Edebiyyat.az » Proza » Anlatmaq üçün yaşayan Markes

Anlatmaq üçün yaşayan Markes

Anlatmaq üçün yaşayan Markes
Proza
Necef Esgerzade
Müəllif:
12:34, 09 avqust 2019
1 412
0
Bütün Latın Amerika ölkələri onu Qabo kimi tanıyır. Söhbət roman və hekayələri ilə Kolumbiyanı ədəbiyyatın ürəyinin döyündüyü yerlərdən birinə çevirən Qabriel Qarsiya Markesdən gedir. XX əsrin ən önəmli yazıçılarından biri hesab edilən Markes eyni zamanda jurnalist və siyasi xadim kimi də fəaliyyət göstərib.

16 övladdan biri

Markes 1927-ci ilin 6 martında Kolumbiyanın Arakataka şəhərində dünyaya göz açıb. 16 övladı olan teleqrafçı ailənin ən böyük uşağı olan Markes uşaq olanda valideynləri başqa şəhərə köçüb, o, nənəsi və babasının yanında böyüyüb. Yazıçı babası təqaüdçü polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın ölümündən sonra doğulduğu şəhəri tərk edir. O, oxumaq üçün Sapakari şəhərinə gəlib və elə burda da ilk dəfə şeirlər yazmağa başlayıb. Kolleci bitirəndən sonra Qabriel Boqotada yerləşən Milli Universitetin Hüquq fakültəsinə (1947) daxil olub.
Nələr yazıb?

Yazıçı kimi Markesin “Üçüncü sadəlik” adlı ilk əsəri “El Espectador” qəzetində dərc olunub. O, “La tercera resignacion” adlı bu əsərini Frans Kafkanın təsiri ilə yazıb.1948-ci ildə jurnalistika fəaliyyətinə başlayıb, “El Espectador” gündəlik qəzetin Roma və Paris müxbiri olub. Markes bu qəzet üçün oçerklərdən ibarət “Mənim macəralarım haqqında həqiqətlər” adlı seriyalarını yazmağa başlayıb. Bu oçerklərdən birini o dövrdə hakimiyyətdə olan diktator Qustavo Roxas Pinilyo oxuyub və çox qəzəblənib. Buna görə Markes öz vətənini tərk edib, Avropaya gedib. Romada jurnalist işlədiyi dövrdə Markes rejissorluq kurslarında iştirak edib.1958-ci ildə Kolumbiyaya geri dönən Qabriel yenə jurnalistika fəaliyyəti üçün Karakasa gedib. Kuba xəbər agentliyi olan “La Prensa” üçün Kolumbiya, Havana və Nyu-Yorkda fəaliyyət göstərib.
1961-ci ildə jurnalistikanı atıb, daimi yaşamaq üçün Meksikaya gedib. Yazıçının “Arzuolunmaz saat” romanı İspaniyada “Esso” mükafatına layiq görülüb.Onun “Sadə qəlbli Erendiranın inanılmaz, kədərli tarixi və onun qəlbsiz nənəsi” adlı nağıllar məcmuəsi çap olunduqdan sonra Markesin bütün yazıları üzərində güclü tədqiqatlar aparılmağa başlanılıb. Elə həmin il yazıçı beynəlxalq Romulo Qaleqosa mükafatına layiq görülüb.
1967-ci ildə “Yüz ilin tənhalığı” romanı çap olunub. Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks olunub. Əsər demək olar ki, dünyanın bütün dillərinə tərcümə olunub. Amerikalı yazıçı Uilyam Kennedi romanı “İncil”dən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab edib. Romandan sonra, Latın Amerikasında Qabriel Qarsia Markesi magik-realizmin banisi adlandırıblar. Yazıçıya Kolumbiya Universitetinin fəxri doktoru adı verilib.
Digər çox məşhur əsəri “Patriarxın payızı” isə 1975-ci ildə oxucuların ixtiyarına verib. 1980-ci ilin əvvəllərində solçu fikirlərinə görə bəzən ölkəsi Kolumbiyada və ABŞ-da səyahət məhdudiyyəti ilə qarşılaşıb.1981-ci ildə yazıçı “Gözlənilən bir qətlin tarixçəsi” romanını yazıb. Yazıçı həmin il Fransanın fəxri ordeni olan Legionla təltif edilib, bir il sonra isə ədəbiyyat üzrə Nobel mükafatı qazanıb.Bir neçə illik fasilələrlə yazıçının “Vəba günlərində eşq” romanı, “Öz labirintində olan general”, “İyirmi səyyahın nağılı”, “Sevgi və başqa şeytanlar”, “Qaçırılma haqqında məlumat” kitabları dərc olunub.2002-ci ildə Markesin “Anlatmaq üçün yaşamaq” adlı memuarı, 2004-cü ildə isə “Mənim hüznlü fahişələrim” romanını çap olunub.
 
Markes xərçəngə məğlub olur

Markes 1999-2000-ci illərdə ABŞ və Meksikada limfasında olan xərçəngdən müalicə olunub. 87 yaşlı yazıçı 2014-cü il 17 apreldə Meksikadakı evində vəfat edib. Ölümündən sonra Kolumbiya prezidenti Xuan Manuel Santos onu “Bu günə qədər yaşamış ən böyük kolumbiyalı” adlandırıb.
2015-ci ildə “The Washington Post”un tapdığı arxivə görə, FBİ 24 il ərzində (1961-ci ildən 1985-ə qədər) Markesi izləyib.
Ölümündən sonra yazıçının şəxsi arxivini ailəsi Amerikanın Texas Universitetinə satıb. Arxivdə Markesin kitabları, əl yazısı ilə orijinal nüsxə və Qraham Qrin, Günter Qrass və Karlos Fuentes kimi yazıçılarla yazışmaları var. Universitet həmin arxiv üçün 2,2 milyon dollar ödədiyini açıqlayıb.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)