SADİQ HİDAYƏT - ATƏŞPƏRƏST(hekayə)
İrandan təzə qayıdan Flanden Paris hotellərinin birinin üçüncü mərtəbəsindəki otaqda pəncərənin qabağında üzərində bir şüşə şərab və iki qədəh qoyulmuş kiçik masanın arxasında köhnə dostlarından biri ilə üz-üzə oturmuşdu. Aşağıdakı çay evindən musiqi sədaları gəlirdi, hava tutqun və buludlu idi, çiskin yağış yağırdı. Flanden əlləri arasından başını qaldırıb şərab qədəhini başına çəkdi. Sonra üzünü dostuna tutub dedi:
–Bilirsən, vaxt var idi, mən özümü bu xarabalıqların, yolların, küçələrin arasında itmiş zənn edirdim. Öz-özümə deyirdim: görəsən, haçansa doğma vətənimə qayıda biləcəyəm? Yenə o musiqi sədalarını eşidə biləcəyəm? Ümid edirəm ki, bir gün qayıdacağam.
Belə bir məqam istəyirdim ki, səninlə bir otaqda oturub dərdləşək. Amma indi sənə təzə bir şey demək istəyirəm. Bilirəm, inanmayacaqsan: mən qayıtdığıma peşmanam. Bilirsən, yenə ürəyim İranı istəyir, elə bil ömrümdə nəsə əskikdir!
Üzü qızarmış, gözləri güclə açılan dostu Flandenlə zarafatyana əlini masanın üstünə vurub gülməkdən uğundu: – Eugen, zarafat eləmə, mən sənin rəssam olduğunu bilirəm, şair olduğunu bilmirdim. Bizi görməkdən bezmisən? Ya da, de görüm, kiməsə vurulmusan orada? Eşitmişəm ki, Şərq qadınları çox gözəl olurlar.
–Yox, dediklərinin heç biri deyil. Zarafat eləmirəm.
–Doğrudan, bir dəfə qardaşınla idim, İrandan göndərdiyin bir neçə şəkil gətirdilər, baxdım. Yadımdadır, hamısı xarabalıq şəkilləri idi... Hə, bir də, dedilər ki, onlardan biri od məbədidir. Orada oda sitayiş edirlər ki? Mən sənin olduğun ölkə haqqında ancaq bunu bilirəm ki, orada yaxşı xalçalar olur. Başqa heç nə bilmirəm. İndi sən orada hər şeyi görmüsən də, bizə də de, biz də bilək. Sən bilərsən, orada biz parislilər üçün nə yeniliklər var.
Flanden bir anlıq sükutdan sonra dedi:
–Yaxşı yadıma saldın. Bir gün İranda başıma qəribə bir hadisə gəldi. İndiyə kimi heç kəsə deməmişəm, hətta o gün yanımda olan dostum Kestə belə. Qorxdum ki, mənə gülərlər. Bilirsən ki, mən heç nəyə etiqad etmirəm. Amma həyatımda yalnız bir dəfə riyasız, səmimi-qəlbdən Allaha sitayiş etmişəm, o da İranda şəklini gördüyün həmin od məbədinin yaxınlığında olub. İranın cənubunda olanda Perspolisdə tədqiqat aparardım. Bir gecə dostum Kest xəstə olduğu üçün mən Nəqşi-Rüstəmə tək getdim. Orada dağı oyaraq qədim İran padşahlarının məzarını qazıblar. Yəqin ki, şəkillərini görmüsən. Dağda atəşgahın qabağında dayanıb sağ əlini oda tərəf uzadan şahın şəklinin üstündə xaça bənzər bir şey oyulub. Yuxarıda atəşpərəstlərin tanrısı Ahura Mazdanın atəşgahı var. Aşağı hissəsi eyvan formasında daş üzərində yonulub, daş türbənin ortasında padşahın məzarı yerləşir. Orada bir neçə belə türbə görmək olur. Onlarla üzbəüz "Zərdüştün Kəbəsi" adlandırılan böyük atəşgah var. Yaxşı yadımdadır, günəşin batmağına az qalmış mən həmin məbəddə ölçmə işləri ilə məşğul idim. Yorğunluğundan və günün hərarətindən canım boğaza yığılmışdı. Qəflətən gözümə iki nəfər dəydi. Paltarları adət edilmiş iranlı paltarına oxşamırdı. Qəribə paltar geyinmiş bu iki nəfər mənə tərəf gəlirdi. Yaxınlaşanda gördüm ki, bu adamlar qoca olsalar da, iri cüssəli, güclü-qüvvətli, işıqlı gözləri və özünəməxsus simaları olan adamlardır. Onlarla bir az söhbət elədim. Aydın oldu ki, Yəzd tacirləridirlər, İranın şimalından gəliblər. Onların dini Yəzd əhalisinin əksəriyyəti kimi Zərdüştlükdür, yəni qədim İran padşahları kimi oda sitayiş edirlər. Qəsdən yollarını buradan salmışdılar ki, bu qədim atəşgahı ziyarət etsinlər. Hələ sözlərini qurtarmamış çör-çöp, quru yarpaq toplamağa başladılar. Onları üst-üstə yığıb kiçik bir qalaq düzəltdilər. Quru çöplərə od vurub indiyə qədər eşitmədiyim xüsusi bir dildə dualar oxumağa başladılar. Bu, deyəsən, Zərdüştün və Avestanın dili idi. Bəlkə də daşların üzərində mixi yazı ilə qazılmış dil idi!
O iki gəbr odun qabağında ibadətlə məşğul olduqları sırada mən başımı qaldırıb gördüm ki, türbənin yuxarısındakı qayada mənimlə üzbəüz bir dəstə adamın şəkli qazılıb. Mən onun düz önündə dayanmışdım, gözlərimlə görürdüm, şəkil sanki canlı idi. Elə bil bu adamlar Daranın qəbri üstündəki daşın üzərində dirilmişdilər. Neçə min ildən sonra gəlib qarşımda tanrılarının təzahürünə pərəstiş edirdilər! Mən heyrətdə qaldım ki, necə bu qədər uzun zamandan sonra müsəlmanların bu dini yox etmək üçün etdiyi bütün cəhdlərə baxmayaraq hələ də bu qədim dinə gizli olsa belə, açıq hava altında atəş qarşısında torpağa düşüb sitayiş edənlər var!
O iki gəbr gedib gözdən itdilər, mən tək qaldım. Amma kiçik od qalıqları hələ də yanırdı. Bilmirəm, necə oldu, özümü dini bir təkanın və həyəcanın təsiri altında hiss etdim. Ortalığa ağır bir qaranlıq çökmüşdü. Ay alovlu kükürd topu kimi dağın kənarından çıxıb solğun işığı ilə böyük atəşgahın divarlarını işıqlandırırdı. Zamanın iki-üç min il əvvələ getdiyini hiss etdim. Milliyyətimi, şəxsiyyətimi, mühitimi unutmuşdum. Düz qabağımda olan, o iki sirli qocanın önündə torpağa düşdüyü, pərəstiş etdiyi külləri seyr edirdim. Onun səthində mavi bir tüstü sütun kimi yavaş-yavaş göyə yüksəlir və göy üzündə burulurdu. Parçalanmış qayaların kölgələri, solğun üfüq, çəmənlikdəki dərin səssizliyin fonunda başımın üstündə parıldayan və bir-birinə göz vuran ulduzlar, bu sirli xarabalıqlar və qədim atəşgahlar arasındakı mühit, türbələrin və parçalanmış qayaların üstündə uçan keçmişin ruhu və düşüncə gücü məni vadar etdi, ya da mənə vəhy gəldi, əlimdə deyildi, heç nəyə inamı olmayan mən biixtiyar səthindən mavi tüstü yüksələn külün qarşısında dizimi yerə qoyub ona sitayiş etdim! Nə deyəcəyimi bilmirdim, nəsə pıçıldamağa da ehtiyac görmədim. Heç bir dəqiqə keçməmişdi ki, yenə özümə gəldim. Amma qədim İran padşahlarının oda pərəstiş etdikləri kimi Ahura Mazdanın təzahürünə pərəstiş etdim. Mən o anda atəşpərəst idim. Haqqımda nə düşünürsən, düşün. Bəlkə də bu, insan oğlunun zəifliyi və dözümsüzlüyüdür!...
Tehran, 15 mordad 1309 (7 sentyabr 1930)
Tərcümə edən: AZƏR ƏRZİ