Kənan Hacı - Necə xilas olmalı?
Proza
Kənan Hacı - Necə xilas olmalı?
Yaddaş insan beyninin disk D-sidir. Bu gün yaddaşımız həddən artıq yüklənib və bu səbəbdən ciddi əziyyət çəkirik. Qara informasiyalar beyin, ürək-damar sisteminə amansız zərbə vurur, ani həyəcanlanma ürək döyüntüsünün artmasına səbəb olur ki, bu da insan həyatı üçün təhlükə yaradır. İnternet ölüm xəbərləriylə dolub-daşır, süni intellekt çabasında elmi hoqqalar total fəlakətlərə səbəb olur. Texniki tərəqqi apokalipsisi yaxınlaşdırır. Psixoloji travmalar uşaqların dünyasını yaralayır, düşünəndə ki, onlar ömür boyu bu sağalmaz yaralarla yaşamağa məhkum olacaqlar, günah hissi içimizi didir. Bu xaos insanlığı sanki qaranlıq bir uçuruma sürükləyir. Gözəgörünməz Zevsin yer üzünə göndərdiyi Pandora qutusu açılıb və pandemiya bütün dünyanı ağuşuna alıb. Maska gündəlik həyatımızın ayrılmaz atributuna çevrilib. Yəqin ki, gələcək nəsillər bu gün çəkilən fotolardakı maskalı adamları, xəstəxana çarpayılarında süni nəfəs aparatına qoşulmuş, ölümün caynağında çabalayan, ölümə dirəniş göstərən zavallıları görəndə dəhşətə gələcək.
Sanki bütün ümidlərin qapısından yekə bir qıfıl asılıb. Azadlığın çəmbəri getdikcə daralır. Koronavirus insan hüquq və azadlıqlarını təhdid etməkdədir. Siz küçədə rastlaşdığınız adamların üzünə baxın: gözlərdə vahimə, əsəb, qorxu… Yaxınların, doğmaların itgisindən doğan çarəsizlik… İnsanlar bir-birindən hürkür, maskanın içində büzüşüb böcək kimi yox olmaq istəyir. Son dərəcə dəhşətli situasiyadır. Kafkanın, Bekketin absurdizmi bu situasiyanın qarşısında bayağı görünür. Axşamlar şəhərin küçələrinə vahimə dolu sükut çökür və bu səssizlik məzar sükutunu xatırladır. Alber Kamyu “Taun” romanında yazırdı ki, “hamının ürəyindən daş asılmışdı, heç kim yan-yörədəki iniltilərə məhəl qoymur, bu səsləri adi danışıq dili sayırdılar”. Ölüm adiləşməkdə davam edir və adiləşdikdə də qorxu bütün ürəklərə hakim kəsilir.
Qeyri-müəyyən, qorxulu gələcəkdən xilas olmaq üçün keçmişimizə sığınırıq, keçmişdəki fərəhli günləri xatırlayıb təsəlli tapırıq. Maskasız günlərin fotolarına həsrətlə baxırıq, bu fotolarda adamlar qol-boyundurlar, bir masa ətrafında bir-birinə sığınıb dost, simsar olduqlarını göstərirlər. Artıq yeni dünya düzəni yaranır və insanların nə vaxtsa yenə də beləcə, bir-birini qucaqlayıb şəkil çəkdirəcəyinə inam azalır.
Hərdən mənə elə gəlir ki, insanların yuvalarına çəkilməyi təbiəti sevindirir. Təbiət dincini alır, insanın ona vurduğu yaraları sağaltmaqla məşğuldur. Canlı aləmin forma və məzmunu dəyişdikcə yerlə göy arasındakı enerji mübadiləsi də zəifləyir. Çoxları düşünür ki, virus bəşəriyyətə hava vasitəsilə yayılır. Bizdən asılı olmayaraq planetlərdə hissolunmaz dərəcədə dəyişikliklər baş verir. Yer planetinin düzənini dəyişmək gücündə olan virus elementlər arasındakı tarazlığı pozur və məsafələr əmələ gəlir. Aktiv canlı aləm passiv canlı aləmə çevrilir, enerji ünsürləri passiv fazaya keçir və bəşərin nizamı pozulur. Çünki aktiv enerji ilə passiv enerjinin həcmi eyni deyil. Aktiv enerjiyə keçmək üçün isə yaddaş baza rolunu oynayır, itirilmiş vərdişlər yalnız yaddaş vasitəsilə bərpa oluna bilər. Buna görə də yaddaşı zədələrdən yayındırmağa çalışmalıyıq. Bu günkü qeyri-müəyyən situasiyada mümkün qədər yaddaşımızı xarici təsirlərdən qorumalıyıq. Virus insanın ciyərini zədələməklə yaddaşında da dərin iz buraxır və təhtəlşüurda virtual olaraq özünə yer edir. Onu zərərsizləşdirmək üçün müqavimət göstərmək lazımdır. Jozef Mörfi yazır: “Yer üzünün ən qədim həkimi, dünyada ən universal sağalma sağalma üsulu hansı dinə mənsub olmaqdan asılı olmayaraq – İnamdır”. İnsan inanmasa, yaşaya bilməz, inanmasa, xəstəliyə qalib gələ bilməz. Yeganə universal şəfaverici güc məhz inamdır. İnsanlara davamlı olaraq təlqin olunan qorxu, çarəsizlik tədricən onun həyat tərzinə çevrilir və nəticədə ölüm qapının ağzını kəsdirir. Beləcə, biz öz əlimizlə ölüm fərmanımıza qol çəkirik.
İnsanlar kütləvi hipnoz içindədir. Hipnoz altında olan insanda təlqin yolu ilə bütün xəstəliklərin simptomlarını tapmaq mümkündür. Üzərində sınaq aparılan adamı asanlıqla ayaqlarını tərpədə bilmədiyinə inandırmaq olar. Jozef Mörfinin, Co Dispenzanın təhtəlşüurla bağlı elmi kitablarını oxusanız heyrətamiz faktlarla üzləşəcəksiniz və bu kitablar sizin həyatınızı dəyişəcək. Dünyanın bütün metafizik alimləri bu qənaətə gəlib: şüuraltınızın gücü hər birinizə şəfa gətirəcək və sizi qorxu və narahatlıqdan xilas edəcək.
Yalnız bu inam sayəsində virusa qalib gəlib nəfəsimizə çəpər çəkən maskadan canımızı qurtara bilərik. (Təbii, qorunmaq və gigiyenik qaydalara əməl etmək mütləqdir.) Həm də beyninizi bir müddət informasiyalara qapayın ki, yaddaşınız yüklənməsin. Bütün istirahət məkanları qapanıbsa da beyninizə istirahət verin. Əmin olun, o zaman ürəyinizin ritmi heç vaxt pozulmayacaq.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vaqif Osmanov - “BU GÜN GƏLƏCƏYİN TARİXİDİR”, VƏ YAXUD SONUNCU DƏRVİŞ KİMDİR?
Kənan Hacı - "Hacı İsgəndər" (Romandan bir hissə)
Vaqif Osmanov - ƏDƏBİYYATIMIZIN PƏRDƏARXASI SƏHNƏLƏRİ (Kənan Hacının “Ədəbiyyatın kulisi” kitabında “gördüklərim”)
Fərid Muradzadə - Cəhənnəmdən qaçış.(novella)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )