Tural Əlizadə - Əlifba
Haqq aşığı Dədə Ələsgərin pak-mübarək ruhuna ithaf olunur
İlk hərfimiz "A"dır – Allah!
"Ce" – Cabbardır, məcbur edər,
Həyat qədərlə örtüşər.
"Çe" – Çalab dünyanı qurar,
"De" – Dəyyandır, savab verər.
"E" – eşidər, cavab verər,
Qul muradına yetişər.
"Ə" – Əfüv əfv edər, keçər,
"Fe" – Fəttah qapılar açar.
"Ge" – gözəldir, gövhər saçar,
Şöləsindən göz qamaşar.
"He" – Həlimdir, şəfqətlidir,
"Xe" – Xaliqdir, xilqətlidir.
"İ" – izzətli, taqətlidir;
Sığınan yoxuşlar aşar.
"Je" – jaləylə eşdə gərək,
"Ke" – Kərimdir, xərcdə gərək.
"Qe" – Qəvidir, gücdə gərək;
Əmr etsə, insan daşlaşar.
"Le" – Lətif, görünməz, qaib,
"Me" – Malikdir, mülkə sahib.
"Ne" – nurdan bizə üfləyib,
Odur ki, eşqimiz coşar.
"O" – hər vaxt oyaqdır məgər!
"Ö" – öfkəli, sahibvüqar.
"Pe" – padişah, pərvərdigar;
Saymayan müşkülə düşər.
“Re” – Rəhmandır, rəhmi çoxdur,
"Se" – Səbur, səbirdən toxdur.
"Şe" – Şəriksiz, tayı yoxdur,
Di gəl, azğınlar şirk qoşar.
"Te" – Təvvab; tövbə et barı!
"U" – ucadır görklü tanrı!
"Ü" – ülvidir, həm də arı;
Napaklar yolundan çaşar.
"Ve" – Vəhhab, ehsanı boldur,
"Ye" – Yezdan yavəri-quldur.
"Ze" – Zahirün ələl-külldür,
Əlizadə aciz bir bəşər.
31.07.2020
LÜĞƏTÇƏ
Baqi (ərəbcə) – əbədi
Cabbar (ərəbcə) – məcbur edən
Çalab (əski türkcə) – yaradan, Tanrı
Dəyyan (ərəbcə) – əməllərin qarşılığını verən, mükafatlandıran
Əfüvv (ərəbcə) – əfv edən, bağışlayan
Fəttah (ərəbcə) – xeyir qapılarını açan
Xilqət (ərəbcə) – yaradılış
İzzət (ərəbcə) – güc, qüdrət
Jalə (farsca) – şeh
Eş (türkcə) – bənzər
Kərim (ərəbcə) – səxavətli
Qəvi (ərəbcə) – qüvvətli
Lətif/qaib (ərəbcə) – gözəgörünməz
Malik (ərəbcə) – hökmdar, mülkün sahibi
Məgər (farsca) – yalnız
Öfkəli (türkcə) – qəzəbli
Vüqar (ərəbcə) – əzəmət, ucalıq
Səbur (ərəbcə) – çox səbirli
Şirk (ərəbcə) – şərik
Təvvab (ərəbcə) – tövbələri qəbul edən
Görklü (əski türkcə) – gözəl, görkəmli
Ülvi (ərəbcə) – uca
Arı (əski türkcə) – pak, təmiz
Vəhhab (ərəbcə) – bol nemətlər verən, paylayan, hədiyyə edən
Ehsan (ərəbcə) – yaxşılıq, lütf
Yezdan (farsca) – yaradan, Tanrı
Yavəri-qul (farsca) – qulun yardımçısı
Zahirün ələl-küll (ərəbcə) – hər kəsdən/şeydən üstün, xəbərdar; qalib
Qeyd: Ərəb əlifbası hərflərinin sıralandığı əliflam şeir şəklində yenilik edən müəllif latın qrafikalı əlifbamızın hərflərini sıralamaqla Azərbaycan aşıq poeziyası tarixində latın əliflamının ilk nümunəsini yaradıb.