Edebiyyat.az » Proza » Nemət Mətin - Vaxtsız ölüm.

Nemət Mətin - Vaxtsız ölüm.

Nemət Mətin - Vaxtsız ölüm.
Proza
admin
Müəllif:
22:33, 09 may 2021
1 596
0
Nemət Mətin - Vaxtsız ölüm.


 Əmim ölmüşdü. Donub qalmışdım. Babam öləndə yoxluğu anlamırdım. Yas mərasimində gülürdüm, qaçırdım. Babam ölməmişdən öncə "ağlamayın" demişdi. Bunu sonradan öyrəndim. Amma əmim öləndə elə bil böyüdüm. Atam qardaşının öldüyünü biləndə tez-tələsik geyinib getdi. Dalınca anam bizi geyindirib qapıdan çıxartdı. Özü də geyinib bayıra çıxdı. Qara şalını unutduğunu biləndə deyinə-deyinə geri qayıdıb şalı götürdü. Biz hələ əmimgilə çatmamışdıq, ancaq anam ağlayırdı. Görünür analara ölüm daha çox təsir edir. Mənsə donmuşdum. Ölümü ilk dəfə ürəyimin dibinə qədər hiss edirdim. Bir adam sənin dayağın ola və gün gələr həmişəlik susar, torpağın altına yollanar. 
 Əmimgilə çatanda darvazanın önündə xeyli adam yığışmışdı. İçəri boylananda atamı qucaqlayan iş yoldaşının "can, can, can" dediyini eşitdim. Atam uşaq kimi ağlayırdı. Yəni, mənim kimi. Sanki küçədə döyülmüşdüm və ya futbol oynayanda yıxılmışdım. Qapının ağzında iri samovar tüstüləyirdi. Armudu stəkanlara çay süzən çayçı aerodrom papağının altına burun dəsmalı qoymuşdu. Görünür tez-tez tərləyirdi. Çayın birini götürüb yenicə qurulmaqda olan palatkaya tamaşa etməyə getdim. Bir azdan molla qarışıq hamı ora daxil olacaq. Sonra maraq mənə güc gəldi. Görəsən qadınlar evdə nə edir? Evə getdim. Bütün qadınlar ağlaşma qurmuşdu. "Can, ay Rəhman" deyən qadın sağ əlini dizinə döyürdü. Bir başqası kəfənə bürünmüş əmimi qucaqlayıb zarıyırdı. Mənsə donub qalmışdım. Dünən üstümə qışqıran əmim, bu gün susur. O an yadıma əmimlə bağlı xatirə düşdü. Dostumla məktəbdən qaçıb oyun zalına gedirdim. Evimizin tam əksinə olan istiqamətdə yerləşən oyun zalına çata-çatda əmim tindən buruldu. Məni görcək elə qışqırdı ki, fırlanıb qaçmalı oldum. Mən elə bildim heç nə deməyəcək. O isə özündən çıxmışdı. Bir dəfə qəribə hadisə oldu. Qonşuluqda yaşayan həmyaşıdım oğlanı döyürdüm. Əmim görən kimi üstümə qışqırdı. "İnsanları döymək olmaz" desəydi anlamazdım. Qışqırıq bəlkə də ən savadlı müəllimin dərsindən daha təsirli olur. Ağlaşmadan ayıldım. Bir xala mənə lavaşa bükülmüş halva verdi. Yox demədim. Təşəkkür edib yeməyə girişdim. Amma içimdə nəsə dəyişirdi. Ölümü hiss edirdim.
 Kişilər qapıya tələsəndə mollanın gəldiyini duydum. Bayıra çıxanda artıq molla ərəb dilində nəsə deyirdi. Hamı sağ əlini üzünə sürtüb uzaqlaşdırdı. Refleks məndən yan keçmədi. Sol əlimi üzümə çəkdim. Kimsə qulağıma pıçıldadı: 
—Sol yox, sağ əl.
 Başımı yuxarı aşağı yırğalayıb razılaşdığımı bildirdim.
 Sonra əlimə qırmızı şala bükülmüş xonçayabənzər nəsə verdilər. Arabacığın önündə gedəcəyimi dedilər. İlk dəfə qəbristanlığa insan yola salırdım. Məsuliyyət hissi bir tərəfdən, əmimin ölümü digər tərəfdən məni sıxırdı. Cənazəni evdən çıxaranda vay-şüvən qopdu. Anam qarışıq hamı ağlayırdı. Sinəsinə döyən kim, üzünü cıran kim, sakitcə ağlayan kim... Tər-su dabanımdan axırdı. Xalçanın içində kəfəni görəndə saçlarım biz-biz oldu. Arabacığın ağzını yana açdılar. Cənazəni yerləşdirəndən sonra ağlaya-ağlaya arabacığın ağzını bağladılar. "Ya Allah" deyib çiyinlərinə qaldırdılar. Məni kimsə dümsüklədi. Bir anda ayıldım. Öndə getməliydim. Ayaqlarım səkkiz vurdu. Elə bildim hamı mənə baxır. Molla yenə anlamadığım dildə nəsə oxudu. Gözüm məhz indi sulandı. Cənazə evdə olana qədər onun birdəfəlik gedəcəyinə inana bilmirsən. İndi isə üzü qəbristanlığa aparırlar.  Ağlıma üzr istəmək gəldi. 
 "Əmim, əziz əmim. Məni bağışla. Sənin siqaretindən bir dəfə oğurlayıb çəkmişdim. Filtersiz astra. Tütün tüpürə-tüpürə çəkmişdim onu..."
 Mən elə bilirdim qəbristanlığa kimi çiyində aparacaqlar əmimi. İki küçə gedəndən sonra arabacığı maşına qoydular. Mən də maşının arxasına çıxdım. Qırmızı şala bükülmüş xonçayabənzər şeyi açıb baxdım. Lavaşa bükülmüş halvalar idi. Yanımda duran Əmimin xalası oğlu dilləndi:
— Bilirsən, nə edəcəksən?
—Yox.
—Sənə deyəndə xonçanı açıb adamlara paylayarsan.
 Başımla razılaşdığımı bildirib buludların hərəkətini izləmək üçün gözlərimi göy üzünə dikdim. Aşağı baxmaqdan qorxurdum. Elə bilirdim əmim indi ayılıb üstümə qışqıracaq. Qışqırmaqdan daha çox ayılmağından qorxardım. Buludlar sakitləşdirirdi məni. Onlar da bizimlə qəbristanlığa gedirdi. Heç vaxt məni tək qoymadılar. Sağ olsunlar. 
 Qəbristanlığa çatanda qəbirlərin bizə "əl" elədiyini gördüm. Görünür öncədən əmimin gələcəyini onlara xəbər vermişdilər. 
 Yarım saata yaxın vaxtda əmimi basdırdılar. Molla yenə ərəbcə uzun-uzadı nəsə oxudu. Mən hönkürtü ilə ağlamaq istəyirdim. Böyüklərsə siqaret çəkirdi. Adəti üzrə yeni basdırılanlarçün başdaşı yerinə daş parçası qoyurlar. Amma mən köhnə qəbristanlıqda 80-100 il öncə basdırılanların da qəbri olmadığını görmüşəm. Görünür kimsəsizlərdir. Üşüməsin deyə üstünü örtən yoxdur onların...
 Geri qayıdanda kişilər palatkaya doluşdu. Molla yenə ərəbcə nəsə oxuyurdu. Əmimi xatırladım. Ürəyi o qədər geniş idi ki, bütün uşaqları sevirdi. Xüsusən qız uşaqlarını görəndə sinov gedirdi. Qucaqlayıb dəfələrlə yanağından öpər, saçını sığallayardı. Toyda qol açıb bütün nəsli başına toplayardı. Mənim üçün örnək idi. Palatkadakı adamlar da onu xatırlamağa çalışırdı. İki yaxın dostu qəmgin gözlərini bir nöqtəyə zilləyib qalmışdı. Neçə-neçə xatirələr oyanmışdı gözləri qarşısında...
 Anasına qorxudan deməmişdilər. Yaşlı qadını evdə tək qoyub gəlmişdi əmimin bacıları. Övlad anadan tez öləndə, ana da mənən onunla birlikdə ölür. Gizlədə biləcəklərini sanmışdılar. Ana ürəyi ən güclü duyğu sistemidir. Yüz minlərlə kilometrdən oğlunun ölümünü duya bilir. Biz qayıdanda nənəmiz ağlayırdı. Dümağ saçları daha da ağarmışdı sanki. Üzündəki qırışlar çoxalmış, gözləri çuxur salmışdı. Beli əyildiyindən əllərini masaya dayaq qoyub ağlayırdı. Nə qədər inandırmağa çalışsaq da "yox, yox, yox, mən bilirəm" deyirdi. Nənəmi əmimin vaxtsız ölümü qocaltdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)