“Dünya ləzzətləri bağı”
Bu dəfə oxucularımızı məşhur Hollandiyalı rəssam Hiernyomus Boschun ən məşhur triptixlərindən (üç fərqli təsvirdən ibarət rəsm əsəri) biri - “ Dünya ləzzətləri bağı” əsəri ilə tanış edəcəyik. Sürrealizm dövrünə aid edilən bu əsər, təxminən 1495-1505-ci illərdə ərsəyə gəlmişdir. Bu sənət nümunəsinin sağ hissəsində təsvir olunan “Cənnət bağı” və sol tərəfdə göstərilən “Qiyamət” səhnəsi bir-biri ilə ustalıqla əlaqələndirilmişdir. Şəkildən də göründüyü kimi, “Cənnət bağı” adlanan hissədə İsa Məsihin
Həvvanı Adəmə nə cür təqdim etməsi göstərilir. Rəsmin sol tərəfində isə qarşımızda açılan cəhənnəm mənzərəsinin təsvirini görürük. Bəşəriyyətin şər qüvvələrlə mübarizə apardığı bu səhnə həyatda cənnətlə yanaşı, cəhənnəmin də var olmasına bir işarədir.
Rəsmin mərkəzi hissəsində isə Adəm törəmələri, müxtəlif heyvanlar, böyük ölçülü meyvələr və nəhəng mavi rəngli daşlarla dolu geniş panorama əks olunmuşdur. Arxa fonda təsvir olunan parlaq işıq şüaları isə mərkəzdə olan dirilik bulağının üzərinə düşərək, suyun görüntüsünü daha da cazibəli edir.
Hiernyomus Bosch əsərlərini palıd ağacı üzərində yağlı boya ilə çəkmişdir. O, dövrünün tələblərinə uyğun deyil, məhz öz üslubunda rəsm əsərləri yaratdığına görə inqilabçı rəssam kimi də tanınır. Rəssam “Yumurtada konsert”, “Müqəddəs Jerome dua edir”, “Cənnət”, “Mübarəkin yüksəlişi”, “Şöhrət evi” və başqa sənət nümunələrinin timsalında sürrealizm dövrü yaradıcılığının əsrarəngiz nümunələrini yaratmışdır. Yaşadığı müddət ərzində onun əsərləri Hollandiya, Avstriya və İspaniya muzey və qalereyalarında toplanmışdır.
Fidan SALMAN
Mənbə: Xalq qəzeti