Mo Yan - Şərab ölkəsi (bir hissə)
Proza
Mo Yan - Şərab ölkəsi (bir hissə)
Oğlan ayaqlarını qatlayıb iri qızılı sininin içində oturmuşdu. Qızılı-sarımtıl bədənindən ətirli yağ axırdı, üzündə gicbəsər bir təbəssüm donub qalmışdı. Bədəni göyərti və qırmızı turp yarpaqlarından ibarət çələngə bürünmüşdü. Nə sağdı, nə ölü, boğazınacan gələn mədə şirəsini udqunan və heyrətdən gözlərini bərəldən müstəntiq düşündü.
Oğlan ona canlı baxışlarıyla cavab verdi, burun deşiyindən buxar çıxırdı, dodaqları elə tərpənirdi ki, sanki indi danışacaq. Bu təbəssüm də bir yığın ehtimala səbəb olurdu, oğlanın üzü müstəntiqə çox tanış gəldi, sanki onu hardasa görmüşdü. Qulaqlarında gülüş səsləri cingildəyirdi. Balaca ağzı təzə çiyələk ətri verirdi. “Ata, nağıl danış”. “Əl çək atadan”. Bu da gülümsəyən arvadının qollarındakı çəhrayı yanaqlı körpə.
Birdən qadının üzündəki təbəssüm dəhşətli bir ifadəylə əvəzlənir, yanaqları dartılır, amma, o, sanki heç nə olmayıb görünüşü almağa çalışır. “Əclaflar!” Müstəntiq yumruğunu masaya vurub ayağa qalxdı. Szin Qanszuan bic-bic gülümsədi. Mədən direktoru və partiya katibi ondan geri qalmadı. Olmaya bunların hamısı yuxudur? Müstəntiqin gözləri bir az da bərəldi? Yox, oğlan, həqiqətən də, ayaqlarını qatlayıb sinidə oturub.
- Yoldaş Din Qouer, buyurun! – Szin Qanszuan deyir.
- Bu bizim ən məşhur xörəyimizdir, - katiblə direktor bir ağızdan dillənir.
- “Silin (Çin mifologiyasında möcüzəli heyvan – red.) oğlunu gətirir” adlanır. Onu xarici qonaqlarımıza təklif edirik, onlar belə qonaqlıqdan dərin və silinməz təəssüratla ayrılırlar. Bu yeməyin sayəsində ölkəyə xeyli valyuta qazandırmışıq. Hörmətli qonaqlarımız da mütləq bu təamın dadına baxır. Məsələn, elə siz özünüz.
- Yoldaş Din, buyurun süfrə başına! Prokurorluğun mühüm işlər üzrə müstəntiqi Din Qouer, xahiş edirik, yeməyimizin dadına baxın, - çubuqlarını əllərində hazır tutan ev sahibləri səbirsizliklə dilləndilər.
Oğlandan gələn ətir Din Qouerin ağzını bir az da sulandırdı.
Belindəki tapançanın lüləsini və tilli tutacağını əllədi. Lülə yumrudur, əli istidir, tapançasa soyuq.
“Ağlım başımdadır, mən sərxoş deyiləm, mən müstəntiq Din Qouerəm, məni Syuzqoya Szin Qanszuan başda olmaqla rəhbər işçilərin oğlanları yeməsiylə bağlı işi araşdırmağa göndəriblər. İttiham ciddidi, cinayət ağırdı, ağlasığmaz qəddarlıqdı. Mən sərxoş deyiləm və əgər gözümdən pərdə asmaq fikrinə düşüblərsə, bu onlara baha başa gələcək. Bunlara bir bax, uşağı bişirib qabağıma qoyublar. Ağlım hələ başımdadı, amma hər ehtimala qarşı özümü bir yoxlayım: səksən beşi səksən beşə vursam, yeddi min iki yüz iyirmi beş edər. Uşağı öldürüb soxuşdururlar ki, ala ye. Susdurmaq istəyirlər, heyvanlar, əclaflar”.
Və tapançasını çıxarıb var-gücüylə qışqırdı: - Tərpənməyin, köpək uşağı!
Üç kişi oturduğu yerdəcə donub qaldı, qırmızı donlu qızlarsa tükürpədici səslə bir küncə qısıldılar. Din Qouer əlində tapança stulu kənara çəkib, bir neçə addım gerilədi, arxasını pəncərəyə dayadı. “Hərbi təcrübələri olsaydı, - bir anlıq düşündü, - bu cür qısa məsafədən asanlıqla tapançanı əlimdən alardılar”. Və budur, hər üçü qarşısında mum kimi əriyib.
- Əclaflar, faşistlər! – söydü. – Əllər yuxarı, kiminləyəm?!
Szin Qanszuan yavaşca əllərini yuxarı qaldırdı, katiblə direktor nümunədən yararlandı.
- Yoldaş Din, sizə elə gəlmir ki, zarafatınız uzun çəkdi? – Szin Qanszuan qeyri-ixtiyari gülümsündü.
- Nə zarafat?! – Din Qouer dişlərini qıcadı. – Heyvan uşağı, körpəni yeyirsiniz!
Szin Qanszuan qəhqəhə çəkdi. Katiblə direktor da gülməyə cəhd elədilər.
- Eh dostum Din, - Szin Qanszuan gülməkdə davam etdi. – Yoldaş, yaxşı oğlansınız, insanpərvərliyinizə söz ola bilməz və bu, hörmətə layiqdir! Amma siz səhv edirsiniz və səhviniz subyektivdir. Diqqətlə baxın. Məgər bu, oğlandır?
Szin Qanszuanın sözləri müstəntiqi yenidən diqqətlə siniyə baxmağa məcbur etdi. Oğlanın üzündə elə həmin təbəssüm oynayırdı, ağzı azacıq aralıydı, sanki indi danışacaqdı.
- Amma o, canlıdır! – Din Qouer çığırdı.
- Sadəcə canlıya oxşayır, - Szin Qanszuan razılaşdı. – Bilirsiniz, niyə bu əldəqayırma oğlan sizə canlı görünür? Cavab çox sadədir – Szyuqo aşpazlarının əli qızıldır!
- Bu hələ nədir ki! – katiblə direktor züy tutdular. – Üstəlik bizim Kulinar akademiyamızda bir qadın-professor kipriklərini qırpan oğlan yaratmışdı. Amma o xörəkdən dadmağa adamın ürəyi gəlmir!
- Yoldaş Din, silahı endirin, yaxşısı budur, çubuqları götürün, bir yerdə bu misilsiz delikatesin dadına baxaq! – Və Szin Qanszuan əllərini aşağı salıb Din Qoueri süfrəyə dəvət etdi.
- Yox, aldada bilməzsiniz! – Din Qouer qaşqabaqla dilləndi. – Sizin vəhşi əməlinizə şərik çıxmaq fikrində deyiləm!
Szin Qanzsuanın üzündə bir anlıq qıcıq ifadəsi yaransa da, səsində nə yaltaqlanması, nə də özünü yuxarı tutması hiss olunmadı:
- Yoldaş Din, inadkarlığınıza söz ola bilməz. Dostum, biz hamımız bir yumruq tək partiyanın bayrağı qarşısında and içmişik. Sizin öhdənizə düşən insanların rifahını qorumaqdı, amma biz də bundan xali deyilik. Dövlətimizin yeganə yaxşı adamı olduğunuzu düşünməyin. Bizim körpə oğlan ziyafətlərində yüksək mənsəbli liderlər, beş qitədən mötəbər dostlar, ölkədə və xaricdə məşhur olan incəsənət ustaları iştirak ediblər. Hamı bizi tərifləyib, bircə siz səmimi qarşılandığınız halda üstümüzə silah qaldırmısınız.
Katiblə direktor yenə züy tutdular:
- Yoldaş Din Qouer, gözlərinizi yaxşı-yaxşı ovuşdurun. Siz nə etdiyinizin fərqindəsiniz? Silahı sinfi düşmənlərə deyil, qardaşlarınıza tuşlamısınız.
Din Qouerin əli əsdi və sanki qeyri-iradi yerə sallandı. Gözləri dumanlandı, qorxu ağır bir yük tək çiyinlərinə çökdü. Müstəntiq vəziyyətinin səbatsızlığını bütün varlığıyla hiss etdi, sanki indicə min yerə parçalanacaqdı, dibi görünməyən və adamı batırdıqca batıran ürəkbulandırıcı bataqlıqdaydı elə bil.
“Bu da ilahi ətir qoxuyan, anasının tərəfini tutan dəcəl. Budur, şanagülünü xatırladan bir şeyin üstündə üzbəsurət oturub əlini mənə uzadır! Barmaqları balaca, ətli, toppuşdu, hərəsinin üstündə üç büküş var. Şanagülü yuxarı dartılır, körpəni də özüylə çəkir. Göbəyi elə yumrudu ki, yanaqdakı çöküyü xatırladır. Quldurlar, başımı yeməyin! Elə bilirsiniz sudan quru çıxacaqsınız? Dirsəyimi görərsiniz! Bişirdiyiniz körpə mənə gülümsəyir. Deyirsiz, bu, körpə deyil, məşhur təamdı?! Döyüşən səltənətlər dövründə İ Ya adlı birisi oğlunu qaynar qazanda qaynadıb, Si şahlığının hökmdarı Xuan-qunun hüzuruna gətirmişdi. Ət də quzu ətindən belə zərif, dadlıydı. İ Yanın davamçıları, aradan çıxmaq istəyirsiniz?! Tez əllərinizi qaldırın, siz İ Yadan da betərsiniz. O öz oğlunu bişirmişdi, sizsə başqalarının körpələrini qazana salırsınız. İ Ya torpaq sahibləri olan feodal sinfinə aidiydi, o dönəmdə şahlara sədaqət ali məziyyət sayılırdı. Siz hakimlik edən işçilərsə öz qarnınızı doyuzdurmaq üçün xalqın uşaqlarının axırına çıxırsınız. Bunun bir adı var – vəhşilik! Mən qaynar yağda bişən körpələrin ah-nalələrini eşidirəm. Onlar ət taxtasının üstündə, duzda, öz souslarında, sirkədə, şəkərdə, razyanada, sıxuan istiotunda, darçında, yaşıl zəncəfildə, düyü şərabında ağlayırlar. Onların bağırtısı sizin mədənizdən, bağırsağınızdan, kanalizasiya borularından, çaylardan və durulducu çənlərdən gəlir. Belə çıxır, bu tükürpədici səs Szyuqo ziyafətlərinin bəzəyidi?! Lüləni sizə tuşlamayıb, kimə tuşlayım?!”
Piydən çatlayan üzlər dumanlı şəkildə körpə təamının ətrafında fırlanır. Bu sayrışan sifətlərdə bütün dünyanı ələ salan hiyləgər təbəssümlər oynayır. Və köksü nifrət nəbzi atdı. Ətrafı şanagülü çalarlarına boyayan ədalət qisasının atəşi alovlandı. “İt uşağı! – səsi ildırım tək guruldadı. – Axırınız çatıb!”
Səs tavana dəyib xırda qırıntılara parçalandı və bu qırıntılar havada fırlanan xəzan tək banket salonunu bürüdü. O, bu qırıntılardan ibarət sifətlərə, hiyləgər baxışlara tuşlanmış tapançasının tətiyini var-gücüylə çəkdi. Çaxmaq şaqqıldadı, iynəsi qətiyyətlə irəli atıldı və par-par parıldayan yaşımtıl mis patrona zərbə endirdi, insan gözünün görə bilməyəcəyi sürətlə barıtı yandırdı və darısqallıqdan təngə gələn sıxılmış qazlar irəli, çox irəli atlandı. Lülə yuxarı sıçradı, güllə gurultuyla çıxdı.
“Qoy, dürüstlükdən, insanpərvərlikdən uzaq olan bütün şeylər mənim atəşimdən lərzəyə gəlsin! Əvəzində mehriban, gözəl, ətir saçan hər şey sevincək qəhqəhə çəkib ovuclarını bir-birinə şappıldatsın. Qoy, ədalət bərqərar olsun! Yaşasın həqiqət, yaşasın xalq, yaşasın respublika! Mənim gözəl oğlum yaşasın! Oğlanlar yaşasın! Qızlar yaşasın! Yaşasın, yaşasın, yaşasın! On min ildə on min dəfə!”
Mühüm işlər üzrə müstəntiq anlaşıqsız sözlər mırıldadı – heç kim heç nə başa düşmədi. Ağzı köpükləndi və o, köhnəlikdən çökən divar tək döşəməyə sürüşdü. Masanın üzərindən vurub saldığı qədəhlər və stəkanlar üzərinə səpələndi, üst-başı üzüm şərabına bulaşdı. Müstəntiq qıcqırtma çənindən çıxardılmış meyit sayağı üzüqoylu sərələndi.
Szin Qanszuan, partiya katibi, müdir və bir küncə sıxılmış ofisiantlar özünə gələnəcən aradan bir xeyli vaxt keçdi: kimisi döşəmədən qalxdı, kimisi masanın, kimisi ətəyin altından çıxdı.
Banket salonunu bürümüş barıt iyi qalanlarını üstələdi. Din Qouerin atdığı güllə bişmiş körpənin düz başını deşmişdi. Beynin qırmızı və sarı iliyi divarlara yaxılmışdı, onlardan buxar və çox gözəl ətir yayılırdı və bu, ən müxtəlif hisslər oyadırdı.
Oğlan başsız qaldı. Onun bütöv qalmış hissəsi – ya kəlləyə oxşayan qarpız qabığı, ya qarpızı xatırladan kəllə, - ziyafət masasının aşağı başına düşüb, trepanqla (əti yeyilən iynədərili dəniz heyvanı – red.) qızardılmış krevetin (xırda dəniz xərçəngi –red.) arasında ilişib qaldı. Və ondan ya qanı xatırladan qarpız şirəsi, ya da qarpız şirəsinə oxşayan qan axmağa başladı.
Döşəmədə ya gözə oxşayan bir cüt üzüm giləsi, ya üzün giləsini xatırladan bir cüt göz ora-bura diyirləndi. Biri şərab piştaxtasının yaxınlığına, digərisə ofisiant qızın lap ayağının altına düşdü. Qız onu istəmədən tapdaladı və bilaixtiyar “Ua!” deyə çığırdı.
Elə bu “Ua!” sayəsində rəhbərlərin ağılları, dünyaya fəlsəfi baxışları, partiya ruhları, prinsipiallıqları, əxlaqları və hərəkətlərini müəyyənləşdirən digər əsas keyfiyyətləri yerinə qayıtdı. Ya partiya katibi, ya da müdir əlinin üstünə sıçramış beyin iliyini yalayırdı.
Dadı, yəqin ki, əlaydı, çünki hətta ağzını marçıldatdı:
- Əclafa bax e, gül kimi yeməyi korladı!
Szin Qanszuan qaşqabaqlı baxışlarını ona zillədi və sonuncusu özünü tələsik yığışdırdı.
- Dostumuz Dinə ayağa qalxmaqda kömək edin, - Szin Qanszuan əmr etdi. – Üz-gözünü silin və özünə gətirin.
Ofisiant qızlar tez əmrə tabe oldular. Onlar Din Qoueni ayağa qaldırıb, üz-gözünü sildilər, amma əlinə yaxınlaşmağa cürət etmədilər. Sanki hər an güllə açmağa hazır olan tapança hələ də müstəntiqin əlindəydi. Onlar qədəh qırıntılarını yığışdırıb döşəməni sildilər. Başını qaldırıb qıcanmış dişlərini araladılar və ağzına qaşıq-qaşıq ayıldıcı həlim tökdülər.
- Həlimin nömrəsi neçədir? – Szin Qanszuan maraqlandı.
- Bir nömrəlidi, - baş ofisiant qız cavab verdi.
- İki nömrəlisini verin, daha tez təsir edəcək.
Ofisiant qız mətbəxə yollanıb, əlində qızılı rəngli mayeylə doldurulmuş butulka qayıtdı. Taxta tıxacı çıxaran kimi ətrafı təravətli ətir bürüdü. Müstəntiqə az qala butulkanın yarısını içirdilər. Din Qouer öskürdü, çeçədi və mayeni qusdu.
Amma yenə bir hissə bağırsağına çatdı, alovu söndürdü və düşünmə qabiliyyətini qaytardı. İndi bədəni yenidən canlanandan sonra şüurunun əsrarəngiz kəpənəyi öz yerinə qayıtdı. Din Qouer gözünü açanda ilk gördüyü başsız körpə oldu və ürəyindən yenidən qara qanlar axdı.
- İlahi! – bilaixtiyar çığırdı. – Mənə çox pisdir! – Və tapançasını qaldırdı.
Əlindəki çubuqları göyə qaldırmış Szin Qanszuan ona müraciət etdi:
- Yoldaş Din Qouer, əgər biz, həqiqətən də, adamyeyən bədheybətiksə, onda gözünü yumub tətiyi çək. Amma əgər belə deyilsə? Partiya sənə tapançanı günahsızların qanına batmaq üçün deyil, əclafları cəzalandırmaq üçün verib.
- Belə özünü təmizə çıxarmaq istəyirsənsə, de gəlsin, - Din Qouer bəyan etdi.
Szin Qanszuan əlindəki çubuğu başsız körpənin məlum yerinə toxundurdu və o dağıldı.
- Oğlanın əli Yuelyan gölündə bitən şanagülünün qalın kökündən hazırlanıb, özü də ona düz on altı ot və ədviyyə qatılıb, - çubuqdan göstərici kimi istifadə edən rəhbər izah etməyə başladı.
- Ayağı, həqiqətən də, qaxac edilmiş ətdəndi, sadəcə insanın deyil, donuzun. Bədəninə anac donuzun xüsusi şəkildə təmizlənmiş əti israf edilib. Darmadağın etdiyin başısa şəkər yemişidir. Saçları göyərtidəndi. Bu tayı-bərabəri olmayan təamın bütün komponentlərinin dəqiq təsvirini yaratmaq ixtiyarında deyiləm. Bu, Szyuqonun patentidi, barəsində ümumi təsəvvürüm var, aşpaz-zad deyiləm ki. Amma əminliklə deyə bilərəm ki, qarşındakı təam yetərincə qanuni, humanistdi və ona tapançayla deyil, çubuqla yanaşmaq lazımdı.
Szin Qanszuan bunu söyləyib əlindəki çubuqlarla oğlanın əlindən bir tikə qopardı və iştaha ilə yeməyə başladı. Partiya katibi, ya müdir gümüşü çəngəllə digər əlindən yapışıb Din Qouerin boşqabına qoydu.
- Çox hörmətli yoldaş Din, utanmayın, dadına baxın! – ehtiramla dilləndi.
Karıxmış müstəntiq diqqətlə boşqabdakı ələ baxdı. Həqiqətən də, şanagülünün kökünə oxşayır, amma daha çox əsl ələ. Ondan gələn şirin qoxu, həqiqətən də, şanagülünün iyini xatırladır, amma naməlum çalarlar da çoxdu. O, vicdan əzabı çəkə-çəkə tapançanı qovluğuna soxdu. “Bəli, xüsusi missiya daşıyıcısısan, amma hər qarşına çıxana da güllə atmamalısan. Diqqətli olmaq lazımdı”.
Szin Qanszuan iti bıçaqla digər əli on tikəyə böldü, birini seçib düz Din Qouerin üzünə yaxınlaşdırdı:
- Beş gözlü şanagülü? Məyər əlin üstündə göz olur?
“Həqiqətən, şanagülüdü”, - Szin Qanszuan qarşısındakını didib-tökməydəykən Din Qouer düşündü. Və baxışlarını qarşısındakı tikəyə salladı: yesin, ya yeməsin? Partiya katibiylə müdir artıq oğlanın ayağının öhdəsindən gəlmişdi. Szin Qanszuan bıçağı ona uzatdı və təqdir edirmiş kimi gülümsündü. Müstəntiq bıçağı götürüb maraq xətrinə tiyəni oğlanın əlinə yaxınlaşdırdı. Sanki maqnit tərəfindən çəkilibmiş kimi, bıçaq xırtıltıyla şanagülü kökünü tən ortadan böldü. Din Qouer əlin bir tikəsini tutdu, gözlərini sıxdı və ağzına ötürdü. “Mmm, aman göylər!” – dad reseptorları bir ağızdan çığırdı. Çeynəmə əzələləri qıc ola-ola işə düşdü, hətta çeynənənləri içəri ötürmək üçün boğazdan balaca bir əl də çıxdı.
- Bu başqa məsələ, - Szin Qanszuan zarafata saldı. – İndi, yoldaş Qouer, biz eyni qütbdəyik: sən oğlanın əlini yedin!
Şübhələr içində boğulan Din Qouer donub qaldı.
- Axı sən onun oğlan olmadığını söylədin.
- Eh, mənim yoldaşım, - Szin Qanszuan saxta kədər ifadəsi aldı, - elə hər sözün başına bir ip salırsan. Zarafat edirəm də! Bir özün fikirləş, Szyuqo vəhşixana-zad deyil e, sivil şəhərdi. Burda kim imkan verər ki, uşaqları yesinlər? O ki qaldı sizin prokurorluğa yazılan anonim məktuba, bir də idarənizin “Min bir gecə” nağılına bənzəyən hadisəyə görə üstümüzə adam göndərməsinə, - bu ki xəstə təxəyyüllü yazıçı səviyyəsidi!
Mədənin hər iki rəhbəri qədəhləri ona tərəf uzatdı:
- Dostum Din, bu ədəbsiz atəşinizə görə cərimə - üç qədəh!
Din Qouer özü də “quş buraxdığını” bilirdi və cərimədən də boyun qaçırmaq niyyətindən uzağıydı.
- Hörmətli yoldaş Din, sənin anlamında qüsurlu insan düşmən və aydın mövqedi, kimi sevdiyini, kimə nifrət etdiyini dəqiq bilməlisən, - Szin Qanszuan bəyan etdi, - sənin şərəfinə üç badə!
Din Qouer yaltaq tərifləri sevirdi və üç qədəhlik tostu qəbul elədi. Altı qədəhdən sonra başı yenidən dumanlandı. Ya müdir, ya da partiya katibi ona oğlanın digər əlini uzadanda çubuqları bir kənara tullayıb, yağa belə fikir vermədən tikəni barmaqlarıyla didib-tökməyə başladı.
Beləcə, qəhqəhə sədaları altında tapdalaya-tapdalaya yedi. Müdirlə katib ofisiant qızları da tost deməyə qızışdırdı. Onlar bir himə bəndmişlər kimi müstəntiqin başına pərvanətək dolandılar və qədəh qədəhi əvəzlədi. Din Qouer Szin Qanszuanın sağollaşmasını hardansa tavanın altından eşitdi
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Y.Mişima - Vətənpərvərlik (hekayə)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Akutaqava Rünoske - Cəhənnəm iztirabları