Edebiyyat.az » Proza » Rövşən Yerfi - Ruzi

Rövşən Yerfi - Ruzi

Rövşən Yerfi - Ruzi
Proza
admin
Müəllif:
22:19, 23 noyabr 2020
1 593
0
Rövşən Yerfi - Ruzi



   Cərimə təcridxanasına axşam nəzarətini yerinə yetirib  otağına təzəcə addımlamışdı qapısı döyüldü: 
   -Vilayət məllim, olar sizdən bir söz soruşum? 
   Müxalifətçi deyilən Elşən idi gələn. Dələduzluq maddəsi ilə ittiham edilməsinə baxmayaraq günahının müxalifətdə olması ilə izah edən bu məhkum ona təsadüfi hallarda müraciət edərdi. “Bəlkə, nəsə bir hadisə olub,”  – Vilayət narahatlıqla düşündü:
    -Gəl içəri, istəyirsən ikisini soruş. Nə olub, nə baş verib?
   -Heç nə baş verməyib. Eşitdim əvf veriblər, yüzədək adam əfv olunub. Doğrudur?
   -Bilmirəm, xəbərim yoxdur. Bayrama nə qalıb ki. Ola da bilər. Dünən “spesçast” deyirdi əvf  bugün – sabah olmalıdır. Kimdən eşitdin?
  -“Zampalit”in “dnevalni”sindən..
   -Bəs klubdakı televizorda axşam xəbərlərinə baxmadınız?
   -Necə baxaq? Bir dəstə serial başdanxarabının əlindən xəbərlərə baxmaq olur ki?.. Dəstə rəisindən soruşdum, o, da təsdiqlədi.
   -Ramildən? Hə, o da bizimlə növbədədir...
   -Amma, qanımı qaraltdı.
   -Niyə?
   -Növbətçi otağından evinə zəng edib maraqlanıb ki, siyahıda tanınmışlardan kim var? Deyir bu əvfdə müxalifətdən heç kim yoxdur.
  -Ramilin evində siyahını hardan əldə ediblər?
  -İnternetdən. Oğlu oxuyub deyib.
  -Ə, sən nə vaxdan müxalifət oldun? Tutulandan sonra?
   Məhkum onun istehzasına əhəmiyyət vermədi:
   -Vilayət məllim, zəhmət olmasa, siz öyrənib bir də, dəqiqləşdirəydiniz görüm mənim adım var, yoxsa yox?
  -Elşən, indi saat ona az qalıb. Bir azdan “adboy” olacaq. Sən get yat. Siyahını bizə, yəqin sabah erkən verərlər. Bu vaxtı onu hardan bilə bilərəm?
   -Siz də zəng edin evə, ya bir dost-tanışa internetdə sayta baxıb desinlər. Vilayət məllim, xahiş edirəm, əgər mənim adım siyahıda çıxsa sizin şirinliyiniz xüsusi olacaq. And olsun Allaha, yalan demirəm...
   -Yaxşı, görüm öyrənə bilsəm ki, sən əfv olunmusan, gəlib yatağından durğuzub şirinliyimi istəyəcəyəm. Hələ ki, get yat, heçkimə heç nə demə...
   Məhkum otağından çıxandan sonra, onun dediklərini bir daha düşündü. Əfv siyahısı səhər hamıya elan olunanədək qabaqcadan  bir-neçə nəfərin adını bilməsinin nəyi pis idi? Səhərədək hamıdan tez şirinliyini alardı. Əfv elə bir xoş hadisə idi ki, bu zaman məhkumu sıxmağa ehtiyac qalmırdı. Bəlkə də, bu bir ruzi  payı idi. Bəxti ona yetirmişdii ki, əfv imzalanan axşam məsul növbətçilər sırasında olsun, fürsəti qaçırmasın. Çox yox, heç olmasa evinə getməyə benzin pulunu çıxarsaydı, o da bəs edərdi. Gün ərzində bütün zonun hər tərəfini gəzsə də heç bir nanəcib  ona yaxınlaşıb allahın bir qutu siqaretini də  hörmət etməmişdi. Görüşə gələn də azalmışdı. Gələnlərin də əksəri ağlaşırdı. Nə qınasın camaatı? Biri özü, neçə illərin zabiti dolana bilirmi? Kimə desəydi, inanmazdı, gülərdi ki, bu qədər maaş alır, ” türmədə” işləyir, çiynində bir ovuc ulduz daşıyır, yenə ağlayır. (Elə bilirdilər “türmə”də hamı pul qırır. Görüş üçün qapıda alınan pullar rəisə çatırdı, onlara yox. Bəziləri kimi qısma-boğma ilə pul qazanmağı qəti sevmirdi. Sınamışdı, onun üçün belə qazancın bərəkəti olmurdu.) Həmin o maaş ki Baş idarədən bəri öz rəisinədək həmişə iddia edilirdi ki, guya “kifayət qədər yüksəkdir”. Kimə necə başa salsın ki, uzun illərdir ev ala bilmədiyindən maaşının üçdə birini kirayəyə verir, hər üçü tələbə olan bir oğul, iki qız saxlayır. Bunlarla yanaşı qiymətlərin daim artan vəziyyətində  ailənin xərclərini ödəmək, xeyirə-şərə getmək var... Pulu çatmadığından çox vaxt toylara “işdən buraxmırlar” bəhanəsi ilə getmirdi. Şükür ki, vaxtında bir köhnə “Jiquli” almışdı. Bazar günlərində “taksavat”lıqla məşğul olurdu...
   Ruzini qaçırmaq olmazdı. Əfv olubsa necə var siyahını tapmaq lazım idi. İndi siyahıya dair ən dəqiq xəbər “spesçast”da – qeydiyyatçıda olardı, ondan da söz soruşmağına dəyməzdi. Yaxşısı Ramil kimi evə zəng vurub internetdən öyrənməkdir. Ancaq, nəsə düşünüb  fikrini dəyişdi, istəmədi niyyətini uşaqlar duysun. Köhnə dostlarından birinə zəng vurub hal-əhvallaşdı:
    -Qardaşım, bilrsən sənə niyə əziyyət verirəm, deyirlər əfv çıxıb. Zəhmət olmasa, kompyuterini açıb internetdə siyahını oxuyardın, görüm bizimkilərdən kim var? Qadanı alaram sənin... Deyəsən, internetdən sən də mənim qədər bilirsən. Əfv yerini aç, görəcəksən, tapdın? Neçə nəfərdi? Səksən? Hə, de görüm... Yox, belə olmayacaq, sən oxuyub gedirsən, yadımda qalmır. Sən bir-bir oxu, mən tanış gələnlərini yazım. Yaxşımı?
      Bu vaxt nəzarətçilərdən biri otağa daxil oldu:
      -Cənab kapitan, növbətçi köməkçi deyir “keespe”yə getmək  növbəsi çatıb...
      -Əhməd, səni mənə Allah yetirdi, gəl kömək eylə. “Keespe” qaçmır ki, yarım saat  gec gedərəm. Sən trubkanı al, eşitdiyin adları de, mən yazacağam, belə tez olar...
      -Vilayət məllim, nədi bu?
      -Deyəcəyəm sənə, axırda başa salacağam. Sən mən deyəni elə.
      Nəzarətçi Əhməd telefonda qulağına dəyən ad və familyaları söylədikcə, o, tez-tez yazmağa başladı. İyirmi doqquzuncu adama çatanda duruxub əlini saxladı, trubkanı Əhməddən aldı:
       -Ə, qardaş, bu Abdullayev it oğlunu neçə dəfə əfv edərlər? Bunu keçən dəfə  buraxmadıqmı? Sən bir yoxla, bu siyahı nəvaxtındı?.. Necə? Keçən ilindi? Ay səni evin tikilsin. Bayaqdan nə qədər qələm-kağızı korladıq boş yerə, heyif. Sən bilrsənmi burda kağızı az qala sayla verirlər. Rəhmətliyin oğlu, ayaqyoluna  getmirlər ki tez acıyarlar. İmkanları olsa maaşı da kəsərlər. Dərdimi təzələmə, ə, bir bax da, nə oxuyursan, bu günkünü tap deynə...
      ...Elşənin adı yox idi. Yeni siyahının yarısından üç nəfər tanıdığı məhkum tapılmışdı. Daha yazmağa, dördüncüsünü axtarmağa həvəsi qalmamışdı:
      -Əhməd, bəsdi. Sən qulaq as, yataqxanaya gedib bu üç nəfəri sakitcə yatağından durğuzursan, heç kim bilməsin, əfvə düşdüklərini deyib şirinlik alırsan. Özün də tapşırırsan ki, sevinclərindən səs-küy salıb, kimisə yuxudan oyadıb narahat etməsinlər. Mən də gedib “keespeye” baxıb qayıdıram. Nəticəsin mənə məruzə edərsən.
     O, “keespe”dən – müəssisəni hər tərəfdən dövrələyən nəzarət iz zolağından otağına qayıdan kimi Əhməd də yataqxanaya dəyib gəldi.
     -Hə, nə oldu?
     -Vilayət məllim, ağlaşmadı. Deyirlər üstümüzdə heç nə yoxdu. Sabah valideynlərimiz gələr, onlardan alıb şirinliyinizi verərik. Birisi iki qutu siqaret verdi, - o, siqaretləri stolun üstünə qoydu, - ikisinə dedim üçüncüsü qalsın səhər tezdənə. İndi oyada bilməyəcəyəm...
     -Eybi yox, səhər deyərsən. Siqaretləri götür özünə, çəkərsən. İstəmirəm. Valideyinindən harda alıb verəcək? Çöldə? Xeyr, mənim vaxtım olan deyil çölü də diqqətimdə saxlayam. Gəl belə edək. Sən özün məşğul ol bu işlə, nə alırsan özün bilərsən, mənə təkcə işdən qayıtmağa benzin pulu  olsa kifayətdi. Həmişəki kimi bir az kasıbçılıqdı, tərs kimi maşında yanacaq ehtiyatı da saxlamamışam. Razılaşdıq? Bax ha, heç birini boş buraxma...
                                                      ***
      Səhər tezdən, məhkumları oyanmağa haraylayan zəngdən sonra Əhməd hövlənak bir məhkumla onun otağına daxil oldu:
       -Vilayət müəllim, üçüncünü gətirdim.
      O, zonun qazanxanasında köməkçi işləyən  yaşlı məhkumu görüb ürəyində Əhmədi qınadı: “Ə, bu yazığın yanına aylarla gələn olmur. Nəyi var ki, nə də versin. Qəsdən belə edir ki, sonra ondan nəsə ummayım.”  Məhkum  yazıq-yazıq soruşdu:
       -Cənab kapitan, mənim nə günahım var ki, bu nadzor səhər tezdən başımın üstünü alıb sizin yanınıza gətirib... 
       -Günahın? Günahın var. - Məhkum ona matdım-matdım baxaraq günahının nə olduğunu gözləyirdi. – Günahın odu ki, əfvə düşmüsən, gərək şirinlik verəsən.
        Qulaqlarına inanmayan məhkum qımıldanmadı, key-key baxdı. Onun susqunluğuna dözməyən Əhməd bərkdən dilləndi:
      -Ay kişi azad olmusan ey, azad. Səni əfv ediblər. Özünü tülkülüyə vurma, dillənsənə...
       Heyrətdən özünə gələ bilməyən məhkum gözlənilmədən  səndirləyib döşəməyə sərildi. Əhməd tez  əyilib onun yıxılarkən sifətinin əzilib-əzilməməsini, nəbzini yoxladı:
      -Vilayət müəllim,  sağdı, sevincindən ürəyi gedib...
      -Onun sevinməkdən ürəyi getdi, mənimsə qorxudan... Gərək deyil şirinliyi. Sən Allahın qaldır onu apar barakına özünə gəlsin, ölər sonra duran yerdə zibilə düşərik, - o, məhkumu  Əhmədə tapşırıb səhər yeməyinə nəzarət üçün yeməkxanaya yollandı.
                                                      ***

       Növbədən çıxan əməkdaşları hər dəfə bir bəhanə ilə günortaya qədər ləngitməkdən sanki, həzz alan rəis bu səhər də əfv fərmanının icrasının sonunadək hamının iş yerində qalmasına göstəriş vermişdi. Baş İdarədən gələn nümayəndənin əfvlə bağlı təntənəli tədbirindən sonra, ona evə getməyə icazə veriləndə, Əhməd yadına düşdü. Tez yanına çağırtdı:
     -Əhməd, imkan tapıb çölə çıxa bildinmi?
    -Vilayət məllim, çıxmağına çıxdım. Gəl ki, bilmirəm mənə inanacaqsız, yoxsa inanmayacaqsız, vallahi, xeyri olmadı...
    -Niyə?
    -Siz deyənlərdən birinin kimsəsi gəlməmişdi, o birisinin də valideynin başına jurnalistlər yığılmışdı. Qapının ağzında o qədər kamera ilə dayanan vardı, mən kiməsə necə yanaşa bilərdim ki, mənə şirinlik ver. Elə ordaca şəklimi çəksinlər lentə, adımı da qoysunlar “korrupsioner”... Vilayət məllim, qınama məni, işi itirsəm verdiyim bir ətək xərcin batması bir yana, təzə işi necə, hardan tapacağam indiki zamanda?.. 
     -Nə isə, neyləmək olar, canın sağ olsun. Bəndəyə etibar yoxdur, ruzini gərək Allah versin...
    Üzə vurmasa da, ürəyində gözlədiyinin alınmamasından pərt olmuşdu. Müəssisənin qapısından çıxdıqdan sonra, çöldəki yardımçı otaqların birində kapitan formasını əynindən çıxarıb mülkü paltarını geyindi. Köhnə “Jiquli”sinə əyləşib maşını işə saldı. Maşınına əyləşən müştəriləri mülkü geyimdə olanda daha çox hörmət edirdilər.
    Bir az sürmüşdü qarşıdakı dayanacaqda taksi gözləyən iki nəfərin ona tərəf əl elədiyini görüncə bayaqkı pərtliyini unudub sevindi: ruzisi heç də, onu tam tərk etməmişdi... 
     Nə yaxşı ki, Allahın insanlar sayaq Dubayda, Havay adalarında villalar almağına ehtiyacı yox idi. Olsaydı fond açıb hamının ruzisini kəsərdi...
                                                                                           02.2012

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)