Edebiyyat.az » Ədəbi tənqid » YAZIÇI TOFİQ QƏHRƏMANOVUN 75 İLLİYİNƏ.

YAZIÇI TOFİQ QƏHRƏMANOVUN 75 İLLİYİNƏ.

YAZIÇI TOFİQ QƏHRƏMANOVUN 75 İLLİYİNƏ.
Ədəbi tənqid
admin
Müəllif:
12:27, 27 iyun 2021
1 470
0
YAZIÇI TOFİQ QƏHRƏMANOVUN 75 İLLİYİNƏ.






ETİBAR KƏRİMLİ
Yazıçı, publisist, AMEA “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin böyük elmi redaktoru

YUXARI DAĞLIQ KÜÇƏSİNDƏ ƏDƏBİYYAT VƏ ƏBƏDİYYƏT DƏRSLƏRİ

Ömrünü Bakının keçmiş Yuxarı Dağlıq küçəsindən heç yana çıxmadan, haqqa tapınaraq yaşayıb başa vu¬ran, buranın xüsusi ab-havasını, insanlarını ədəbiyyata gətirməklə üzərinə düşən missiyanı yerinə yetirən yazıçı, publisist, filoloq-alim, mənim üçünsə ilk növbədə ədə¬biyyat və həyat müəllimi, dayıoğlum Tofiq Qəhrəmano¬vun unudulmaz xatirəsinə…   

-Deyirsən məktəbdə əla oxuyursan?
-Hə…
-Axundovun ədəbiyyatımızda rolu nədən ibarətdir?
-Dramaturgiyamızın banisidir, – deyib məğrur üz ifadəsi ilə həm ona, həm də yanımda oturan anama baxdım. Heç düşünmədən verdiyim cavabdan anamın da üzündə təbəssüm yarandı, açıq-aşkar hiss olundu ki, oğ¬lu¬nun biliyi ilə qürur duydu. 
O isə susurdu. Elə bil nə haqqındasa fikrə getmişdi. Nəhayət…
-Vəssəlam? Elə bu? – Sən demə cavabımı davam et¬dirmək üçün mənə vaxt verirdi sadəcə.
Bu dəfə mən çaş-baş qalıb fikrə getdim. Tərəddüd için¬də güclə:
-Hə… - deyə bildim ancaq.
Yenə də üzücü pauza... Bilirdi ki, bibisi qızı, yəni anam və bibisi nəvəsi, yəni mən həmin dəqiqələrdə fikrini narahatlıqla gözləyirik...
-Belə də… nəsə dedin…- və bizi ruhdan salmamaq üçün üzündə xəfif təbəssüm əmələ gətirdi. – Amma sən deyən əla cavab olmadı…
Anam dərindən köks ötürüb, yerində qurcalandı. Qar¬şısındakı çaydan bir qurtum alıb, bayaqkı söhbətinə davam etdi. Söhbət də ondan ibarət idi ki, 9-cu sinifdə oxuyan oğlunu ədəbiyyat fənnindən ali məktəbə ha¬zır¬lamaq üçün Bakının bu başından o başına, yəni Bül-bülədən Yuxarı Dağlıq küçəsinə, Onun yanına gön¬dər¬mək. 
Onun cəmi bir şərti oldu – uşaqla, yəni mənimlə tə¬mənnasız məşğul olacaq!
***
Bakının keçmiş Sovetski, Yuxarı Dağlıq və Aşağı Dağlıq küçələrini bilməyənlər bilsin ki, binayi-qə¬dim¬dən bu məhəllələr heç də yaxşı ad çıxarmamışdılar. Yum¬şaq dedim burasını. Lap düzünəqulu desəm, he¬sa¬bını ordan götür ki, burda məhlə uşaqları artıq orta mək¬təb yaşlarından ciblərində “knopoçnı” bıçaqla gəzməyi, “itlərin qabağından yeməməyi” özlərinə şərəf bilirdilər. Onların əksəriyyəti ən mükəmməl dərslərini dövlətin rəsmi təhsil ocaqlarından yox, qeyri-rəsmi “ocaqlar”dan, yəni “varavskoy” aləmin “avftaritetni” cayıllarından, “içə¬ri girib kişi kimi yatıb-çıxmış dastoynı oğullar”dan, canım sizə desin, qaranlıq tinlərdən, əyri-üyrü dalan¬lar¬dan, meyxoş pivənoylardan və s. və i. alardılar. Burda hər şeyi dövlətin qanunları deyil, insanlar arasındakı “pan¬yatkalar” – ana dilimizə çevirmək cəhdində bu¬lun¬saq, “anlayışlar” həll edirdi. Həmin “panyatka”lara görə, məsələmçün, məhlədə hələ dədə-babadan göyərçin sax¬lamaqla məşğul olan, bundan başqa əlindən heç bir qələt gəlməyən Mırığ Fariz (yaxud elə “Qəfil zərbə”nin Əl¬bala və Nurbalası, ya da “Yalan danışma, oğul!”un Həsən kişisi) neçə il gözlərini boş yerə kor eləyib cild-cild kitablar oxumuş, sonra da gedib hansısa adlı-sanlı universitetdə elmlər doktoru, professor adını qazanmış Elçin müəllimdən (yaxud “Aydın oxunan möhür”ün Maq¬sud Məqsədlisindən, ya da “Vicdan və qərar”ın dok¬torluq dissertasiyasını müdafiə edib tamamlaya bil¬mə¬yən alimindən) daha hörmətli oğlan ola bilərdi. Buranın insanları heç bir ictimai-siyasi quruluşu, türkün sözü, heç bir yerlərinə hərləmirdilər. O söz, əməl, hadisə ki, özlərinin uzun illərdən bəri yaratdıqları həyat, əxlaq ko¬deksinə uyğun gəlmir, amma hansısa hökumət adamı bunu onlardan tələb edirdi, belə yerdə istənilən məmurun üzünə Fərman Kərimzadənin Kərbəlayısı kimi “mən be¬lə hökumət tanımıram” deyə bilərdilər və tanımırdılar da. “Ağır cayıllar”dan birinin dediyinə görə, burda heç vaxt Şura hökuməti qurulmamışdı… çünki məşhur Qa¬rabağlar kəndində əgər bir Kərbəlayı vardısa, burda hər həyətdən bir Kərbəlayı, Məşədi, Hacı və daha bu kimi ağsaqqal, qarasaqqal, lap elə bığsız-saqqallsız “kontra”¬lar çıxırdı. Özü də onlar şəhərdə yaşadıqlarına görə, nə başlarına adam toplayıb dağlara, mağaralara çəkilə, nə də meşələrin sıx cəngəlliklərində gizlənə bilirdilər. Hamı mərdi-mərdanə otururdu öz darısqal komasında, uzaq başı məhəllənin qaranlıq tinində. Kimin “duxu” çatırsa, gəlsin aparsın…. Həm də aparıb neyləcəklər ki?! Onlar üçün bayır da “içəri” kimi idi, yəni türmədə özlərini evdən də yaxşı hiss edirdilər…İndi gəl belələri ilə bacar görüm necə bacarırsan?! Ona görə qılıncının dalı da, qabağı da kəsən sovet qanunçuluğu onlara baş qoş¬mur¬du, “az aşım, ağrımaz başım” deyirdi yəqin…
O, belə bir fövqəladə məkanda nəinki “bacarmış”, həm də yuxarıda şərti adlandırdığımız Elçin müəllim ki¬mi elmi dərəcə alaraq, bütün ömrü boyu vicdanlı yazı¬çılıq vasitəsilə öz missiyasını həyata keçirmişdir. Üstəlik bu mühitin bir parçasına çevrilərək, insanlar içində özü¬nəməxsus hörmət də qazanmışdı. İndi bəziləri deyəcək ki, xüsusi qeyd ediləsi böyük iş deyil. Amma bilənlər bilir ki, Yuxarı Dağlıq küçəsində savadlı, ziyalı insanın hörmət qazanması, bütün ölkədə və onun dürlü-dürlü ictimai birlikləri daxilində müəyyən mövqe, status qa¬zan¬masından qat-qat çətindir. Niyə? Çünki onların alə¬mində hökumətdən nəsə ad-san, vəzifə, yaxud mükafat kimi bir şeylər almısansa, deməli mütləq “onların ada¬mı”san və hamı tərəfindən belə qəbul olunmuşdur ki, “onların adamı” olmaq ayıb, yolverilməz bir şeydir, çün¬ki özləri  heç kəsin adamı deyildilər. Burdakı camaatın içində hörmət qazandınsa, deməli sən “öz adam¬la¬rı”¬san…  
***
-Bədii ədəbiyyat kiməsə, nəyisə öyrətməyə, nə bilim, nəsihət, tərbiyə verməyə borclu deyil-e, başa düş. Bunun üçün xüsusi didaktik əsərlər var. Onun birinci işi gös¬tərməkdir. Yəni, həyatı, ətrafda baş verənləri, insanları təsvir etmək, özü də elə-belə nağıl danışmaqla yox, ob¬razlar yaratmaqla. Bildin?
Çaşıb-qalmışdım. Qəti əmin idim ki, ədəbiyyat nəzə¬riyyəsi haqqında bu günkü dərsə yaxşı hazırlaşmışdım…
-Bəs axı kitabda yazılıb ki, bədii ədəbiyyatın vəzifəsi tərbiyə verməkdir…
Bir qədər sakitləşib, özünü arxaya, divanın belinə at¬dı. Az sonra qımışdı:
-Biletə bu sual düşsə, sən kitabda necə yazılıbsa, o cür cavab verərsən. Amma mənim dediklərimi yadında sax¬la. İmtahan bileti üçün deyil onlar. Bədii ədəbiyyatın əsas vəzifəsi sözlə obraz yaratmaqdır, qalan şeylər ikin¬ci-üçüncü dərəcəlidir, yəni ola da bilər, olmaya da… yə¬ni tərbiyə vermək, zövq vermək… 
-Yəni bədii əsər tərbiyəsiz ola bilər? 
-Baxır sən tərbiyə deyəndə nəyi nəzərdə tutursan. Mə¬¬sələn, bir çox fransız yazıçıları var ki, onların yaz¬dıqlarını bizdə əksəriyyət insanlar tərbiyəsiz saya bilər. Amma indi onların adlarını məndən soruşma, deməyəcəyəm. Birdən bibim qızı öyrənər, “oğluma tərbiyəsiz kitablar oxutdurursan” deyib, gələr üstümə da¬vaya… Özün sonralar oxuyacaqsan…
Yenə üzündə hiyləgər təbəssüm yarandı. Büllur stə¬ka¬nın nəlbəkisində keçən dəfəki çaydan saxladığı ya¬rım¬çıq dişlənmiş konfeti ağzına salıb bir qurtum çayla ləz¬zətlə çeynəməyə başladı…
***
O niyə Yuxarı Dağlıqdan yazırdı?! Ona görəmi ki, buranın həyatına, insanlarına yaxşı bələd idi və “aşıq gördüyün çalar”? Yaxud ona görəmi ki, ona qədər Azər¬baycan ədəbiyyatına gəlmiş 60-cılar nəsrinin nüma¬yən¬dələri də özlərinə bu cür metaforik məkanlar seçmişdilər və oranın qəribə insanlarından yazırdılar… Bu cür ver¬siyaların da yaşamaq haqqı var, əlbəttə, amma mən öz versiyamı təqdim edəcəyəm. Beləliklə, missiya məsə¬lə¬sinə aydınlıq gətirilmiş olacaq. Düzdü, bir az uzun ola¬caq, amma məzur tutun…
Babası – məşhur Lahıc kəndinin ziyalı adamlarından kərbəlayı, məşədi İbadulla 1937-ci ildə repressiya qur¬banı olmuşdu. Kişi Nəcəfdə 10 il ali dini təhsil alandan sonra bir neçə il də qalıb orda işləmiş, əlinə bir az qazanc toplayan kimi, yenə dağlar qoynundakı doğma cənnət-kəndinə qayıtmışdı. Onun yerinə bir başqası olsaydı Nəcəf kimi məşhur şəhərdə təhsil almasından kefin istəyən istifadə edərdi, yəni indiki bəzi kəmsavad mol-lalarımız kimi həm Quran, Yasin oxumağa, həm də yas məclisi aparmağa görə filan qədər qiymət kəsib, in¬san¬ların dini duyğularından rahatca pul qazanardı. Amma o eləmədi… Həmkəndlilərindən Allah kəlamı oxumaq, ya da ölü basdırmaq üçün pul almağı şəninə sığışdırmadı. Allaha şükür, əli-qolu sağ-salamat idi, bilənglərindən də güc-qüvvət əskik olmamışdı. Övladlarını da belə tərbiyə edirdi: həmişə halal zəhmətlə yaşamaq, bacardıqca hər kəsə təmənnasız kömək etmək, şər işlərdən uzaq dur¬maq. 
Bir az torpaq aldı, dəyirman tikdirdi və başladı hələ yeniyetmə olan oğulları ilə səhərdən axşama qədər sa¬hə¬də, dəyirmanda işləməyə, kəndi çörəklə təmin etməyə. Bir neçə ildən sonra yeddi oğul, üç qız atası idi və uşaq¬larının sayı artdıqca, daha çox işləyir, daha çox qa¬za¬nırdı. Köməkçiləri də çoxalmış, böyümüşdü artıq. Qız¬ları anaları ilə birlikdə həyət-bacanı yola verir, mal-qa¬ra¬nın südünü qatığa, pendirə çevirməklə, dəyirmandan gələn undan çörək bişirməklə məşğul olurdu. Özü isə nər kimi oğulları ilə çölün ağır işlərini görürdü. Halalca qa¬zancından kənd camaatına, ehtiyacı olanlara əl tutmağı da unutmurdu. Yəqin heç ağlına da gəlməzdi ki, bir gün zamanın gərdişi elə gətirəcək ki, yeni qurulmuş müstəqil dövlətinin rəhbərinə də yardımı dəyəcəkdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə bolşeviklərin Bakını ələ keçirməsindən sonra Lahıcda gizlənəndə, ona kömək edənlərdən, evini, süfrəsini açanlardan biri də o olmuşdu. Fəqət o vaxt lahıclıların əlindən çox şey gəlməmişdi… Məhəmməd Əmin də, ona yardım edənlərin əksəriyyəti də tutulmuş, tutulmayanları isə bolşevik hökuməti unutmamış, yad¬daşının bir kənarına yazmışdı. İbadulla kişi də onlardan biri idi… 
Vaxtı yetişəndə “onlara işləyən” kənd sakinlərindən birini evdə böyüklərdən heç kimin olmadığı vaxt qapıya göndərdilər ki, bir dənə çörək alsın. Evin ən kiçik qızı olan rəhmətlik nənəmə əvvəldən tapşırılmışdı ki, heç vaxt təndirdən təzə çıxmış çörəyi satmasın, çörək bir az soyuyub özünü tutmalıdı. “Onların adamı” olan qonşu arvadı isə yalvar-yaxar edir, evdə balalarının ac oldu¬ğu¬nu deyirdi. Balaca qız uşağının da ürəyi əlbəttə tab gə-tirməmiş, təzə təndir çörəyini qonşusuna satmışdı. Qon¬şu da o dəqiqə çörəyin içini çıxarıb əlində əzmiş, xəmir kütləyə çevirib NKVD-nın qabağına qoymuşdu ki, “ku¬lak İbadullanın harınlamış uşaqları sovet zəhmət¬keşlə¬rinə xəmir çörək satırlar”. Elə həmin gecə qara formalı atlılar Kişini aparmağa gəlmişdilər. İbadulla kişi ge¬dəndə evin ən balacası olan nənəmə bir cümlə demişdi: “Ağanənə, bu vaxta qədər mən hər cümə axşamı Məm¬məd Əmin üçün Yasin oxumuşam, bundan sonra mənim yerimə sən oxuyarsan”. Nənəm də 1990-cı illərin əvvəl¬lərində ölüm döşəyinə düşənə qədər atasının bu vəsiy¬yətinə əməl eləmişdi, tanımadığı-bilmədiyi Məmməd Əmin üçün hər cümə axşamları Quran surəsi oxu¬muş¬du… Evin ən böyük oğlu olan Hüseyn isə anasının ver¬diyi bütün qızılları götürüb Bakıya atasını qurtarmağa gəlsə də, heç nə edə bilməmişdi… Fəhlə-kəndli höku¬məti kişini gedər-gəlməzə göndərmişdi…
Sonralar həmin “kulak İbadulla”nın gənc nəvəsi o dövrdən danışılanda həmişə qəhərlənir, kəlmələr bo¬ğazında ilişib qalır, simasında qəzəb qarışıq çarəsizlik, tükənmişlik ifadəsi yaranırdı… Topu-tüfəngi, hər yerdə onu qoruyan minlərlə “it”i, o “it”lərə könüllü çuğulçuluq edən yüzlərlə “zəhmətkeşi” olan dövlətdən nahaq yerə qətlə yetirilmiş babasının intiqamını necə alsın axı?! Özü də bu qədər vaxtdan sonra… həm də top-tüfəngin nə ol¬duğunu bilməyən filologiya fakültəsinin məzunu…
***
…Tələbəlik illərimdə yanında az-az olurdum, çünki axşam universitetə dərsə gedir, gündüzlər isə vaxtilə təh¬sil aldığım orta məktəbdə işləyirdim – nə az, nə çox di¬rektorun təsərrüfat işləri üzrə müavini. Çətin dövr idi 90-cıların əvvəlləri. Dünyaya meydan oxuyan imperiya cə¬mi bir neçə il ərzində hamının gözü qabağında sökülüb dağılmış, yerində bizim kimi özünü müstəqil sayan kiçik və zəif respublikalar yaranmışdı. Amma bu resplikalarda da vəziyyət ürəkaçan deyildi. İctimai-siyasi burulğanlar yaşayırdıq və belə bir dövrdə tələbələr ayrı-ayrı siyasi qüvvələrin əlində araqarışdırma vasitəsi idi. Əlbəttə, o vaxtlar yaxşı başa düşmürdük bunları. Elə bilirdik ki, biz də vətənimizə böyük xidmət göstəririk siyasi proseslərdə yaxından iştirak etməklə… Mən də o vaxtlar fəal bir gənc kimi heç nədən və heç kimdən geri qalmadığıma görə, həmişə qaçaqaçda idim – burdan ora, ordan o biri yerə, o biri yerdən yenə əvvələ… Amma dərslərimi düz-əməlli oxumağa vaxt tapırdım. Boş vaxtlarım Axundov kitabxanasında keçirdi. Orda mənim kimi bir neçə nəfər də vardı ki, axşam kitabxana bağlananda işçilər bizi güc¬lə bayıra atırdılar. Uşaqlıqdan rus dilini pis bilmədiyimə görə oxuduqlarım əsasən bu dildə olurdu. Özü də yalnız universitet proqramı ilə məhdudlaşmırdım, müasir xarici ədəbiyyatla, fəlsəfə ilə də maraqlanırdım. Kitabxanaya təzə kitablar gələndə ilk xəbər tutanlardan idim – Nitsşe, Freyd, Sartr, ekzistensialistlər, Prust, Kamyu, Kafka, Postmodernizm ədəbiyyatı - Borxes. Eko, Koelyo və b. Oxuduqca da bu vaxta qədər ədəbiyyat haqqında bil¬diklərim, öz yazarlarımızdan oxuduqlarım mənə qəribə gəlirdi: nə isə elə bil uşaq oyuncağı idilər. Yavaş-yavaş çap olunmağa da başlamışdım, özü də hər hansı tapşı¬rıqsız-filansız. Bu da mənə müəyyən özgüvən verirdi. Onunla azsaylı görüşlərimizdə, söhbətlərimizdə artıq yal¬nız dinləmirdim, iradlarımı bildirirdim, yazılarında qəbul etmədiyim yerləri tənqid edirdim, bəzən ciddi mü¬bahisələrimiz olurdu. O da mənim yeni üslubda yaz¬dığım yazıları qəbul etmirdi… izah istəyirdi, bacar¬mır¬dım, çünki əslində, yazdığım heç özüm üçün də sonadək aydın deyildi. Bu sahədə nəzəri biliklərim də az idi… 
-Başa düşmədim, izah et. Nə demək istəyirsən, nə de¬məkdir bu hekayə, nə haqdadır?
-Çətindir izah etmək. Elə bil ki, qırıq-qırıq, epizodik hissiyyatlar, görüntülər… bəli, vahid süjet xətti yox¬dur… amma…
-Nə amma? Nəyi göstərməyə çalışırsan? Ümumiy¬yət¬lə burda bir şeyi göstərmisən?
-Hə…
-Bilmirəm… mən görmədim… Yaxşı, bax sən yaz¬dıqlarımı, obrazlarımı demək olar ki, bütünlükdə bəyən¬mirsən. Yaddaşım məni aldatmırsa, bu vaxta qədər bir dənə “Qonşular” haqda tənqidi fikir bildirməmisən. Gah bəsitdilər deyirsən, gah sentimentalizm, gah da ağlayan realizm, göz yaşı, qəm-qüssə ədəbiyyatı, daha nə bilim nələr… “Qulbeçə”ni də dişsiz, sxem üzrə yazılmış əsər sa¬yırsan… hətta dil, üslub məsələsində də yanlışlarımı ta¬pırsan… Olsun. Ola bilər oxuduqların nəticəsində bəzi subyektiv fikirlər yaranıb səndə, xoşum gəlməsə də din¬ləyirəm, cavab verirəm bacardığım qədər... Bəs axı sən heç nə demirsən öz yazdığın haqda?! Hanı bəs sənin “diş¬li”, “təbii” yazıların? Ətrafında bu qədər gərgin, tarixi hadisələr baş verir, torpaqlar alınır, insanlar qırılır, səfalət içində yaşayanlar var… Niyə onlardan yazmır¬san?
-Bilmirəm…
-Biləndə gələrsən…
***
“Kulak İbadulla”nın böyük oğlu Hüseyn kişinin La¬hıcdan Bakıya köçərkən yaşayış üçün Yuxarı Dağlıq küçəsini seçməsi təsadüfi deyildi əlbəttə. Dağlı mə¬həllələrinin dillərdə-ağızlarda gəzən etirazçı mühitində o elə bir oğul yetişdirəcəkdi ki, ölümün caynağından xilas edə bilmədiyi atasının nə yollasa intiqamını alacaqdı bu “fəhlə-kəndli hökuməti”ndən. Böyük oğlu Yunus istə¬di¬yini edə bilməzdi, o bacarıq, o hərislik yox idi onda. Ki¬çiyi Tofiq isə əsl düşündüyü idi. Uşaq yaşlarından yad¬daşı, zəkası, oxumaq həvəsi ilə fərqlənirdi. Ona görə əlin¬dən gələn hər şeyi onun üçün etməyə çalışırdı. Çətin vaxtlarda da heç nəyini əsirgəmirdi. O da ümidlərini doğ¬ruldurdu: ali məktəbə girmişdi, yazıçı, jurnalist, alim olmuşdu. Atası isə yeri düşdükcə, sanki təsadüfdən-tə¬sadüfə keçən günləri xımır-xımır danışrdı ona, hər şeyi necə olmuşdusa. İlk növbədə, əlbəttə, babasının, bütöv¬lükdə ailəsinin başına gətirilən zülmü. Oğul da qəzəbdən alışan gözləri ilə həris-həris yığırdı hər kəlməni yad¬da¬şının dağarcığına… görəndə ki darısqal evdə boğulur, qoz boyda həyət ona dar gəlir, çıxırdı Yuxarı Dağlıq kü¬çəsinə təmiz nəfəs almağa… sonra da görürdü burdakı Süleymanları və İsfəndiyarları (“Qonşular”), Nailləri və Vəli Mikayılzadələri (“Bahara lap az qalır”), Kamilləri və Gültərləri (“Simfonik muğam”), İqbalları və malakeş Həsrətləri (“Gecə lampası)… sonra da başlayırdı bunları içindəki yanğı ilə yoğurub-yoğurub ağ kağıza tökmə¬yə… 
O, yazmırdı əslində, içində yaşamağa məcbur olduğu, babasını heç nədən alçaqca qətl edən sistemdən intiqam alırdı və bunu da Yuxarı Dağlıq metaforik obrazı vasi¬təsilə edirdi. Sovet qanunlarını heçə sayan, demək olar bütün kişilərinin heç olmasa ömründə bir dəfə “içəri”də yatdığı, rəsmi orqanlara saymamazlığı kişilik etalonuna çevirmiş Dağlı məhəllələri onun qisas planına tam uyğun gəlirdi. Əlbəttə, sovet senzurası istədiklərini bütün çıl¬paqlığı ilə əks etdirməyə imkan verməzdi, amma o hə¬min caynaqlardan yan keçmək, eyni zamanda planını hə¬yata keçirmək üçün əlindən gələni edirdi. Bütün müsbət obrazları ya narazıdır, etiraz edirlər mühitinə, onu də-yiş¬dirmək üçün mübarizə aparmağa çalışırlar, ya da bunun mümkünsüz olduğunu anlayıb öz qınına çəkilmişlər. Mən¬fi obrazları isə öz hərəkətləri, davranışları ilə qaz vurub-qazan doldurduqları quruluşu özləri də bilmədən ifşa etməklə məşğuldurlar. Məncə ifşa, etirazdan daha yax¬şı alınırdı onda (mənfilər müsbətlərdən), amma bu artıq subyektiv fikrimdir. Ümumiləşdirici Yuxarı Dağlıq dünyasının özünəməxsus, fərqli ştrixlərlə, yaddaqalan obrazlarla yaradıldığı isə heç bir şübhə doğurmur. Hər biri xüsusi dünya olan adamların varı və yoxunu, ağrısı-acısı və sevincini, sevgisi və nifrətini, dostluğu və düşmənliyini – bunların hamısını birləşdirən Yuxarı Dağ¬lıq idi. Bu obraz mənə Anatoli Rıbakovun keçən əsrin 80-ci illərinin sonundan yalnız keçmiş sovet mə¬kanında deyil, bütün dünyada məşhurlaşmağa başlayan “Arbatın uşaqları” (Deti Arbata, Moskva, 1987) tri¬lo¬giyasındakı Arbat küçəsinin obrazını xatırladır. İstənilən müqayisə qüsurludur, doğru. Xüsusilə, B.Pasternakın “Dok¬tor Jivaqo”su ilə birlikdə nəşri ABŞ prezidenti R.Rey¬qanın nitqində SSRİ-dəki yenilənmənin sübutu ki¬mi göstərilmiş bir romanla. ”Şər imperiyası”nın mahiy¬yətini açan, tiraniyanın iç üzünü onun birinci şəxsi Sta¬linin parlaq bədii obrazını yaratmaqla faş edən, Sovetlər İttifaqı kimi böyük coğrafi məkanda (Moskvanın mərkə¬zindəki kef-damaq məclislərindən tutmuş uzaq Sibirin həbs düşərgələrinə qədər) stalinizm adlı bəlanın real və möhtəşəm mənzərələrini yaradan roman öz miqyasına görə əlbəttə Yuxarı Dağlıq küçəsi haqqında povest və he¬kayələrdən üstündür. Amma onları yaxınlaşdıran bir başlıca cəhət var – Arbatın da, Yuxarı Dağlığın da siste¬mə, rəsmi quruluşa qarşı olması. Yəni miqyas müxtəlif ol¬sa da, mahiyyət eynidir.    
Daha bir fərq isə rus müəllifin öz əsərini senzor qor¬xusu olmadan yazıya alması və buna görə uzun müddət çap etdirə bilməməsidir. Azərbaycan yazarı öz planını elə bu sistem daxilində həyata keçirmək əzmində oldu¬ğun-dan, bəzi küncləri yuvarlaqlaşdırmaq məcburiy¬yə¬tin¬də idi. Bu məcburiyyəti biz yalnız müstəqillik dövrü yaradıcılığında görmürük. Bu dövrdə qələmə alınmış “Təntənə” uyğunaməsi senzor təhlükəsinin aradan qalx¬ma¬sını göstərən tipik nümunədir. Amma yenə öz sub¬yektiv fikrimi bildirim ki, məncə məhz bu “qorxu”nun aradan qalxması silsiləyə daxil olan yazıların bədii sə-viy¬yəsinə müəyyən təsir göstərmiş, onları bir qədər publisistikaya yaxınlaşdırmışdır. Əsrin sonlarında əsrin əvvəllindəki “Molla Nəsrəddin” felyetonlarının özünə¬məxsus yeni variantları yaranmışdı.   
***
-Möhkəm dur, - anamın Moskvaya yanıma gəlib, və¬təndəki olan-bitənlər haqqında danışmağa başlayarkən dediyi ilk sözlər bunlar oldu. 
-Nə olub? Yenə nə bəd xəbər verəcəksən?
-Tofiq artıq yoxdur… - ani pauza yarandı. Mənim sual, amma daha çox heyrət dolu baxışlarımın ondan daha nələrinsə söyləməsini tələb etdiyini anlayıb ardını gətirdi. – İntihar etdi… 8 martda…
Hadisənin dəhşəti bir tərəfə, ağlıma ilk gələn sual: “Axı niyə məhz martın 8-ni seçmişdi?” Metaforalara, rəmzlərə xüsusi diqqət yetirən O, heç nəyi əbəs yerə etmirdi. Aydındır ki, ismarıc idi. Ömür-gün yoldaşına Qadınlar bayramında son hədiyyə? Yəni vəziyyət bu qədər ağır idi? Həm özü rahatladı, həm də yanındakı?! Bu cür düşünmüşdü yəni? Belə bəsit? “Vəssəlam? Elə bu?” Ola bilməz! Ona oxşamır bu… Bəlkə bu həm də intiqam idi? Deyilmiş tənəli sözlərin, narazılıq dolu in¬tonasiyaların, küsüb incimələrin intiqamı… Tək bu¬ra¬xılmasının, düzgün anlaşılmamasının, sevgisizliyin, diq¬qətsizliyin, qayğısızlığın, məhrumiyyətlərin… Belə¬dir¬sə, tək yanındakından deyil, hamımızdan almışdı bu inti¬qamı: vətəndaşı olduğu dövlətindən, üzvü olduğu ictimai birliklərdən, qohum-əqrabadan, dost-tanışdan… Qələmi ilə bu vaxta qədər deyə bilmədiklərini canı ilə demişdi. Həm də qısas almaq üçün bu dəfə Yuxarı Dağlıq küçə¬sini vasitəçi etməmişdi, özü-öz işini görmüşdü, son ak¬kordu özü vurmuşdu və bununla sübut etmişdi ki, nəinki bu dünyada, heç o dünyada da kiminsə sorğu-sualından çəkinmir. Veriləcək bütün suallara yerli-yataqlı cavab¬ları var. Əksinə, Onun verəcəyi elə suallar var ki, ca¬vab¬ları hətta Yuxarıdakı üçün asan olmayacaq. Bir neçə dəfə bu haqda sözgəlişi zarafatla “Mənim də o dünyada Ona suallarım olacaq” demişdi. 
Deməli, bu dünyada bizimlə bütün sual-cavabını bi¬tirmişdi. Yuxarı Dağlıq küçəsinin artıq dağılıb sökülmüş darısqal otağında bəzilərinə son “hədiyyə”sini vermiş, bə¬zilərindən son intiqamını almış, bəzilərinə də son dər¬sini vermişdi… 
Amma bu dəfə ədəbiyyat deyil, əbədiyyət dərsini…
Əvvəlkiləri haqqında deyə bilmərəm, amma bu dər¬sini yaxşı öyrənirəm, dayıoğlu… 

26.04. – 1.05.2021

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)