Mətanət Teymurlu - "Duman və sükut: Fridrixin əsərlərində romantik yalnızlıq"
"Tənhalığın içində bir insan, özü ilə üzləşir. Düşüncələri, zamanın boşluğunda batır və heç bir xarici səs, heç bir xarici təsir onu özünün əzabından qurtara bilməz. Mən öz içimdəki sakitliyi axtarırdım, lakin hər yerdə tənhalıq vardı; çünki hər bir şey, öz ağrısını və yalnızlığını daşıyır."
~Hiperion (Hölderlin romanı)~
Romantizm dövrü, əsasən işgüzar və elmi inqilablar, Sənaye İnqilabı və Fransız İnqilabı kimi tarixi dəyişikliklərə reaksiya kimi meydana gəldi. Romantik sənət, qısa müddətdə Fransadan bütün Avropaya yayıldı və incəsənətin bütün sahələrinə, rəssamlıqda musiqiyə, ədəbiyyatdan fəlsəfəyə qədər dərin təsir göstərdi. Bu dövr, insanın təbiətə və daxili dünyasına qarşı duyduğu ehtiraslı əlaqəni, fərdi ifadənin əhəmiyyətini vurğuladı. Romantizm, rasionalizm və klassisizmə qarşı çıxaraq, duyğuların, təxəyyülün və fərdi təcrübənin daha böyük rol oynadığı bir dövr idi. Daxilən xəyalpərəst, idealist, yaradıcı olan romantik sənətçilər və yazıçılar, insanın təbiət qarşısında olan mövqeyini, azadlığını və daxili axtarışını əks etdirərək, bu dövrün zəngin və müxtəlif üslubunu yaratdılar. Məsələn, ingilis rəssamı Törner, dəniz mənzərələrində təbiətin dinamikasını təsvir edərkən, təbiətin qorxulu və möhtəşəm tərəflərini göstərirdi. İspan rəssamı F. Qoya vətəninə sevgisini satirik və qaranlıq şəkildə əsərlərində əks etdirirdi.
Bu dövrün ən görkəmli rəssamlarından biri olan Kasper Devid Fridrix də öz əsərlərində yalnızlıq mövzusunu dərindən araşdırmış və təbiətin insana olan təsirini fəlsəfi bir şəkildə təqdim etmişdir. Romantiklər üçün yalnızlıq sadəcə tənha qalmaq deyil, dərin düşüncələrə dalmaq, özünü dərk etmək və kainatın sirrini anlamaq üçün zəruri bir vəziyyətdir. Tənhalıq romantik dövrün mərkəzi mövzularından biri olaraq, fərdiyyət, mənəvi axtarışlar və insanın təbiətlə münasibəti ilə sıx əlaqəlidir.
Fridrixin yaradıcılığında təbiət, adi bir mənzərədən daha çox, insanın ruhunun və daxili dünyasının güzgüsüdür. Təbiətin sonsuzluğu və əzəməti ilə müqayisədə insan yalnız və zəif görünür. Onun əsərlərindəki dumanlı dağlar, sisli dərələr və tənha insan fiqurları, romantizmin ən mühüm mövzularından biri olan yalnızlığın və təbiətin insan ruhu üzərindəki təsirini əks etdirir. Əsərləri yalnız estetik deyil, həm də dərin fəlsəfi və emosional məna daşıyan vizual kompozisiyalardır. Əksər əsərlərində insan fiqurları kiçik, arxası dönük və təbiətə baxan vəziyyətdə təsvir edilir. Bu, insanın daxili tənhalığını və əzəmətli, mistik təbiətlə üz-üzə qaldığını göstərir. Fridrixiin əsərləri, insanın təbiət qarşısında zəifliyini vurğulamaqla yanaşı, onu böyük mənəvi səyahətə dəvət edir. Təbiət, həm böyük bir müəllim, həm də insanın sığınacaq axtardığı bir məbəddir. Bu yanaşma onun romantizm hərəkatında nə qədər vacib bir fiqur olduğunu təsdiqləyir. Fridrixin "Dəniz sahilindəki keşiş" adlı əsərində də eyni mövzuya toxunulur. Burada, bir keşişin dəniz sahilindəki yalnızlığı, onun daxili əzablarını və sükut içindəki düşüncələrini təmsil edir. Dənizin sonsuzluğuna baxan bu keşiş, təbiətin qarşısında öz kiçikliyini hiss edir və bu duyğu onu həm qorxudur, həm də dərin bir mənəvi təcrübə bəxş edir.
"Çarmıxa çəkilmiş İsa" əsərində çarmıx təbiətin qoynunda yer alır, sanki insanın dini və mənəvi axtarışları da təbiətin qüdrəti qarşısında kiçilir. Burada təbiət insanın dərk etməli olduğu daha böyük bir həqiqəti simvolizə edir. İsa və ya müqəddəslik, din təbiətdən sonra gəlir.
Fridrixin "Duman dənizi üzərindəki səyyah" əsərindəki kimi, sisin hər tərəfi əhatələdiyi, dağların zirvələrinin isə hələ də ucaldığı təsvirlər tamaşaçını həm həyəcanlandırır, həm də narahat edir. Rəssamın bu tutqun şah əsəri özünü əks etdirən qeyri-adi bir obraz kimi qəbul edilir və romantizmin ən əhəmiyyətli anlayışlarından biri olan Sublimasiya (insanların dərin emosional və psixoloji təcrübələrini daha yüksək və ya idealizə edilmiş bir formaya çevirməsi prosesini təsvir edir, insanların mənfi duyğularını və instinktiv ehtiyaclarını daha yaradıcı və sosial cəhətdən qəbul edilən fəaliyyətlərə yönəltməsi ilə əlaqədardır. ) burada öz zirvəsinə çatır. İnsanın təbiət qarşısında həyəcanla ürpərməsi, həm müsbət, həm də mənfi duyğuların birləşdiyi məqamdır.
Fridrix belə yazmışdı: "Bir bölgə duman içində gizləndikdə, daha böyük və daha əzəmətli görünür, təxəyyülü yüksəldir və örtülü bir qız kimi gözləntiləri oyadır."
Mistisizmin üzərinə vurğu edilməsi, müasir dünyada varlıqla bağlı bütün fəlsəfi sualları açmağa başlayır. Fridrix təbii, toxunulmamış, bakirə təbiəti ilahi bir təzahür olaraq qəbul edir. Bu əsər həm də sənaye inqilabının və urbanizasiyanın əsir etdiyi müasir dövrün təbiətə olan dərin həsrətini ifadə edir. Fridrix uzun müddət öz dostları, alim Karl Qustav Karus və norveçli rəssam İohan Dahlla vaxt keçirmiş əsərin quruluşunun formalaşmasında onların təsiri olmuşdur. Həmçinin, rəssam Lüteranizm doktrinasını izləsə də, bu əsərində onun dini inancına dair açıq bir ifadə yoxdur.
Fridrixin əsərində Rückenfigur (arxa fiqur) üsulunun istifadəsi, təbiətin qarşısında insanın mövcudluğunu və mənəvi vəziyyətini daha dərin bir şəkildə araşdırmağa imkan yaradır. Bu üsulda, rəssam fiquru arxadan göstərir, onu mənzərənin kənarında və ya onun mərkəzində yer almış bir şəxs kimi təqdim edir. Lövhənin ön planında arxadan düşünən, ətrafındakı dünya ilə qırıq-qırıq əlaqəyə girən bu şəxs, tamaşaçıya bir növ əks-səda verir, ona öz daxili aləminə doğru bir səyahətə çıxmağa təşviq edir. İncəsənət tarixi araşdırmalarında Rückenfigurun şəxsi kimliklə bağlı bir çağırış edib-etmədiyi müzakirə olunsa da, Fridrixin əsərlərində bu fiqur, insanın təbiət qarşısında nə qədər kiçik, həm də nə qədər əhəmiyyətli olduğuna dair dərin bir fikir doğurur.
Fridrixdən əvvəl bu cür fiqurlar, ümumiyyətlə əsərin mövzusunun bir hissəsi olmamışdı. Lakin o, bu yanaşmanı incə bir şəkildə tətbiq edərək, mənzərənin təkcə fiziki mövcudluğunu deyil, həm də insanın iç dünyasını, onun təbiətə və öz varlığına olan münasibətini tədqiq edir. Arxadan baxan fiqur, bir tərəfdən insana yalnızlığını və həsrətini, digər tərəfdən isə təbiətin sonsuz və əzəmətli qüvvəsi qarşısında acizliyini xatırladır. Bu fiqur, yalnızca bir "şəxs" deyil, həm də insan ruhunun əks-sədasıdır, təbiətə və öz daxilinə doğru bir səyahətə çıxmağın simvoludur.
Bu əsəri ənənəvidən uzaqlaşdıran ən böyük addım isə mənzərənin öz ölkəsini əks etdirməsidir. Konstablinin İngiltərəni, öz doğulduğu məkanı təsvir etməsi kimi, Fridrix də öz ölkəsinin peyzajına önəm verir. Rəsm əsərinin ilhamı, Fridrixin Almaniyanın Drezden şəhərindən cənub-şərqdə, Saksoniya və Bohemiyanın sərhədindəki Elbe Sandstone dağlarında qarşılaşdığı mənzərədən gəlmişdir. Rəssam bu ərazinin bir neçə dəfə eskizlərini götürmüş və müxtəlif təbii elementləri ustalıqla birləşdirərək sonuncu kompozisiyanı yaratmışdır. 1818-ci ilin mənzərəsində, sol fonun uzağında Rozenberq və ya Kaltenberq dağları, ön planda isə Rathen yaxınlığındakı Qamriq dağlarının qayaları təsvir edilir.
Fridrixin əsərlərində, xüsusən də "Duman dənizi üzərindəki səyyah"da, gəzinti və dağ dırmaşması motivləri mühüm yer tutur. XIX əsrin ortalarında, dağ dırmaşması bir idman növü və istirahət fəaliyyəti olaraq sürətlə populyarlaşmışdı. Fridrixin əsəri isə bu fəaliyyətin ilk təmsillərindən biri oldu. Yazıçı və tarixçi Rebekka Solnit, "Gəzinti Tarixi" ("A History of Walking") kitabında Fridrixin bu əsərini dağ dırmaşmasının təkamülünü göstərən əsas nümunə olaraq təqdim edir.
Fridrixin tənhalığı təsvir edən fiqur, müasir dövrün Flanör (şəhərli səyyah) obrazına bənzədilə bilər. Flanör, XIX əsrin ortalarından başlayaraq Fransız ədəbiyyatında və vizual incəsənətində geniş şəkildə tanınmış bir obrazdır. Bu obraz, xüsusən Bodlerin poeziyasında və Uolter Benjaminin fəlsəfi təhlillərində özünü göstərir. Flanör, şəhərin küçələrində gəzən, ətraf mühiti və insanları müşahidə edən, ancaq heç bir yerə aid olmayan, kənardan baxan bir şəxs kimi təsvir olunur. O, şəhərin ritminə tabe olmadan, sadəcə müşahidəçi olaraq var olur, insanlardan və hadisələrdən kənarlaşaraq, öz daxili dünyasında bir tənhalıq yaşayır.
Fridrixin əsərindəki arxadan baxan, təbiətə və mənzərəyə daldığı tənhalığa bənzər fiqur, bir növ Flanör obrazı ilə paralellik təşkil edir. Bu fiqur, dağ zirvələrinə baxaraq, təbiət və tənhalıq arasında özünü tapmağa çalışan bir insan kimi görünür. O, insanın daxili dünyasına bir səyahətə çıxmış kimi, mühitlə əlaqəyə girir, amma bu əlaqə, əksinə, onu daha çox özünün kənarında, kənardan müşahidəçi olmağa aparır. Fridrixin təbiəti və tənhalığı bu fiqurun psixoloji vəziyyətinin bir əks-sədası kimi təqdim edir, burada hər şeyin təbiət və insan arasında bir əlaqə deyil, bir təklik, bir fərqlilik və bir tənhalıq olduğunu göstərir.
Ualter Benjaminin təhlilləri, Flanör obrazının yalnız bir sosial müşahidəçi deyil, həm də modernizm və müasirliyə qarşı bir reaksiya olaraq ortaya çıxdığını irəli sürür. Benjamin, Flanör obrazını Şarlz Bodlerin poeziyası kontekstində çox dərindən təhlil etmişdir. Baudelairein şeirlərində flanör, sadəcə şəhər həyatının təsvirçisi olmaqla yanaşı, həm də modern şəhərin və cəmiyyətin təbii mənzərəsini təhlil edən bir növ psixoloji müşahidəçidir. Bodlerin flanör`ü, yalnızca gəzən bir şəxs deyil, eyni zamanda şəhərin dəyişən ritminə qarşı bir tənhalıq yaşayan, özünü həmin dəyişikliklərdən uzaq hiss edən bir insandır.
Benjaminin baxışında, flanör, müasirliyin şəhərli həyatını özündə əks etdirən bir obraz olaraq, urbanizasiya və sənaye inqilabının təsiri altında yaranan yeni insan tipinin simvoludur. Şəhər küçələrində gəzən flanör, müasir dünyanın ritmini özündə hiss edən, amma bu ritmin içində özünü itirməyən bir şəxsdir. Bu anlayış, eyni zamanda müasir həyatın təbiət və insan arasında gedən qarşıdurmasını da işıqlandırır. Benjamin, Flanör obrazını yalnız sosial və mədəni müşahidəçi kimi deyil, həm də müasir dünyanın insanının daxili boşluğunu və tənhalığını simvolizə edən bir simvol olaraq görür.
Fridrixin əsərlərində bu tənhalıq və flanör anlayışları, təbiətlə insanın münasibətini və modern insanın öz içində yaşadığı psixoloji boşluğu dərindən təsvir edir. Təbiət qarşısında insanın kiçikliyi və yalnızlığı, həm də onun daxili aləmini dərk etmək üçün bir vasitədir. Fridrixin əsərləri, flanör-un daxili dünyasında yaşadığı tənhalığı, şəhərdən təbiətə və təbii mənzərəyə doğru bir səyahətə çıxma ehtiyacı ilə birləşdirir. Bu, müasir dünyada, şəhər həyatının təzyiqlərindən uzaqlaşmaq və öz daxili aləminə səyahət etmək istəyən insanın təcrübəsinin bir əksidir.
Bu anlamda, Fridrixin əsərləri yalnız təbiət və tənhalıq haqqında deyil, həm də müasirliyin insan ruhu üzərindəki təsirini dərindən işıqlandıran bir sənət formasıdır. O, flanör və təbiət qarşısında tənhalığın müasir dövrün ən əhəmiyyətli hissələrindən biri olduğunu vurğulayan bir rəssam olaraq, incəsənət tarixində öz yerini qoruyur.
"Sənə bənzəyirəm, lakin başqa bir insanam."
~"Les Fleurs du mal" ( "Şərin çiçəkləri”) ~