Edebiyyat.az » Film » Nemət Mətin – Apunun dünyası

Nemət Mətin – Apunun dünyası

Nemət Mətin – Apunun dünyası
Film
nemət
Müəllif:
22:44, 26 dekabr 2019
1 659
0
Nemət Mətin – Apunun dünyası

                                            

 

 

 Rejissoru Satyajit Ray olan "Apunun dünyası" filminə baxdım. 1959-cu ildə ilk dəfə ekranlara çıxan film sonralar Amerikada keçirilən yarışmada xarici film naminasiyasında qalib olub. Filmdə kimsəsiz Apu adlı oğlanın həyatından bəhs olunur. Yazıçı olmaq istəyən Apu kiçik bir daxmada kirayə qalır. 

Filmə keçməmişdən öncə rejissorla tanış olaq.  S.Ray təcrübə qazanmaq üçün Londonda olarkən xeyli filmə baxır. Ona ən çox təsir edən italyan neorealizmi olur. Və geri qayıdaraq 1952-ci ildə film çəkmək qərarına gəlir. Düzdü buna qədər bir filmin ssenaristi olmuşdu. Lakin nə uğur qazanmışdı, nə də adı titrlarda verilmişdi. İlk rəsmi filmi olan "Yolun nəğməsi" 1955-ci ildə ekranlara çıxır. Filmi Benqal klassik yazıçısı sayılan Bandopadxyanın eyni adlı əsərinin ssenarisi əsasında çəkir. Rejissor bütün planlarını və fikirlərini fransız kinorejissor, aktyor, prodüser Jan Renuar (rəssam O.Renuarın oğlu) ilə bölüşür. Ümumilikdə rejissor 36 film çəkib. Ssenarist kimi bir xeyli filmə can verib. Hələ bəstəkar, prodüsser, rəssam kimi film dünyasına qoyduğu töhvələri demirəm.

 İlk dəfə bu film haqqında Pol Osterin "Qaranlıqdakı adam" əsərini oxuyanda duydum. Film barədə baba ilə nəvənin söhbəti əsnasında geniş təsvir yaranır. Yazıçının intelektual səviyyəsi filmdəki xırdalıqlara qeyri adi baxış bucağının yaranmasını imkan yaradır. Romandan bir parça: 


 “ -Pərdələr və saç sancağı. Bir həyatdan o birinə keçid, həyatın dönüş nöqtəsi. Apu dostunun qohumunun toyunda iştirak etmək üçün əyalətə yollanır. Evlilik ənənəvi qaydada təşkil edilib, amma bəy gəlib çıxanda məlum olur ki, o, səfehin, çərənçinin biriymiş. Toy pozulur, Apunun dostunun qohumları təşvişə düşürlər. Qorxurlar ki, qızları həmin gün ərə getməsə, ömürlük lənətlənəcək. Apu ağacların kölgəsində yuxuya gedib, dünya vecinə deyil, bir neçə günlük şəhərdən kənarlaşa bildiyi üçün xoşbəxtdir. Qızın ailəsi Apuya yaxınlaşır. Ona izah edirlər ki, buralardakı yeganə subay kişi odur, ailənin problemini ancaq o həll edə bilər. Apu əvvəlcə bu təklifdən dəhşətə gəlir, onların dəli, mövhumatçı və avam kəndlilər olduğunu düşünür, razılaşmır. Lakin bir qədər fikirləşdikdən sonra bu istəyi yerinə yetirmək qərarına gəlir. Bunu bir yaxşılıq kimi həyata keçirmək istəyir, amma qızı özü ilə Kəlküttəyə aparmaq barədə fikirləşmir. Toy mərasimi bitdikdən sonra təzəbəylə gəlin təkbətək qalırlar və Apu görür ki, bu ürkək gənc qadın, əslində, onun düşündüyündən daha möhkəm imiş. “Mən kasıbam, – Apu deyir, yazıçı olmaq istəyirəm, sənə heç bir şey verə bilməyəcəyəm”. “Bilirəm, – qız deyir, mənimçün fərqi yoxdur” . Arvadı onunla getməyə qərarlıdı. Apu bundan qıcıqlansa da, narahat olsa da, qızın qərarlılığından təsirlənir və istəksiz təslim olur. Şəhərə gedirlər. Araba Apunun yaşadığı xaraba binanın qarşısında dayanır və təzəgəlinlə bəy birlikdə arabadan enirlər. Apu qızı pillələrlə çardaqdakı yoxsul, balaca evinə apararkən bütün qonşular bu gözəl qıza baxmağa çıxır. Evə çatandan bir qədər sonra Apunu kimsə çölə çağırır və o çıxıb gedir. Kamera yad otaqda, yad şəhərdə, tanımadığı kişi ilə evlənmiş qızın üzərində qalır. Qız pərdə əvəzinə kirli çuvalla örtülmüş pəncərəyə yaxınlaşır. Çuvalda dəlik var, qız dəlikdən arxa həyətə baxır. Əynində bez olan bir körpə toz-torpaq içindı iməkləyir. Kameranın bucağı dəyişir və biz dəlikdən qızın gözünü görürük. Onun gözündən yaş süzülür. Axı kim bu qızı özünü gərgin, qorxmuş, çaşqın hiss etdiyinə görə günahlandıra bilər? Apu otağa qayıdıb nə baş verdiyini soruşur. Qız heç nə, heç bir şey deyib başını yelləyir. Sonra ekran qaralır, əsas sualla üz-üzə qalırıq. Bundan sonra nə olacaq? Bir-biri ilə təsadüfən evlənən tam fərqli cütlüyü nə gözləyir? Bir neçə məharətli və həlledici ştrixlə hər şey bir dəqiqə ərzində aydın olur. Ekran işıqlanır, sübh vaxtıdı və gördüyümüz ilk obyekt əvvəlki səhnədə qızın baxdığı pəncərədi. Artıq dəlikli çuval yoxdur, o, bir cüt damalı pərdə ilə əvəzlənib. Kamera bir qədər geriləyir. Pəncərə altlığında dibçəkdə çiçək var. Ümüd verən əlamətlərdir, lakin onların nə mənaya gəldiyini hələ anlamırıq. Evdarlıq, ailə ab-havası, qadın toxunuşu…Bütün bunlar evli qadınların diqqət yetirməli olduğu adi şeylərdir. Apunun arvadının da öz vəzifələrini yerinə yetirməsi hələ Apunun qeydinə qaldığı mənasına gəlmir. Kamera arxaya getməyə davam edir, onları eyni yataqda yatdığını görürük. Zəngli saat çalır, Apu zırıldayıb başını yastığa daha bərk sıxır, arvadı isə yataqdan qalxır. O, yataqdan qalxmaq istəyəndə yerindən tərpənə bilmir, çünki paltarı Apunun paltarına bağlanıb. Çox qəribədir. Bunu kim və niyə edib? Qızın üzündə həm hirsli, həm də əyləncəli ifadə görünür və anlayırıq ki, bu, Apunun işidi. Qız yatağa qayıdır, ehtiyatla oğlanın yanına vurur və düyünü açır. Bu an mənə nə deyir? Onlar yaxşıca sevişiblər, artıq aralarında mazaqlaşma olur, onlar, həqiqətən, evli cütlükdür. Bəs sevgi? Onlar bir-birlərinə bağlanıblar, lakin bir-birlərinə olan hissləri güclüdürmü? Qadin səhər yeməyi hazırlamaq üçün səhnəni tərk edir, kamera Apuya yaxınlaşır. Apu, nəhayət, güclə gözlərini açır, əsnəyib gərnəşir və yataqda fırlanır, iki yastığın arasında qalmış bir şey görür. Əlini uzadıb arvadının sac sancağını tapır. Bax, əsas məqam budur. O, sancağı əlində tutub nəzərdən keçiririr. Apunun gözlərinə baxanda, ondakı zərifliyi, məftunluğu görəndə şübhə yeri qalmır. Apu arvadını dəli kimi sevir. Bu onun həyatının qadınıdır və Rey bunu bir kəlmə dialoq olmadan göstərib ”.

  Filmi başdan ayağa danışmaq istəmirəm. Baxmaq istəyən baxacaq. Baxanların əksəriyyəti gözəlliyi duymayacaq. Çünki əksəriyyət möhtəşəm dialoqlar axtarır, şedevr səhnələr arzusundadırlar. Bu film isə sakit, təmiz və rahatdır. Heç bir gözlənti olmadan zövq almağı bacarmalısan. Nə marvel personajları var, nə də fəlsəfə yükləyən dahilər. Baxışlar var, mərhəmət var, dinclik var, saf məhəbbət var... 

 Filmdə əsas diqqətimi çəkən nüans insanların mədəniyyəti oldu. Ev sahibi evin pulunu verməyən Apuya təqribən belə deyir: 

-Sən 3 aydır ev pulu vermirsən. Mən səninlə başqa cür danışa bilərəm. Amma istəmirəm ruhun gənc yaşda əzab çəksin. Gedim axşam gələrəm. 

Başqa bir epizodda dostu Apudan şikayətlənir. Atalıq borcundan dəm vurur. Apu isə ona anladır ki, uşaq sağ qalsın deyə, yoldaşı, sevgilisi özünü qurban verib. Bunu heç vaxt unutmayacaq. Dostu onu anlayır və çıxıb gedir. 

Və nəhayət iki epizod göstərilir. Apu üçün həyat yoldaşı yelpik yelləyir ki, rahat yemək yesin. Növbəti epizodda Apu həyat yoldaşı üçün yelpik yelləyir. Sadə və gözəl. Mədəniyyət həmişə insan ürəyinə rahatlıq gətirir. 

 Apunun dünyası yaşadığı durumdan rəngarəngdir. O, gələcəyə inanır. Kasıbçılığın yazıçıya güc verdiyini düşünür. Dostoyevski və digər görkəmli yazıçıları misal çəkir. Hətta bədbəxt hadisədən sonra depressiyaya düşsə belə oğlu ilə gözəl həyat quracağına inanır. Bu inam onu kasıb küçələrdə xoşbəxt yaşamağa sövq edir.

 Filmdə fikir versəniz kinoteatrın ekranında film göstərilir. Növbəti kadrda kinoteatrın ekran hissəsi faytonun pəncərəsi ilə əvəz olunur. Yəni, həyat da bir filmdir. Rəhmətlik Yaşar Nuri demişgən “...ən maraqlı yerində bitir”

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)