Edebiyyat.az » Proza » Xəlil Cübran - Məntiqin fəlsəfəsi, yaxud özünüdərk

Xəlil Cübran - Məntiqin fəlsəfəsi, yaxud özünüdərk

Xəlil Cübran - Məntiqin fəlsəfəsi, yaxud özünüdərk
Proza
Necef Esgerzade
Müəllif:
12:40, 28 sentyabr 2019
1 344
0
Yağışlı Beyrut axşamlarının birində Səlim əfəndi Duay­bas köhnə kitablar və müxtəlif  vərəqlər yığını ilə qalaqlanmış ma­sanın arxasında oturmuşdu.
Vərəqləri səhifələdikcə o, vaxtaşırı başını qaldırır və qa­lın dodaqları arasından  havaya qalın tənbəki tüstüsü buraxırdı. O, müəllimi Sokratdan ilhamlanmış Platonun özünüdərk haq­qın­da yazdığı traktatı nəzərdən keçirirdi.
Bu qiymətli traktatın möcüzəli sətirləri üzərində düşünən Sə­lim əfəndi yaddaşında bu mövzuyla bağlı filosofların və bə­şər nəslinin ruhani rəhbərlərinin nə dediklərini xatırlamağa ça­lı­şırdı. Və nə Qərb mütəfəkkirlərinin ən ötəri bir qeydi onun diq­qətindən yayındı və nə Şərq alimlərinin bir sözü nəzərindən qaç­dı. Və nəhayət onun “mən”i özünüdərk haqqında düşüncə­lər­də əriyib itəndə o, dik atılaraq əllərini göyə qaldırdı və uca­dan söylədi:
“Bəli! Bəli! Özünüdərk – hər bir dərkin anasıdır! Mən öz “mən”­imi dərk etməliyəm – və mən onu axıra qədər dərk edə­cəm! Mən onun bütün hissə və xassələrini, onun bütün incə­lik­lə­rini və zərrəciklərini dərk edəcəm.  Mən ruhumun üzərindəki sirr­lər pərdəsini qaldırmalı, ürəyimin dərinliklərində olan bütün giz­linləri işıqlandırmalıyam. Bundan başqa mən ruhani möv­cud­luğumun maddi mövcudluğum üçün əhəmiyyətini və maddi var­lığımın ruhani varlığım üçün dəyərini aydınlaşdırmalıyam”.
O bu sözləri vəcdlə söylədi və onun gözlərində “idrak yan­ğısı”, özünüdərk işığı parladı. Sonra o qonşu otağa keçərək yer­dən tavana qədər bütün divarı tutmuş iri güzgünün qar­şı­sın­da heykəl kimi hərəkətsiz dayandı. O, öz əksini tədqiq edirdi: üzü­nü, başının formasını, bədəninin cizgilərini, bir sözlə, bütün xa­rici görünüşünü.  
Düz yarım saat donub dayandı güzgünün qabağında, san­ki əbədi İdeya ona onun ruhunun gizli sirlərini açan və var­lı­ğı­nın ən qaranlıq guşələrini işıqlandıran möhtəşəm fikirlər gön­də­rirdi. Nəhayət özü-özünə, asta-asta dilləndi: “Boyum bala­ca­dır mənim, amma, axı, Napoleon və Viktor Hüqo da belə idilər.
Alnım dardır, amma Sokratın və Spinozanın alnı da bu cür idi.
Mən keçələm, amma Şekspir də keçəl idi.
Burnum uzun və əyridir, amma eyni burundan Savo­na­rol­da, Volterdə və Corc Vaşinqtonda da vardı.
Gözlərim xəstədir, eyni ilə müqəddəs Paveldə və Nits­şe­də olduğu kimi.
Yekə ağzım və sallaq dodağım var, eyni ilə Siseronda və XIV Lüdovikdə olan kimi.
Boynum da yoğundur, lap Hannibal və Mark Antonidəki kimi.
Qulaqlarım Bruno və Servantesdəki kimi uzun və şəlpədi.
Yanaqlarım batıqdır, almacıq sümüklərim isə qabağa çıxır, lap Lafayet və Linkolnda olduğu kimi.
Çənəm də bir az irəlidi, Qoldsmit və Uilyam Pittdəki kimi.
Bir çiynim o birindən hündürdür, Qambetta və Ədib İshaqdakı kimi.
Əllərim toppuş, barmaqlarım qısadır, eynən Bleyk və Dantonun əlləri kimi.
Bütövlükdə bədənim zəif və arıqdır, amma bu, cismini ru­hani məqsədlər uğrunda incidən əksər mütəfəkkirlərin də nə­si­bi deyilmi? Qəribədir, yanımda qəhvədan olmasa işləyə  ya­zıb, oxuya bilmirəm!..Bu xasiyyətimdə lap Balzaka ox­şa­mı­şam. Bundan başqa Tolstoy və Maksim Qorki kimi mən də sa­də xalqla ünsiyyətdə olmağı xoşlayıram.
Olur ki, günlərlə yuyunmuram, belə şeylər Bethoven və Uolt Uitmenlə də baş verərdi.
Necə də təəccüblüdür! Qadınların ərləri evdə olmayanda on­ların çıxartdıqları oyunlar barədə söhbətlərə qulaq asmaqdan xo­şum gəlir – eynən Bokkaço və Rable kimi! Mənim şərab düş­künlüyüm isə Nuhun, Əbu Nüvasın, Müsse və Mar­lo­nun­ku­na oxşayır. Yaxşı yeməkdən vaz keçə bilmirəm, xoşlayıram ki, ma­sanın üstündə cürbəcür xörəklər olsun, amma, axı, Böyük Pyotr və əmir əş-Şihabi də iştahlı adamlar olmuşlar”.
Bir anlığına nitqini yarımçıq kəsən Səlim əfəndi bar­maq­la­rının ucu ilə alnına toxundu və davam etdi:
“Bu – mənəm. Mənim həqiqi mahiyyətim bundan ibarətdir.
Mən – bəşər tarixinin başlanğıcından bu günə qədər ya­şa­mış ən böyük insanların fərqli keyfiyyətlərinin məcmusuyam. Və özündə bütün bu keyfiyyətləri birləşdirən insan hökmən nə­sə böyük bir şey eləməlidir.
Müdrikliyin əsası – özünüdərkdir. Və bu axşam mən özü­mü dərk etdim. Bu gündən mən böyük bir işə girişəcəm. Bunu mən­dən rəngarəng və çoxsaylı elementlərini məndə bir­ləş­dir­miş dünya ideyası tələb edir. Bu gün mən bəşəriyyətin ən bö­yük dühaları ilə bərabərləşdim; Nuh və Sokratdan tutmuş Bok­ka­ço və Əhməd Faris əş-Şidyaka qədər. Mən hələ bilmirəm gö­rə­cəyim o böyük iş nədən ibarət olacaq, amma bir şey şək­siz­dir: cismində və ruhunda mənimki qədər mahiyyət birləşmiş şəxs – gündüzlərin möcüzəsi, gecələrin sehridir! Mən öz ruhu­mu dərk etdim. Bəli, and içirəm allahlara ki, mən ruhumu dərk et­dim! Elə isə, qoy, nə qədər ki, mən öz işlərimi yekun­laş­dır­ma­mışam mənim ruhum sonsuzluğa qədər yaşasın, mahiyyətim əbə­diyyətə qovuşsun, dünya mövcudluğunu dayandırmasın”.
Səlim əfəndi otaqda bir neçə dəfə var-gəl etdi. Onun ey­bə­cər üzü sevincdən parlayırdı. Pişik miyoltusu ilə sümük şaq­qıl­tısını özündə birləşdirən səsi ilə o, Əbu-l-Əlanın şerini tək­rar­layırdı: 

Qədim qəhrəman deyiləm, indi yaşayanlardanam,  
Lakin əməllərimə qədimlər tay olarmı?

Bir saatdan sonra isə bizim qəhrəman  paltarını soyunmadan öz yapıxmış yatağında uzanmışdı. Və onun Adəm oğlunun səsindən çox dəyirman daşının gurultusunu xatırladan xorultusu məhləni başına almışdı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)