Mircavid Ağalarov - Azərbaycanlı oxucular niyə "Balaca şahzadə" əsərini bu qədər xoşlayırlar?
Hər bir oxucunun sevimli kitabı olur. Bu sevimli kitab oxucunun sevdiyi janrı, stili, mövzunu göstərməkdən başqa, həmçinin oxucunun özünün necə bir insan olduğunu anlamaq üçün çox ideal bir vasitədir. Bəzən oxunan yüzlərlə kitabın arasından birini seçmək kifayət qədər çətin olur, bir əsəri dedikdə, bir digərinə qarşı haqsızlıq etdiyimiz fikri insanı rahat buraxmır, amma hər şəkildə biz hansısa əsərə üstünlük veririk.
Azərbaycanda, az olsa da, bədii ədəbiyyat mütaliəsinə vaxt ayıran oxucular mövcuddur. Çox vaxt bu oxucular "sevimli əsəriniz hansıdır?" sualına həyəcan, müdriklik və xoşbəxtlik dolu baxışlar ilə "Balaca şahzadə" cavabını verirlər. Bəli, Azərbaycanlı oxucuların ən sevdiyi əsər, ən çox dilə tərcümə olunmuş uşaq nağılı olan " Balaca şahzadədir". Yeri gəlmişkən, dünyanın ən çox dilinə tərcümə olunmuş ikinci kitab "Pinokyo" nağılıdır. Bunu sadəcə olaraq müqayisə üçün dedim.
Bəs niyə Azərbaycanlı oxucu "Balaca şahzadəni” bəyənir? Sözü uzatmadan, birbaşa cavab verəcəm- çünki əsər çox primitivdir, nəticə olaraq uşaq nağılıdır. Azərbaycanlı oxucu çətin ideyaları anlamaq üçün baş yormaq istəmir, bəlkə də ümumiyyətlə bacarmır. Belə olduqda bizim oxuculara sadə bir əsər lazımdır, qısa və konkret olaraq nəyin necə olduğunu desin, üstəgəl şəkillər də olsun ki, oxucumuz ortada sıxılmasın.
"Balaca şahzadə" əsərində cəmiyyətin çöküşünü, reqressini görən oxucu Cek Londonun " Martin İden" əsrində olan çöküşü görə bilməz, misal üçün. Bu oxucular üçün "Martin İden" əsəri təkcə Martin ilə Rufun sevgisindən ibarətdir, sonda olan Martinin ölümü əslində Spenser ideyalarının ölümü olduğunu, Martin ilə Ruf arasında baş verənlərin əslində insan təbiətində olan sahiblənmək və olmaq modusuna möhtəşəm bir alleqoriya olduğunu anlaya bilməz. Anlaya bilsəydi, sevimli əsəri "Balaca şahzadə" olmazdı.
Beləliklə daha vacib bir məqama gələ bilərik, bizim oxucular bayağı əsərlər oxuyurlar. Mark Levi, Sesilia Ahern, Jojo Mojes, Elçin Səfərli, Elxan Elatlı, Rövşən Abdullaoğlu kimi yazıçıların əsərləri ilə qidalanan oxucu kütləsi " Balaca şahzadə"dən başqa hansı əsəri öz sevimli kitabı edə bilərdi ki?! Bu əsərlərin mütaliəsi insana heç nə qazandırmır, E.Frommun sözləri ilə desək, sadəcə olaraq bitirmək üçün başlanılan mütaliədən başqa bir şey deyil, elə əsərlərin mütaliəsi. Belə əsərlər, ədəbiyyatdan kənar olmaq ilə birlikdə, xüsusi bir auditoriyaya ünvanlayıblar öz kitablarını. Yeniyetməlik dövründə və ya təfəkküründə olan oxuculara. Əslində ən çox mütaliə edən qrupda məhz, yeniyetməlik və gənclik dövründə olan insanlar olduğu üçün, bayağı sevginin verdiyi hisslər ilə ovsunlanannlar bu əsərlərin tələsinə düşürlər.
Nəticə olaraq, Azərbaycan oxucusu gərək iki vacib şərti yerinə yetirsin ki, bu bayağılıqdan qurtulsun : ilk olaraq gərək orta məktəb dövründən mütaliəyə klassika ilə başlasın, sonra yavaş-yavaş müasir dövrə keçsin. Belə olduqda, əsl ədəbiyyatın nə olduğunu anlaya bilər. İkinci olaraq isə, gərək ədəbiyyatın nəzəriyyəsinə yiyələnsinlər bizim oxucular.
Əgər bu şərtlərə əməl etsələr, detektiv janr kimi absurd ifadələrdən uzaqlaşar və orta məktəb inşası səviyyəsində olan söz yığınına ədəbiyyat deməkdən əl çəkərlər.