Edebiyyat.az » Söhbət » Pedro Almodovar

Pedro Almodovar

Pedro Almodovar
Söhbət
Necef Esgerzade
Müəllif:
11:43, 27 yanvar 2020
1 768
0
İspan Pedro Almodovar son illərin müəllif kinosunun ən tanınmış rejissorlarından, müasir kinematoqrafiyanın klassiklərindən biridir. Onu Qoyyanın şagirdi, Lorkanın ruh qardaşı, İspaniyanın zədələnmiş ruhu adlandırırlar. Almodovarın sayəsində dünya Penelopa Kruz, Antonio Banderas, Rossi de Palma, Viktoriya Abril kimi istedadları tanıdı.
Rejissorun filmlərində sosial realizm, naturalizm güclüdür. Onun qəhrəmanları tibb bacıları, narkomanlar, aktyorlar, müğənnilər, filosofluq edən cahillər, homoseksuallardır. Bir çox filmlərində Almodovar qadın təbiətini tədqiq edir. Rejissor qadınları anlatmaq üçün dərin psixologizmə varmır, filosofluq etmir, onların dünyalarını qəliz, ağır kino elementləri ilə ifadə etmir.
Əksinə, Almodovarın traktovkasında qadınlar sıravi tamaşaçı üçün də həddən artıq sadə anlaşılır, o qadın təbiətinin dərinliyini «bir effektiv jestlə», qadının pomidor doğrayarkən yol çəkən, nəmli gözləri ilə, yəni ən bəsit vəziyyətlərlə anladır. Hətta filmlərdəki ifrat parlaq, eklektik rənglər, əlvan dekorasiyalar, rəngarəng qadın geyimləri, kosmetik vasitələr, tərəvəzlər, meyvələr belə qadının obrazının açılmasına xidmət edir. Almodovarın orijinallığı həm də qadın hekayətlərinin fonunda sosial problemləri qabartmasındadır.
Almodovara şöhrəti “Buna layiq idimmi?” filmi gətirdi. Tənqidçilər bu filmi “qara komediya”, kiçik şedevr adlandırmışdılar. ”Əsəbi qadınlar” filmi “Oskar”a nominant oldu və xeyli mükafat qazandı. 1999-cu ildə Almodovarın “Anam haqqında hər şey” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” aldı. 2002-ci ildə ekranlaşdırdığı “Onunla danış” dramı da rejissora mükafatlar gətirdi və “ən yaxşı ssenari” nominasiyasında “Oskar” qazandı. Son illərdə rejissor bir-birindən maraqlı filmlər çəkməkdə davam edir: ”Pis tərbiyə”, “Qayıdış”, “Parçalanmış ağuş”.
Pedro Almodovar
Rejissorun “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibəni təqdim edirik.
 — Siz xroniki baş ağrılarından əziyyət çəkirsiniz. Bu sizin yaradıcılığınıza necə təsir edir?
— Miqrenə qarşı yeganə effektli metod ssenari yazmaq və film çəkməkdir. Kaş ki, bunu həmişə edə bilsəydim. Heç nə etməyəndə ağrı daha da dözülməz olur və vaxtın yavaş keçməsi təngə gətirir. Mən irsi miqrendən əziyyət çəkirəm və bu həkimlərim üçün uzun müddətdir ki, sirr olaraq qalır. Amma bununla belə müalicə almağım yaxşı təsir edir və az da olsa, yüngülləşirəm.
 — Siz ssenarini konkret aktyorları nəzərə alaraq yazırsınız?
— Adətən hansısa aktyoru düşünmədən ssenarinin ilk versiyasını yazıram. Əvvəlcə obrazları təsəvvür edirəm və sonra aktyorları düşünməyə başlayıram. Ssenari bitəndən sonra Karmen Maura, Antonio Banderas, Viktoriya Abril, Penelopa Kruz kimi tez-tez işlədiyim aktyorlara zəng edirəm, çünki ssenarilərim son anadək dəyişilir, hətta obrazların yaşını və cinsini də dəyişirəm. Ona görə də onlara öncədən vəd vermək riskli olardı.
 — Müxtəlif beynəlxalq layihə təkliflərinə baxmayaraq hələ də İspaniyada film çəkməyə davam edirsiniz. Vətəninizdə filmlərinizə reaksiyalar sizə mane olurmu?
— İspan mətbuatında “Parçalanmış ağuş” filmi haqda yaxşı və pis rəylər yazıldı. Bu birinci dəfə deyil. “Onunla danış“ dramı Roberto Benininin “Həyat gözəldir“ filmi ilə birlikdə son illərdə dünyada ən çox mükafat almış filmi oldu, amma vətənimdə heç bir mükafat almadı. Yəqin ki, Fransada və ya Almaniyada tamaşaçıların filmlərim haqda daha az mənfi fikri var. Filmlərimi tez-tez xaricdən kimlərsə qiymətləndirir, sevir və bu günə kimi də belədir. Hər halda mən belə vəziyyətlə yaşamağa alışmışam.
 — Amma heç nəyə baxmayaraq hamı tərəfindən sevilmək istəyirsiniz?
— Mən özüm haqda tənqidlərə görə narahat deyiləm. Əksinə, filmdə nəyin mənim üçün əhəmiyyətli olduğuna tamamilə əminəm. Buna əsasən tənqidləri ədalətli və ya ədalətsiz hesab edirəm. Rejissorluq məhz dəqiq elm deyil və ona görə tənqidçilərin, publikanın reaksiyasını heç zaman qabaqcadan görmək olmur. Amma yazılmamış bir qanun var: rejissorun heç zaman tənqidçi haqda pis danışmağa ixtiyarı yoxdur. Bundan başqa filmlər bizdən daha çox yaşayır və ilk reaksiyalar mütləq obyektiv mühakimə anlamına gəlmir.

 — Niyə sizin filmlərinizdə narkotiklər, onları hazırlayanlar tez-tez yer alır?
— Uzun müddət kokain istifadə etmişəm, amma nə zamansa elə bir an gəlir ki, bundan imtina etməlisən. Təbii ki, əgər yaşamaq və aydın başla işləmək istəyirsənsə. Filmlərimdə narkotiklərin təhlükəli olduğunu göstərmək istəmişəm. Heç kəs gəncliyi bundan çəkindirmir. Onların narkotik maddələr haqda zəruri informasiyası olmalıdır.
 — Frankonun ölümündən sonra başlanan sosiomədəni hərəkat zamanı sizin gündəlik həyatınızda nə dəyişdi?
— Mən səhər tezdən işə gedirdim, gecə yarısınadək işləyirdim. Bəzi məşhur gecə klubları mənim universitetim olub. Ömrümdə iki vacib məktəbim olub — anam və həyat hekayələrini dinlədiyim qadınlar. Madriddəki sonsuz gecələri də bura əlavə etmək olar. Mən o zaman rokun, zərərli vərdişlərin “dadını çıxardım”. Amma bir çox yaradıcı dostlarım bu orgiyanın təsirindən o qədər də inkişaf etmədilər.
 — Film çəkərkən daxilinizdə senzura olurmu?
— Müəllif filmi məhdudiyyətsiz və senzurasız olmalıdır. Senzura həmişə pisdir, amma yaxşı olardı ki, onu kənardan etsinlər, rejissorun daxilində doğulmasın. Tamaşaçının rejissorla razılaşıb-razılaşmamasından asılı olmayaraq onun əsas öhdəliyi budur: filmi elə çəkməlisən ki, tamaşaçı sonadək bir dəfə də olsun saatına baxmasın.

Mənbə: Mədəniyyət qəzeti
Müəllif: Sevda Əliəşrəfqızı

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)