Edebiyyat.az » Ədəbi tənqid » Klara Setkin – Qadınlar Karl Marksa nəyi borcludur?

Klara Setkin – Qadınlar Karl Marksa nəyi borcludur?

Klara Setkin – Qadınlar Karl Marksa nəyi borcludur?
Ədəbi tənqid
admin
Müəllif:
20:40, 26 sentyabr 2020
1 209
0
Klara Setkin – Qadınlar Karl Marksa nəyi borcludur?





4 mart, Karl Marksın Londondakı ölümünün iyirminci ildönümü idi. Həyatı, 40 illik müddətdə Karl Marksın həyatı ilə səmimi qəlbdən fəaliyyət və mübarizə ilə bağlı olan Engels Marks öləndə yaxın bir dosta, Nyu-Yorkdakı Zorge yoldaşa bunları yazdı:
“Bəşəriyyət bir baş uzunluğunda gödəldi, bu baş zəmanəmizin ən qiymətli başı idi.”
O, bu sözlərlə çox düzgün bir qiymətləndirmə aparırdı.
Bu məqalədə, Karl Marksın bir alim və inqilabçı kimi proletariata nə verdiyini və proletariat üçün necə bir əhəmiyyət kəsb etdiyini izah etmək bizim vəzifəmiz ola bilməz. Bunu etmək, bugünkü gündə sosialist mətbuatında onun ölçüyəgəlməz dərəcədə zəngin, dərin elmi və praktiki həyat əsərini və özünü proletariatın xidmətinə həsr edən nəhəng, mükəmməl şəxsiyyəti haqda yazılanları təkrarlamaq olardı. Biz bunun yerinə, proletar qadın hərəkatının, bəli, ümumi olaraq qadın hərəkatının xüsusilə ona nəyi borclu olduğundan bəhs etmək istəyirik.
Şübhəsiz ki, Marks heç vaxt “ayrı-ayrılıqda” və bir “problem kimi” qadın problemi ilə maraqlanmayıb. Bununla belə o, əvəzedilməz bir şey, qadınların tam hüquqa malik olması uğrunda çox əhəmiyyətli bir şey edib. Materialist tarix anlayışı ilə o, bizə qadın problemi haqqında hazır reseptlər yerinə qat-qat daha yaxşı olan bir şeyi, onu tədqiq və dərk etməyə imkan verən doğru və dürüst bir metodu verdi. Qadın problemini ümumi tarixi inkişafın axını içərisində, ümumi ictimai əlaqələrin işığında onun tarixi çərçivədəki mövqeyini və haqlılığını aydın dərk etməyə, onun yönəldiyi hədəfləri, meydana gələn problemlərin həllinin məhz hansı şərait daxilində mümkün olduğunu başa düşməyə ancaq materialist tarix anlayışı imkan verir.
Qadınların ailə və cəmiyyətdəki mövqeyinin əbədi olaraq dəyişməz qalacağı, bunların əxlaqi qaydalar və ya tanrı buyruqları tərəfindən yaradıldığı barədə mövcud olmuş köhnə batil inanclar darmadağın edildi. Marks, cəmiyyətin digər qurumları və yaşayış formaları kimi ailənin də iqtisadi şərtlər və bunlardan irəli gələn mülkiyyət münasibətləri ilə birlikdə davamlı olaraq qabarma və çəkilmə prosesinə tabe olduğunu aşkara çıxartdı. İstehsal formasını dəyişdirərək və onu mövcud iqtisadi quruluş və mülkiyyət münasibətlər ilə toqquşduraraq dəyişikliyə yol açan məhsuldar qüvvələrin inkişafıdır. İnqilabçılaşmış iqtisadi münasibətlər əsasında insan zəkası inqilabçılaşır və sonra isə insanlar bazisdəki iqtisadi dəyişikliklərdən asılı olaraq üstqurumu dəyişdirir. Ardınca isə mülkiyyət formalarında və insan münasibətlərində dəyişiklik meydana gəlir. Bu dəyişiklik, sinfi mübarizə vasitəsi ilə özünü diqtə etdirir.
Engelsin, maarifləndirici əsəri olan “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi”nə yazdığı önsözdən, bu kitabda əsaslandırılmış nəzəriyyə və baxışların böyük bir hissəsinin Marksın yayımlanmamış mirası olduğunu, hansı ki, dostunun bunları əvəzedilməz bir sədaqət və dahiliklə bir mirasçı kimi əsaslandırdığını bilirik.
Bu əsərdən ayrı-ayrılıqda bir hipotez kimi çıxarıla biləcək, bəli çıxarılmalı olan şeylər nə olursa olsun; bütövlükdə bu əsər bizə, ailə və evlilik formasının, iqtisadi şərtlərin və mülkiyyət münasibətlərinin təsiri altında tədricən inkişaf etdiyi olduqca mürəkkəb olan şərtlərin şəffaf bir formada, nəzəri cəhətdən dərk olunmasının parlaq nümunəsini verir. Və bu dərk olunma bizə, qadının ancaq keçmişdəki mövqeyini öyrətmir, həmçinin, qadın cinsinin bugünkü ictimai mövqeyini, şəxsi hüquq və dövlət hüququndakı mövqeyini də dərk etməyə imkan verir.
“Kapital”, bugünkü ictimai quruluşda, bu vəziyyəti və hüquqi şəraiti kökündən inqilab yolu ilə dəyişdirəcək və qadınların hüquqi bərabərliyini təmin edəcək qarşısıalınmaz tarixi qüvvələrin iş başında olduğunu inandırıcı şəkildə göstərir. Marks burada kapitalist istehsal üsulunun inkişafını və təbiətini ən kiçik detallarına və ən mürəkkəb mərhələlərinə qədər bir təhlilçi kimi nəzərə almış və onun özünə xas hərəkət qanununu izafi dəyər qanununda kəşf edərək, – xüsusilə də, qadın və uşaq əməyini təhlil edən araşdırmalarında – kapitalizmin, qadınların keçmiş ev fəaliyyətinin əsasını dağıtdığını, beləliklə də keçmişdən qalma ailə formasını ləğv etdiyini sübut etmişdir. Bununla da, qadınlara ailə xaricində iqtisadi cəhətdən müstəqillik qazandırmış və onların, arvad, ana və bir vətəndaş kimi hüquq bərabərliyinə nail olmaları üçün əlverişli zəmin hazırlamışdır. Lakin Marksın əsərlərindən başqa bir nüans da bizə məlumdur ki, sosializmin köməyilə qadın probleminin həll olunması üçün labüd olan ictimai şərtləri yarada bilən və yaratmalı olan yeganə inqilabçı sinif proletariatdır. Bundan başqa, burjua hüquq müdafiəçilərinin proletar qadınlarının nə azadlığa çıxmasını istədiyi, nə də ki, bu azadlığı əldə etmək iqtidarında olduğu bir yana qalsın, onların kapitalizmdə, cinsiyyətlərin ictimai və hüquqi bərabərliyi üzərində cücərməkdə olan yeni toqquşmaları həll etməkdə aciz olduğu aşkara çıxmışdır. Bu toqquşmalar ancaq, insanın insan tərəfindən istismarı və bununla əlaqədar olan ziddiyyətlər aradan götürüldüyü təqdirdə sona çatmış olacaq.
Marks və Engelsin müştərək əsəri olan “Kommunist partiyasının manifesti”, “Kapital”ın elmi araşdırmalar içərisində ailənin dağılması və bunun səbəbləri haqda bizə öyrətdiklərini, qısa şəkildə bu sözlərlə ifadə edir:

“Əl əməyi nə qədər az məharət və qüvvə tələb edirsə, yəni müasir sənaye nə qədər çox inkişaf edirsə, kişi əməyini qadın və uşaq əməyi bir o qədər çox sıxışdırıb aradan çıxarır. Fəhlə sinfinə mənsub olanların cins və yaş fərqləri hər bir ictimai əhəmiyyətini itirir. Burada yalnız yaş və cinsindən asılı olaraq müxtəlif xərc tələb edən işlək alətlər mövcuddur.  
Burjuaziya ailə münasibətlərinin incə sentimental pərdəsini atmış və bunları xalis pul münasibətlərindən ibarət etmişdir.
Müasir ailə, burjua ailəsi nəyə əsaslanır? Kapitala, xüsusi varlanmaya. Tamamilə inkişaf etmiş şəkildə bu ailə ancaq burjuaziya üçün mövcuddur; lakin onun belə bir əlavəsi də vardır ki, proletarlar məcburiyyət üzündən ailəsiz qalır və açıq fahişəlik baş verir.
Köhnə cəmiyyətin həyat şəraiti proletariatın həyat şəraitində artıq məhv edilmişdir. Proletariatın mülkiyyəti yoxdur; onun öz arvad – uşağına olan münasibəti daha burjua ailə münasibətlərinə əsla bənzəmir…
İri sənayenin inkişafı nəticəsində proletariat arasında bütün ailə əlaqələri nə qədər çox pozulursa, uşaqlar nə qədər çox adi alver şeylərinə və iş alətlərinə çevrilirsə, ailə və tərbiyə haqqında, ata-ana ilə uşaqlar arasında mehriban münasibətlər haqqında burjua boşboğazlıqları da bir o qədər çox nifrət oyadır.”

Marks bununla belə, tarixi inkişafın ancaq köhnəni dağıtdığını yox, eyni zamanda bizi, ən yenisini, ən yaxşısını və daha mükəmməl bir dünyanı yaratdığına dair qələbə hiss ilə təmin edir.
“Kapital”da deyilir:
“Kapitalizmdə köhnə ailə formasının dağılması indi nə qədər iyrənc görünürsə görünsün, iri sənaye hər iki cinsə mənsub qadınları və cavanları ev iqtisadiyyatından kənarda, ictimai cəhətdən təşkilatlanmış istehsal prosesinə cəlb edərək, ailə formasının və cinslər arasındakı əlaqələrin daha yüksək bir forması üçün iqtisadi zəmin yaradır.”
Marks və Engels “Kommunist partiyasının manifesti”ndə fəxr və istehza ilə, gələcək ideallara qarşı atılan böhtanlara cavab olaraq bugün mövcud olan vəziyyətin amansız karikaturasını qoyurlar:

“Burjua öz arvadına adi bir istehsal aləti kimi baxır. O eşidir ki, istehsal alətlərini ümumi istifadəyə vermək nəzərdə tutulur, buna görə, əlbəttə, belə bir fikirdən uzaqlaşa bilmir ki, qadınların da başına bu cür bir iş gələcəkdir.
O heç xəyalına da gətirmir ki, burada qadının məhz adi bir istehsal aləti olması vəziyyətini aradan qaldırmaqdan bəhs olunur. Kommunistlərdə arvadların guya rəsmi ümumiliyi barəsində bizim burjuaların yüksək əxlaq sahibləri kimi dəhşətə gəlmələrindən daha gülünc bir şey yoxdur.
Kommunistlərin arvadları ümumiləşdirmələrinə ehtiyac yoxdur, bu ümumilik, demək olar, hər zaman mövcud olmuşdur.     
Bizim burjualar, rəsmi fahişəlik hələ bir yana qalsın, öz fəhlələrinin arvad və qızlarının onların ixtiyarında olması ilə kifayətlənməyərək, bir-birinin arvadlarını ələ keçirməkdən xüsusi bir həzz alırlar.     
Burjua kəbini əslində arvadların ümumiliyi deməkdir. Kommunistləri bəlkə də ancaq bunda ittiham etmək olardı ki, guya onlar arvadların riyakarlıqla pərdələnən gizli ümumiliyi əvəzinə rəsmi, açıq ümumiliyini həyata keçirmək istəyirlər. Lakin özlüyündə aydındır ki, indiki istehsal münasibətləri məhv edildikdə, bu münasibətlərdən doğan arvad ümumiliyi də, yəni rəsmi və qeyri-rəsmi fahişəlik də yox olacaqdır.”

Bununla belə, qadın hərəkatı Marksa, onun, qadın cinsinin ictimai köləlikdən azadlığa və atrofiyadan güclü, ahəngdar varlığa doğru uzanan ağrılı yolunu işıqlandırmasından daha artıq şeyi borcludur. O, bugünkü cəmiyyətdə mövcud olan sinfi ziddiyyətlərin və onların köklərinin dərindən kəskin analizini edərək müxtəlif siniflərə mənsub olan qadınları bir-birindən ayıran barışmaz mənafe toqquşmalarını açıb göstərmişdir. Burjua xanımları ilə proletar qadınlarını güya birləşdirici lentlə bağlayan “qardaşlıq” haqda olan “sevgi nağılları”, materialist tarix anlayışının atmosferində sabun köpüyü kimi partlamışdır. Marks, proletar və burjua qadın hərəkatları arasındakı əlaqəni kəsib atan qılıncı zindana vurub hazırlamış və o qılıncı istifadə etməyi bizə öyrətmişdir. Lakin o, eyni zamanda birincini – proletar qadını hərəkatını – ayrılmaz bir formada sosialist fəhlə hərəkatı və proletariatın inqilabçı sinfi mübarizəsi ilə birləşdirən idrak zəncirini də hazırlamışdır. Beləliklə o, mübarizəmizin qəti hədəfinə aydınlıq, görkəm və əzəmətlilik qazandırmışdır.
“Kapital” qadın əməyi, fəhlə qadınlarının vəziyyəti, fəhlələrin qanunla qorunması və s. ilə bağlı ölçüyəgəlməz zənginlikdə faktlar, dəlillər və yol göstərən fikirlərlə doludur. O, həm aktual tələblər, həm də gələcək ali sosialist hədəfi uğrunda apardığımız mübarizədə bizim üçün sonsuz bir fikri təchizat xəzinəsidir. Marks bizə, qadın proletarlarının mübarizə qabiliyyətini yüksəldən kiçik, gündəlik vəzifələri öyrədir. O, eyni zamanda bizi, siyasi hakimiyyətin proletariat tərəfindən ələ keçirilməsi uğrunda aparılan böyük inqilabçı mübarizəni uzaqgörənliklə qiymətləndirərək irəliyə keçirir, hansı ki, bu mübarizə olmadan sosialist cəmiyyəti və qadın cinsinin azadlığı ancaq boş bir xəyal olaraq qalardı. O, hər şeydən əvvəl bizi, gündəlik işimizə dəyər və əhəmiyyət verən şeyin ancaq o ali hədəf olduğu inamı ilə doldurur. Beləliklə o bizi, fərdi fenomenlərin, vəzifələrin və uğurların izdihamı arasında hərəkatımızın başlıca məzmununu nəzərdən qaçırmaq və yeni dövrün şəfəqini əks etdirən geniş tarixi üfüqü itirmək təhlükəsindən qoruyur. O, inqilabçı fikrin atası olduğu kimi, inqilabçı mübarizənin və proletar qadın hərəkatının da rəhbəri olaraq qalır.
 
Die Gleichheit (Bərabərlik) qəzeti, Ştutqart
25 mart 1903-cü il

Mənbə: praksis01.wordpress.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)