkilmiş bu planda Medeya qanlı döyüşə qərar vermiş tirana bənzəyir, amma eyni zamanda tiraniya üzündəki iztirabla qəribə kontrast yaradır.   

Trier də Medeyanı İsa Məsihlə eyniləşdirir, İncil motivlərindən yararlanır. O, çöllükdə uşaqlarını arabayla, sonsuz işgəncə çəkirmiş kimi daşıyır. Təsvir İsa Məsihin ağır xaç daşımasını xatırladır. Fonda onun zəhərlədiyi Qlavka və atasının əzabla ölməsi əks olunması, bu aktı həyata keçirməyin Medeya üçün asan olmadığının ifadəsidir.
İncil motivindən final səhnələrindən birində də istifadə edilir. Medeya uşaqlarını xaç formasında olan ağacdan asır. Uşaqlarını asanda kamera Medeyanın əzab çəkən üzünə fokuslanır. Qətl aktını həyata keçirən Medeyanın əzab çəkməsini göstərməklə, Trier sanki ona bəraət verir. Üstəlik, bəraətini - böyük oğulun kiçik qardaşının ağacdan asmasına anasına kömək etməklə, özünün də anasına itaət edərək, öülümünə könüllü razılıq verməsiylə gücləndirir. İtaət isə xristianlıqda yaxşı məziyyətlərdən sayılır. Beləcə, Trier yunan mifologiyası ilə xristianlıq dəyərlərini sintez edir. 
Dreyer ssenarini işləyəndə, pyesdə Medeyanın uşaqlarını xəncərlə öldürməsini qəddar saydığından, onu zəhərlə əvəzləyir. Trier isə ssenarinin əksinə olaraq, daha qəddarını seçir, onları asmağa qərar verir.
Rejissorun digər filmlərində olduğu kimi, burda da qadın öz gücünün sərhədlərini keçir, onun üçün dözülməz olan planları reallaşdırır. Medeyanın qadınlıq instinktləri analıq instinktlərinə qalib gəlir. Trier qadının günahına kişini də şərik edir. Medeya bir qadın kimi Yasona görə mövcud idi. Lakin Yason Medeyada onu sevən, ona görə hər şeyindən keçən bir qadını öldürür. Və xəyanəti ilə onu qadınlığından qoparıb cadugər başlanğıcına qaytarır.
Əhvalatın ən təsirli epizodlarından biri Yasonun ölüm səhnəsidir. Uşaqlarının asıldığını görən Yason dərddən ağlını itirir. Onun ağlını itirməsini müəllif dar kadr -məkanda vizuallaşdırır. Kadr çıxış yolu olmayan, lənətlənmiş, hermetik təsvir olunur: Yason məkanda dəli kimi qaçaraq ondan qurtula bilmir. Və rejissor bununla Yasona Medeyadan daha ağır cəza verir.
Filmdə ən çox istifadə olunan obraz dənizdir. Dəniz  ölümün və həyatın metaforudur. İlk kadlarda qumsallıqda uzanmış Medeyanın cansız bədəninə su dəydikcə o ayılır. Finalda eyni mizan Yasonla qurulub. Amma burda dəniz onun ölümüdür.
Son səhnələrdən birində, bütün filmboyu qara yaylıqda gəzən Medeya onu açır, qırmızı saçları çiyinlərinə dağılır. Onun vücudunda, üzündə rahatlıqla yanaşı əzab ifadəsi də var: o, qisas alsa da, törətdiyi günahı ömrü boyu daşıyacaq.
Pazolininin (film 1969-cu ildə lentə alınıb) yozumu isə daha fəlsəfidir və siyasi mənalara söykənir. Buna görə də Medeyaya, onun daxili konfliktinə, xüsusi diqqət ayırmır, əhvalatı, personajları psixologizmlə yükləmir. 
Film bir neçə hissədən ibarətdir. Yasonun uşaqlığı, qızıl qoç arxasınca Kolxidaya getməsi, Medeya ilə tanışlığı və Korinfdəki əhvalat. 
Pyesdən fərqli olaraq, Pazolininin əhvalatında Yason İolkda hakimiyyətdən imtina edir, çünki bu səyahət ona dünyanın düşündüyündən daha böyük və dərin olduğunu anladır. 
Bədii mətnin əksinə olaraq, Medeyanın qardaşı Absirt qızıl dərini oğurlamaqda ona yardımçı olur. Və Medeya sonradan onları təqib edən qoşunu ləngitmək üçün onu öldürür.
Pazolini ateist idi və film də yunan tanrılarına bir növ üsyan ruhunda çəkilib, mif dünyası ilə reallıq qarşı-qarşıya gətirilir. Medeya mif dünyasını, Yason isə gerçəyi, öləri bəndəni təmsil edir.
Medeyanın məxsus olduğu dünyada tanrılar üçün qurbankəsmə mərasimləri qəddar, vandallıq kimi təsvir olunur. Korinf şahının idarəetdiyi ölkə isə daha sivil, gerçəkdir. Məkrli Medeyaya isə burada yer yoxdur.
Yason tamahkar, şöhrətpərəst yox, səmimi, hakimiyyət hərisi olmayan biri kimi təsvir olunur. Və o, Medeyanın hakimiyyətindən qurtulmaq istəyir.
Pazolini Qlavkanın ölüm səhnəsini iki versiyada təqdim edir. Birində Qlavka və atası geyimdən zəhərlənərək yanır. İkinci versiyada isə hər ikisi intihar edir. Güman ki, ilk versiya sadəcə Medeyanın təsəvvüründə baş verir. İkinci versiya isə reallıqda. Burda Qlavkanın intiharına səbəb artıq donu geyinəndə ölümə məhkum olunduğunu hiss etməsidir.
Medeyanın qətlinə, sehrinin gücünün qayıtmasına da məhz babası, Günəş tanrısı Helios kömək edir. Tanrı Pazolini üçün tiran, diktatordur və o, gözəl olan hər şeyi məhv edir. Finalda da Tanrı insana qalib gəlir.    
Çəkilişlər Türkiyənin Kappodokiya bölgəsində baş tutub. Bölgənin maraqlı landşaftı, qədim mağaralar, qayalardan yonulmuş məbədlər əhvalat üçün zəruri olan bütün atmosferi yaradıb.



edebiyyatqazeti.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)