Edebiyyat.az » Proza » Georq Vilhelm Fridrix Hegel - Məntiqin və onun bölgüsünün müyyənləşdirilməsinin davamı

Georq Vilhelm Fridrix Hegel - Məntiqin və onun bölgüsünün müyyənləşdirilməsinin davamı

Georq Vilhelm Fridrix Hegel - Məntiqin və onun bölgüsünün müyyənləşdirilməsinin davamı
Proza
nemət
Müəllif:
17:23, 08 fevral 2019
2 517
0
Georq Vilhelm Fridrix Hegel - Məntiqin və onun bölgüsünün müyyənləşdirilməsinin davamı
   Məntiqinin formasına görə üç tərəfi vardır: a) absrakt və ya empirik-əqli; b) dialektik və ya əqliinkarı; c) spekulyativ və ya əqli-təsdiqi.
Bu tərəflər məntiqin bir-birindən ayrı tərkib hissələri olmayıb hər bir məntiqi reallığın, yəni hər bir anlayışın yaxud, ümumiyyətlə, bütün həqiqinin momentləridir. Onların üçünü də idraki momentə daxil etmək olar və bunun sayəsində hər birini ayrılıqda saxlamaq olar, ancaq bu halda onları həqiqi gözdən keçirmək olmaz. Məntiqinin tərifinə, eləcə də məntiqin bölünməsinə aid burada irəli sürülən göstərişlər də yalnız öncədən sezilmə və tarixidir.
 
   Təfəkkür dərrakə kimi hərəkətsiz müəyyənlikdən və bunun digər müəyyənliklərdən fərqindən irəli
getmir; belə məhdud abstraksiyanı dərrakə kimi götürən təfəkkür müstəqilliyə malik təfəkkür sayılmır.
Əlavə. Söz, ümumiyyətlə, təfəkkürdən və ya daha dəqiq deyilərsə, anlayışlarda dərkdən getdikdə çox
vaxt yalnız idrak fəaliyyəti nəzərdə tutulur. Amma təfəkkür bilavasitə dərk edən təfəkkür olsa da, dərrakə
üzərində dayanmır və artıq anlayış idrakın tərifi deyildir. İdrakın, düşüncənin fəaliyyəti, ümumiyyətlə məzmuna
ümumilik forması verməkdən ibarətdir; doğrudur, düşüncənin nəzərdə tutduğu ümumi xüsusiyə əkslik kimi
qeyd olunan və bu səbəbdən özü də xüsusi olan abstrakt ümumidir. Empirik-əqli düşüncə, təfəkkür özünün
predmetinə münasibətdə bölücü və abstraksiyalaşdırıcı fəaliyyət göstərdiyindən diqqəti bütünlüklə konkretə
yönələn və onun üzərində dayanan bilavasitə seyrə və duyğuya əksdir.
Adətən, ümumiyyətlə, təfəkkürə qarşı irəli sürülən və tez-tez təkrar olunan iradlar düşüncə və
duyğular arasında əksliyə aiddir. Bu iradlar hər dəfə ondan ibarət olur ki, təfəkkür amansız və birtərəflidir və o,
özünün ardıcıllığında məhvedici sonuclara aparıb çıxarır. Bu iradlar məzmun etibari ilə haqlı olduğundan onları
irəli sürənlərə hər şeydən öncə cavab verilməlidir ki, onların irəli sürdüyü iradlar, ümumiyyətlə, təfəkkürə, daha
dəqiq deyilərsə, düşünən təfəkkürə deyil, yalnız abstrakt təfəkkürə toxunur. Bu da əlavə edilməlidir ki, biz, ilk
öncə xalis abstrakt təfəkkürün hüququnu və xidmətini etiraf etməliyik; bu hüquq və xidmət ondan ibarətdir ki,
həm nəzəri sahədə, həm də praktiki sahədə düşüncənin yardımı olmadan heç bir davamlılıq və müəyyənlik
mümkün deyil. İdrak prosesində isə mövcud predmetlərin bir-birindən fərqləri dərk edilir; belə ki, məsələn,
təbiəti öyrənərkən maddələr, güclər, növlər və i. a. fərqləndirilir və ayrı-ayrılıqda qeyd olunur. Təfəkkür bu
zaman dərrakə kimi hərəkət edir və onun fəaliyyət prinsipi burada eyniyyətdən, özü də sadə münasibətdən
ibarətdir. Bu eyniyyət idrak prosesində əsas etibari ilə bir tərifdən digərinə keçidi şərtləndirir. Belə ki,
riyaziyyatda kəmiyyət fikrin sonrakı hərəkətini şərtləndirən tərifdir. Həndəsədə bu təriflə fiqurlar bir-biri ilə
müqayisə edilir və onların oxşar cəhətləri ayırd edilir. Eləcə də idrakın başqa sahələrində, məsələn
yurisprudensiyada fikrin hərəkəti hər şeydən öncə eyniyyətlə müəyyənləşir. Burada bir tərifdən daşqa tərif
çıxarılır, belə ki, əqlinəticə fikrin eyniyyət prinsipi üzrə hərəkətindən başqa bir şey deyil.
Təkcə nəzəri sahədə deyil, praktiki sahədə də idraksız keçinmək olmaz. Hərəkət etmək üçün başlıca
olaraq xarakter tələb olunur, xarakterli insan isə mühakiməli, dərrakəli insandır, müəyyən məqsədi vardır və onu
qətiyyətlə izləyir. Böyük şey əldə etmək istəyən şəxs Hötenin söylədiyi kimi, özünü məhdudlaşdırmağı
bacarmalıdır. Əksinə, hər şey istəyən kəs əslində heç nə istəmir və heç nəyə nail ola bilməz. Dünyada maraqlı
şeylər çoxdur: ispan poeziyası, kimya, politika, musiqi; bütün bunlar olduqca maraqlıdır və bunlarla maraqlanan
insana qarşı heç nə demək olmaz, lakin müəyyən bir şey yaratmaq üçün bu fərd hazırkı şəraitdə bir şeydən
yapışmalı və gücünü dəyişik yönlərə səpələməməlidir. Eləcə də hər bir peşə tələb edir ki, onunla ağıllı,
düşüncəli məşğul olunsun; belə ki, məsələn, hakim qanuna söykənməli və qanundan çıxış edərək qərar qəbul
etməlidir – qərəzsiz mühakimə yürütməlidir.
Sonra, empirik-əqli dərrakə təhsilin önəmli momentidir. Savadlı insan dumanlı, qeyri-müəyyənliklə
yetinmir, predmetləri dəqiq müəyyənliklərində tutur; savadsız insan isə, əksinə, inamsızlıqla ora-bura çabalayır
və belə insanla nədən söz getdiyini aydınlaşdırmaq üçün və onu müəyyən bir məqam üstündə durmağa məcbur
etmək üçün çox əmək sərf etmək lazım gəlir.
Sonra, bundan öncə aydınlaşdırdığımıza görə, ümumiyyətlə, məntiqini təkcə subyektiv fəaliyyət
anlamında deyil, bütövlükdə ümumi kimi, deməli, həm də obyektiv kimi başa düşmək lazımdır və bu,
düşüncəyə – məntiqinin bu birinci formasına da aiddir. Odur ki, abstrakt-əqli düşüncəyə, ağıla, dərrakəyə ilahi
nemət kimi baxmaq lazımdır, çünki ilahi nemət adı altında sonlu şeylərin mövcudluğu və onların davamlı
varlığa malik olması başa düşülür. Belə ki, məsələn, təbiətdəki ilahi nemət, bərəkət kimi o dərk edilir ki,
çoxsaylı heyvan sinifləri və növləri öz varlıqlarını saxlayıb inkişaf etmək üçün lazım olan hər şeylə təmin
edilmişlər. İnsanın, fərdlərin və bütöv xalqların həyatı da bu cürdür, yəni onların varlığı və inkişafı üçün lazım
olan hər şeyi qismən bilavasitə (məsələn, iqlimi, torpağın xassələri və məhsulları və s.) tapırlar, qismən də
qabiliyyət, istedad və s. halında malik olurlar. Bu cür başa düşülən düşüncə, ağıl da maddi dünyanın bütün
sahələrində iştirak edir və maddi predmetin mükəmməlliyi düşüncənin, ağılın prinsipinin predmetdə öz qanuni
yerini tutmasını nəzərdə tutur. Məsələn, dövlət əgər zümrələrin, onarın məşğuliyyətlərinin fərqini bilmirsə, əgər
öz anlayışına görə bir-birindən fərqlənən politik və inzibati funksiyalar inkişaf etmiş heyvan orqanizmində
müxtəlif duyğu, hərəkət, həzm və s. funksiyaların inkişafına oxşar olaraq ayrıca orqanlar kimi hələ inkişaf
etməyibsə, onda o dövlət mükəmməl deyildir. Bundan öncəki anlatmamızdan sonra o çıxır ki, fəaliyyətin adi
təsəvvürə görə, guya düşüncədən, idrakdan çox uzaq olan bu sahələrində və sferalarında da düşüncə iştirak
etməlidir və onun iştirak etməməsi nöqsan sayılmalıdır. Bu, özəlliklə incəsənətə, dinə və fəlsəfəyə münasibətdə
doğrudur. Belə ki, məsələn, incəsənətdə düşüncə özünü onda göstərir ki, gözəlliyin öz anlayışına görə dəyişik
formaları bu dəyişikliyi, fərqləri ilə qeyd və təsvir olunurlar. Bu, ayrı-ayrı incəsənət əsərlərinə də aiddir. Dram
əsərinin gözəl və bitmiş olması üçün zəruridir ki, ayrı-ayrı personajlar, şəxslər saflıqda və öz müəyyənliyində
inkişaf etdirilsin, yəni ətrafında hərəkətlərin cərəyan etdiyi dəyişik məqsədlər və maraqlar aydın və dəqiq təsvir
edilsin. Din sahəsinə gəlincə məzmunda və anlamada fərqlərin olmasından asılı olmayaraq, yunan
mifologiyasının quzey (şimal) mifologiyasından üstünlüyü həm də ondadır ki, yunan mifologiyasında tanrıların
ayrı-ayrı obrazları tam plastik müəyyənliyində işlənmişdir, halbuki quzey mifologiyasında bu obrazlar
bulanıqdır və qeyri-müəyənlik dumanına bürünmüşdür. Nəhayət, fəlsəfənin də düşüncəsiz, idraksız keçinə
bilməməsi yuxarıda bu deyilənlərdən sonra ayrıca anlatma tələb etmir. Filosoflardan ilk öncə tələb olunur ki, hər
bir fikir bütün ciddiliyi ilə düşünülsün və biz onu bulanıq və qeyri-müəyyən saxlamayaq.
Amma, adətən, belə də deyirlər ki, idrak, düşüncə çox uzağa getməməldir və bu doğrudur, çünki fikri
təriflər, əlbəttə, son nəticələr deyillər, sonludurlar, daha dəqiq deyilərsə, o təriflərin xarakteri elədir ki, son
həddə çatdırıldıqda öz əksliyinə çevrilirlər; gənclik abstraksiyalarda yanıla və dolaşa bilər, ancaq həyat
təcrübəsilə bişmiş insan abstrakt və ya-və ya halına uymur və konkretdən yapışır.

3) Dialektik moment belə sonlu təriflərlə bərtərəfləşmə və onların öz əksliklərinə keçməsidir.
Qeyd. 1) Özü üçün götürülən dialektika düşüncədən, dərrakədən ayrılıqda, özəlliklə elmi anlayışlarda
skeptisizm kimi çıxış edir və skeptisizmdə dilektikanın nəticəsi boş inkardan ibarət olur. 2) dialektikaya adətən
müəyyən anlayışlara zorakılıqla dolaşıqlıq salan və onlarda yalnız ziddiyyət görüntüsü yaradan dışarı məharət
kimi baxılır. Bunun sayəsində bu təriflər deyil, göstərilən görüntü önəmsiz sayılır və dərrakəli, əqli sayılan
həqiqi olur. Çox vaxt dialektika da əslində iti mülahizələr arxasında gizlənən məzmunsuz və boş sübutlar,
təkziblər – mühakimələr irəli sürən subyektiv oyundan başqa bir şey olmur. Lakin özünün əsl müəyyənliyində
isə dialektika düşüncənin, şeylərin və ümumiyyətlə sonlunun təriflərinin həqiqi təbiətidir. Refleksiya hər şeydən
öncə fikrin təcrid olunmuş müəyyənlik çərçivəsindən kənara çıxan və onu başqa müəyyənliklərlə münasibətə
gətirərək bir-biri ilə bağlayan hərəkətidir, həm də bu hərəkətdə müəyyənliklər arasında bağlılıq yaransa da onlar
özlərinin əvvəlki anlamlarını saxlayırlar. Dialektika isə əksinə, bir tərifin başqa tərifə immanent keçididir. Bu
keçiddə aydın olur ki, düşüncənin tərifləri birtərəfli və məhduddurlar, başqa sözlə, özlərində özlərinin inkarı
vardır. Sonlunun bütün mahiyyəti özünün özünü aradan qaldırmasındadır. Deməli, dialektika fikrin hər cür elmi
inkişafının hərəkətli, canlı ruhudur və elmin məzmununa sonlu üzərində zahiri deyil, həqiqi yüksəlişdən ibarət
immanent bağlılıq və zərurət daxil edən tək prinsipdir.
1-ci əlavə. Biz özümüzə yüksək səviyyədə aydınlaşdırmalıyıq ki, dialektikanı necə dərk etmək və
anlamaq lazımdır. O, ümumiyyətlə, hər bir hərəkətin, hər cür həyatın və gerçəklikdəki hər bir fəaliyyətin
prinsipidir. Dialektika, habelə hər bir həqiqi elmi idrakın canıdır, ruhudur. Bizim adi şüurumuz düşüncənin,
idrakın abstrakt tərifləri üzərində dayanmamalıdır deyimi (özün yaşa, başqalarına da yaşamaq imkanı ver – el
misalı kimi) ədalətlidir və biz onların hər ikisini qəbul edirik. Lakin daha ciddi baxış göstərir ki, sonlu təkcə
kənardan məhdudlaşdırılmayıb, həm də öz təbiəti sayəsində aradan qaldırılır və öz əksliyinə keçir. Məsələn,
deyirlər: "insan öləndir" və ölümün səbəbinə dışarı şəraitdə olan bir şey kimi baxırlar; bu baxış üsuluna görə
insanın bir-birindən ayrı iki özəlliyi var: canlılıq və ölümlülük. Amma həqiqət ondan ibarətdir ki, həyatın
özündə ölümün rüşeymi vardır və ümumiyyətlə sonlu ziddiyyətlidir və bu səbəbdən özü özünü aradan qaldırır.
Sonra, dialektikanı sofistika ilə qarışdırmaq olmaz, çünki sofistikanın mahiyyəti birtərəfli və ayrı-ayrılıqda
götürdüyü abstrakt təriflərdən istifadə etməkdən ibarətdir və o, belə təriflərdən istifadə edərkən hər bir anda
fərdin marağına uyğun gələnlərini seçir və sofizmin indi düşdüyü durum bununla izah olunur. Belə ki, məsələn,
praktik yöndən mühüm olan mənim varlığım və bunun üçün vasitələrə malik olmağımdır. Amma mən əgər işin
bu tərəfini, mənim rifahımın bu prinsipini önə çəkirəmsə və nəticə çıxarıram ki, mənim oğurlamağa, Vətənə
xəyanət etməyə, hər cür rəzilliyə haqqım vardır, onda bu, sofizmdir. Bunun kimi mənim subyektiv azadlığım o
anlamda mənim hərəkətlərimin önəmli prinsipidir ki, mən öz ağlıma və əminliyimə uyğun hərəkət etməliyəm.
Lakin əgər mən yalnız bu prinsiplərə söykənirəmsə, bu da sofistikadır və bununla mən bütün mənəvi prinsipləri
kənara atmış oluram. Dialektika belə fəaliyyət tərzindən önəmli dərəcədə fərqlənir, çünki dialektikanın məqsədi
şeylərin özündə və özü üçün, yəni onların öz təbiətini gözdən keçirmək və bu zaman düşüncənin birtərəfli
təriflərinin sonluluğunu açmaqdan ibarətdir. Ancaq dialektika fəlsəfədə yeni bir şey deyil. Keçmiş müdriklər
arasında dialektikanın özülçüsü kimi Platonun adı çəkilir və bu tamamilə doğrudur, çünki Platonun fəlsəfəsində
dialektika ilk dəfə sərbəst elm, deməli, obyektiv formada qarşıya çıxır. Sokratda onun fəlsəfəçiliyinin ümumi
xarakterinə uyğun olaraq dialektika hələ əsasən subyektiv formada, yəni ironiya formasındadır. Sokrat öz
dialektikasını, birincisi, ümumiyyətlə adi şüura qarşı, ikincisi daha çox sofistlərə qarşı yönəltmişdir. Öz
söhbətlərində Sokrat görüntü yaratmaq istəyir ki, o, sözü gedən predmet barəsində dəqiq bilgilənmək istəyir; bu
məqsədlə o, cürbəcür suallar qoyur və bu yolla öz müsahiblərini öncə düzgün saydıqları müddəalara əks olan
müddəalara aparıb çıxarır. Məsələn, əgər sofistlər özlərini müəllimlər adlandırırdılarsa, Sokrat bir sıra sualların
yardımı ilə sofist Protaqoru hər bir təlimin yalnız xatırlatma olduğunu etiraf etməyə məcbur edir. Platon
sonradan özünün ciddi elmi dialoqlarında dialektik mühakimə vasitəsilə düşüncənin, idrakın bütün digər
təriflərinin sonlu xarakterini göstərdi. Belə ki, məsələn, "Parmenid" adlı dialoqunda o, çoxu təkdən hasil edir və
buna baxmayaraq göstərir ki, çox yalnız ona görə çoxdur ki, o özünü tək kimi müəyyənləşdirir. Platon böyük
ustalıqla dialektikadan istifadə etmişdir. Ən yeni dövrdə Kant yenidən dialektikanı yada salmış və yuxarıda
xatırlatdığımız zəkanın antinomiyasını gətirməklə dialektikaya layiq olduğu yeri ayırmışdır. Bu antinomiyalarda
dəyişik əsaslar arasında tərəddüddən, mühakimənin boş subyektivliyindən söz getmir, məqsəd düşüncənin,
idrakın özü özünü anladığı kimi götürülən abstrakt tərifinin öz əksliyinə bilavasitə keçiməsini göstərməkdən
ibarətdir. Düşüncənin dialektikaya müqaviməti nə qədər inadlı olsa da hər halda dialektikanı yalnız fəlsəfi şüura
məxsus saymaq olmaz, çünki dialektikada nədən söz gedirsə, onu biz habelə adi şüurda da və ümumi təcrübədə
də tapırıq. Bizim əhatəmizə dialektikanın nümunəsi kimi baxıla bilər. Biz bilirik ki, hər şey sonludur, bununla
belə davamlı və qəti olmaq üçün isə əksinə, şeylər dəyişkən və keçicidir, bu isə sonlunun bialektikasından başqa
bir şey deyil və bunun sayəsində sonlu özündə özünün başqası olmaqla bilavasitə olanın çərçivəsindən kənara
çıxır və öz əksliyinə çevrilir. Əgər yuxarıda biz söylədik ki, empirik-əqli düşüncə, idrak, ağıl allah neməti, mərhəməti haqqında təsəvvür
kimi gözdən keçirilməlidir, indi bunu dialektika haqqında da söyləməliyik ki, onun prinsipi allahın böyüklüyü
haqqında təsəvvürə uyğun gəlir. Biz deyirik ki, bütün şeylər (yəni bütün sonlu şeylər) onun divanı qarşısındadır
və deməli, biz dialektikada aradanqaldırılmaz bir hökmranlıq görürük və onun qarşısında nə qədər davamlı və
təminatlı olur olsun, heç nə dura bilməz. Böyüklük tərifi, əlbəttə, ilahi mahiyyətin, allah anlayışının dərinliyini
tükətmir, ancaq böyüklük təsəvvürü hər bir dini şüurun, şübhəsiz, önəmli momentidir.
Sonra, dialektikanın gücü təbii və ruhi aləmin hər bir ayrıca sahəsində vardır. Məsələn, o, göy
cisimlərinin hərəkətində özünü göstərir. Hazırda planet müəyyən bir yerdədir, ancaq onun "özündəliyi" onun
həm də başqa yerdə olmasındadır və o özünün bu özgəvarlığını hərəkəti ilə gerçəkləşdirir. Təbii mühit də
dialektikdir, metereoloji proseslər də onların dialektikasının görüntüsüdür. Dialektika prinsipi bütün başqa təbii
proseslərin özülündədir və o, təbiəti öz üzərində, öz təməlində yüksəlməyə yol açır. Dialektikanın mənəvi
aləmdə, özəlliklə də hüquq və mənəviyyat sahələrində dərkinə gəlincə yalnız yada salmaq lazımdır ki, ümumi
təcrübənin göstərdiyi kimi özünün yüksək nöqtəsində hər bir hal yaxud hərəkət özünün əksliyinə keçir; bu
dialektika bir çox el sözlərində də etiraf olunur: summun jus summa injuria.54 Bu göstərir ki, ifrat həddə
çatdırılmış abstrakt hüquq ədalətsizliyə çevrilir. Eləcə də bəllidir ki, ifrat kədər və ifrat sevinc bir-birinə çevrilir;
sevinclə dolmuş ürək özünü göz yaşı ilə yüngülləşdirir, dərin kədər isə bəzən təbəssümlə təzahür edir.
2-ci əlavə. Biz skeptisizmə hər şeyə şübhələnən təlim kimi baxmamalıyıq; əksinə, skeptisizm özünün
bütün müddəalarına, yəni bütün sonlunun miskinliyinə, heçliyinə tam əmindir. Şübhə edən öz şübhələrinin həll
olunacağına hələ ümidini itirmir və üzərində tərəddüd etdiyi təriflərdən birinin sarsılmaz həqiqət olacağına
inanır. Skeptisizm isə özünün həqiqi anlamında düşüncənin sarsılmaz saydığı bütün bəlli müddəalara
münasibətdə tam ümidsizlikdən və bu möhkəm əminliyin sonucu olaraq yaranan ovqat sarsılmazlıq və ruhi
rahatlıq ovqatıdır. Bizim başlıca olaraq Sekst Empirikin şərhində tapdığımız və stoiklərin və epikurçuların
doqmatik sistemlərinə əlavə kimi sonrakı roma epoxasında inkişaf etdirilən yüksək antik skeptisizm bax belədir.
Bu yüksək skeptisizmlə yuxarıda xatırlanan, qismən Kant fəlsəfəsinə qədər mövcud olmuş, qismən də Kant fəlsəfəsindən irəli gəlmiş yeni
skeptisizmi qarışdırmaq olmaz; yeni skeptisizm yalnız fövqəlhissinin həqiqiliyinin və düzgünlüyünün
inkarından ibarətdir; bu skeptisizm göstərir ki, biz yalnız hissi olandan və duyğuda bilavasitə olandan
yapışmalıyıq.
Amma əgər indi də skeptisizmə çox vaxt ümumiyyətlə hər bir müsbət biliyin, habelə fəlsəfənin
aradan qaldırılmaz düşməni kimi baxılırsa və fəlsəfə müsbət idrakla məşğul olduğundan skeptisizm haqqında
demək lazımdır ki, o yalnız sonlu, abstrakt-əqli təfəkkür üçün qorxuludur və yalnız bu sonuncu skeptisizmin
qarşısında dura bilməz; fəlsəfə isə əksinə, özündə skeptisizmi bir moment kimi, yəni dialektik moment kimi
saxlayır. Ancaq fəlsəfə skeptisizmdə olduğu kimi dialektikanın boş inkari sonucu üzərində dayanmır.
Skeptisizm inkarın sonucunu yalnız boş, yəni abstrakt inkar kimi götürməklə onu yanlış anlayır, çünki
dialektikanın sonucu kimi alınan inkar ona görə sonucdur ki, o, eyni zamanda müsbətdir, belə ki, bu sonuc onu
törədəni özündə bərtərəfləşdirir və onsuz mövcud olmur. Amma bu, artıq məntiqinin üçüncü, spekulyativ yaxud
müsbət-əqli formasının tərifinin əsasında durur.

4) Məntiqin spekulyativ və ya təsdiqi-əqli ağlabatan tərəfi tərifləri onların əksliklərində, bu
əksliklərin həlində, bir-birinə keçidlərində və bu keçidlərdə olan təsdiq momentlərində dərk edir.
Qeyd. 1) Dialektika müəyyən məzmuna malik olduğundan müsbət sonuca gətirir, belə ki, onun
sonucu gerçəkdən boş, abstrakt bir şey olmayıb sonucda olan bəlli təriflərin inkarıdır, bu təriflər isə bilavasitə
heçlik deyil, sonucdur. 2) bu əqlinəticə fikri, həm də abstrakt fikri olsa da konkretdir, çünki o, sadə, formal
vəhdətdən ibarət olmayıb dəyişik (müxtəlif) təriflərin vəhdətidir. Fəlsəfəyə ümumiyyətlə boş, məzmunsuz
abstraksiyalar və ya formal fikirlər gərək deyil, o, yalnız konkret fikirlərlə məşğul olur. 3) Spekulyativ məntiqdə
xalis empirik-əqli, fikri məntiq vardır və birincini dərhal ikinciyə (spekulyativ məntiqi xalis əqli məntiqə – A.
T.) çevirmək olar; bunun üçün spekulyativ məntiqdən dialektik momenti atmaq yetər ki, o, adi məntiqə – fikrin
əslində sonlu olub sonsuz sayılan dəyişik tərifləri tarixinə çevrilsin.
Əlavə. Dialektika öz məzmununa görə fəlsəfənin mülkiyyəti olaraq daha çox təhsilinin və mənəvi
inkişafının səviyyəsindən asılı olmayaraq bütün insanlar üçündür; bu anlamda qədim insanı haqlı olaraq
düşüncəli varlıq (homo sapiens nəzərdə tutulur – A. T.) adlandırmışlar. Düşünən varlığın ilkin ümumi idrakı
empirik idrak olmuşdur; idrakın bu empirik üsulu əvvəlcə sübutsuz inanc, qənaət və ilkin şərt yaxud
müqəddimədən ibarət idi, düşüncənin fərqləndirici özəlliyi isə yuxarıda verdiyimiz izaha görə onun şərtsiz, müqəddiməsiz olmasından və deməli, özünün müəyyənliyinin özündə olmasından ibarətdir. Bu anlamda insan hər şeydən öncə əqli olanı bilir, allahı bilir və
allahı bütünlüklə özü-özündə müyyənləşən varlıq bilir. Eləcə də bunun kimi vətəndaşın öz Vətəni və onun
qanunları haqda biliyi əqli, düşünülən haqqında bilikdir, çünki vətəndaş bu qanunları özünün fərdi iradəsini tabe
etməli olan şərtsiz və ümumi bir şey kimi bilir və bu anlamda artıq uşağın da biliyi və istəyi düşüncəlidir, çünki
o, valideynlərinin iradəsini bilir və onu istəyir.
Sonra, göstərilməlidir ki, spekulyativ ümumiyyətlə ağlabatandan (yəni təsdiqi, müsbət əqldən) başqa
bir şey deyil, çünki o, düşünülür. Gündəlik həyatda "spekulyasiya" çox dumanlı və eyni zamanda ikinci
anlamında işlədilir; məsələn, ticarət və kəbin spekulyasiyası haqqında danışılanda birtərəfdən bu müəssisələrdə
bilavasitə mövcud olanın çərçivəsindən kənara çıxanı və digər tərəfdən də – hələ yalnız subyektiv olan, ancaq
olduğu kimi qalmayıb reallaşdırılmalı və subyektiv sahədə yerləşdirilməli olan məzmun nəzərdə tutulur.
"İdeya" sözünün işlədilməsilə bağlı yuxarıda söylədiklərimizi "Spekulyasiya" sözünün bu adi
anlamda işlədilməsi barəsində də söyləmək olar; buna onu da əlavə etməliyik ki, özünü yetərincə savadlı sayan
insanlar çox vaxt spekulyasiya haqqında yalnız müəyyən anlamda – yalnız subyektiv anlamda danışırlar. Təbii
və ya mənəvi durum və münasibətlərin xalis subyektiv anlayışı bu insanların fikrincə gözəl və düzgün ola bilər,
amma təcrübə bu cür anlama ilə razılaşmır və onun gerçəkliyə tətbiq edilməsinə yol verilməməlidir. Bu fikrə
qarşı deməliyik ki, özünün həqiqi anlamına görə spekulyativ amma nə ilkin, nə də son tərifində subyektiv bir
şey olmayıb, əksinə, düşüncənin, idrakın gəlib çatdığı və bundan o yana getmədiyi əkslikləri (deməli, həm də
subyektiv və obyektiv arasındakı əksliyi) bərtərəfləşmiş halda özündə saxlayır və elə bununla da özünü konkret
kimi, totallıq kimi aşkar edir. Odur ki, spekulyativ məzmun həm də birtərəfli cümlədə ifadə oluna bilməz. Əgər
biz, məsələn, deyirik ki, mütləq subyektivin və obyektivin vəhdətidir, bu, doğru olsa da birtərəflidir, çünki
burada yalnız vəhdət ifadə olunmuşdur və vurğu bu sözün üzərinə qoyulur, halbuki əslində subyektiv və
obyektiv yalnız eyni deyil, həm də fərqlidirlər.
Spekulyativ təfəkkürlə bağlı biz onu da deməliyik ki, bu söz altında əsasən dini şüurla ilgili
deyilənlər bu şüurun məzmunu kimi onun da mistik məzmunlu olduğu başa düşülməlidir. Bizim zamanımızda
mistikadan danışarkən, adəti üzrə bu söz sirli və qaranlıq anlam daşıyan söz kimi işlədilir və aldığı savad və
düşüncə tərzindən asılı olaraq bəziləri bu sirliliyə və qaranlığa əsl və həqiqi bir şey kimi baxır, başqaları isə
onda xurafat və yalan görür. Biz, hər şeydən öncə göstərməliyik ki, mistik, şübhəsiz, sirli bir şeydir, ancaq o,
yalnız idrak üçün sirlidir, sadəcə ona görə ki, idrakın prinsipi abstrakt eyniyyətdir, mistik olanın (spekulyativ
təfəkkürün sinonimi kimi) prinsipi isə idrakın yalnız ayrı-ayrılıqda və bir-birinə əkslikdə həqiqi kimi qəbul
etdikləri təriflərin konkret vəhdətidir. Əlavə edək ki, mistik olanı həqiqi bilik sayanlar hər halda yenə də o rəydə
qalırlar ki, mistik bütövlükdə sirli bir şeydir və bununla onlar özlərinin fikrincə aşkar etmiş olurlar ki, təfəkkür
də yalnız eyniyyətin abstrakt ehtimalıdır, deməli, həqiqəti əldə etmək üçün təfəkkürdən imtina olunmalıdır,
yaxud tez-tez deyildiyi kimi, düşüncəni məhdudlaşdırmaq lazımdır. Amma gördüyümüz kimi, abstrakt düşünən
təfəkkür möhkəm və qəti bir şey olmaqdan çox özünü daim aradan qaldıran və öz əksliyinə keçən bir şey kimi
aşkar edilir, düşünən təfəkkür isə ondan ibarətdir ki, əksliklər orada ideal momentlər kimi öz yerini tapır.
Deməli, bütün düşünüləni, ağlabatanı biz, həm də mistik adlandırmalıyıq və bu zaman düşünməliyik ki,
ağlabatan düşüncədən kənara çıxan bir şeydir, ancaq heç də ona təfəkkür üçün əlçatmaz, dərkolunmaz bir şey
kimi baxmamalıyıq.
 Məntiq üç yerə bölünür:
I. Varlıq haqqında təlim.
II. Mahiyyət haqqında təlim.
III. Anlayış və ideya haqqında təlim.
Beləliklə, məntiq fikir haqqında:
I. Fikrin bilavasitəliyi – özündə anlayış haqqında təlimdir.
II. Onun refleksiyası və vasitəliliyi – anlayışın özü üçün varlığı və görüntüsü haqqında təlimdir.
III. Onun özünün özünə qayıdışı və inkişaf etmiş özündə varlığı – özündə və özü üçün55 anlayış
haqqında təlimdir.
Əlavə. Məntiqin burada göstərilən bölgüsü də təfəkkür haqqında yuxarıda aydınlaşdırılmış bütün
məlumatlar kimi yalnız öncəsezmə kimi gözdən keçirilməlidir və onun bəraətləndirilməsi və ya sübutu yalnız
fikrin özünün ətraflı araşdırılmasından alına bilər, çünki fəlsəfədə sübut predmetin özünün vasitəsilə özündən
özünü necə hasil etdiyini göstərməkdir. Fikrin və ya məntiqi ideyanın burada adları çəkilən üç başlıca
pillələrinin bir-birinə münasibətini, ümumiyyətlə belə başa düşmək lazımdır ki, yalnız anlayış həqiqətdir və
daha dəqiq desək, yalnız anlayış varlığın və mahiyyətin həqiqiliyidir və deməli, onların ayrı-ayrılaqda götürülən
müstəqilliyinə qeyri-həqiqi kimi baxılmalıdır; varlığa ona görə qeyri-həqiqi kimi baxılmalıdır ki, o bu halında
hələ yalnız bilavasitədir, mahiyyətə isə ona görə qeyri-həqiqi kimi baxılmalıdır ki, o, ayrılıqda götürülmüş
halında vasitəlidir. Birdən sual verilə bilər: əgər bu belədirsə, onda biz niyə qeyri-həqiqidən başlayırıq,
həqiqidən başlamırıq? Cavab budur ki, həqiqət özünü sübut etməlidir, bu sübut isə burada, məntiq çərçivəsində
ondan ibarətdir ki, anlayış özünü özündən özü ilə vasitələnən, deməli, bilavasitə həqiqi kimi göstərir. Məntiqi
ideyanın üç pilləsi arasında burada göstərilən münasibət konkret və real formada belə təzahür edir ki, həqiqət
olan allahı özünün bu həqiqətində, yəni mütləq ruh kimi biz yalnız ona görə dərk edirik ki, biz eyni zamanda
onun yaratdığı dünyanı qeyri-həqiqi sayırıq, təbiəti və allahdan fərqli olan sonlu ruhu qeyri-həqiqi sayırıq.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)