Rövşən Yerfi| Ədəbiyyatımızın fatehi - Mirzə Fətəli
Böyük yazıçı, materialist filosof, ictimai xadim, realist Azərbaycan ədəbiyyatının banisi Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər (anasının əmisi) 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şairi və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona hərbi rütbə-polkovnik rütbəsi verilmişdir.
1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi qəzeti"nin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir
Axundzadə bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluğu fikrini müdafiə edirdi.
XIX əsrdə Axundzadənin yaradıcılığı bədii fikir tarixində yeni bir mərhələ açır. Milli dramaturgiyanın və realist bədii nəsrin (povestin) banisi olmaqla yanaşı ədəbiyyatımızda remarka, monoloq və dialoq terminlərini də ilk dəfə o işlətmişdir. Epik, lirik, dramatic növlərdə yazmış, dramaturgiyamıza ilk qərbli obrazını gətirmişdir. Bədii yaradıcılığa şeirlə başlasa da, ədəbiyyatımızda dramaturq kimi məşhurlaşmışdır.
M.F.Axundzadə 1850-1855-ci illərdə özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustad bu komediyalar ilə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman dünyasında dramaturgiya Mirzə Fətəli Axundzadə dramaturgiyasının ənənələri işığında inkişaf etmişdir.
Axundzadənin ilk komediyası “Hekayəyti-Molla İbrahimxəlil kimyagər”dir. Əsərdə bir tərəfdən avamlıq və gerilik, ikinci tərəfdən fırıldaqçılıq tənqid edilir. “Hekayəti-xırs quldurbasan” komediyasının mövzusu kənd həyatından alınmışdır. “Hekayəti-vəziri-xani Lənkəran” komediyasında əsas gülüş hədəfi Lənkəran xanı və onun vəziridir. Xanlıqlar dövründən bəhs edən tamaşanın mövzusu ailə-məişət süjeti üzərində qurulmuşdur. “Hekayəti-mərdi xəsis”və “Hacı Qara” komediyası Axundzadənin yaradıcılığında xüsusi bir yer tutur. Komediya dünya ədəbiyyatında geniş yayılmış xəsisilik mövzusundadır. Lakin Axundzadə ənənəvi mövzunu tamam yeni tərzdə işləmişdir. “Mürafiə vəkillərinin hekayəti” dram əsəri Cənubi Azərbaycan həyatından bəhs edir. “Hekayəti-müsyö Jordan həkimi-nəbətat və dərviş Məstəlişah cadukuni-məşhur” komediyası Axundzadənin maarifçi ideallarını əks etdirən ən məşhur dram əsəridir. Həyat həqiqətlərinin dolğun təsviri, obrazların canlı bədii inikası, xarakterlərin tipikləşdirilməsi baxımından bu əsər yazıçının başqa pyeslərindən fərqlənir. Əsərin ideyası avamlığın və cadugərliyin tənqididir. Burada konflikt yazışının maarifçi idealı ilə gerilik və avamlığın tərəfdarları arasındadır.
Azərbaycan teatrı Axundzadənin ölməz komediyaları zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur «Hacı Qara» əsərinin tamaşasını göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundovun komediyalarında Azərbaycan qadınlarının timsalında ilk dəfə Şərq qadınlarının səhnə obrazları yaradılıb. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınının səhnədə kişilərlə birlikdə gülüb danışmasını göstərmək hünər tələb edirdi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar.
M.F.Axundzadənin yaradıcılığı Avropa ədəbiyyatşünaslarının və teatrşünaslarının diqqətini çox tez cəlb etdi. 1852-ci ilin avqustunda Alman jurnalı Magazin für die Literatur des Auslandes (Xarici ədəbiyyat jurnalı) yazırdı: "Fikirləşmək olardı ki, Transqafqazın müsəlman əhalisi İslam ruhuna uyğun olaraq belə yeniliklərə (teatra) hələ uzun zaman yad qalacaqlar, lakin onların arasından qəflətən dramatik dahi meydana çıxdı, Tatar Molyeri, hansının ki, adı onun ölkəsinin sərhədlərindən kənarda da diqqətə layiqdir. O Mirzə Fətəli Axundovdur".
M.F.Axundzadə 1837-ci ildə - 25 yaşında ikən «Puşkinin ölümünə Şərq poeması»nı yazmış və dərhal da rus dilində «Moskovskiy nablyudatel» jurnalında çap etdirmişdir. O, Aleksandr Puşkinin faciəli ölümündə çarın əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir.
1857-ci ildə realist Azərbaycan nəsrinin ilk nümunəsini – “Aldanmış kəvakib” povestini yazmışdır. Axundzadənin yaradıcılığı yalnız Azərbaycanda deyil, Yaxın Şərq xalqları ədəbiyyatı və ictimai-fəlsəfi fikrinin də inkişafına qüvvətli təsir göstərmişdir. Onun əsərləri XIX əsrin ortalarından başlayaraq rus, fars, ingilis, fransız, alman, gürcü və sair dillərə tərcümə olunmuşdur.
Onun haqqında deyilən fikirlərdən:
M.F.Axundovun yaradıcılıq yolunu səciyyələndirən tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik, dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir insan yetişdirmişdir...
H.Ə.Əliyev,
Azərbaycan siyasi və dövlət xadimi
“Vəziri-xani-Lənkəran” pyesinin müəllifi M.F.Axundovdur. Onun komediyaları xarici dillərə də tərcümə olunmuşdur. Bir zamanlar o, rus yazıçılarının da diqqətini cəlb etmişdir. Sənəti çox gözəl bilən, istedadlı tənqidçi Apollon Qriqoryev onu Molyerlə müqayisə etmişdir.
Mən etiraf etməliyəm ki, bizim pyeslərimizdə rast gəlinən və bizdə təəssüf doğuran mənasız gülüş, boş sözlər bu pyesdə yoxdur.
A.Sereteli,
gürcü şairi
M.F.Axundov elə bir adamdır ki, onun xidmətləri çox böyükdür. O, yalnız bizim zəmanəmizdə öz layiqi qiymətini almışdır. Filosof, dramaturq və ictimai xadim olan M.F.Axundov öz ölkəsinin mədəniyyəti ilə rus mədəniyyəti arasında canlı əlaqənin timsalıdır.
Lui Araqon,
fransız yazıçısı
Mirzə Fətəli Axundzadə 1878-ci ildə Tiflisdə vəfat etmiş və Tiflis botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunmuşdur.
Azərbaycan Milli Kitabxanası onun adını daşıyır. Əsərləri müxtəlif vaxtlarda beş dəfə ekranlaşdırılmışdır. Haqqında iki bədii (“Səbuhi”, “Sübhün səfiri”), beş sənədli film çəkilmişdir. Bakıda və Tiflisdə abidəsi ucaldılmışdır.