A. Morua - Məzəli cəhətləri istifadə etmək bacarığı
Proza
A. Morua - Məzəli cəhətləri istifadə etmək bacarığı
Ey mənim qəlbimin yad qadını, siz hiss etmisinizmi ki, bizim qüsurlarımız da uğurlarımız qədər, bəzən hətta uğurlarımızdan da artıq dərəcədə xoşagələn ola bilər? Axı uğurlar sizi göylərə qaldırmaqla yanaşı, bir başqasını alçaltmış olur, halbuki bu vaxt çatışmazlıqlar başqalarının sizə qərəzsiz şəkildə gülməsinə imkan verməklə onları öz gözlərində göylərə qaldırır. Naqqallığı, çərənçiliyi qadına bağışlayırlar, haqlı olmasını isə – bağışlamırlar. Bayron «paraleloqram şahzadəsi» adlandırdığı arvadını tərk etdi, çünki o çox sirayətedici və ağıllı qadın idi. Yunanlar Aristidi məhz
o səbəbdən xoşlamırdılar ki, hamı onu Ədalətli adlandırırdı. Viktor Hüqo özünün «Görünən faktlar» əsərində parlaq siyasi karyera əldə etmiş hansısa cənab de Salvandi haqqında danışır. O, nazir olub, akademik olub, səfir olub, «Fəxri Legion»un «Böyük xaç» ordeninə layiq görülüb. Deyə bilərsiniz: bütün bunlar böyük şey deyil; ancaq bütün bunlardan başqa, o, üstəlik, qadınların arasında uğur qazanmışdı, bu isə artıq çox dəyərli şeydir. Bax həmin o Salvandi xanım Qaylın müşayiəti ilə ilk dəfə cəmiyyətdə görünəndə məşhur Sofi Ge ucadan bildirmişdi:
«Əzizim, amma sizin bu istiqanlı yeniyetmənizdə o qədər məzəlilik var ki! Onun maneraları ilə məşğul olmaq lazımdır». «Allah, özün saxla! – xanım Qayl çığırmışdı.
– Onu özünəməxsus şeylərdən məhrum etməyin! Yoxsa onda nə qalar? Axı ona uğur gətirən elə məhz bu özəlliklər olacaq...» Xanım Qaylın nə qədər haqlı olduğunu gələcək təsdiqlədi. Anri de Juvenel bir vaxtlar mənə danışmışdı ki, cavanlıqda, jurnalist işlədiyi vaxtlarda Kalvadosdan olan Anri Şeron adlı bir deputatın parlamentdəki ilk addımları onu mat qoyub. Həmin bu Şeron saqqallı imiş, yekə qarnı varmış, əyninə də həmişə köhnə dəbli pencək geyinərmiş; o, masanın üstünə çıxaraq var səsiylə «Marselyeza» oxumuş və təmtəraqlı nitq söyləmişdi. Klemanso onu hərbi nazirin köməkçisi vəzifəsinə təyin edəndə isə Şeron təcili olaraq əsgər kazarmalarına yollanmış və əsgər yeməklərinin dadına baxmışdı. Jurnalistlər onu lağa qoyurdular; Juvenel fikirləşib ki, onun haqqında məqalə yazmaq maraqlı olardı və bu məqsədlə də Şeronla görüşmək qərarına gəlmişdi – Şeron onu açıq-saçıq bir görkəmdə qarşılamışdı. – Bilirəm, cavan oğlan, – Şeron ucadan deyib, – siz ondan ötrü təşrif buyurmusunuz ki, mənim nə qədər məzəli olduğuma əmin olasınız... Hə, necədir? Əmin oldunuzmu?.. Amma mən axı özümü bilərəkdən gülməli aparıram, çünki – yaddan çıxarmayın, cavan oğlan! – bu paxıl ölkədə gülünc görsənmək məşhurlaşmağın yeganə təhlükəsiz üsuludur. Bu sözlər Stendalı heyrətə gətirərdi. Amma məzəli görünmək heç də zəruri deyil, yəqin, siz özünüz də hiss etmisiniz ki, bəzi qəribəliklər, orijinal geyim tərzi kişiyə, yaxud qadına onun talantından daha çox şöhrət qazandırır. Ömründə Andre Jidin əsərlərini oxumayan minlərlə adama bu yazıçının başına qoyduğu meksikan fetr şlyapası və qısa plaş çox yaxşı tanış idi. Uinston Çörçill – böyük natiqdir, ancaq o, insanları yaxşı tanıyırdı və özünün əcaib şlyapasından, əndazəsiz qalın siqarından, kəpənək qalstukundan və «V» hərfi şəklində tutduğu barmaqlarından son dərəcə məharətlə istifadə edirdi. Mən ingiliscə
bircə kəlmə də bilməyən Londondakı bir fransız səfirini tanıyırdım, əvəzində o çox dəbdəbəli, diqqətçəkən bantı olan xallı qalstuk taxırdı ki, bu da ingilislərin qeyri-adi dərəcədə xoşuna gəlirdi; və o, öz səfir vəzifəsində kifayət qədər çox qaldı. Restoranda nahar edən adamlara diqqətlə göz qoyun. Sizcə, metrdotellər ən çox kimin böyür-başında vurnuxacaq, ən yaxşı xidməti kimə göstərəcəklər? Hər şeydən razı görünən imkanlı adamamı? Heç də yox. Ən qəribə, ən ədabaz adama. Tələbkar oldunsa – deməli, adamları maraqlandıracaqsan. Nəsihət: özünüzü təbii aparın və
əgər bu, sizə xasdırsa, bir az da obrazlı. Buna görə sizə minnətdar olacaqlar. Əlvida.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Vladimir Nabokov Dostoyevski haqqında
İvan Bunin. San-Fransiskolu cənab (Hekayə)
Artur Şoperhauer - Qadınlar haqqında
Saki (Hektor Hyu Manro). Satirik hekayə