Edebiyyat.az » Proza » Rövşən Yerfi - Pressləmə Əməliyyatı

Rövşən Yerfi - Pressləmə Əməliyyatı

Rövşən Yerfi - Pressləmə Əməliyyatı
Proza
Necef Esgerzade
Müəllif:
23:03, 10 iyun 2019
2 568
0
Məhkumların nahar saatı bitmişdi. Cəzaçəkmə müəssisəsinin yaşayış sahəsindəki böyük meydanın ən uca nöqtəsində asılmış səsqaldırıcıdan yayılan dövrün hit mahnısı yarımçıq kəsilib elan oxunmağa başladı: “Məsul növbətçi olan zabit və nəzarətçilərdən başqa qalan zabit və nəzarətçilər on dəqiqə ərzində təcili olaraq rəisin otağına yığışsınlar.”
 Elan üç dəfə təkrarlandı. Nahar vaxtından sonra otağında dincəlmək istəyən əksər dəstə rəisləri sayaq Asimin də bu xəbəri eşitcək rahatlığı pozuldu. Yenə görəsən nə gəlib ağlına, - müəssisə rəisinə ürəyində acıqlandı, - ya da yuxarıdan təzə göstəriş alıb, yoxsa belə təcili iclas çağırmazdı.
 Deyilən vaxtda hamı bir nəfər kimi iri zal kabinetə yığışmışdı. Zalın yuxarı başında geniş masanın arxasında oturan rəis Əlipaşanın qalın, zəhmli, gur səsi beyinləri dəlirdi.
 - Dedim axı, məsul növbətçilər gəlməsin, gedin tapşırılan obyektlərdə olun, xidmətinizi davam etdirin. İndi görəcəyimiz işin sizə aidiyyəti yoxdur. Gedin işinizlə məşğul olun.
 O, bir neçə zabiti və giziri təkidlə otaqdan çıxardı. Otağın sağ və sol tərəflərinə divarboyu düzülən stullarda əyləşmiş əməkdaşları bir-bir nəzərdən keçirib soruşdu:
 - Qalan olmadı? Hamı burdadır?
 Rəisin geniş masasının sağ tərəfində oturan yarı dazbaş, əməliyyat üzrə müavin Ramiz hiyləgər baxışlarla oturanlara nəzər atıb dilləndi:
 - Bəli, rəis, qalan yoxdu, hamı buradadı.
 Rəis ciddi bir məsələdən bəhs edəcək əhvalla amiranə görkəm aldı:
 - Hamı burdadırsa, onda başlayaq. Mən sizin üçün uzun-uzadı moizə oxumayacağam. Göstəriş var ki, müəssisədə sabitliyin, stabilliyin təminatı, məhkumlar arasında sağlam mühitin qorunması naminə vacib profilaktik tədbirlər görməliyik. Xüsusilə, məlum siyahıda adları olanlar var ha, adlarını vicdan məhbusu qoymuş vicdansızlar, onları daim ciddi nəzarətdə saxlamalıyıq. Axır zamanlar keçmiş omonçular – xüsusi təyinatlılar tamam çaşıblar. Hüquqdan dəm vururlar, aclıq etmək, çölə şikayət göndərməklə bizə hədə-qorxu gəlirlər. Biz onların qudurmasına imkan verməməliyik. Bunun üçün də hamımız bir yerdə, mütəşəkilliklə onların dərsini verməliyik, anlatmalıyıq, yerlərini göstərməliyik. Yadınıza gəlir də, bunların xod gedən vaxtları... Hərə çiyninə bir avtomatı götürüb düşmüşdülər şəhərin canına, yetənə yetirdilər, yetməyənə daş yox, güllə atırdılar. Yaxşıları getdi müharibədə öldü, pislərini də basdılar türməyə, əl-ayağa dolaşmamaları, cəmiyyəti zibilləməmələri üçün... İndi hamı birlikdə gedirik karsa presləmə əməliyyatına, gəşəngcə yumşaldıb ağıllandırırıq. Sualı olan var?
 O, geniş masanın sol yanında oturan tərbiyə işləri üzrə müavini Bayrama tərəf baxıb nəsə xatırladı:
 - Bayram müəllim qalsın, o getməsin. Hərhal “zampalitdi”, onsuz da keçinərik.
 Müəssisənin müdriklik simvolu sayılan bu adam ona ayrılan diqqətdən yararlanıb kurasiyasındakı əməkdaşları da bu əməliyyatdan ayırmaq istədi:
 - Rəis, mümkünsə dəstə rəisləri də getməsin.
 - Niyə? – rəis təəccübləndi, - dəstə rəisləri Allahın bacısı uşaqlarıdı bəyəm? Onlar da çiyninə biz taxan paqondan taxırlar da...
 - Axı, biz başqa vaxt dəstə rəisinin məhkumun ən yaxın adamı olmasına çalışırıq, onlar vasitəsilə təsir etmək, islah etmək istəyirik. Əgər onlar da rejim və əməliyyatla eyni işi icra edərlərsə qazanılmış etibar itə bilər.
 - Yox, Bayram müəllim, - rəis etiraz etdi, - işçiləri ağlara, qaralara bölmək olmaz. Hamı eyni olmalıdır.
 Tərbiyə işləri üzrə müavin daha dinmədi. Bildi ki, Əlipaşa inadından dönməyəcək.
 - Hə, bir də xəbərdarlıq edirəm, kim rezin dəyənəkdən – dubinkadan istifadə edəcəksə, elə vursun ki, bizi duran yerdə zibilə salmasın. Ancaq yumşaq yerlərə, sümüklə ehtiyatlı olun.
 Rəis başda olmaqla on beşdən çox paqonlunun cərimə təcridxanasına yol almasına kənardan görən məhkumlar təəccüblə deyil, məsələdən hali nəzərlərlə baxırdılar: Əlipaşa bu qədər işçini karsa aparırsa, yeyib-içməyə aparmır...
 Dəstə rəisləri ilə yanaşı gedən Asim özündən yaşca böyük həmkarından soruşdu:
 - Siz ədəbiyyat müəllimisiz, bilərsiz, rəisin dediyi presləmə nə deməkdi? Yəni qarşılığı hansı sözdü?
 Qoca çağırılan dəstə rəisi gülümsədi:
 - Birdən elə bilərsən bu presləmənin sənin keçmiş sahənin – mətbuatın adı ilə yaxınlığı var. Elə deyil. Əslində presləmə, yəni sıxma, təzyiq üsulu ilə emala deyilir.
 - Son nəticədə emallı islah...
 Cərimə təcridxanasının həyətinə girməyi ilə Əlipaşanın xidmətdə olan nəzarətçilərin üstünə nərildəməyi bir oldu:
 -Ə, yatmısız, niyə qapını geç açırsız?
 Bütün kameralardakı məhkumlar həyəcanla qapıların arxasından onun qışqırığını dinləyirdilər:
 - Nəzarətçi, koridorun lampaları niyə hamısı yanmır? Niyə camaatı yarımqaranlıqda saxlayırsız? Hələ bir natəmizliyə bax, iydən-qoxudan adamın ürəyi ağzına gəlir.
 - Cənab rəis, su daimi gəlmir, fasilələrlə verilir, - nəzarətçi çəkinə-çəkinə cavab verdi.
 - Belə olmaz, məhkum olanda nə olar, bunlar da insandı...
 Əslində onun bütün bu çatışmamazlıqlardan çoxdan xəbəri vardı. İndi sadəcə özü haqqında ədalətli, məhkumunun qayğısına qalan rəis imicini yaratmaqdan ötrü belə haray salmışdı.
 Nəhayət kameralardan birinin qarşısında dayandı:
 - Açın buranı.
 Nəzarətçi üstündə gəzdirdiyi bir topa açarların içindən birini tapıb qalın dəmir qapının qıfılını çaqqaçaraqla açdı. O, dayandığı yerdə qaldı, qalanları Əlipaşanın dalınca içəri doluşdu.
 Kamerada tək bir məhkum vardı. Başı təzəcə qırxılmışdı. Üz-gözündən iztirab və məhrumiyyət yağırdı. Bu qədər işçinin kameraya girməsi ona yaxşı heç nə vəd etmədiyindən az da olsa həyəcanlanmışdı. Sınıq-salxaq kətildən ayağa durub maraqla qonaqlarına baxırdı.
 - Aha, əsərin qəhrəmanı burdadı, - Əlipaşa içəri addımlayan kimi onun üzərinə şığıdı, - aclıq elan eləyən sənsən? Sən kimsən, ya nəsən öz yanından qərar verəsən, aclıq edəsən? Vallahi məni məcbur etmə ki, çənəni aralatdırıb balandanı tökəm ağzına, şərəfsiz...
 Məhkum hər tərəfdən onu döyməyə işarə gözləyənlərin əhatəsində olsa da təhqirə dözə bilmədi:
 - Get, öz ağzına tökdür...
 Əlipaşa qəzəbləndi, anidən məhkumun çənəsinə yumruq atdı. Bunu görən müavini Ramiz ard-ardınca məhkumun başına, boynuna sillələr çəkdi. Zərbələrə tab gətirməyən məhkum səndirləyib yıxıldı. Rəis işçilərinə barmağı ilə işarə etdi:
 - Təpikləyin oğraşı.
 Himə bənd imiş yerə yıxılmış məhkumun üzərinə hər tərəfdən təpik yağışı başladı. Fərqinə baxmadan kim hardan gəldi vururdu. Vəziyyətinin ağırlaşdığını görən məhkum qorunmaq üçün üzüqoylu uzanıb başını və üzünü əlləri ilə örtdü. Təpiklərdən aldığı ağrılara dözür və səsini çıxartmırdı. Yalnız üzünü tutduğu əlinin barmaqları arasından onu döyənlərə sonsuz nifrətlə baxırdı.
 Bu arada qarışıqlıqda Qoca Asimə gizlicə təpindi:
 - Ə, niyə durmusan, vur da... İstəyirsən sonra səni ələ salıb gülsünlər?
 - Heç imkan verirlər ki, mən də vurum..
 Qoca düz deyir, - Asim fikirləşdi. Burada hamının hərəkətinə göz qoyulur. Zəif iştirakı sonra ona nöqsan hesab ediləcəkdi. Ona görə də, özünü irəli verib ürəyi istəməsə belə təpikləyənlərə qoşulub bir neçə təpik vurdu.
 - Bəsdi, - Əlipaşa zərbələri dayandırdı, - indi özüm onu tapdalayacağam.
 Döyülmə vaxtı səsini çıxartmayan məhkum yüz otuz kiloluq Əlipaşanın belində, çiyinlərində atılıb-düşməsindən inildədi, ağzından gələn qan beton döşəməni qırmızı ləkələrlə rənglədi.
 Qanı görən Asim məyus pıçıltıyla Qocadan soruşdu:
 - Qan döyüldüyü üçünmü gəldi?
 - Yox, bu deməkdir ki, vərəm canına yayılıb.
 Al qan parçaları Əlipaşanın qəzəbini bir az soyutdu, məhkumdan əl çəkdi. Nəzarətçilərin üstünə çığırdı:
 - Buna kömək edin, özünə gəlsin, qanını təmizləsin.
 Qonşu kamerada iki məhkum saxlanılırdı. Biri omonçu olmasa da, onunla dostluq etdiyinə görə, o, da dostu ilə birlikdə döyülürdü.
 - Binamus gədə, - Əlipaşa keçmiş omonçunun yaxasından tutub nəfəsini boğurdu, - şikayət yazmısan qəzetə, nə bilim hüquq müdafiəçisinə, kimlərə, eləmi?
 - Hə, yazmışam. Hələ prokurorluğa, təhlükəsizliyə də yazıb hüquqlarımı tələb edəcəyəm!
 - Ay bədbəxt, nə “prava kaçat edirsən”? Hansı hüquqdan danışırsan? Allahına şükür et ki, sənə yaşamağa imkan veririk, öldürmürük. Sən kimi qorxudursan, sənin şikayət edəcəyin təhlükəsizlik elə biz özümüzük də, hamımız ora üçün işləyirik də... Lap tutaq ki, yazdın, şikayətini göndərəcəklər üstümə, mən də deyəcəyəm ki, hamısı yalandı. Yazdığını necə sübut edəcəksən, ay yazıq. Kimə güvənirsən? Sənin inandığın o hüquq müdafiəçilərini kabinetimdə “səsini alıb” yola salacağam. Ala bilmədiyim üçün də deyəcəyəm ki, siyasi məqsədlə böhtan atır. Qandın?
 Məhkum rəisin sözləri ilə barışmaq istəmədi:
 - Xeyr, belə çıxır dünyada haqq-ədalət olmayacaq, belə gəlib, belə də gedəcək. Düzmü deyirəm?
 Əlipaşa müavini Ramizə tərəf dönüb dedi:
 - Düz deyir, gəl ki, məni qanmadı, qandırın başa düşsün. Presləyin!
 Ramiz məhkuma danışmağa imkan vermədi, başını, sinəsini yumruqladı. Qalan işçilər də hər iki məhkumu dövrəyə alıb kameranın yerinə halsız sərilənədək sillələyib təpiklədilər.
 Bu qayda ilə daha bir neçə kamerada Əlipaşanın təbirincə profilaktik tədbir aparıldı. Nəhayət, özü də yoruldu:
 - Bu günlük kifayətdi, əməliyyatımız başa çatdı. Axşam yoxlamasına hazırlaşmalıyıq.
 O, əməkdaşları başına yığıb cərimə təcridxanasından çıxanda Asimə söz atdı:
 - Hə, jurnalis, xoşuna gəldi presləmə? Amma bunları hələ yazma...
 Adəti üzrə isə başqa vaxtlarda - işçilərlə keçirdiyi bəzi tədbirlərdə kefi saz olarkən belə deyərdi:”Jurnalis bunları yazarsan.”
 - Sənin jurnalisin əməlli təpik vurmağı da bilmir, - Ramiz əlavə etdi, - gördün də atdığı təpikləri...
 - Fağır hardan bilsin, gərək adam döyməyi görüb götürsün ki, bilsin. Heç o biri dəstə rəisləri də fəal deyildilər, ürəklə vurmurdular. Bayram düz deyir, onları gələn dəfə sıralarımıza qatmayacağam, rejimlə əməliyyatçılar bəsdi. Dəstə rəisləri getsinlər xasiyyətnamə yazmağı öyrənsinlər.
                                                     ***
 Axşam Qoca ilə birgə işdən çıxanda Asim müəssisənin darvazasının qarşısında “Təcili yardım” maşınını gördü.
 - Kimin üçün çağırıblar, bilmirsən, - Asim soruşdu.
 -Preslənənlərdən birinin vəziyyəti ağırlaşıb. Rəis çağırıb ki, birdən ölər, aparsınlar xəstəxanada ölsün, burada yox.
 Bu an ötən iclasda Əlipaşanın dediyi cümlə Asimin qulaqlarında səsləndi;”Əsas odu ki, məhkum qaça bilməsin, ölməyindən eybi yoxdu, cinayətkar azalar”...
 
1995 (2019)
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)