Edebiyyat.az » Proza » Jasmin Jasmin - Yıxılmaq

Jasmin Jasmin - Yıxılmaq

Jasmin Jasmin - Yıxılmaq
Proza
admin
Müəllif:
17:02, 28 iyun 2023
865
0
Jasmin Jasmin - Yıxılmaq





Bütün səhərlər eyni cür açılır, deyirlər ha, bu da həmin o səhərlərdən idi. Ayılıb yanında qoyduğu telefondakı saata baxanda 10:00 göstərirdi. “Lənət şeytana, cəmi bircə saat yatmışam ki. Yuxumu alanadək neçə dəfə ayılıb yatmalıyam axı?!” içindəki hirsli düşüncələr üzünün turşumasına səbəb olmuşdu. Elə o sırada evin arxa tərəfində yerləşən toyuq hinindən gələn xoruz banlaması vəziyyəti daha da dramatikləşdirmişdi. Yuxusu gəlsəydi də, bu səs ona yatmağa aman verməyəcəkdi. Xoruzun saat 7-dən etibarən hər saat banlaması mümkünlüyünü artıq iki həftə olardı ki, öyrənmişdi. Onu öz tutduğu vəzifəsini itirmək qorxusunda olan və buna görə boş-boş qırıldayan şəristəsiz məmurlara bənzədirdi. İndi xoruz da hinindəki bir toyuğa gərəksizliyi ucbatından sahibi tərəfindən kəsiləcəyindən qorxub öz varlığının vacibliyini banlamaqla sübut etməyə çalışırdı. Əsasən də, saat 10-da ilhamlanıb səsli saatlar kimi düz 10 dəfə boğazının ən gur hissəsində banlayırdı. Eldar  isə deyinə-deyinə yerindən qalxıb “Zəhrimar, bu qədər də banlamaq olar?!” ifadəsilə hamama keçib üz-gözünü yumağa başladı. Əlbəttə, onun da fikrindən bu xoruzun bo\azını üzmək keçirdi, amma təəssüf ki, Eldar xoruzun sahibi deyildi. Ya da bəlkə də yaxşı ki, sahibi deyildi. Axı biz tanrı kimi bəzi səbəblərin sonluq nəticələrindən öncədən xəbərdar deyildik, bəlkə də bu xoruzun banlaması nəyinsə və ya kiminsə xilası idi, kim bilir. Hər halda Eldar xoruzun sahibi olmaq düşüncəsi üzərində ən çox 5 dəqiqə dayanıb, daha sonra fikrini onun üçün bir az daha vacib olan məsələlərə yönləndirdi. Məsələn, səhər yeməyi – tənbəllik edib kolbasa çörəklə idarə etsinmi, yoxsa yumurta götürüb başına özünəməxsus oyun açıb həm mədəsini, həm gözünü oxşasınmı? Bəlkə də bu məsələnin vacibliyi sizə gülməli gələcək, amma ömür boyu anasının hazır səhər yeməyinə oturan biri üçün tək başına yaşayıb “sağ qalma” çabası göstərmək o qədər də gülməli olmaya bilər. Hər halda Eldar üçün elə idi, çox darıxdığı nəsnələr var idi, amma anası barədə daha həssas idi. “Bir müddət hər şeydən, hər kəsdən uzaq qalmaq istəyirəm.” deyəndə anasının kövrək baxışlarını görməmək və sonradan fikrindən daşındırmaq məqsədilə deyiləcək sözləri eşitməmək üçün bir bel çantalıq əşyalarını çiyninə atıb tələsik evdən çıxdı, daha dəqiq desək, arxasına baxmadan qaçdı. 

Eldar xarici şirkətdə menecer idi, demək olar ki, məzuniyyətsiz çalışdığı şirkətdə ilk dəfə məzuniyyətini götürmək qərarına gəlmiş və Bakıdan uzaqlaşmışdı. Əsas səbəb 10 il öncə kiçik vəzifə üzrə daxil olduğu bu şirkətdə artıq əvvəlki prespektivlərin olmaması idi. İş həyatı boyu artan vəzifə və onunla düz mütənasib artan maaş son illərin yaşayış normalarına cavab verməkdə çətinlik çəkirdi. Ard-arda neft şirkətlərinin bağlanması, Kovid xəstəliyi və ən sonda dünya üzrə ərzaq qıtlığı həm şirkətin maliyyəsinə mənfi təsir göstərmiş, həm də işçilərinə əvvəlkitək avantaj vermək qabilliyətini itirmişdi. Eldar isə illərlə işlədiyi şirkətə sadiq qalmaq istəyinə əsasən, 2 il artmayan maaşa uyğunlaşmağa çalışsa da, artıq tək istəklə yaşamaq olmadığını anlamışdı və müəyyən tədbirlər görməliydi. Bu qaçış da həmin tədbirləri sakit başına götür-qoy etmək üçün atılmış addım idi. 

Rayonda atadan qalma 3 otaqlı mənzildə tək yaşamaq ilk günlər çətin olsa da, sonralar planlaşdırılmış iş gününə çevrilmiş və müəyyən rutin yaratmışdı; hər səhər oyanmaq, səhər yeməyi, emailləri yoxlamaq, CV-lərini göndərdiyi şirkətlərdən alma ehtimalının 0,1% olan cavablara ümidlənmək, yeni iş yerlərinə baxmaq, kiçicik idman hərəkətləri etmək, rayona çıxıb günlük gəzinti planını doldurmaq, günorta yeməyini adlayıb axşama atışdırmalıq nələrsə almaq, bişirməklə heç arası yox idi, yatmamışdan öncə film izləmək və ya kitab oxumaq, 1-ci yə daha çox üstünlük verirdi, düşdüyü depressiv hal onu kitablardan da uzaqlaşdırmışdı. Bu planlamaq qabiliyyəti ona köhnə iş yerindən qazanılmış bacarıq idi, ya da pis vərdiş. Çünki Eldar plansız bacarmırdı, həyat isə plansız daha maraqlı idi, nəinki robotlanmış şəkildə beyin sisteminə yüklənən ardıcıl planlı. Bəlkə də onun əsas bədbəxtliyi bu idi- plansız hərəkət etməmək. Şirkətləri axtarmaq, CV-lər göndərmək və gözləmək. Bəlkə həyat insanların planına uyacaq qədər rəhmli deyildi. Yeniliklər cəsarət istəyir, planda isə cəsarətə yer olmur, daha çox ehtiyat yüklənir. Eldar cəsarətli addımdan qorxurdu, yeni sahəyə yönlənmək, öyrənmək, sıfırdan başlamaq. Bu cəsarət onda yox idi. “Axı 32 yaşdan sonra nə yeni iş öyrənə bilərəm ki?! Ən yaxşı elə köhnə sahəmlə bağlı vakansiyalara yönəlim. Həyatımın yarısı gedib, yeniliklər üçün gecdir.” Bu avtomata qoyulmuş fikirlərə bürünərək özünü qorumağa çalışırdı, halbuki böyük sədd tikmişdi. Lap dərində, düşüncələr labirintinin çıxılmaz nöqtəsində yanlış olduğunu çığırmaya çalışan səsi var idisə, bu səsi dinləməyə cəsarəti yox idi.

Amma bir gün fikirlərində dəyişiklik üçün təkan olacaq hadisə baş verdi. Rayona hər gün gəzintiyə çıxdığı günlərdən biri idi. Həftədə bir-iki dəfə meyvə-tərəvəz almaq üçün girdiyi balaca dükana gəldi. 

-Dayı, bazardan təzə meyvələrdən gətirmisənmi?

-Yox, bala.

-Nə vaxt gətirəcəksən bəs?

-Daha heç vaxt. “Eldar bir anlıq duruxdu.”

-Anlamadım, niyə?

-O qarşı tərəfdəki oteli görürsənmi?

-Bəli. Nə olub ki o otelə?   

-O otelə heç nə olmayıb. Olan mənə olub. Dükanımı alırlar, böyük məbləğə. 

-Bu ki yaxşıdır, dayı. Zatən buradan qazancın olmadığını deyirdin. İndi rahat evində oturub pul dərdi çəkmərsən. 

Satıcı dayı cavabında heç nə demədi. Eldar dayının əhvalını qaldırmaq üçün kiçik bazarlıq edib çıxarkən satıcı dayı yalnız bir ifadə işlətdi: “Məni arzularımdan yıxdılar, oğlum.” Yolboyu bu ifadə Eldarın beynində fırlanırdı. Nəsə tanış gəlirdi bu hiss ona. Axı onu da yıxmışdılar. Təhsil aldığı, sevdiyi sahə üzrə çalışa bilməyən Eldarı kapitalizm öz pul quyusuna yıxmışdı. Vaxtilə müəllimlikdən yaxşı maaş ala bilməyəcəyini anlayan Eldar tarix müəllimliyinin başını buraxmış və iki-üç dəfə daha yüksək maaşlı şirkətdə işləməyə başlamışdı. O da bu cəmiyyətin yüzlərlə yıxılmış fərdlərindən biri idi. Bəlkə artıq qalxmaq vaxtıdır?!...

20.04.2023

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)