Edebiyyat.az » Proza » Cəfər Bünyadzadənin hekayəsi

Cəfər Bünyadzadənin hekayəsi

Cəfər Bünyadzadənin hekayəsi
Proza
admin
Müəllif:
15:15, 05 sentyabr 2024
508
0
Cəfər Bünyadzadənin hekayəsi

     


      “Aç qapını!” kiçik hekayəsi Azərbaycan ədəbiyyatında geniş oxucu kütləsi tərəfindən tanınmayan ədib Cəfər Bünyadzadənin kiçik hekayəsidir. Müəllifin geniş oxucu kütləsi tərəfindən tanınmamağına səbəb kimi bədii əsərlərdən daha çox publisistik məqalələr yazması, həmçinin 1918-ci il qırğınlarında daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirilməsi nəticəsində onun imzasının xatırladılmaq istənilməməsi səbəb ola bilər. Cəfər Bünyadzadə “Molla Nəsrəddin” ənənələrini davam etdirən satirik “Tuti”jurnalının redaktoru olmuş, XX əsrin əvvəlində xalqımızın təhsili üçün mühüm töhfələr vermiş “Səfa” məktəbinin yaradılmasının təşəbbüskarı olmuşdur. 

Xəyal Bayramlı




                                Cümə, 10 səfərülmüzəffər 1329/28 yanvar 1911, nömrə 24, “Səda” qəzeti


                           AÇ  QAPINI!

— Lap deyəsən, hamısı qırılıb! Mürtədin qızları mürtəd! Bəni ələ salmısınız (Qapını əlindəki daşla vurur)?! La hövlə...! Lənət şeytana ha!... Səhər-səhər bədəlinə rast gəldin! Arvadlar qapını nə möhkəm bağlayıblar (Bu dəfə əlindəki daşı yerə tullayıb, bir neçə təpik qapıya gəlir)! Hə, yenə açmazsınız?! Qapını açın! Vallah, əgər içəri girərəm, sizdə baş-göz qoymaram (Qapı açılmaq istəmiyor)!

Məşədi Həsən acıqlanıb həyətin ortasından bir neçə daş parçalarını əlinə alıb var qüvvəsi ilə qapıya vurur.

Bu taraq-turuqdan qonşu Kərbəlayı Heydər hasarın üstünə çıqıb Məşədi Həsəngilin həyətinə baqır.

Məşədi Həsən qan-tər içində həyətin ortasında durmuş, ağzına gələni danışır.

— A məşədi, niyə hirslənmisən? Salavat desənə. Adam, nə olsa da, bu qədər acıqlanmaz. Sən ki belə deyilsən.

Məşədi Həsən — A kişi, Kərbəlayı Heydər! Əvvəlcə əhvalatdan xəbər tutmaqdan qabaq “Arvada Allah lənət eləsin!” de.

Kərbəlayı Heydər — Əlbəttə ki, arvada həmişə gərək lənət eləmək. Arvad ki var, şeytan qismi bir şeydir.

Məşədi Həsən (Kürkünü çiyninə atır) — A kişi, bu gecə saqqala həna yaxmışdım. Səhər yerdən durcaq arvadlar bənim üçün bir dəsmala köynək-tuman bağladılar, arvadlardan gülə-gülə ayrıldım, hamama getdim. Bayaqdan hamamdan gəlmişəm, həyətin ortasında durub qapını döyürəm, heç kəs cavab vermiyor, elə bil ki arvadlar ölüblər. Bu qarın üstündə əsə-əsə dayanıb durmuşam, ha qapını döyürəm, heç kəs qapını açmıyor. Məşədi Həsən, vallah, bilmiyorsan, bu saat necə hirslənmişəm! Lap istiyorum ki, qapını parçalayıb içəri girim.

Kərbəlayı Heydər — Arvadın yaqşısına lənət! Görəsən, nə üçün acıqları tutub?

Məşədi Həsən — Kərbəlayı Heydər, sən öləsən, heç bir acıqları olmayıb. Hətta səhər gedəndə onlara tapşırmışam ki, bən gəlincə bir tava xəşil hazırlayın, hamamdan gələn kibi yeyim.

Kərbəlayı Heydər — Pəs nə üçün qapını açmıyorlar?

— Bilmiyorum.

— Niyə?

— Bilmiyorum.

— Olmaya ki aranızda bir şey olub?

— Bilmiyorum.

— Hələlikdə neçə arvadın var?

— Dörd dənə.

— Pəs dörd dənədən niyə biri də gəlib qapını açmıyor? Elə bayırda qalacaqsan?

— Neyləyək?

— Qapını sındırıb içəri girək.

— Çarə yoqdur, gərək sındıraq. Düş həyətə, gəl görək necə sındıraq.

Kərbəlayı Heydər hasarın üstündən enib həyətə gəlir, Məşədi Həsən və Kərbəlayı Heydər ikisi birdən qapını itələyib sındırırlar, içəri girirlər. Evdə kürsünün dövrəsində arvad-uşaqlar cərgə ilə tökülüb yatmışlar.

Məşədi Həsən — Hə, özünüzü bicliyə qoymusunuz. Yatmısınız, hə, ay biclər? İki saatdır bəni bayırda qoymusunuz (İrəli yeriyib kənddən aldığı arvada bir təpik vurur, arvad isə tərpənmək istəmiyor, Məşədi Həsən bu hala xeyli təəccüblənərək Kərbəlayı Heydərə diyor)! Kərbəlayı Heydər, zəhmət çək bura gəl, bunu yuqarı qalqız. Deyəsən, bunların nəfəsləri də gəlmiyor, həri? Vay, evim yıqıldı!

Kərbəlayı Heydər (İrəli yeriyib arvadların nəfəslərinə baqır) — Vay, yazıqları kürsü tutub! Qorqma! Becid ol, bunları çəkib qarın içinə salaq, tez ayılarlar, qar bunları ayıldar (Arvadları birbəbir çəkə-çəkə həyətə tökürlər, Kərbəlayı Heydərin göstərməyi ilə arvadların başlarını açıb saçlarının arasına qar doldurub sürtürlər). Arvadları kürsü bərk tutmuş!

(Arvadları kürsü bərk tutub. Qarı çoq sürtün, inşallah, ayılarlar).

Cəfər Bünyadzadə



Transliterasiya: Tural Əlizadə

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)