Edebiyyat.az » Film » Nəcəf Əsgərzadə - Çılpaq Ada: Tarazlığı itirməmək qayəsi

Nəcəf Əsgərzadə - Çılpaq Ada: Tarazlığı itirməmək qayəsi

Nəcəf Əsgərzadə - Çılpaq Ada: Tarazlığı itirməmək qayəsi
Film
Necef Esgerzade
Müəllif:
17:00, 09 sentyabr 2019
2 420
0
Xüsusi qeyd: Çılpaq Ada (Naked İsland) filmini məsləhət gördüyü üçün dostum Fəridə İsayevaya təşəkkürlər.

Bir Kaneto Şindo filmi

Ana
Ata
Və..
İki oğulları

Bir qayıq
Bir ada
Və...
Uzun səssizlik arealı

Danışmayan üzlər
Əzbərlənmiş hərəkətlər
Vərdiş edilmiş həyat tərzi

Uzun taxta vasitəsiylə boyunlarda daşınan su çəlləkləri
Sıldırım, kələ-kötür yollar
Zirvəyə qalxma cəhdi

Adanı tərk ediş və dönüşlər.

Müvazinəti saxlamaq cəhdi
Tarazlığı itirməmə qayəsi
Harmoniyanı qoruma çabası

Və birdən qadın itirir tarazlığı
Yıxılır yerə
Çəlləklərdən biri aşır.

Amma o yenidən durur ayağa
Müvazinətini bərpa edir.
Yoluna davam edir.

Ər bunu görür.
Yaxınlaşır qadına
Və.. Gözlənilmədən şillə vurur ona

Biz donub qalırıq yerimizdə
Bir çəlləyi aşırdı deyə qadına endirilən
Bu şillə nə qədər adilcədir? deyə düşünərək

Biz yanılırıq. Özü də bilmədən
Buradakı məsələ: " Tarazlığı itirməməlisən"lə bağlıdır.
Əgər bir anlıq müvazinəti itirdinsə ömürboyu onu bərpa edə bilməyəcəksən.

Təbiət harmoniyadır. Ahəngdarlıq onu ruhunda var. Yaponlara görə təbiətin ruhu mövcuddur. Təbiət tarazlığı itirənləri sevməz. 

Fəsillər dəyişir. Əkilib, sulanan ərazi asta-asta məhsul verir.
Amma üzlər yenə donuq.
Hərəkətlər yenə bənzər.

Həyat davam edir. Böyük qardaş dərsə gedir.
Balaca adada qalır. Hər ikisi də boyunlarına biçilən ömürlük iş proseduralarını gerçəkləşdirməyə çalışır özləri də fərqində olmadan.

Sükut. Səssizlik. Davam edir sakitcə.
Hikaru Hayaşinin həzin musiqisi altında

Sözlərin itdiyi, qeyb olduğu ağ-qara kadrlarda
İnsanla təbiət arasındakı həlməşik asıllığın ecazkarlığı.

Böyük bir balığı tutan qardaşlar
Monotonluğu pozurlar.

Böyük gəmiylə şəhərə üz tutan ailə
Sakitlik uçurumundan şəhərin qatmaqarışıq aləminə qatılır qəflətən.

Balığı satmağa
çalışır ata və ana.

Ətrafda dolaşan insanların kəsintisiz səsi
Ailə arasında yaranan səssizliyə qarşı müqavimətdə.

Uşaqlar bir kənarda dayanıb
İzləyir ətrafı.

Axır ki, balığı sata bilən ana və ata
Qazandıqları pul ilə uşaqları yeməyə aparır.

Sadəcə yemək vaxtı aradakı səssizlik
Pozulur aramla. Səssizliyi pozan isə danışıq səsləri deyil, yemək yeyərkən qabların çıxardığı cingiltilərdir.

Adanın səssizlikdən bir müddət qurtulub gələn ailə şəhəri dolaşır.
Və birdən onlar gəlib bir mağazanın qarşısında dururlar. Uşaqlar mağazada yerləşən televizora diqqət kəsilirlər.

Texnologiya əsri artıq başlanıb. İnsanlar təbiətdən qopub yavaşca virtual təbiətə ayaq açmaqda.

Sadəcə tək-tək fərdlər uzaqda yaşayaraq bu virtual təbiətdən özlərini qoruya bilmişlər.

Geri dönüş. Həyatın hər gün təkrarlanan çarxının daxilində davam edən eyni hadisələrin içində donuq üzlərin ölümə tələsən ruhları sanki adaya məcburi şəkildə kök salıb.

Təbiət və İnsan. Tarazlığın vəhdəti.

Pozulur yenə balans bu iki məfhum arasında. Bu pozulma xəstəliklə baş qaldırır.

Böyük qardaş. O yerdə çapalamağa başlayır. Eynən qardaşların ələ keçirdikləri böyük balıq kimi.

Balaca qardaş. O nə edəcəyini bilmir. Ana və atasının adaya geri dönməsini səbrsizliklə və çarəsizliklə gözləyir.

Uzaqdan bir qayıq görünür. Balaca qardaş onları görüb əli ilə ilk siqnalı verir. Uzaqdan görünən bu siqnal həyəcan təbili olur valideynlər üçün.

Özlərini bir təhər adaya çatdıran ana və ata oğullarını yerdə çapaladığını görcək donuq üzlər film boyunca ilk dəfə hissiyatsızlıqdan qurtulur.

Ata adanı tərk edib geriyə-şəhərə tərəf üz tutur. Həkim dalınca gedir.

Amma onun bu cəhdləri faydasız olur. Vaxtında edilməmiş müdaxilə uşağı ölümün caynaqlarından xilas edə bilmir.

Bəlkəm də onlar şəhərdə yaşasa idi. Hər şey fərqli olardı.
Həkim tez gələrdi.
Uşağa vaxtında müdaxilə edərdi.
Bəlkəm də uşaq heç xəstələnməzdi.

İki karma arasında vurnuxma. 

Birincisi qadının tarazlığı itirməsi və aldığı şillə. Təbiətdəki tarazlığı pozdu.
İkinci uşaqların tutduğu böyük balıq. Təbiətdəki tarazlığı pozdu.

Təbiət ona ilişib qalan insanları hər vəchlə qovmağa çalışır. Təbiət tanrıdır həm də. Ondan istifadə edənlər ona əvəzində qarşılığını verməlidir. Necə ki, bizim bu ailə kimi. Onlar təbiətdən məhsul alırdı, əvəzində isə təbiət onlardan övladlarından birini aldı.

Onlar təbiətdən istifadə edərək onu çılpaklaşdırırdılar. Təbiət də onlardan övladlarını alaraq ailəni çılpaklaşdırmağa başladı.

Dəfn üçün adaya məktəbdən uşağın müəllimi və sinif yoldaşları gəlir. Uşaq dini rahibin dualarıyla torpağa tapşırılır. 

Yenə donuq üzlər.
İfadəsiz gözlər.
Məyusluq, peşmançılıq, tale qarşısında acizlik.

Və birdən ana yerindən fırlayaraq qaçır. Evdən samuray qılıncını qaparaq geriyə dönür. Onu tabutun üstünə qoyur. Tabutu torpaqlayırlar.

Samuraylıq artıq öz ölüm sükutuna dalır.

Həyat davam edir.
Gündəlik öyrəşirmiş hərəkətlər qaldığı yerdən davam edir.
Uzun taxtanı çəlləklərə iki tərəfdən keçirib boyunlarına götürən ər və arvad sıldırım yolla zirvəyə doğru qalxır.

Tarazlıq. Ahəngdarlıq. Balanslaşma.

Amma birdən yenə. Tarazlıq pozulur. Qadın özündən çıxır. Su çəlləklərini dağıdır. Yerə basdırılmış otları çıxarmağa başlayır. Özünü o yan-bu yana çırpır. Halsız vəziyyətdə yerə sərilib ağlayır.

Ər onun bu vəziyyəti görür, fəqət tövrünü pozmadan gündəlik alnına yazılan hərəkətlərini davam etdirir.

Qadın bir neçə dəqiqədən sonra özünə gəlir. Ərindən dəstək görmədiyini görüb, alnına yazılmış taleyinə boyun əyərək bayaqkı etdiyi hərəkətlərini unudur. Yenidən işə başlayır.

"Tarazlığı itirməmək" əsas məsələ burada gizlənib.
 Tarazlığı itirdinsə, biraz ki,
 zəiflik göstərdinsə, mütləq cavabını alacaqsan.

Nə olursa olsun həmişə şax durmağı, özündən əmin olmağı başarmaq lazımdır.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)