Edebiyyat.az » Poeziya » B.Brextin şeirləri

B.Brextin şeirləri

B.Brextin şeirləri
Poeziya
nemət
Müəllif:
19:03, 28 aprel 2020
1 865
0
B.Brextin şeirləri








Görkəmli şair, dramaturq, teatr nəzəriyyəçisi Bertold Brext 1898-ci ilin 10 fevralında Almaniyada anadan olub. 1918-ci ildə hərbi xidmətə çağırıldığı üçün Münhendəki təhsilini yarımçıq qoyub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini yenidən davam etdirib.
Yaradıcılığa lirik şeirlərlə başlayan Bertold Brextin iki mindən çox şeiri var. Hətta ölümündən qısa bir müddət öncə iyirmiyə yaxın şeir yazıb. Yaradıcılığının əsas mövzusu müharibədir. “Üç qəpiklik opera”, “Kuraj ana və uşaqları” kimi əsərlər onun ədəbi şöhrətini daha da artırıb. 1920-ci illərdən başlayaraq mətbuatda teatr haqqında məqalələri ilə çıxış edən Brext 30-cu illərdə artıq öz teatr nəzəriyyəsini yaratmışdı.
1933-cü ildə “Tədbir” adlı pyesi üzərinə qadağa qoyulur və vətənə xəyanət ittihamı ilə məhkəməyə verilir. Brext ailəsi və dostları ilə birlikdə Berlini tərk etmək məcburiyyətində qalır. 1935-ci ildə nasistlər onu vətəndaşlıqdan çıxarırlar. O, yalnız 1948-ci ildə vətəninə qayıda bilir. Bertold Brext 1956-cı ildə ürək tutmasından dünyasını dəyişir.
 


Səni gözləyəcəm
 
Gedənin bir də gəlmədiyi
qanlı, murdar müharibəyə
getmək istəyirsən?
Get, əsgər!
Əgər qayıtsan, burda olacam.
Yaşıl ağacların,
çılpaq ağacların altında gözləyəcəm.
Ən son əsgər qayıdanacan
gözləyəcəm səni.
 
Sən qayıdanda
qapıda özgə ayaqqabı görməyəcəksən.
Yanımdakı yastıq həmişə boş olacaq,
dodaqlarıma başqa dodaq toxunmayacaq.
Sən qayıdanda deyəcəksən:
“Hər şey qoyduğum kimi qalıb, hər şey!”
 
Teleqraf telləri
 
Döyüş meydanına axşam düşəndə,
Düşmənlər məğlub olmuşdular.
Xəbəri uzaqlara daşıdı
teleqraf telləri.
 
Dünyanın bir tərəfi için-için yandı,
Səs-küy parçalandı göy qübbədə,
Bir qışqırtı – dəli ağızlardan daşan
və göyü aşan...
Min dodaq bəddua ilə soldu,
Min yumruq vəhşi hirslə sıxıldı.
 Dünyanın bir başqa tərəfində,
Sevinc parçalandı göy qübbədə.
Böyük bir sevinc, əyləncə,
nəfəsdərmə, rahatlıq...
Min dodaq köhnə bir duanı söylədi,
Min əl inancla birləşdi.
 
Gecə yarısı,
Teleqraf telləri
sayırdı döyüş meydanındakı ölüləri.
Bu zaman dost da susdu, düşmən də.
Təkcə analar ağladı hər iki tərəfdə.
 
Divardakı yazı
 
“Müharibə istəyirəm!” –
Ən birinci bunu yazan
vuruldu.
 
Qardaşım təyyarəçiydi
 
Təyyarəçiydi qardaşım.
Gözəl bir gündə əmr gəldi,
çantasını hazırladı,
yollandı cənuba.
 
Fatehdi qardaşım.
Yaşamağa yerimiz yoxuydu,
torpaqlar ələ keçirtmək idi
ən böyük xəyalımız.
 
İndi qardaşımın fəth etdiyi yer
Guadarrama dağlarında;
boyu bir səksən,
dərinliyi bir əlli metr.
 
Sərnişin
 
İllər öncə
avtomobil sürməyi öyrənərkən
təlimatçım siqaret çəkdirərdi mənə.
Tıxacda,
ya da iti döngələrdə sönsə siqaretim,
sükanı alardı əlimdən.
 
Lətifələr danışardı,
bütün diqqətim avtomobil sürməkdə olanda,
gülməyəndə lətifələrə
sükanı alardı əlimdən.
Tez-tez “nəsə narahatam” deyər,
qorxudardı məni.
 
O vaxtdan
işimə çox da aludə olmuram.
Ətrafımdakılarla maraqlanıram,
Kiminləsə danışmaq üçün fasilə verirəm işimə.
Bir siqaret çəkə bilməyəcək qədər
sürətli avtomobil sürməkdən də imtina etmişəm.
Sərnişini düşünürəm artıq.
 
Müharibə
 
Bu müharibə birinci deyil,
Çox müharibələr oldu bundan öncə.
Sonuncu müharibənin qurtardığı gün
bir tərəfdə məğlublar,
bir tərəfdə qaliblər vardı.
Məğlubların yanında
xalq acından ölürdü,
Qaliblərin yanında
xalq acından ölürdü.
 
Səhər-axşam oxumaq üçün
 
“Sənsiz yaşaya bilmərəm”,
deyir sevdiyim.
Məhz buna görə
özümə qayğı göstərirəm.
Küçədə qarşıma diqqətlə baxıram
və hər yağış damlasından
sanki məni öldürəcək kimi qorxuram.
 
Suallar
 
Nə geyindiyini yaz mənə! İsti saxlayırmı?
Necə yatdığını yaz mənə! Çarpayın yumşaqmı?
Necə göründüyünü yaz mənə! Hələ də həminkisənmi?
Nə üçün darıxdığını yaz mənə! Əllərim üçünmü?
 
Necə olduğunu yaz mənə! Rahatsanmı?
Sənə neylədiklərini yaz mənə! Cəsarətin çatarmı?
Neylədiyini yaz mənə! Etdiklərin yaxşı şeylərdimi?
Nə düşündüyünü yaz mənə! Mənimi?
 
Mən yalnız suallar verə bilərəm sənə,
Məcburam cavablarını qəbul etməyə.
Yorğunsan, əllərimi sənə uzada bilmirəm.
Acsan, məndə də yeməyə heç nə yox.
Elə bil heç yaşamamışam, yoxam!
Sanki səni unutmuşam.
 
Təsirləndiyin hər şeyə
 
Təsirləndiyin hər şeyə az diqqət et.
 
Sənsiz yaşamayacağını demişdi axı.
Unutma,
bir gün yenidən rastlaşsanız
tanıyacaq səni,
mütləq tanıyacaq...
 
Mənə bir yaxşılıq et:
bu qədər sevmə.
Sonuncu dəfə sevildiyimdə
Azca da sevinc hiss etməmişdim.
     

Tərcümə etdi: Ramil Əhməd
/525.az/
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)