Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ - İKİ AYLIQ MAAŞ (Hekayə)

AZAD QARADƏRƏLİ - İKİ AYLIQ MAAŞ (Hekayə)

AZAD QARADƏRƏLİ - İKİ  AYLIQ MAAŞ (Hekayə)
Proza
nemət
Müəllif:
18:35, 20 noyabr 2019
1 450
0
AZAD QARADƏRƏLİ - İKİ AYLIQ MAAŞ ( Hekayə)



            


                             



 20 noyabr Qarakənd faciəsi qurbanlarının xatirəsinə                                               



        “Yaman günün ömrü az olar...” Bunu babası deyərdi həmişə. Amma heç bu zəhrimar “yaman gün” onlardan əl çəkmirdi.  Bir dəfə arvadı qəfil sancılandı, “böyrək çatışmazlığı” diaqnozuynan əməliyyat elədilər, açıb gördülər ödüdü. Çıxardıb tulladılar, oldu yarımcan. İllərlə qısıxdırdıqları pulları da getdi, arvad da oldu belə.       

       Heç iki il keçmədi, qızı oxuyan ali məktəbi bağladılar, uşaq qaldı aralıqda. Düzdü, onun qızı testlə girə bilməmişdi, imtahandan sonra arvadının fitilləməsiynən həmin “yamangünnük” pulun iki minini aparıb vermişdi bir işbaza, qızı salmışdılar instituta. ( Həmin işbaz oturub ondan bəzi sözləri soruşmuş, dəftərçəsinə qeyd eləmişdi. Sonra cib telefonuyla kiməsə zəng vurub bir az danışmış, axırda “yaxşı, mənə bir yer də əlavə nəzərdə tut” deyib dəftərçəsinə nə isə şöttələyib, qabağına da “1” rəqəmini yazmışdı. O yazdıqca gözucu baxmış və görmüşdü ki,   “1”-in ardında  şöttələdiyi “institut” sözü imiş ki, bu yesir oğlu yesir – gör kim kimə nə deyir sın allah -  “inisdut” kimi yazdı) Üç il keçəndən sonra həmin ali məktəbi bağlamışdılar. Kişi ora-bura qaçmış, əlinə bir şey keçməmişdi. Abırından heç yerə də şikayət eləməmişdi. Elə ağzını açan kimi  çırpmışdılar ağzının üstündən:  “Əşi, ali təhsilli adamsan, o boyda şirkətdə işləyirsən, utanmırsan, pulunu aparıb bir lotuya vermisən, uşağı qoymusan avaragor.”      

        ”Bir deyən yoxdu ki, ay qardaş, ay bacı, yaxşı, mən axmağam də, bəs sizə nə olmuşdu ki, bu qanunsuz institutu işləməyə qoyurdunuz? Bu boyda nazirliklərin, hüquq-mühafizə orqanlarının gözü qabağında o məktəb illərlə işlədi, tələbə qəbul elədi, niyə onda bircəciyiniz demədiniz ki, ay camaat, bu ali məktəb yalandı, fırıldaqdı, aldanıb pulunuzu verməyin... Yaxud, niyə o ali məktəbi vaxtında bağlamadınız ki, mənim kimi axmaqlar toruna düşməsin. Axı bu hökümət axmağın da hökumətidi?”   Əlacı kəsildi, getdi həmin o “institut” sözünü “inisdut” kimi yazan işbazın yanına. O da başını əlləri ilə tutaraq “vallah, mən bir şey eləyə bilmərəm, xarabanı bağladılar getdi işinin dalıncan”, - demiş  amma sonda   yenə əl yeri qoymuşdu: ”Bircə yol qalır – perevod. Ona da küllü miqdarda pul gərəkdir.”        

      -“Nə qədər?”         

      -“İyirmiyə deyillər... Bəlkə  bazarlaşma eləmək oldu?..”      

         Başılovlu gəlmişdi evə. Arvad öz qızıllarını, qızının cer-cehizini satıb qoymuşdu evdəki yamangünlüyün üstünə, olmuşdu altı min. Dörd min üçün də faizə girmişdilər, on mini güc-bəla ilə düzəldib vermiş, qızı ən aşağı fakültəyə də olsa “perevod” elətdirə  bilmişdilər...  Neçə il faiz verə-verə qəpiyi qəpiyə calayıb bir təhər ailəni yola verdi.   O baş mexannik kimi yaxşı işçi sayılırdı deyən, şirkətdə hörməti vardı. Çəkilişlərə gedəndə hərdən “premya”dan-zaddan da olurdu. Həmin o əlavələri arvaddan xəlvət yığır, yenə “yamangünnük” düzəldirdi.  Elə qızın zıppıltısından təzəcə qurtarmışdı ki, (yox əşi, nə toy, nə cehiz, məktəbi, bir də faizi deyirəm; o yekə zıppıltıları qoymuşdu qızın özcə boynuna: işlə, lotereya oyna, cehiz pulunu düzəlt, vəssalam) oğlunun əsgərlik yaşı çatdı. Daha doğrusu, gədə balıqçılıq texnikumunu qurtarmışdı, yaxşı da işə düzəlmişdi. Allah o “institut” sözünü “inisdut” kimi yazan adama ömür versin, uşağı o texnikuma düzəltdiyi bəs deyil, hələ qurtaran kimi işini də danışmışdı. Bu dəfə də qızın dişinin kirini sümürə-sümürə yığdığı cehiz pulunu verib oğlanı işə qoymuşdular. Heç beşcə ay işləməmiş, çağırış vərəqəsi gəlmişdi. Yenə allah yaxşı adamların köməyi olsun! Həmin o bildiyiniz sözü düz yaza bilməyən kişi girdi qanlarının arasına: kimlərləsə danışdı, dedi ki, dördcə minə voyenni bileti alıb verirəm, qoyur cibinə.         

        Ailə yığışdı, hərə bir söz dedi. Gədə dedi ki, əşşi, işin dərdi olmasa, gedərdim, e. Cəhənnəmə ki, uzaq başı ofserlər çırpacaq, çırpsın. Prosto, işim əldən çıxacaq. İndi bu xarabada iş itirmək həyat itirmək kimidir.  Arvad özünü yeyib-tökdü, dedi ki, qoymaram oğlum ilin-günün bu vaxtında namərd əllərə düşə, başına qapaz vuralar, sağa-sola raz-dva elətdirələr...   Pul söhbəti daha yox idi. Kişinin bir manat da yamangünlüyə gümanı gəlmirdi. Onun dərdindən siqareti də tərgitmişdi. Heç araq da içmirdi. Günorta yeməyini də ixtisara salmışdı. Səhərnən axşamdan başqa gün uzunu dilinin altından anası demiş, öküz əməyi ötmürdü.  

       Bəs indi neynəsinlər?          

      -Evi satırıq! – arvad qeyzlə dedi.        

       Kişi daş atdı, başın tutdu. Bir həftə üzü quylu qaldı, çörək də yemədi. Vədə gəldi, bir aydan sonra oğlu getməliydi əsgərliyə.        

        Gecə yatdı, yuxu gördü. Gördü ki, anası çıxıb evlərinin qarşısındakı hündür qabaq ağacına... Bu ağacda qızıl üzüm olardı. Onu heç kim yığa bilməzdi, təkcə anasından başqa. Arvad dünənəcən bu ağacın ən hündür budağınacan çıxar, vedrəvedrə üzüm yığıb iplə aşağı sallayardı...  

         Hə, üzünü tutdu anasına ki, ay arvad, qocalmısan, düşüb şil-küt olarsan, sənin bu ağacda nə işin var?!  Arvad çımxırdı oğlunun üstünə, sonra da ağacdan bir budaq qırıb mikrafon kimi düzəltdi, ağzına yaxınlaşdırıb dedi:  -Camaat! Mənim bu oğlum nəverim çıxdı, nəslimizə-kökümüzə layiq olmadı... Onun oğlu bu yaxınlarda əskər getməlidi...  Qəribə də olsa, arvadın “mikrafon”u əməlli-başlı səs çıxartdı, kəndin camaatı yavaş-yavaş ağacın dibinə yığılmağa başladı. Kişinin ürəyi əlinin başında qalmışdı ki, anası bu saat quş buraxacaq, kəndin camaatına deyəcək ki, oğlu arvadının hiyləsinə uyaraq əsgər yaşlı uşağını əskərlikdən saxlatmaq üçün evini satır... 

       -Camaat! Mənim oğlum bu elə, bu obaya layiq deyil!   Onun “mikrafon”unun səsi  əks-səda, yox, elə qoy manıslar kimi deyim, exo verir, kəndin hər tərəfinə yayılırdı. İstədi dillənsin, desin ki, ay ana, səni atamın əziz goru, məni camaat içində biyabır eləmə, vallah evi-zadı satan deyiləm. Bir də gördü ki, atası da arxasında dayanıb tərs-tərs ona baxır. Arvad isə lap masabəyilər kimi qışqırırdı: 

        -Raz, dva, raz, raz, raz... Hə, yaxşıdı. Az exo ver... Ə, bir ev nədi ki, mənim oğlum onu satmır, nəvəmi gözüyaşlı qoyur, atasını da, məni də yerimizdə rahat yatmağa qoymur, qəbirdən çıxardıb bu ağac-uğacın başına dırmaşdırır. Ar olsun mənim oğluma!  Hamı bir ağızdan qışqırdı:  

-Ar olsun!   Sonra səslər mikrafona düşüb əks-səda verdi: 

 -Ar olsun, ar olsun, ar olsunnnnnn!  O heç vaxt bu ağaca çıxa bilməmişdi. Anası əlli yaşında olanda da bunun qanadlarında gəzər, üzümünü yığıb bəhməz bişirərdi. Son illərdə isə yaxşı araq çəkərdi arvad. Pula verdiyini verər, qalanını da balonlara yığıb şəhərə - oğlugilə pay yollayardı.   İndi anasının yenə nəsə deməyə hazırlaşdığını görüb qeyzləndi, sıçrayıb çıxdı ağaca, elə yarıya qədər çıxmışdı ki, gördü başına su tökülür. Üzünə düşəni dili ilə yalayanda bildi ki, su yox, işəməkdi. Anası camaat baxa-baxa ağacın başında tumanını çimrəyib düz oğlunun təpəsi aşağı işəyirdi. Gözünə düşən bir damcı  bəbəyini  göynətdi və əli ağacdan üzülüb təpəsi aşağı yerə gəldi. “Vay” deməyiylə arvadının onun yatdığı divana cumması bir oldu. 

       -Noldu, ə?!   Qan-tərin içində idi. Dili-dodağı qurumuşdu. Arvad su gətirdi. Bir qurtum içib dedi:  

      -Get, evi qoy satdığa. Amma...  Bir qurtum da içdi:  -...amma maklernən elə danış ki, bizə bir az ucuzvari bir ev tapsın ki, çöldə qalmıyaq...                                                            

*** 

           İki gün keçməmiş arvad şad xəbərlə qayıtdı ev bazarından. “Evə baxıb bəyəniblər, satılacaq bir-iki günə. Səkkizinci kilomrtrdə də ev danışıblar onlarçün. Gedib baxıb,  iki otaqlı, orta təmirlidir.”         

         Kişi tapança kimi açıldı:  -Mən Elmlər akademiyasında evi vosmoydakına nə təhər dəyişim, belə də şey olar?! Heç olmasa, “Gənclik”də-zadda oleydi... Özü də üç otaxlını iki otaxlıya dəyişirik axı!   Arvadın “tapançası” onunkundan da bərk “açıldı”:  

        -Sən deyirsən, elə yerdən yıxılım ki, heç yerim əzilməsin!.. On min qalır də sənə, nə istəyirsən?!  Kişi nəsə demək istədi, dilinin ucuna gələn sözü qaytardı – “tapançada patron qalmamışdı deyəsən.”   Bu dəfə də arvad “lülənin ağzını göyə tutub havaya atdı”: 

        -İntahası bir əngəlimiz var... İşığa əlli manat, suya otuz manat, qaza da qırx manat borcumuz var... Bir az da o yan-bu yan, elə yüz əlli manatacan pul lazımdı... Maaşa da hələ iyirmi gün var? Yenə faizə girmək istəmirəm, bəs nə təhər olacaq?  Əvvəllər   işdə lotereya oynayardı. On, on iki adam yığışar, maaş vaxtı  ayda əlli dollardan  qoyub püşk atar, kim hansı aya düşərdisə, o ayda da götürərdilər. Bu, xahiş edərdi ki, mənə püşk lazım deyil, lap axırıncını  verərsiniz. Belə-belə hər il həmin lotereyanın hesabına bir az pul qısıxdırıb dala atar, yaman günə saxlayardı. İndi lotereya nədi, camaat bu aydan o aya borcsuz çıxanda şükür eləyir. Kişi maaş kartında hərdən beş-on manat qısıxdırmış, bir növ özü özüynən lotereya oynamış, yenə yamangünlüyə bir əl yeri qoymuşdu. Təxminən iki aylıq maaş qədərində - dörd yüzəcən kartında pul saxlamışdı. Özü də bunu elə sirr kimi saxlamışdı ki, guya heç özünün də xəbəri yoxdu. Amma bu köpək oğlunun yaman günü heç əl çəkənə oxşamırdı.      

         Üzünü arvada tərəf deyil,  yavaş-yavaş gözləri ilə vidalaşmağa başladığı evinin bir küncünə tutub ah çəkdi və dedi: 

       -Mənim kartımda bir az olmalıdı, səhər çıxardıb gətirərəm...  Arvad qızının onlara baxmasını belə vecinə almayıb özünü atdı kişisinin üstünə, qucaqlamaq istədi. Kişi onu üsulluca kənara itələyib dedi: 

        -Axmaqlama, uşaq görür.  Arvad onun artıq keçəlləşmiş başından öpməyə macal tapdı:  -Onsuz da səhər subotadı, işə getmiyəssən. Tezdən durax, gedək pulu çıxar, ver aparım borcları ödəyim...  Kişi əvvəl “yaxşı” desə də, birdən dayandı, yenə həmin küncə baxıb içini çəkdi elə bil və dedi: 

        -Səhər noyabrın iyirmisidi hə?  Arvad at kimi   onun üzünə fınxırdı:

        -Pfııı! Nolsun ki? 

         -O olsun ki, səhər vertolyot qəzası şəhidlərinin xatirə günüdü. Bizim idarə həm Şəhidlərə, həm də Fəxri xiyabana getməlidi.  Arvad təslim olmaq fikrində deyildi: 

        -Bu dəfə də sən getmə, müdür ha deyilsən, qal evinin işini gör. 

      -Olmaz... Fəxrəddin, Alı  canlara dəyən adamıydılar... Arif də ki, yazıq yaxşı uşaq idi... Getməsəm, ruhları məni bağışlamaz... Arif mənim işçim olub axı... Nakam getdi yazıq.  Arvad elə bil bir az soyumuşdu. 

        -Doğrudan, ə, niyə həm Şəhidlərə gedirsiniz, həm Fəxri xiyabana?  

       Kişi köks ötürdü:  

       -Alıynan Fəxrəddinin qəbri Şəhidlər xiyabanındadı... Elə Arifi də orda basıracaqdıq, atası qoymadı, evləri Fəxri xiyabana yaxındı axı... İki ildi kişi ölüb, Arifin qəbrinin üstünə heç kim gəlmir... Kimi var ki? Arvad yox, uşaq yox... Nə yatdı ki, nə də yuxu görə? Heç onun adı yoxmuş ki, getməlilərin siyahısında! Əcəl apardı onu. Qaçdı,  mindi vertalyota...  Baş daşındakı yazı da pozulub... Nəsə, allah hamısına rəhmət eləsin. Səhər günortadan sonra mən pulu çıxardıb gələrəm hara desən ora... 


                                     *** 


        İzdihamdan aralı düşmüşdü. Əlindəki qərənfillərin hamısını Alıynan Fəxrəddinin üstünə qoymuş, axırıncı cüt qərənfili də Arifin məzarına saxlamışdı.  Bir də görmüşdü ki, Salatın gülə-gülə ona baxır. Bərk-bərk tutduğu qərənfilləri Salatının soyuq mərmərdən olan qəbir daşının üstünə qoydu və baxdı ki,   Fəxri xiyabana  gedən dəstəyə çatmaq üçün bir az ayaq götürməlidi. Həm də gərək həmkarların işçisindən heç olmasa iki gül alsın, Arifin qəbrinin üstünə qoymağa.           Xiyabanın girişində başına beret qoymuş bir qadın ona yanaşdı, qucaqlayıb üzündən öpdü və hönkürdü. Diqqətlə baxdı, Lalə idi, Alının yoldaşı. Onların gəncliyi bir yerdə keçmişdi. Üstəlik də, Alıyla möhkəm dost idilər. O məşum qəzadan sonra dostluqları da yarıda qırıldı. Dostluq tanışlıq səviyyəsinə endi, indi heç tanışlıq da demək olmaz. Lalə tanımasaydı, o bu nakam qadını heç tanıyammazdı.        

         Boğazına yığılan qəhər danışmağa qoymurdu. Bir də nə danışacaqdı ki? “Nə var, nə yox”, “necəsən?” kimi canqurtaran sözlər belə yerdə keçmir. Yaxşı ki, Lalə dilləndi:   

       -Sən gərək ki, Arifgillə yaxındın, hə? 

     -Hə, atasıyla... 

      -Bilirsən, film çəkirlər, məni də çağırmışdılar... onlardan da kimsə olmalıdı axı... yada salsınlar, filmdə xatırlasınlar... heç olmasa..

     .  -Atası ölüb... Qalanlarını da tanımıram... 

        -Vay heyf... Bir də mühasibatlıqda  mənə dedilər... Arifin o vaxtdan, on səkkiz il qabaq iki aylıq maaşı qalıb, hər dəfə ildən-ilə keçirirlər, gəlib alan yoxdur... Mənə dedilər, mən də sənə deyirəm... Yaxın adamlarından kimi görsən, de ki, onun iki aylıq maaşı qalıb, gəlib alsınlar...  Bu vaxt telefonunun zəngi çalındı. Nömrəyə baxdı: arvadı idi... 


                                                            12.12.2010. 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)