Edebiyyat.az » Təqdimat » Dahilərin sevgi məktubları

Dahilərin sevgi məktubları

Dahilərin sevgi məktubları
Təqdimat
nemət
Müəllif:
15:42, 19 fevral 2020
1 602
0
Dahilərin sevgi məktubları



Nazim Hikmətin Pirayəyə məktubu

"Əziz həyat yoldaşım, budəfəki məktubuma sənin üçün yazdığım bir şeirlə başlayıram:

Saat dört yoksun, saat beş yok

Altı, yedi ertesi gün ve belki kimbilir...

Hapishane avlusunda bir bahçemiz vardı.

Sıcak bir duvar dibinde on beş adım kadardı.

Gelirdin, yan yana otururduk,

Kırmızı ve kocaman muşamba torban dizlerinde...

Quzum, həyat yoldaşım, bu şeirləri yaxşı-yaxşı oxu. Yazdıqlarımın ən yaxşıları olmasa da, ən yalanı az olanlarıdır. Səni necə yalansız, bəzəksiz-düzəksiz sevirəmsə, bu şeirlər də elə..."

Frans Kafkadan Milenaya məktub

"Yox, Milena, sizə yazmağım üçün mənə başqa imkan yaratmağınızı bir daha xahiş edirəm. Poçta boş-boşuna getməməlisiniz, o kiçik poçtalyonunuz belə - kimdir o? - getməməlidir, hətta poçt işçisi olan xanımdan belə boş yerə məktub xəbəri almamalısınız. Başqa heç bir imkan tapmırsınızsa, vəziyyətə dözmək məcburiyyətindəsiniz, amma heç olmasa, bir az cəhd edin, yazmağıma şərait yaradın.

Dünən gecə sizi yuxumda gördüm. Detalları xatırlaya bilmirəm, bildiyim tək şey bir-birimizin içində əriyib ağladığımızdır. Mən siziydim, siz isə mən. Sonda necə oldusa, alovlandınız. Alovun parçayla söndürülə biləcəyi ağlıma gəldi, köhnə bir pencək götürüb sizə vurmağa başaldım. Amma bu dəfə də görünüşünüz dəyişməyə başladı, dəyişdi, dəyişdi, axırda görünməz oldunuz. Bu dəfə mən yanırdım, pencəklə alovu döyəcləyən də məniydim. Amma bunun bir faydası olmadı və bu cür şeylərin yanğını söndürməyəcəyi ilə bağlı köhnə qorxumu düz çıxardı. 

Bu arada xilasedicilər gəldi və necə oldusa, sizi xilas etdilər. Amma əvvəlkindən fərqli idiniz, ruh kimiydiniz, qaranlığa təbaşirlə çəkilmiş cizgilərdən ibarət idiniz sanki. Sonra qollarımın üstünə düşdünüz, ölmüşdünüz, ya da, bəlkə, qurtulmağın sevincindən ürəyiniz getmişdi. Amma siz yenə dəyişdiniz, bəlkə də, kiminsə qolları arasına yıxılan məniydim".

Camal Sürəyyadan həyat yoldaşı Zühala məktub

"Həyatımsan. Bunu bilməyini istəyirəm. Ən birinci bunu bilməyini. Bir də bir şeyi bilməyini istəyirəm: məndən boşuna, heç nədən şübhələnirsən. Sənə heç vaxt xəyanət etməmişəm. Edə bilmərəm. Neçə ildir ki, evliyik, yan-yanayıq. Hələ də başımı döndərirsən, sənin əsirinəm, səni sevirəm. Hər ötən gün daha böyük bir sevgiylə. Nə olar, Akkavak qızı, anla məni. Bu sevgimə xor baxma, özünə yaraşdır, uyğunlaşdır.

Bu sətirləri ilk evimizin altındakı çayxanadan yazıram. Və mən sənə o ilk günlərdəkindən daha çox bağlıyam. Biz iki ayrı çay kimi ayrı-ayrı yerlərdən qopub gəldik, bir nöqtədə qovuşduq, ətrafımızdan kiçik bir qol da alıb böyük bir göl əmələ gətirdik. Birlikdə axırıq indi. Neçə vaxtdır ki, bu, belədir və həmişə də belə olacaq. Dənizə axana qədər, ölənə qədər. Bizim üçün tək şərt xoşbəxtlik ola bilər ancaq. Heç nə birliyimizi poza bilməz. Sən də elə düşünmürsənmi? Necə də qəribədir, son bir-iki ayda məndən uzaqlaşdığını, aramıza məsafələr, gərginliklər saldığını düşünərkən, həmin vaxt sən də eyni şeyləri fikirləşirsənmiş. Bunlar sevginin əlamətləridir, sevginin zaaman-zaman insanın qarşısına çıxardığı çətinliklərdir. Bunu ancaq belə izah etmək olar. Tək dalımsan, Memoyla birlikdə, amma ondan da doğmasan mənə. Bunu belə də bil...

Çayxananın qabağından maşınlar keçir. Bir dənə də at arabası keçir. Səni düşünəndə o atı da sevirəm. Gecə yatanda Memoyla həmişə səndən danışırıq. Susanda da səni düşünürük, yatanda da...

Axşamlar evə qayıdanda qapını sən aç, gözlərin açsın... Memo məktəbdən gəlmiş olsun. Görəsən, neçənci sinifdə oxumuş olsun? Həssas adamam mən. Çoxdan bir kinoya baxmışdım. Fransız filmiydi, adı da "Jesuis un Sentimental". O filmdəki adamam elə bil. Hirsim bəlli olar, coşğum ortaya çıxar, amma sevincim, kədərim dərinlərə axar və orada böyüyər.

Ancaq səninlə güclüyəm. Sən olmasan, mənasız olaram mən. Sev məni... Yaşayacağıq. Hər şeyimi sənə borcluyam. Səninlə rastlaşanda ürəyim yanırdı. Məni sən ovutdun. Əlimdən tutub qaldırdın. Mən də çörək kimi öpüb alnıma qoydum səni. Eşq böyüdü, eşq! Sən xəstəxanada ikən hər gün yazacam sənə. Səni necə sevdiyimdən yazacam. Üzüyündən öpürəm..."

Lüdviq van Bethovendən adını çəkmədiyi yasaq sevgisinə məktub

"Günaydın! Hələ yatağımda olsam da, fikrim sənin yanındadır. Ölməz sevgilim, sonda qollarına qaçaraq səninlə bir evdə yaşayana qədər səndən uzaq gəzəcəyəm. Ruhlar ölkəsinə sənə sarılmış ruhumu yollaya bilərəm. Bəli, təəssüf ki, belə olmalıdır. Səndən başqa heç kim qəlbimə sahib ola bilməz, əsla, əsla!

Tanrım, kimisə bu qədər sevən insan niyə ondan ayrı qalmalıdır axı? Mənim indi yaşadığım həyat çox alçaq həyatdır. Sevgin məni gah insanların ən xoşbəxti, gah da ən bədbəxti edir. Bu yaşda sakit, rahat bir həyata ehtiyacım var, əlaqəmiz də belə ola bilərmi?

Mələyim, mənə məktub aparan arabanın hər gün getdiyini dedilər, ona görə də məktubu tez qapayıb göndərməliyəm ki, sən də tez alasan. Sakitləş, sadəcə, varlığımızı gözdən keçirməklə birlikdə yaşamaq məqsədimizə çata bilərikmi? Sakit ol, məni sev, bu gün-sabah, göz yaşlarıyla dolu həsrət, sənin üçün, sənin üçün, sənin üçün, həyatım, hər şeyim, əlvida.

Məni sevməyə davam et..."

Volfqanq Mosartdan həyat yoldaşı Konstanzeyə

"Məktubun son səhifəsini yazarkən kağızın üstünə göz yaşları düşməyə başladı.

Amma nəşələnməliyəm. Tut, təəccüblənəcəyin qədər öpüş uçur havada. Şeytan havada qaynayır!

Ha, ha, ha! Üçünü tutdum. Fövqəladə şəkildə ləzzətlidirlər! Bu məktuba cavab verə bilsən, məktub çatana qədər gözlədilməsini yaz.

Sevgililərin sevgilisi, balaca arvadım mənim. Sağlamlığına diqqət elə, qəsəbədə gəzməyi ağlından belə keçirmə. Lütfən, mənə yaz... Səni milyon  dəfə öpürəm..."

Viktor Hüqodan Cülyetta Drueyə  məktub

"Bütün bu qaranlıq və şiddətli günlər boyunca fövqəladəydiniz, Cülyettam. Sevgi istədim, gətirdiniz, sağ olun!

Gizləndiyim yerlərdə, günlərcə təhlükə altında gözləməklə keçən gecələrin sonunda qapımda barmaqlarınızla titrəyən açarın səsini eşidəndə bütün pisliklər və qaranlıqlar yox olurdu. İçəri işıq girirdi. Gərginliyə ara veriləndə yanımda olduğunuz o qorxunc, amma müdhiş şirin saatları əsla unutmamalıyıq. O kiçik qaranlıq otağı, tavandan, divarlardan asılan o köhnə əşyanı, yan-yana qoyulan iki kreslonu, masanın bir küncündə yediyimiz yeməyi, gətirdiyiniz soyuq toyuğu ömrümüz boyunca unutmayaq. Şirin danışığınızı, oxşamalarınızı, qayğılarınızı, özünüzü mənə həsr etməyinizi həmişə xatırlayaq.

Məni sakit və rahat görəndə təəccüblənmişdiniz. Bu sakitlik və dinclik haradan gəlir, bilirsinizmi? Sizdən..."
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)