Könül Nuriyeva - Ərəb baharı, baharı arzulamayan qadının dili ilə
( bədii publisistika)
Qaranlıq, alçaq tavanlı otaqda ,,Min bir gecə nağılları” ilə Şərq ədəbiyyatının cazibəsinə düşmüşdüm. Ora babamgilin idi. Məndən başqa ora kiminsə son illər girmədiyi, əllərimlə özümə yol açdığım böyük hörümçək torlarından məlum idi. Tozlu kitablar indiki kimi allergiyaya səbəb olmurdu , hörümçəklərdən qorxmurdum. Orada , o nəmli, təkliyin səsini dinlədiyim yerdə nə qədər çox qaldığımı nənəmin çığır- bağırından bildim:
-Vaxseyy, uşaq itib!!
Hə, doğrudan itmişdim, ərəb ədəbiyyatının vərəqləri arasında.
***
Çoxumuz ərəb ədəbiyyatı dedikdə ya bundan xəbərsizik, ya da düşünürük ki, Qərb və Rusiya yazıçılarının yanında ərəblər uduzurlar. Elə deyil, oxudum, sevdim, araşdırdım, sizin bilmənizi istədim.
Suriya qadın yazıçıları, Suriyada roman janrı, İraq şairi Həmid Səid, Misir novellaları, orta əsr ərəb şairi Əbu Tayyib Əl Mütənnəbin, Misir ədibi Əl – Aqqad, İraq şairi Cəmil Siqqi, İraqda neoklassik poeziya, Nəcib Məhvuz, Əhməd Xani və onun ,,Məm və Zin “ poeması, İraqlı şair M. Arslan, Sərq ulduzları Əl – Fərabi, Ö. Xəyyam, C. Xəlil Cübran, Ərəb Əndəlus ədəbiyyatı, humanist yazıçı Mixail Nuaymə, İspaniyada ərəb ədəbiyyatı, Qorki və ərəb ədəbiyyatı, Livan şairi Mişel Süleymanın ,,Yerdən doğan günəş” kitabı ....
Üstündən otuz ilə yaxın müddət keçib, indi anlayıram ki, cazibəsi ilə Şərq niyə bu qədər fərqlidir. Baxmayaraq ki, zaman- zaman tənqidin gerilik adlı obyektivinə tuş gəlib.
***
Fars ədəbiyyatında on altıncı əsr şairi Baba Fiqani “səbk- Hindi” nın qurucusudur. Gözəl şeirləri ilə Hafiz Şiraziyə bənzədilən şair, həddindən artıq içir, getdiyi məclislərdə lağ obyekti olurdu. Qəsidə , tərkibibənd, qəzəl, tərciibənddən ibarət divanından bəzi seçmələr “ Les peries de la couronne, choix de poesies de Baba Feghani “ adıyla fransız dilinə tərcümə edilmişdir.
Ehsan Təbəri iyirminci əsrdə yaşamış siyasi şairlərdən idi. O tudəçi idi və iranda marksizmi təbliğ edirdi. İran kommunistlərinin 1970- ci ildə ən böyük ideoloqu idi.
Firdovsi tacik və fars dilində yazmışdır, “Şahnamə” üzərində otuz il işləmişdir.
Füruğ Fərruxzad iranlı şairədir. 1958 – ci ildə Avropada filosof İ. Gülüstün ilə tanış olub, “ Ev qaradır” filminin ideyasını ondan alıb. Film cüzamlı xəstələrdən bəhs edirdi. Yoldaşından ayrılan, oğlunu ona verməyə məcbur olan şairə illər sonra xəstə uşağı oğulluğa götürüb. Ölümü isə, uşaqla dolu avtobusla toqquşmamaq üçün idarə etdiyi maşını divara çırpması nəticəsində olub. “Əsir”, “Divar”, “Üsyan”, “Başqa bir doğuluş” adlı əsərləri var.
Hafiz Şirazi Şərqdə mistik düşüncəninən gözəl incisidir. Onun poeziyasında müasir sürrealizmin elementləri var. Dindarların təzyiqi onun şeirlərindəki dərin və abstrak fəlsəfəni poza bilməmişdir. 573 , bəzi mənbələrə görə, 994 qəzəlində özünü ifadə edə bilmişdir.
Şəhriyar klassik şeirin bütün şəkillərində yazmışdır, qəzəl, qəsidə, məsnəvi, qitə, rübailərlə dünya həyatını fəlsəfi şəkildə ifadə etmişdir.
Mirzə Əli Möcüz cəhalətdən insanı azad etmək, mədəni həyat, qadın azadlığı mövzularını təbliğ etməklə yanaşı, 1932- ci ildə ilk dəfə qız məktəbi açmışdır. O Sabir ədəbi üslubunu sevmiş, davam etdirmişdir.
İsfahandakı elmi fəaliyyəti Ö. Xəyyamı iki fəlsəfi əsərini- ,,Varlıq” və “Zərurilik haqda elmi traktat” nı 1080 – ci ildə yazmağa sövq etmişdir. Yazılarında lakonizmə üstünlük vermişdir. Onun astronomiya, təqvim, cəbr, həndəsə, riyaziyyat, iqlim, ziddiyyət, elm prinsiplərindən bəhs edən əsərləri var. Fəlsəfədə antologiyaya aid kitabı tək nüsxə ilə Britaniya kitabxanasında saxlanır.
Sədi Şirazi qəzəl janrının dərin ictimai- sosial yükü baxımından ustadlarından sayılır. İraq, Anadolu, Suriya, Misir, Mərkəzi Asiya, Hindistanı səyahət edən Şirazi ahıl yaşında doğulduğu Şiraza qayıdır. Dərviş mədəniyyəti haqqında ən tutarlı məlumatı onun ,,Bustan” əsərindən almaq olar. ,,Gülüstan” 1654- cü ildə almam dilinə tərcümə olunub.
Tahirə Qürrətüleyn islam şərqində çadrasını atan ilk müsəlman qadın idi. Cənubi Azərbaycanda Babilər hərəkatının iştirakçısı idi. Əri, qaynatası arasında kəskin ziddiyyətlər, onun həbsi, Tehrana qaçırılması fəaliyyətinin işıqlı çalarlarıdır. Onun çadrasız Şahruxda söylədiyi nitq, səksənə yaxın babi arasında on gün davam edən müzakirə, mübahisə, mülahizələri , üzün müddətli həbsi ruhundakı mübariz qadını öldürə bilmədi. Üç oğlunu anaya zidd əqidədə tərbiyə edən qohumları onun bərabərlik ideyalarını qeyri- adi hal hesab edirdilər. Ərəb və fars dilində şeirlərin müəllifidir.
***
Şərqin dərin inci dənizinin səthində üzdüm, ani baxış qəzəldən, lirikadan başlamış, fəlsəfə ilə davam etmiş, inqilabi ideyalarla yüksəlmişdi. Qanında qaynarlığı, cazibəni, istiqanlılığı, çılğınlığı daşıyan əksər şərqlilər kimi mən də düşünürəm: “Niyə avropalının mədəniyyətinın Şərqdə olmadığı dəfələrlə vurğulanır?”
Bizim orta əsrlərdə elmin dərinliyinə işləyən alim- yazıçılarımızın , məsələn Ö.Xəyyamın əsərləri Britaniya, Hollandiyanın Leiden, Almaniyanın Cotha kitabxanalarında xəzinə kimi saxlanılır, amma o filosofu yetişdirən Şərq hələ cəhalət, müharibələr içindədir?
Niyə hələ də beynimizdə kodlaşdırılmış sahə geniş yer tutur və bu ismarıc ora lənətlənmiş şəkildə yerləşdirilib: “ Qız uşağı ikinci dərəcəli övladdır. Qadın ərinin qulluqçusudur” Bilirəm, yazını oxuyanlar etiraz edəcəklər. Ən demokratik görünən kişi belə “mənə olar, qadına olmaz “ düşüncəsini gizlində saxlayır.
İsti iqlim düşünməyə mane olur, həssaslığın Şərqlə vəhdəti duyğuların üstünlüyünə gətirir. Sadəlövh Şərq özünün asılılıq bəlasından qurtara bilmir. Maddi zənginliyin bol olduğu Şərq intellekti bilərəkdən kənara itələyir. Sanki uzun əsrlər boyu əzilmiş, ağlamış şərq adamı bu gün kefi, əyləncəni acgözlüklə yaşamaq istəyir. Bilərəkdən, ağlını dincə qoyur. Bir də ayılır ki, dincə qoyduğu ağlı kütləşib. Riyazi biliklə davamlı məşq etməyən insanların ləng düşünmə halına gəldiyi kimi.
Şərqli işləməkdən, müharibələrdən, islamın amansız qadağalarından yorulub. Onu yorublar, elmli, alimli insanlarını ona unutdurmağa nail olublar. Bəs bunu kimlər edib? Məsələnin kökünə getsəm, bir insan bir millətdir, bir coğrafi ərazinin təqdim olunan nümayəndəsidir. Əgər insan öz şəxsi kimliyindən asanlıqla vaz keçirsə, təsirə düşürsə, demək onun bünövrəsi zəifdir. Ömər Xəyyamın hansı əsərini oxudunuz desəm, susacaqsınız. Sveyqi, Dostoyevskini, E. Ponu , hətta uzaq Murakamini belə oxuyanlar səsimə səs verəcəklər.
Niyə?!
Siz niyənin cavabını tapın..
Gözləyin məni, Ömər Xəyyam haqqında yeni yazımla.