Edebiyyat.az » Musiqi » Elçin Alioğlu - Tanqo nədir?

Elçin Alioğlu - Tanqo nədir?

Elçin Alioğlu - Tanqo nədir?
Musiqi
Necef Esgerzade
Müəllif:
20:26, 21 dekabr 2019
4 136
0

Nos quedaremos solos y será ya de noche.
Nos quedaremos solos mi almohada y mi silencio
y estará la ventana mirando inútilmente
los barcos y los puentes que enhebran sus agujas.

 .... Xulio Kortasarın "Java" şeirindəndir. Sonradan tanqo oldu...
 
Nədir tanqo? 
 
Bu sualı cavabı onillərdir arayıram. Olduğum hər yerdə. Fəqət, tanqonun ruhunu Buenos-Ayresdə, Retiro və San-Telmo səmtlərində tapdım.
 
Nədir tanqo?
 
Əbədi yaddaş, sönməyən xatirə, unudulmayan anlar.
 
Məşhur "tanqeros" Karlos Qavitonun rəqsi, hərəkətləri sanki səmadan düşmüş buludların işıqda fırlanan toz dənəcikləri arasında hərəkəti.
 
Əsl tanqeroslar hisslərini, emosiyalarını idarə edirlər. Onlar illüziyaları fəth etdikləri üçün tanqonun materialist olmayan fəlsəfəsini dərk edirlər. 
 
Hisslərə süzülmüş bitmək bilməyən sayda emosiyaları necə təsvir etmək olar ki.
 
Rəqs  vasitəsilə dialoq, üç dəqiqəlik həyat.
 
Tanqoda musiqi ucalır, yaşayır, danışır, simfonik miqyasa çatır.
 
Buenos-Ayresdə kiçik tavernada idim.
 
Gecə saatları, səhnədə tanqeros və xanım.
 
Rəqs adajio ilə başlandı. Xanım qəflətən allonje mövqeyini aldı, sonra ambuate, şimmi, ekarte, por de bra və dip bodi bend.
 
Musiqi isə ad un tratto və dilunqadonun birliyi...
 
Hisslərin rəqslə izharı, musiqi aləmi, mədəniyyət və yaşam tərzi.

 Neapol və Genuya, Marsel və Hamburqdakı evlərini tərk edərək bəxtlərini Cənubi Amerikada sınamaq istəmiş minlərlə kişinin kədər, qüssə musiqisidir tanqo.
 
Onlar bəxtəvərlik əvəzinə Argentina və Uruqvayın anbarlarında, tərsanələrində, fabriklərində, pakqauzlarında gündə 14 saatlıq ağır iş tapdılar.
 
Yalnız şər qarışandan sonra yığışır, oxuyur və rəqs edirdilər.
 
Tanqo gecənin sədaları, ümidsizlik səsidir.
 
Tanqo evini tərk edən, amma başqa ev tapa bilməyən mühacirin musiqisidir.
 
Argentinada varlılar və məmurlar tanqo ilə mübarizə aparırdılar.
 
Onlar övladlarına "enramadas"lara, yəni tanqo oynanılan yerlərə getməyi yasaqlayırdılar.
 
Lakin övladlar yasaq məkanlara gedirdilər. Çünki tanqo məhəbbət musiqisidir.
 
Argentina tanqosu isə onlarla, yüzlərlə dəfə məşq edilmiş tam improvizədir.
 
Argentina tanqosunda musiqi dəriyə toxunur. 
 
Xorxe Luis Borxes "Tanqo tarixi"ndə yazır: "Tanqo və milonqa əslində müxtəlif vaxtlarda müxtəlifxalqların şairlərinin sözlə ifadə etmək istədikləri bir məqamın izharıdır. Savaşa bayram təki inam..."
 
20-ci əsrin əvvəllərində Argentinada köləlikdən qurtulmuş zəncilər baraban sədaları altında tanqo rəqs edirdilər. Minlərlə taledən toxunmuş musiqi, Argentinanın və mühacirətin tarixidir tanqo.
 
"Tanqo" kəlməsinin mənası da "barabanda ifa edən zənci dəstəsi" deməkdir.
 
Buenos-Ayres həndəvərlərində sonradan kubalıların habanerosı, afrikalıların kandombası, argentinalıların milonqası, ispanların flamenkosu bir araya gəldi, qarışdı, bildiyimiz tanqo formalaşdı.

 20-ci əsrin əvvəllərində tanqo ifasında bandeneon peyda oldu, musiqiyə dramatizm qatdı.

 Beləcə, tanqo daha asta, kədərli, lirik oldu.
 
Uzun müddət yasaq altında olan tanqo yalnız Roma Papasının xüsusi rüsxətindən sonra dünya səhnəsinə çıxdı, Avropanı fəth etdi. Ötən əsrin əvvəllərində Fransada deyirdilər: "Zərif və incə olmaq üçün Argentina tanqosunu bilmək gərəkdir".

Amma tanqonun əsl populyarlığı 1920-ci illərdə, dünyanın ən məşhur tanqo ifaçısı, tanqo kralı, argentinalı müğənni Karlos Qardell başlandı.
 
Məhz onun ifaları "tanqo rəqs olunan kədər, oxunan qüssədir" ifadəsinin yaranmasına səbəb oldu.
 
Marianno "Çiço" Frumboli və Xuan Sepulvedanın ifasında tanqo möhtəşəmdir.
 
Onlar klassik, ənənəvi tanqo ilə modern tanqonu ("tanqo-nuevo") birləşdirdilər. Yeni, "salon tanqosu" adlı stil yaratdılar.
 
"Milonqero"nu da təkmilləşdirdilər.
 
"Tanqo-nuevo"da kişi və qadın arasında məsafə var, onlar yalnız bəzən əllərlə toxunurlar bir-birlərinə.
 
"Milonqero" isə emosiyalı, şövqlü tanqodur.
 
Astor Pyassolanın əsərlərində olduğu kimi. Məhz o, "tanqo-nuevo"nu yaratdı, sonra "Oblivion" və "Libertango" vasitəsilə milonqeronu zirvəyə qaldırdı.
 
Tanqo sanki sənə baxan və gerçəkdən istədiyini sənə verən Solyarisdir. 
 
Gözlənilməzdir, amma mübhəm istəklərin bəzən üzə çıxması gərək.

Əvvəlcə daha yaxşı olmaq üçün rəqs etməyə gedirsən.
 
Sonra daha yaxşı rəqs etmək üçün kamilləşməyə çalışırsan.
 
Tanqo ayin, musiqisi - hiss mehrabı, kahini isə bandoneondur.
 
Köhnə tanqolardan birində belə deyilirdi...
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)