Edebiyyat.az » Ədəbi tənqid » Fridrix Engels – Təbiətşünaslıq ruhlar aləmində

Fridrix Engels – Təbiətşünaslıq ruhlar aləmində

Fridrix Engels – Təbiətşünaslıq ruhlar aləmində
Ədəbi tənqid
admin
Müəllif:
20:47, 26 sentyabr 2020
1 273
0
Fridrix Engels – Təbiətşünaslıq ruhlar aləmində




Xalq şüuruna keçmiş olan dialektikanın belə bir köhnə müddəası vardır: ifratçılıqların nəticələri eyniləşir. Buna görə də əgər biz xəyalpərəstliyin, sadəlövhlüyn və mövhumatçılığın ən ifrat dərəcəsini alman naturfəlsəfəsi kimi, obyektiv aləmi öz subyektiv təfəkkürü çərçivəsinə sığındırmağa cəhd edən təbii-elmi cərəyanda axtarmaq deyil, tərsinə, həmin cərayana əks olan və özünün yalnız təcrübədən istifadə etməsi ilə lovğalanıb təfəkkürə böyük bir nifrətlə yanaşan və həqiqətdə də fikrin yoxsullaşmasında ən çox irəli getmiş olan cərəyanda axtarmağa başlasaq, səhv etmiş olmarıq. Bu məktəb İngiltərədə hökm sürür. Hələ onun banisi, məşhur Frensis Bekon öz yeni empirik, induktiv metodunu hər şeydən əvvəl aşağıdakı məqsədlərə: ömrü uzatmaq, müəyyən dərəcə cavanlaşdırmaq, insanın bədən quruluşunu və simasını dəyişdirmək, bir qisim cisimləri başqa qisim cisimlərə çevirmək, yeni növlər yaratmaq, havaya hakim olmaq və tufan yaratmaq məqsədlərinə çatmaq üçün tətbiq etmək həsrətini çəkir; o, bu qəbil tədqiqlərin tərk edilməsindən şikayətlənir və öz təbiət tarixində qızıl hazırlamağın və müxtəlif möcüzələr etməyin qəti reseptlərini verir. Tam eynilə də İsaak Nyuton qoca yaşlarında İoannın Vəhyinin təfsir edilməsi ilə çox məşğul olmuşdur. Buna körə əsla təəccüblü deyildir ki, son illərdə ingilis empirizmi özünün heç də ən pis olmayan bəzi nümayəndədərinin şəxsnndə, deyəsən, Amerikadan idxal edilmiş ruhçağırma və ruhgörmənin qəti qurbanı olmuşdür.
Təbiətşünaslardan buraya hamıdan əvvəl, yüksək xidmətləri olan zooloq və nəbatatçı Alfred Rassel Uolles mənsubdur, həmnn Uolles ki, Darvinlə bir zamanda növlərin təbii seçmə yolu ilə dəyişilməsi nəzəriyyəsini irəli sürmüşdur. Özünün «Möcüzələr və müasir spiritualizm haqqında» kitabçasında – London, Bernsin nəşri 1875 – o, nağıl edir ki, təbiətşünaslığın bu sahəsində onun apardığı ilk təcrübələr 1844-cü ilə aiddir; o bu zaman c-b Spenser Hollun mesmerizm» haqqındakı mühazirələrini dinləmiş və bu mühazirələrin təsiri altında öz şagirdləri üzərində o cür eksperimentlər aparmışdır.
«Mən bu mövzu ilə son dərəcə maraqlandım və onunla çox böyük bir səylə (arbour) məşğul olmağa başladım» [səh. 119].
O nəinki hipnoz yuxusuna daldırmış və bədən üzvlərinin keyləşməsi, bədənin ayrı-ayrı yerlərində həssaslığın itirilməsi halları törətmişdir, o həmçinin Qallın kəllə xəritəsinin düzgünlüyünü də təsdiq etmişdir, zira Qall orqanlarının hər birinə toxunmaqla o, hipnoz edilmiş pasiyentdə müvafiq fəaliyyət oyadırmış, pasiyent coşqunluqla və lazımi qaydada əl-qolunu hərəkət etdirirmiş. Sonra o, müəyyən etmişdir ki, o öz pasiyentinə sadəcə toxunduqda, pasiyent əməliyyatçının bütün duyğularını əks etdirir; o, bir stəkan suyu konyak adı ilə öz pasiyentinə içirdib onu sərxoşluq vəziyyətinə çatdırırmış. Öz şagirdlərindən birini hətta oyaq halda elə bir səfehləmə vəziyyətinə çatdırmışdır ki, o öz adını unutmuşdur, – bu nəticəni başqa müəllimlər əslində mesmerizmsiz də əldə edirlər. Və ilaaxır.
İndi məlum olur ki, 1843/44-cü ilin qışında Mançesterdə mən də bu c-b Spenser Hollu görmüşəm. Bu ən adi bir şarlatan idi, allahın varlığını, canın ölməzliyini və o zaman bütün böyük şəhərlərdə ouençilər tərəfindən təbliğ edilən materializmin yalan olduğunu sübut etmək məqsədi ilə, bəzi keşişlərin himayəsi altında ölkəni gəzib cavan bir qızın üzərində maqnetik-frenoloji təcrübələr aparırdı. O həmin qadını hipnoz yuxusuna daldırırdı və əməliyyatçı qadının kəlləsində hər hansı bir Qall orqanına toxunduqdan sonra qadın teatr tamaşasında olduğu kimi, camaata müvafiq orqanların fəaliyyyətini ifadə edən hərəkət və pozalar göstərirdi; məsələn, əməliyyatçı, uşaqlara məhəbbət (philoprogenitiveness) orqanına toxunduqda o xəyalında yaratdığı uşağı əzizləyib öpürdü və i. a. Həm də qoçaq Holl Qallın kəllə coğrafiyasını zənginləşdirib ona yeni bir ada – Baratariya adasını əlavə etmişdi, yəni: kəllənin lap təpəsində o, ibadət vəziyyəti orqanını kəşf etmişdi və həmin orqana toxunduqda, onun hipioz etdiyi qız diz üstə düşüb əllərini sinəsinə qoyur və heyran qalan filister tamaşaçıların qarşısında özünü ibadət vəcdinə dalmış bir məlaikə kimi göstərirdi. Bu, tamaşanın ən yüksək, son nəticəsi idi. Allahın varlığı sübüt edilmiş olurdu.
C-b Uollesin başına gələnlər mənim və bir tanışımın da başına gəldi: biz bu hadisələrlə maraqlandıq və təcrübə etməyə başladıq ki, görək bunları nə dərəcədə təkrar etmək mümkündür. Subyekt olaraq biz on iki yaşında bir diribaş oğlan tapdıq. Adam ona gözünü bərk zillədikdə və ya onu ehmalca sığalladıqda asanlıqla onu hipnoz halına salmaq mümkün olurdu. Lakin biz işə c-b Uollesdən bir qədər az sadəlövhlüklə və az canfəşanlıqla girişdiyimizdən əldə etdiyimiz nəticələr də tamamilə başqa oldu. Əzələlərin asanlıqla keyləşməsi və həssaslığın itirilməsindən başqa, iradənin tam passivləşməsi və eyni zamanda duyğuların spesifik bir şəkildə ifrat oyanması halının yarandığını gördük. Kənardan hər hansı bir oyatma vasitəsilə pasiyenti letargiya halından çıxartdıqda, o, oyaq halındakından xeyli artıq bir çeviklik göstərirdi. Əməliyyatçı ilə əsrarəngiz əlaqə olmasının biz heç izini də tapmadıq; bizim hipnoz etdiyimiz subyekti hər bir başqa adam da eyni dərəcə asanlıqla hərəkətə gətirə bilərdi. Qall kəllə orqanlarını fəaliyyətə gətirmək bizim üçün tamamilə asan bir iş idi; biz daha çox irəli getdik: biz bu orqanları nəinki bir-biri ilə əvəz edə bilir və bunları bədənin hər yerində yerləşdirə bilirdik, hətta istənilən qədər başqa orqanlar da: mahnı oxumaq, fit vermək, tütək çalmaq, rəqs etmək, boks oynamaq, tikiş tikmək, çəkməçilik etmək, papiros çəkmək və i.a. orqanları da icad edir və bunları istəydiyimiz nöqtələrdə yerləşdirə bilirdik. Əgər Uollesin pasiyenti sudan sərxoş olurdusa, biz ayağın baş barmağında sərxoşlanmaq orqanı kəşf etdik və biz ona toxunduqda dərhal çox qəribə bir sərxoşluq komediyası törənirdi. Lakin özlüyündə aydındır ki, pasiyentdən nə gözlənildiyi ona anladılmadıqda, orqanların heç birində hər hansı bir fəaliyyətin heç izi də görünmürdü; praktika sayəsində bizim bu oğlan tezliklə o qədər təkmilləşdi ki, ona kiçicik bir işarə edilməsi kifayət idi. Bu surətlə yaradılan orqanları sonra yenə də eyni yolla dəyişdirmədikdə bunlar həmişəlik olaraq bütün sonrakı yatırmalar üçün də öz qüvvəsini saxlayırdı. Müxtəsər, bizim pasiyentin iki cür hafizəsi var idi: biri oyaqlıq halı üçün, digəri isə, tamamilə ayrıca olaraq, hipnoz olunmuş hal üçün idi. İradə passivliyyinə, iradənin üçüncü bir şəxsin iradəsinə mütləq tabe etdirilməsinə gəldikdə, əgər bizi maraqlandıran bütün halın pasiyentin iradəsini əməliyyatçının iradəsinə tabe etməkdən başlandığını və həmin tabelik olmadan bu halın yarana bilmədiyini unutmasaq, onda, o, hər cür ecazkar görünüşünü itirir. Dünyada ən qüdrətli cadugər-hipnozçu da, əgər pasiyenti onun üzünə gülməyə başlasa, aciz qalar.
Beləliklə, hədsiz skeptisizm göstərməklə biz, maqnetik-frenoloji şarlatanlığın əsasını təşkil edən bir sıra elə hadisələr tapdıq ki, bunlar oyaqlıq halındakı hadisələrdən əksərən yalnız dərəcə etibarı ilə fərqlənir və bunların heç bir mistik izahata etiyacı yoxdur, c-b Uollesin səyi (arbour) isə onda bir sıra özünüaldatmalara gətirib çıxarmışdır ki, bu hallar üzündən o, Qallın kəllə xəritəsini tam təfərrüatı ilə təsdiq etmiş və əməliyyatçı ilə pasiyent arasında əsrarəngiz bir əlaqə tapmışdır*. C-b Uollesin avamlıq dərəcəsinə çatan bir sadədilliklə etdiyi nağılın hər yerində görünür ki, onun üçün əhəmiyyətli cəhət spiritik şarlatanlığın həqiqi zəminini tədqiq etməkdən daha çox, hər necə olursa olsun bütün hadisələri təkrar yaratmaqdan ibarət olmuşdur. Artıq təkcə bu əqli əhvali-ruhiyyə, əvvəllər bir tədqiqatçı kimi çıxış edən adamın qısa bir müddətdə özünü sadəcə və asanca aldatmaq yolu ilə dönüb tərəfdar olması üçün kifayətdir. C-b Uolles axırda maqnetik-frenoloji möcüzələrə inanmış və bir ayağı ilə gəlib ruhlar aləminə çıxmışdır.
O həmin aləmə ikinci ayağını 1865-ci ildə qoydu. Özünün isti ölkələrə onikiillik səyahətindən qayıtdıqda, stol hərləmə təcrübələri onu müxtəlif «mediumlar» cəmiyyətinə daxil etdi. Yuxarıda adı çəkilən kitabça onun burada necə tezliklə müvəffəqiyyət qazandığını və həmin predmetə onun necə dolğun bir surətdə yiyələndiyini göstərir. O bizdən tələb edir ki, yalnız Homların, Davenport qardaşlarının, habelə çox və ya az hallarda pul üçün çıxış edən və xeyli hissəsi bir aldadıcı olaraq dəfələrlə ifşa edilmiş olan başqa «mediumların» bütün mövhum möcüzələrini deyil, habelə ruhlar haqqında daha qədnim zamanlardakı bir sıra guya mötəbər olan əhvalatları da bir həqiqət kimi qəbul edək. Uollesin fikrincə, yunan məbədinin qeybdən xəbər verənləri, orta əsrlərdəki cadugər qarılar «medium» olmuşlar, Yamvlix isə «Qeybdən xəbər vermə haqqında» adlı kitabında
«müasir spiritualizmin son dərəcə heyrətləndirici hadisələrini» [səh. 229]
artıq çox dürüst təsvir edir.
Bu möcüzələrin elmi yolla müəyyən olunması və təsdiq edilməsi c-b Uollesin nə qədər yüngül yanaşdığına dair bircə misal göstərək. Cənab ruhların öz foto şəkillərini çəkməyə imkan verdiklərinə inanmağı bizə təklif etdikdə bizdən olduqca çox şey istəmiş olurlar, biz də, əlbəttə, haqlı olaraq tələb edə bilərik ki, ruhların bu cür foto şəkillərinin həqiqi olduğunu bizim qəbul edəcəyimizdən əvvəl bunlar ən şübhəsiz bir surətdə təsdiq edilmiş olsun. C-b Uolles də 187-ci səhifədə nağıl edir ki, qız familiyası Nikol olan baş medium Happi xanım 1872-ci ilin mart ayında Nottinq-Hilldə c-b Hadsonun yanında öz əri və kiçik oğlu ilə birlikdə öz foto şəklini çəkdirmişdir və iki müxtəlif fotoda onun arxa tərəfində uğurlayıcı bir tərzdə, ucaboylu bir qadın surəti çıxmışdır; siması bir qədər şərq tipinə bənzəyən bu qadın zərif (finely) bir surətdə ağ rəngli qaz-qaza bürünmüşdü.
«Deməli, burada iki şeydən biri mütləq mötəbərdir**. Ya burada bizim qarşımızda canlı və zəkalı, lakin gözə görünməyən bir vücud vardır, ya da cənab və xanım Happi, fotoqrafçı və dördüncü bir şəxs abırsız (wicked) bir aldatma işlətmişlər və o zamandan bəri bu aldatmanı davam etdirmişlər. Lakin cənab və xanım Happini mən çox yaxşı tanıyıram və tamamilə əminəm*** ki, təbiətşünaslıq sahəsində həqiqət axtaran ciddi bir adam kimi,onlar da belə bir aldatma işlədən deyildirlər» [səh. 188].
Deməli, ya aldatmadır, ya da ruhların foto şəkilləri. Çox gözəl. Əgər aldatmadırsa, onda ya ruh əvvəlcədən plastinkalarda olmuş, ya da onun meydana çıxmasının təşkilində dörd nəfər və ya bəlkə də üç nəfər iştirak etməli ldi, çünki 1875-ci ilin yanvarında 84 yaşında vəfat etmiş olan, iradəsiz və ya aldadılmış qoca Happini nəzərə almaya bilərik (onu pərdənin dalına keçirtmək kifayət idi). Sübut etməyimizə ehtiyac yoxdur ki, fotoqrafın ruh üçün «model» tapması o qədər də çətin olmazdı. Lakin çox keçmədən fotoqraf Hadson müntəzəm surətdə ruhların foto şəkillərini uydurmaqda açıq ittiham edilmişdi və bununla əlaqədar olaraq c-b Uolles təsəlli ilə deyir:
«Hər halda bir şey aydındır: əgər müəyyən bir yerdə aldatma oldusa, onu spiritlər özləri dərhal aşkara çıxarırdılar» [səh. 189].
Beləliklə, fotoqrafa o qədər də arxayın olmaq lazım gəlmir. Qalır xanım Happi ki, onun lehinə mərhəmətli Uollesin «tamamilə əmin olduğudur», vəssalam. Vəssalam? Yox belə deyildir. Xanım Happinin tamamilə doğru danışdığını onun belə bir söhbəti göstərir ki, bir dəfə, 1871-ci il iyunun əvvəllərində axşam çağı o, Highburu Hill Park-dakı öz mənzilindən huşsuz bir halda, hava ilə Lambs Conduit Street 69-a aparılmış – bu düz xətlə üç ingilis mili təşkil edir – və həmin 69 №-li evdə bir spiritizm seansı zamanı stolun üzərinə qoyulmuşdu. Otağın qapıları bağlı imiş və, xanım Happi Londonun ən kök qadınlarından biri olsa da, – bunun isə hər halda müəyyən bir əhəmiyyəti vardır, – onun birdən-birə buraya girməsi nəticəsində nə qapılarda, nə də tavanda heç bir deşik yer qalmamışdı (bu əhvalat Londonda çıxan «Echo»nun 1871-ci il 8 iyun nömrəsində nağıl edilmişdir. Əgər bundan sonra birisi ruhların foto şəkillərinin həqiqiliyinə inanmaqdan imtina etsə, ona heç bir şeylə kömək etmək olmaz.
Spiritizmin ingilis təbiətşünasları arasında ikinci adlı-sanlı tərəfdarı c-b Uilyam Kruksdur, həmin Kruks ki, kimyəvi element talliumu kəşf etmiş və radiometri (Almaniyada buna habelə Lichtmühle deyilir) icad etmişdir. C-b Kruks təqribən 1871-ci ildən etibarən spiritik hadisələri tədqiq etməyə başlamış və bunun üçün tam bir sıra fizika və mexanika aparatları: yaylı tərəzi, elektrik batareyaları və i.a. tətbiq etmişdir. İndi biz görəcəyik ki, başlıca aparat olan skeptik-tənqidçi başını da o özü ilə aparmamışmı və bunu axıradək işə yararlı vəziyyətdə saxlamışmı. Hər halda, qısa bir muddətdən sonra c-b Kruks da c-b Uolles kimi tamamilə spiritizmin əsiri oldu.
«Artıq bir neçə ildir»,– deyə c-b Uolles nağıl edir, – «miss Florens Kuk adlı cavan bir qadın çox parlaq medium keyfiyyətlərinə malik olduğunu göstərir; son zamanlarda bu qadın o dərəcəyə çatmışdır ki, tam bir qadın bədəni yaradır və hər cəhətdən görundüyü üzrə bu qadın bədəni ruh aləmindən nəşət edir və ayaqyalın, yellənən ağ bir libasda meydana çıxır, tünd bir paltar geyib, əl-ayağı bağlı olan medium isə, pərdə tutulmuş bir otaqda (cabinet) və ya qonşu otaqda yuxuda yatır» [səh. 181].
Özünü Keti adlandıran və miss Kuka son dərəcə bənzəyən bu ruhu bir dəfə axşamçağı c-b Folkman, – yəni xanım Happinin indiki əri, – belindən tutub yəqin etmək istəmişdir ki, o, miss Kukun ikinci bir surəti deyilmi. Bu ruh tamamilə canlı bir qız kimi hərakət edir və canfəşanlıqla özünü qoruyurmuş; tamaşaçılar bu işə qarışmış, işıq söndürülmüş və bir qədər vurnuxmadan sonra yenə ara sakitləşib otaqda işıq yandırıldıqda ruh yox olmuşdur, mis Kuk isə əli-ayağı bağlı və huşsuz bir halda öz yerində uzanıbmış. Lakin deyilənlərə görə, guya c-b Folkman indi də iddia edir ki, o, başqa bir adamı deyil, məhz miss Kuku tutubmuş. Bunu elmi surətdə müəyyən etmək üçün bir məşhur elektrik, c-b Varli sonrakı seansların birindən qabaq elektrik batareyasının cərəyanını mediumdan – miss Kukdan elə keçirtmişdir ki, o, cərəyanı kəsmədən özünü ruh şəklində göstərə bilməzdi. Lakin ruh yenə də gəlmişdi. Beləliklə bu, həqiqətən miss Kukdan fərqli olan bir vücud idi. C-b Kruks bunu daha böyük bir yəqinliklə müəyyən etmək vəzifəsini öz üzərinə götürmüşdü. Bu zaman onun gördüyü birinci iş həmin ruh – qadının etimadını qazanmaqdan ibarət olmuşdu.
O özü 1874-cü il 5 iyui tarixli «Spiritualist» qəzetində söylədiyi kimi, bu etimad «artıb tədricən o dərəcəyə çatmışdı ki, mən seansın bütün quruluşu haqqında sərəncam verməyəndə  o, seansdan imtina edirdi. O arzu edərdi ki, mən həmişə onun yaxınlığında, kabinənin yaxınlığında olum; gördüm ki, bu etimad yarandıqdan sonra və o, yəqin etdikdə ki, mən ona verdiyim vədlərin heç birini pozmayacağam, bütün hadisələr xeyli qüvvətləndi və mənə könüllü surətdə elə sübutlar verildi ki, bunları başqa bir yolla əldə etmək mümkün olmazdı. Çox zaman o, seanslara gələn şəxslər barəsində və onların harada oturması haqqında mənimlə məsləhətləşirdi:, zira son zamanlarda daha elmi tədqiqat metodları ilə birlikdə qüvvəyə də əl atmaq lazım gəlməsi kimi bəzi ağılsız eyhamların təsiri altında çox əsəbi (nerwous) olmuşdu». (kursivlər Engelsindir)
Elmi olduğu qədər də mehribançılıq olan bu etimadı həmin ruh-qız tamamilə mükafatlandırdı. O, hətta c-b Kruksun evinə də gəlirdi, – indi bu daha gərək bizi təəccübləndirməsin, – onun uşaqları ilə oynayırdı, onlara «özünün Hindistandakı macəralarından lətifələr» söyləyirdi, habelə c-b Kruksa «öz keçmiş həyatının bəzi acı təcrübələrindən» danışırdı, c-b Kruks onu qucaqlayanda dinmirdi, istəyirdi c-b Kruks onun həqiqətən duyulan maddiliyini yəqin etsin, qoyurdu ki, nəbzini və dəqiqədə neçə dəfə nəfəs aldığını müəyyən etsin, nəhayət, hətta c-b Kruks ilə birlikdə şəklinin çəkilməsinə də razı olmuşdur.
C-b Uolles deyir:
«Bu fiquru gördükdən, hiss etdikdən şəklini çəkdikdən, onunla söhbət etdikdən sonra o, tamaşaçılala dolu olan qonşu otaqdan başqa heç bir yolu olmayan kiçik bir otaqdan tamamilə yox oldu» [səh. 181],
Lakin tamaşaçıların kifayət qədər nəzakətli olduqları və Kruks həmin ruha qarşı nə qədər etimad.bəsləyirdisə, Kruksun evində olan camaatın da Kruksa eyni dərəcədə etimad bəslədiyi fərz edilsə, burada xüsusi bir məharət axtarmaq lazım deyildir.
Təəssüf ki, bu «tamamilə yəqin edilmiş hallar» hətta spiritlərin özlərinə də o qədər doğruya bənzər görünmürBiz yuxarıda gördük ki, tamamilə spiritizm əhvali-ruhiyyəsində olan c-b Folkman tamamilə maddi bir hərəkət etmişdir. Sonra, bir nəfər ruhani, «Britaniya milli spiritualistlər cəmiyyəti» komitəsinin üzvü də miss Kukun seansında iştirak etmiş və çətinlik çəkmədən müəyyən etmişdir ki, ruhun girib çıxdığı qapının açıldığı otaqla ətraf aləm arasında ikinci bir qapı da var imiş. Buradaca iştirak edən c-b Kruksun davranışı «bu hadisələrdə ciddi bir şey ola biləcəyinə bəslədiyim inama son və öldürücü bir zərbə vurmuş oldu» («Mistik London», müqəddəs Ç.Moris Devisin əsəri, London, Tinsli qardaşlarının nəşriyyatı). Bütün bunlardan əlavə Amerikada, belə «Ketilərin» necə «maddiləşdiyi» aşkar olmuşdur. Holms adlı bir ər-arvad Filadelfiyada tamaşalar verirmiş; bu tamaşalarda da «Keti» adlı bir qadın meydana gəlir və etiqad bəsləyən adamlardan çoxlu hədiyyələr alırmış. Lakin bir nəfər skeptik ta həmin Ketinin izinə düşməyincə sakitləşməmişdir: qeyd etməli ki, bir dəfə bu qadın, kifayət qədər yüksək muzd verilmədiyinə görə tətil edibmiş; həmin skeptik bu qadını bir boarding-hose (pansion-mehmanxanada) tapmış və yəqin etmişdi ki, o, şübhəsiz canlı və qanlı bir vücud, cavan bir qadındır və ruh kimi çıxış etdiyi zaman ona verilən hədiyyələrin hamısı onun yanındadır.
Eyni zamanda, kontinent də özü üçün elm sahəsindən olan rühgörənlər tapmalı imiş. Bir Peterburq elmi cəmiyyəti – dürüst bilmirəm, universitetmi və ya hətta akademiyamı – mülki məşvərətçi Amsakov və kimyaçı Butlerov cənablarını spiritizm hadisələrini öyrənmək üçün nümayəndə göndərmişdi, amma bundan, deyəsən böyük bir nəticə hasil olmamışdır. Lakin – cənab spiritlərin gurultulu bəyanatlarına inanacaq olsaq, – indi Almaniya da leypsiqli c-b professor Tsölnerin şəxsində öz ruhgörənini meydana çıxartmışdır.
Məlum olduğu kimi, c-b Tsölner artıq bir çox illərdən bəri fəzanın «dördüncü ölçüsü» sahəsində gərgin çalışmaqdadır, həm də o, kəşf etmişdir ki, üç ölçülü fəzada mümkün olmayan bir çox şeylər dörd ölçülü fəzada tamamilə təbii şeylərdir. Məsələn, dörd ölçülü fəzada qapalı bir metal kürəciyin heç bir yerində deşik açmadan onu əlcək kimi tərs üzünə çevirmək olar; habelə hər iki tərəfdən ucu olmayan və ya hər iki ucu bir şeyə bağlı olan bir sapda düyün vurmaq olar; eynilə də bütöv olan iki ayrıca halqanın heç birini kəsmədən bunları bir-birinə keçirtmək olar və tam bir sıra bu kimn başqa fokuslar etmək olar. İndi, ruhlar aləmindən verilən ən yeni təntənəli xəbərlərə görə, c-b professor Tsölner bir və ya bir neçə mediuma müraciət etmişdir ki, bunların köməyi ilə dördüncü ölçünün olduğu yerin başqa təfərrüatlarını müəyyən etsin. Burada, heyrət ediləcək bir müvəffəqiyyət qazanılmışdır. O, qolunu stulun söykənəcəyinə dayamış, əlini isə stolun üstünə qoyub onu bir dəfə də olsa stoldan ayırmadığı halda, seansdan sonra görmüşlər ki, onun qolu stulun söykənəcəyinə keçmişdir; hər iki tərəfdən stola bağlanan bir sapda birdən-birə dörd düyün əmələ gəlmişdir və i.a. Müxtəsər, ruhlar asanlıqla, dördüncü ölçüyə aid bütün möcüzələri göstərmişlər. Həm də nəzərə alın ki, relata refero**** mən ruhlar bülletenində deyilənlərin doğruluğuna cavabdeh deyiləm və bu məlumatda düzgün olmayan xəbərlər varsa, c-b Tselner bunları düzəltmək üçün imkan yaratdığıma görə mənə minnətdar olmalıdır. Lakin c-b Tsölnerin təcrübələrindən alınan nəticələrin bu məlumatlarda düzgün xəbər verildiyi güman edilsə, bu məlumatlar ruhlar haqqıpda elmdə və riyaziyyatda, şübhəsiz, yeni bir dövr başlandığını göstərir. Ruhlar dördüncü ölçünün mövcud olduğunu sübut edir, dördüncü ölçü də ruhların mövcud olduğuna dəlalət edir. Bu müəyyən edildikdən sonra isə, elmin qarşısında tamamilə yeni və ucsuz-bucaqsız bir fəaliyyət meydanı açılır. Bütün keçmişdəki riyaziyyat və təbiətşünaslıq dördüncü ölçüyə və sonrakı ölçülərə aid riyaziyyatın, habelə bu yüksək ölçü aləmində olan ruhlar mexanikasının, fizikasının, kimyasının, fiziologiyasının yalnız müqəddiməsi olur. Axı c-b Kruks stolların və başqa mebelin – indi adlandıra biləcəyimiz kimi – dördüncü ölçüyə keçərkən öz çəkisindən nə qədər itirdiyini elmi surətdə müəyyən etmişdir, c-b Uolles isə orada odun insan bədəninə zərər vurmadığını sübut olunmuş elan edir. Bəs onda bədəni olan bu ruhların fiziologiyası haqqında nə deməli! Onlar nəfəs alır, onların nəbzi vardır, deməli, onların ağ ciyəri, ürəyi və qan damarları sistemi vardır, beləliklə, şübhəsiz, onların da azı bizimki qədər çoxlu digər bədən orqanları vardır. Axı nəfəs almaq üçün ağ ciyərdə yanan sulu karbonlar lazımdır, bunlar isə bədənə yalnız kənardan daxil edilə bilər. Beləlnklə, ruhların mədəsi, bağırsaqları və buraya aid olan başqa hər şeyi vardır və, madam ki, bunların hamısı təsdiq olunmuşdur, deməli, qalanları da heç bir çətinlik çəkilmədən alınmış olur. Lakin bu orqanlar mövcuddursa, bunlar xəstələnə bilər, buna görə də c-b Virxov bəlkə də hələ ruhlar aləminin hüceyrə patalogiyasını yazmalı oldu. Lakin bu ruhların əksəriyyəti, öz misilsiz gözəllikləri istisna olmaqla, bizim yer üzərindəki qadınlardan heç bir şeylə, əsla heç bir şeylə fərqlənməyən son dərəcə gözəl və cavan qadınlardan ibarət ikən, onların «məhəbbət hiss edən ərləri qarşısına» çıxacaqlarını çoxmu gözləmək lazım gələr? Lakin burada da c-b Kruks tərəfindən nəbzə görə təsdiq edildiyi kimi, «qadın qəlbləri» varsa, onda təbii seçmə qarşısında da dördüncü ölçü sahəsi açılır və burada təbii seçmə onun bədxah sosial-demokratiya ilə qarışdırılacağından əsla qorxmaya bilər.
Lakin bəsdir. Təbiətşünaslıqdan mistisizmə doğru gedən ən müstəqim yolun nədən ibarət olduğunu biz burada aydın yəqin etdik. Bu, naturfilosofların qızğın nəzəriyyəbazlığı deyil, hər cür nəzəriyyəyə nifrət edən və har cür təfəkkürə etimadsızlıqla yanaşan ən səthi bir empiriyadır. Ruhların mövcud olması aprior zərurət əsasında deyil, Uolles, Kruks cənabları və kompaniyasının empirik müşahidələri əsasında sübut edilir. Biz Kruksun tallium metalını kəşf etməklə nəticələnən spektral-analitik müşahidələrinə və ya Uollesin Malayya arxipelaqı adalarındakı zəngin zooloji kəşflərinə inandığımıza görə, bizdən bu iki alimin spiritik təcrübə və kəşflərinə də eyni dərəcədə inanmağı tələb edirlərLakin biz burada hər halda kiçik bir fərq olduğunu, yəni birinci növ kəşfləri yoxlaya bildiyimizi, ikinci növ kəşfləri isə yoxlaya bilmədiyimizi söylədikdə, ruhgörənlər bizə cavab verib deyirlər ki, bu doğru deyildir və onlar spiritik hadisələri də bizim yoxlamağımıza imkan verməyə hazırdırlar.
Dialektikaya nifrət edilməsi cəzasız qalmır. Hər cür nəzəri təfəkkürə qarşı nə qədər etinasızlıq göstərilsə hər halda nəzəri təfəkkür olmadan təbiətin heç ikicə faktını da bir-birilə əlaqələndirmək və ya onların arasında olan əlaqəni başa düşmək mümkün deyildir. Məsələ yalnız, bu halda düzgün düşünüb düşünməməkdədir, – nəzəriyyəyə qarşı etinasızlıq göstərilməsi isə, özlüyündə aydın olduğu kimi, bir naturalist kimi düşünməyə və, deməli, yanlış düşünməyə doğru aparan ən müstəqim yoldur. Lakin ardıcıl surətdə axıradək yeridilən yanlış təfəkkür, çoxdan məlum olan dialektika qanununa əsasən, hökmən, onun başlanğıc nöqtəsinə açıqca zidd olan nəticələrə gətirib çıxarır. Beləliklə də, dialektikaya qarşı göstərilən empirik nifrətin cəzası bundan ibarət olur ki, ən sağlam düşünən empiriklərdən bəziləri ən vəhşi bir mövhumatın – müasir spiritizmin qurbanı olurlar.
Riyaziyyatda da vəziyyət eynilə belədir. Metafizik üslubu adi riyaziyyatçılar öz elmlərinin nəticələrini tam qəti nəticə hesab edib qürurla lovğalanırlar. Lakin xəyali kəmiyyətlər də bu nəticələr sırasındadır və, deməli, xəyali kəmiyyətlərin də müəyyən bir reallığı vardır. Lakin biz əgər mənfi birin kvadrat kökünə və ya dördüncü ölçüyə öz başımızdan kənarda bir reallıq isnad verməyə adət etsək, onda spiritiklərin mediumlar aləmini də qəbul etməklə daha bir addım irəli gedib getməyəcəyimizin bir o qədər böyük əhəmiyyəti olmaz. Bu lap Kettelerin Döllinger haqqında dediyinə bənzəyir:
«Bu adam öz həyatında o qədər çoxlu cəfəngiyyatları müdafiə etmişdir ki, doğrusu o, günahsızlıq ehkamı ilə də barışa bilərdi!».
Doğrudan da, xalis empiriya spiritlərə son qoymağa qabil deyildir. Əvvələn, «yüksək» hadisələr həmişə yalnız o zaman gözə görünür ki, müvafiq «tədqiqatçı», Kruksun özünün bu qədər misilsiz bir sadəlövhlüklə təsvir etdiyi kimi, yalnız görməli olduğu və ya görmək istədiyi şeyi görə bilmək üçün kifayət dərəcədə hazırlanılmış olsun. İkincisi, spiritlər yüzlərlə xəyali faktların aşkarca aldatma olmasından, onlarca uydurma mediumların isə adi fokusçu olmasının ifşa edilməsindən əsla utanmırlar. Nə qədər ki, hər bir ayrıca uydurma möcüzə ifşa edilib aradan qaldırılmamışdır, spiritlərin mövqeləri hələ kifayət qədər möhkəm qalmaqda davam edir, ruhların saxta foto şəkilləri əhvalatı ilə əlaqədar olaraq Uolles də açıqca bunu göstərir. O deyir ki, saxtakarlıqların olması guya həqiqi foto şəkillərin həqiqliyini sübut edir.
Beləliklə də, empiriya ruhgörənlərin zəhlətökənliyinə empirik eksperimentlər deyil, nəzəri mülahizələr qarşı qoymağa və Heksli ilə birlikdə belə deməyə məcbur olur:
«Zənnimcə, spiritizmin həqiqiliyini sübut etmək nəticəsində əldə oluna biləcək bircə yaxşı şey varsa, o da intihara qarşı yeni bir dəlildir. Hər seans üçün bir kineya alan mediumun dili ilə hədyan danışan bir ölü sifətində yaşamaqdansa, küçə süpürgəçisi sifətindəyaşamaq daha yaxşıdır»
Məqalə Fridrix Engelsin “Təbiətin Dialektikası” adlı kitabından götürülmüşdür. (bax: “Məqalələr və fəsillər” bölməsi)

* – Yuxarıda deyilmiş olduğu kimi, pasiyentlər məşq sayəsində təkmilləşirlər. Buna görə, tamamilə mümkündür ki, iradənin tabeliyi vərdiş şəkli aldıqda, seansların iştirakçıları arasındakı münasibət məhrəmanələşir, ayrı-ayrı hadisələr qüvvətlənir və hətta oyaqlıq halında da zəif dərəcədə özünü göstərir.
** – Kursiv Engelsindir. Red.
*** – «Here, then, one of two things are absolutely certain». Ruhlar aləmi qrammatikadan yüksəkdə durur. Bir dəfə bir zarafatçı, qrammatika mütəxəssisi Lindli Marrinin ruhunu çağırmağı mediumdan xahiş edir. Onun gəlib çıxmış olması sualına ruh belə cavab vermişdir? «I are» (amerikanca«I am» əvəzinə). Medium amerikalı imiş.
**** – mən nağıl edilənləri nağıl edirəm. Red.

Mənbə: praksis01.wordpress.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)