Edebiyyat.az » Proza » Fərid Muradzadə - Pəri (hekayə)

Fərid Muradzadə - Pəri (hekayə)

Fərid Muradzadə - Pəri (hekayə)
Proza
nemət
Müəllif:
11:34, 04 iyul 2019
1 745
0
Fərid Muradzadə - Pəri (hekayə)
 


 Uşaqlıqdan bir yerdə böyümüşdük. Eyni ildə məktəbə getmiş, eyni sinifdə oxumuşduq. Mən əlaçı idim deyə  bütün günümü oxumaqla keçirərdim. Biz ucqar bir dağ kəndində yaşayırdıq. Səfalı kəndimizin təbiəti kimi insanları da gözəl xarakterli, saf, mərd, mətin və vüqarlı idi. Bizim yerlərin qızları da çəmən çiçəkləri kimi təravətli, lətafətli, qənirsiz gözəl olardılar. Elə onun kimi. Pərinin yupyumru, güləndə xüsusi batığı olan ay kimi gözəl üzü, şabalıdı saçları, qonur gözləri, inci kimi dişləri xırda, qüsursuz burnu, zərif əlləri vardı. Hələ uşaqlıqdan sinfimizin ən gözəl qızı sayılırdı.
 Pəri ilə mən ibtidai sinifdə oxuyarkən 2 il bir parta arxasında oturmuşduq. Onun həm də olduqca gözəl xətti vardı. Tətil zamanı yazdıqlarımı ona verib yeni dəftərə köçürdərdim. Bunun müqabilində isə onun çətinlik çəkdiyi dərslərdə ona kömək edərdim, xüsusən də rus dilindən. Təzə dəftərlərimin ağappaq vərəqlərini muncuq kimi xətti ilə bəzəyərdi. Onun xəttinin vurğunu idim. Həyat öz axarı ilə davam edirdi. Qayğısız uşaqlıq illəri geridə qalırdı. 6-cı sinifdən etibarən Pərinin mənə zillənən suallarla dolu müəmmalı baxışlarından normal bir şey anlamasam da ürəyimdə nəsə xoş bir hiss olardı. 10-cu sinifdə oxuyanda artıq hamımız dəyişilmişdik. Mən idmanla da məşğul olduğum üçün digər sinif yoldaşlarımdan bir az da fərqli görünürdüm. Həm idman həm də fiziki işlə məşğul olduğumuz kənd həyatı xarici görünüşümdə kifayət qədər nəzərəçarpan dəyişikliklər yaratmışdı. Biçin zamanı kərənti çiynimdə dədə-baba biçənəyimizə  ot biçməyə gedərdim. Məlum, kənd yerində hər kəsin belə biçənəkləri vardı. Səhər günəş şüaları altında kərəntini sağa-sola hərlədikcə yanıb-qaralmış dərinin altında bərkiyib qayışa dönmüş gözəgəlimli  əzələlərimin hərəkəti özümə də çox xoş görünürdü. Oğrun-oğrun məni süzən qızların həsrətli baxışları etiraf edim ki mənə xüsusi bir zövq verirdi. Yay tətili yarıdan keçmişdi.  İmtahanları uğurla başa vurmuşdum.  Pəri məndən kitab istəmişdi. Kitabı da götürüb yolumu onlar tərəfdən saldım. Çox oxumuşdum deyə yorğun idim. Yorğunluğumu unutmaq üçün bir az hava almaq və ən əsası da onunla söhbət etmək istəyirdim. Sözləşdiyimiz vaxtda ora çatdım. Məni görən kimi aşağı endi. (evləri ikimərtəbəli idi, aşağı mərtəbədə yalnız qış aylarında yaşayırdılar.)
 Bir az ordan-burdan söhbət etdik. Hiss edirdik ki hər ikimizin bir-birimizə deyəcəyimiz var, lakin deməli olduğumuzu dilə gətirə bilmirdik. Bir az da ordan-burdan söhbət etdik. (sinif yoldaşı olduğumuz və ailələrimiz arasında həm qohumluq ,həm də səmimiyyət olduğu üçün bizim danışığımızda bir problem yox idi) Anası eyvana çıxıb - a bala, orada niyə durmusan? Çıx yuxarı. Ay qız, sən niyə uşağı orda saxlamısan - dedi. Umud əmi də evdədir, çıxın yuxarı.  Çar-naçar əmiyə salam söyləyin, gedirəm deyib onunla sağollaşdım. Fikirlərim qarışmışdı. Niyə biz bir-birimizi görəndə belə hallara düşürük? Nə üçün artıq onu görməyəndə darıxıram? Olmaya biz .... olmaya biz aşiq olmuşuq? İlahi... Axı biz ilk növbədə təhsil almalıyıq. Artıq gələn il instituta imtahan verməliyik. Yox ,belə mənim fikirlərim dolaşacaq və  bu müəmmalı eşq oyunu məni imtahanlardan soyudacaq.  Yaxşısı budur ki ,Pəri ilə görüşüb buna bir izahat gətirək. Əgər onun da qəlbindəki sevgidirsə (artıq bunun eşq olduğunu dəqiq hiss etmişdim) öz aramızda bir əhd-peyman bağlayaq. Beləcə düşüncələr içərisində evə çatdım. Bir az televizora baxdım, bir az kitab oxudum amma fikrimi dağıda bilmədim və qəti olaraq qərarlaşdırdım ki sabah onunla bu barədə dəqiq  söhbət edim. Səhər atamın səsinə yuxudan ayıldım. Unutmuşdum ki bu gün atamla rayon mərkəzinə getməliyik. 
Alınacaqlar vardı . Həm də atam rayon partiya komitəsində çalışan  bəzi dostları ilə görüşəcəkdi. Təxmini bilirdim ki onlar artıq Kommunist Partiyasından imtina etməyi planlaşdırırdılar. Avtobus meşə yolları ilə rayona sarı gedirdi. Səfalı dağ mənzərəsi adamı valeh edirdi. Əvvəl alınacaqları alıb atamın bir tanışının dükanında qoyub dostları ilə görüşə getdik. Bir-neçə nəfər idilər. İmperiyadan ,imperializmdən, azadlıqdan, müstəqillikdən pafosla danışırdılar. Nəhayət bunların odlu - alovlu ,,nitqləri" başa çatdı sağollaşıb geriyə qayıdırdıq.  Bircə kəndə tez çatsaydıq deyə düşünürdüm. Evə çatıb əyin-başımı dəyişdikdən sonra yenə bir kitab götürüb onlara tərəf yollandım. Cəvahir xala məni görən kimi tez dilləndi. Ay Xəzər,  bala gəl! Pəri dedi ki bu kitabı sənə verim deyərək mənə bir kitab verdi. Bəs Pəri özü haradadır? deyə biixtiyar soruşdum.
 Pərini əmisigil bir növ məcbur şəhərə apardılar. Son zamanlar çox dalğın olurdu ona görə əmisinin təklifinə atası da razı oldu. Dedik bəlkə uşaq çox yorğundur, bir az şəhərdə fikri dağılar. Elə bil başıma yayın cırhacırında bir qazan qaynar su tökdülər. Daha Cəvahir xalanın dediklərini eşitsəm də başa düşmürdüm. Sadəcə salamat qalın deyə bildim. Evə ölü kimi qayıtdım. Nə baş verdiyini tam dərk edə bilmirdim. Otağıma çəkilib düşüncələrə dalmışdım. Bərk susamışdım.  Çay gətirib dərs hazırladığım stolun üstünə qoyanda diqqətimi Cəvahir xalanın mənə verdiyi kitab cəlb etdi. Kitabı açıb vərəqləməyə başladım.Əlibala Hacızadənin,,İtkin gəlin" romanı idi. Təxminən 8-9 gün əvvəl Pəri istəmişdi. Orta səhifələrdən birinə tikilmiş kiçik bir vərəq diqqətimi çəkdi. ,,Xəzər, mən əmimgillə bərabər Bakıya-sənin adınla eyni olan dənizin sahilindəki şəhərə gedəsi oldum. Bağışla, sənə xəbər edə bilmədim. Doğrusu , heç getmək istəmirdim. Bir növ məcbur gedəsi oldum. Əmimgilin dəqiq ünvanını bilmirəm. Belə soruşa da bilmədim,eyib olardı. Xəzər, sənə deyəcək sözüm var, məni gözlə. Hələlik, ürəyim doludur, amma yaza  bilmirəm. 1 aydan sonra qayıdacağam. Özünə yaxşı bax.
 Məktub əlimdə dönüb qalmışdım. İztirabı günlər başlamışdı. Həm də qəlbimdə nəsə bir narahatçılıq vardı və bu gündən-günə artırdı. Özümdən asılı olmadan hər gün  boylana-boylana onlara sarı baxırdım. Zaman mənim üçün sanki yerimirdi. Avqust ayının ikinci ongünlüyü idi. Gün günortaya yaxınlaşırdı. Həyətdə ağacların altındakı çarpayıda uzanmışdım. Budaqların arasından mavi səmaya baxırdım. Səmada lap uzaqlarda duman kimi insan siluetinə oxşar bulud vardı. Elə bilirdim ki o Pəridir.  Bir növ ,,söhbətləşirdik ". Birdən sürətlə şütüyən maşın səsləri eşitdim. Elə bil ki qaçdı-qovdu idi. Buralarda belə maşın sürən olmazdı. Evimiz yolun kənarında idi. Ayağa durub çəpər dibinə sarı irəlilədim. Maşın səsləri yaxınlaşırdı. Və o an ard-arda 3 maşın böyük sürətlə yoxuşu qalxmağa başladı. Bu maşınların ardınca isə milis maşını gəlirdi. Maşınlar bizim evin arxasından burulub Pərigilin həyətinin qarşısında dayandı. Ani bir səssizlik yarandı. Mən bu səssizliyə qulaq kəsilmişdim. 1-2 dəqiqəlik sükutu Cəvahir xalanın Pəri huyyy! naləsi pozdu. Sonra nakam balam, yazıq qızım və s kimi rabitəsiz sözlər eşitdim və o an elə bil içimdə nəsə qırıldı. Ata-anam da digər qonşular kimi onlara sarı qaçaraq getdilər.
 Pərinin əmisi kəndə qayıdarkən yolda yüksək sürətlə hərəkət edən ,,Kamaz" markalı maşın bunların yoluna çıxmış və dəhşətli qəza baş vermişdi. Pəri dünyasını dəyişmiş, əmisi ömürlük şikəst olmuşdu. Ürəyimdəki nisgil yarası heç zaman sağalmadı. O vaxtdan düz 28 il keçib. Hər avqust ayında nə olur olsun mən kəndə gedib onunla son görüşdüyümüz yerdə - evlərinin altındakı hündür təpədə dayanıb yollara baxaraq onu gözləyirəm. Axı mənim ona 28 ildir ki, deyəcəyim var.
 
 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)