Ülviyyə Eyyubovadan 6 şeir
Poeziya
Ülviyyə Eyyubovadan 6 şeir
Payız səndən bir ricam var.
Payız,səndən bir ricam var,çox tələsmə...
Qoy geciksin boranlı qar!
Vətənimin yad əllərdə hələ əsir
torpaqları,
Döyüşlərdə əsgəri var,Tanrı olsun onlara yar!
Sən həlim ol, asta tərpən,
Leysan olub yağma birdən
Bir az bəslə buludları ətəyində,
Üşüməsin əsgərimin əli silah tətiyində!
Xəsislik et,gözəl payız,
Torpağıma su qatanda...
Yüngül olsun əsgərimin çəkmələri
Zirvələrə can atanda!
Dumanını ahəstə çək, naxışları nəmli payız
Vətənimin nər həsrətli dağlarına
Hərarətin qüvvət versin,
Alnı açıq zirvələrə bayraq sancan igidlərin qollarına!
Payız, səndən son ricam var,
Gözü yolda olanlara,
İgidlərdən xoş xəbərlər gətir nübar.
Qoy, bu payız müjdə versin mərd xalqıma
Qələbədən,zəfərdən bar!
05.10.2020
Vətən
Cavidlərin gülüşündə,...
Elvinlərin baxışında,...
yatan,Vətən!
Qətrə-qətrə torpağına
Damla-damla şəhid qanı
hopan,Vətən!
Xudayarlar avazında
dastanlara dönən,Vətən!
Elçinlərin,...nəfəsində
Kəsik-kəsik gülən,Vətən!
Qəlpə-qəlpə yaralanan,
Hissə-hissə sarıqlanan,
Zərrə-zərrə bütövlənən,
Kafirlərin caynağından
Sıyrıq-sıyıq qopan,Vətən!
Əhvalına yarı sevinc,
yarı kədər qatan,Vətən!
Dəlik-dəlik ürəyində
30 illik arzusuna çatan,
Vətən!
23.11.2020
... Şəkillər...
Soyuq bir qış gecəsi...
Açılmaz sabah kimi,
Bir balanın çöhrəsi
Dikilir şəkildəki qayğılı baxışlara,
Düyünlənmiş qaşlara,..
Dolaşır çox fikirlər,...
Son təsəlli şəkillər...
İslanır çərçivəsi ananın baxışında,
Tumarlanır şüşəsi əlinin qırışında...
Kədər havasında,dərd yağışında,
Həsrətlə yuyunub,qəmlə quryub,
Ata fəryadını duyan şəkillər,
Danışan şəkillər,dinən şəkillər.
Tənha səssiz gecələrdə
Ürəklərin üstə qonan,
Öpüləndə göz yaşları
Çatlaq dodaqlara dolan,
Gözlərdə sevgisi,üzdə gülüşü,
Buz kimi soyuyub,solan şəkillər,
İsti qucaqlarda donan şəkillər.
Səssizcə bizdən danışan...
Gah küsüb,gah da barışan...
Yalan üzlərdə sayrışan,
Saxta Vətən “sevgi”sinə
Daşlardan qəzəblə baxan şəkillər,
Vüqarlı şəkillər,təmiz şəkillər,
Oxşanan şəkillər,əziz şəkillər.
31.12.2020
Bu qar sənə bənzəyir...
Bu qar sənə bənzəyir
Ağappaq,təmiz ...
Baxsam parlaq,
Gözlərimi qamaşdırıb,
Büllurunu yandıracaq.
Yumsam gözlərimi,
bəbəklərimdə
kölgən qalacaq.
Bu qar sənə bənzəyir,
Tənha,kimsəsiz...
Toxunsam yumuşaq,
Barmaq uclarımda əriyib,
Ovuclarımdan axacaq.
Öpsəm isti dodağımı,
Soyuqluğu donduracaq.
Bu qar sənə bənzəyir
Cığırsız, izsiz...
Bir addım atsam,
Dərin bir çökək
Varlığında iz qoyacaq.
Qalsam ruhum soyuyacaq,
Getsən yerimi yad bir ləpir dolduracaq!
08.01.2021
Payız qadın.
Ruhu bahar,cismi
Payız fəsli qadın.
Özü tənha,ətrafı
Hər kəsli qadın.
Gündüz günəş,gecələrə
Sazaq qadın
Bir az isti,bir az soyuq
Yasaq qadın
Xəbərin var?
Hər gün ömür ağacından
Qızıl sarı yarpaq düşür...
Ürək qızıl,əlləri bərk
Dəmir qadın,
Tənhalığa hənir qadın
Qəlbi kövrək,gözü nəmli
Naxış qadın,
Kəlmələri susuz qəlbə
Yağış qadın,
Xəbərin var?
Hər gün bir ağ çiçək
açır saçlarında...
Hər çiçəyin öz dərdi var,
Xəbərin var?
19.09.2020
*Qış məktubu*
Salam,
Yaz həvəsli,
Yay diləyiylə
Payız həyatıma,qış gətirənim!
Darıxmır ürəyin?
Baxıb çardaqdakı cüt göyərçinə?
Üşümür əllərin? Öz əllərində
Dikilmir baxışlar?
Ağ tavanında
Su damıb saldığı böyük ləkəyə...
Bu gün də arzunu küləyə söylə,
Külək pıçıldasın qar dənəsinə,
Uçsun boz şəhərin səmalarında,
Axtarsın mən olan ünvanı tapsın,
Toxunsun evimin pəncərəsinə,
Əriyən dənəsi arzunu yazsın...!
24.12.2020
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
LALƏ HÜSEYNOVA - SİRR
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Lev Tolstoy – İnsan nə ilə yaşayır?