Edebiyyat.az » Ədəbi tənqid » Elmir Həsən - Çingiz Aytmatovun “Cəmilə” povestində qadın sədaqətsizliyi

Elmir Həsən - Çingiz Aytmatovun “Cəmilə” povestində qadın sədaqətsizliyi

Elmir Həsən - Çingiz Aytmatovun “Cəmilə” povestində qadın sədaqətsizliyi
Ədəbi tənqid
admin
Müəllif:
11:30, 08 avqust 2023
1 120
0
Elmir Həsən - Çingiz Aytmatovun “Cəmilə” povestində qadın sədaqətsizliyi




  


 Ədəbiyyatda etibarlılıq (verisilmilitude) vacibdir, çünki əsərlər bizi öz dünyalarına götürmək – onları oxuyarkən real həyat gerçəkliklərini hiss etmək üçün nəzərdə tutulur. Əgər əsərdə qeyri-real, çaşdırıcı, yaxud məntiqsiz detallar varsa, əsərin axını kəsilir və ya inandırıcı olmur. Əsl həqiqətə bənzəyən əsər oxucunu o qədər cəlb edər ki, o, personajlara rəğbət bəsləyər, onların dialoqlarının real ola biləcəyinə inanar və baş verənlərin real dünyada baş verə biləcəyinə heç bir şübhə yeri görməz.

Çingiz Aytmatov “Cəmilə” povestində obrazların etibarlılıq – “reallığa bənzəmə keyfiyyəti”ni ekspressiv punktuallıqla təsvir edir. Əsər tanınmış Qırğız yazıçısı Ç.Aytmatovun doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini, kültürünü, ab-havasını dolğunluqla özündə əks etdirir. Əsər həddindən artıq mahiyyətli mövzunu əhatə edir.

Əsərdə Çingiz Aytmatovun yanaşdığı məsələ həm qəribədi, həm də özgəhal. Əsərin tam əvvəlindən anlamaq olur ki, Cəmilə əsərdə müəllifin rəğbət bəslədiyi obrazdır. Cəmilənin ətrafındakı insanlara davranışı ilk öncədən oxucu da onun xarakterinin zəhminə pərəstiş yaradır. Gözəl qız olan Cəmilə varlı bir ailəyə gəlin olaraq köçmüşdü. Köklü ailənin gəlini olan Cəmilə oxucuya özünə güvənən, hazırcavab, könlüaçıq, güclü, şən, bacarıqlı bir qadın kimi təqdim edilir.

Təsvir olunan hadisələr Vətən müharibəsi dövrünü əhatə edir. Zaman olaraq məhz İkinci Dünya müharibəsinin seçilməsi və bu tip qadın xarakterinin yaradılması, sözsüz, təsadüfi məqam daşıya bilməzdi. Əlavə olaraq o dövr – 1958-ci il üçün cəsarətli yazıçı addımı idi. Üstəlik həssas məsələni daha da zərif pilləyə daşıyırdı. Müharibə illərində kişilər və qadınlar bərabər şəkildə arxa və ön cəbhələrdə yorulmadan çalışırdılar. Cəmilənin də həyat yoldaşı uzaq cəbhələrdə, Kursk və Oryol ətrafında döyüşür. Sadiqin anası da sərt, möhkəm xarakter duruşuna sahib qadın kimi təsvir olunur. Oğulları müharibəyə gedəndən sonra evin asayişi, firavanlığı onun üzərindədir. Müəllif ana obarzını daha inandırıcı, dəyərli, səbatlı, həyati qürurlu göstərir. Hətta qadın kimi Sadiqin anası evdə kişidən daha üstün mövqeyə malikdir. Bu da o dövrdə qadınların nə dərəcədə əhəmiyyət daşıdığının ümdə göstəricisidir.

Sadıqın kiçik qardaşı Keçinə Bala isə Cəmiləyə çox bağlıdır. Müxtəlif işlərdə onunla birlikdədir. Onlar hər gün stansiyaya taxıl daşıyırlar. Bütün bu işlərdə Keçinə Bala Cəmilə ilə bərabər çalışır. Mehrini ona salıb. Əsər də onun dili ilə nəql olunur. Hadisələrin əvvəldən-axıra kiçik uşağın dili, müşahidəsi ilə qələmə alınması ibrətverici əhəmiyyət kəsb edir.

 

Digər diqqət çəkən obraz Daniyardı. O, uşaq çağından yetim qalmış, üç il qapılarda sürünmüş, uzun müddət Çaxmaq şoranlıqlarında qoyun otarmışdır. Yaşa dolduqda çöllərdə kanal qazmış, pambıq zavodlarında işləmiş, bir sözlə ömrünün lap başlanğıcından həyatın qış fəslinin sərt ayazını duymuşdu. Müharibə başlayanda isə döyüşə yollanmış, daha sonra ayıla yaralanaraq dönmüşdü.

Ayıl camaatı onun geri qayıtmasını rəğbətlə qarşılamışdı:

“Yad ölkələrdə nə qədər dolaşdısa da, axırda qayıtdı, demək alnında belə yazılıbmış ki, doğma arxdan su içsin. Öz dilini də yadından çıxarmayıb. Danışığı bir balaca Qazaxcaya oxşasa da, təmiz danışır”.

Zamanın sürətlə keçib-getdiyi günlərin birində Cəmilə və Keçinə Bala, Daniyara oyun oynayaraq çox böyük bir torbanı ağzına qədər doldururaraq, Daniyarın arabasına qoyurlar. Daniyar torbanı çiyninə götürərək, hələ yaralı ayağı sağalmasa da, torbanı belindən yerə qoymadan maşına qədər daşıyır. Cəmilə etdiyi hərəkətdən utanc duymaqdadır. Daniyar bu hala həddindən artıq əsəbiləşsə də, ertəsi gün heçnə olmamış kimi işinə davam edir. Lakin Cəmilə onun yanında çox xəcalət hissi çəkir. Bu hadisədən sonra Cəmilə ilə Daniyar arasında dönüş nöqtəsi olur(müharibə 3 il idi ki, davam edirdi və döyüşlərdə də dönüş nöqtəsi baş vermişdi) Cəmilə, Keçinə Bala və Daniyar, hər gün işləri qurtartdıqdan sonra at yarışdırmaqla məşğul idilər.

Elə bu əsnalarda ayılın kənd təsərrüfatı işlərinin həm çətin, həm asan günlərinin birində, istinin göy üzündən yerə amansızcasına şığıdığı vaxtda Cəmilə Daniyara qarşı sevgi hiss etməyə başlayır, özünü onun daxili aləmində duyur. Sevginin əsas göstəricisi budur ki, hər iki sevən bir-birinin mənəvi aləminin psixoloji faktına sahiblənə bilsin. Anlayış göstərməyə malik olsunlar, yoxsa ki, olmur. Cəmilədə məhz bu cürdür. O, Daniyara qarşı həddindən artıq rahatdır, açıqdır. Bunu danışıqlarda daha aydın görmək mümkündür. Və çox keçmir ki, Daniyarla “xoşbəxt” olmağa gedir. Allahaqqı düz deyirəm. İnanmırlaree...)

“Budur, onlar cığırla, çiya kolluqları ilə örtülü dərədən keçib getdilər... Axırıncı qırmızı şüalar dağlar boyuna sürətlə ötən ala buludların üzəri ilə sürüşdü və qaranlıq dərhal çökməyə başladı. Daniyarla Cəmilə arxalarına baxmadan dəmiryolu razyezdinə gedirdilər. Onların başları çiya pöhrəlikləri içərisində bir-iki dəfə də göründü və sonra gözdən itdi”.

Əbu Turxan deyirdi ki, məhəbbət ruhun tamamlanmaq əzmidir.  Albert Kamyu isə məhəbbəti başqası ilə birgə qocalmağa hazır olmaq kimi düşünürdü. Ümumən məhəbbət haqqında minlərlə sayda təriflər mövcuddur. Bu təriflər əsasən fərdi ölçüdədir. Amma yuxarıdakı məhəbbətə dair fikirlər substantiv mənalıdır. Yaxşı, bəs Çingiz Aytmatovun Cəmiləsi bu sevda ölçülərinə niyə cavab vermədi?

Heç şübhəsiz məlum məsələdir ki, müəllif Cəmiləyə qarşı nəyinki biganə deyil, hətta ona qarşı xüsusi pərəstişi var, əlavə olaraq ona bu cür addım atmağa dəstək verir. Ortaya təlatümlü sual çıxır – yaxşı, Cəmilə doğrumu etdi?

Cəmiləni bu cür addıma nə məcbur edirdi? Axı onun sevdiyi, yaxud sevmədiyi insan cəbhədə idi - düşmənlə üzbəüz. Bu şəraitdə ona yazılan məktubda qayğısızlıq duyan qadın, ən həssas məqamda başqa bir insana qarşı məhəbbəti yaranan qadının eşq, sədaqət dürüstlüyü hansı ölçünün nəticəsini təşkil edə bilər? Yaxud bu durumda – insanların qəlbinin kövrəkləşdiyi, mənəvi uçurumun gücləndiyi zamanda, cəbhədən ard-arda gələn yaralı, meyitlərin(əksər meyitlərin taleyi belə naməlum qaldı) təsirindən qarşı tərəfdən qaça-qaçda sevgi ummaq, hansı qadının zərif duyğularına yaraşar? Sadiq Cəmiləyə qarşı heç bir xəyanətə imza çəkməyib, və o, ölümlə üzbəüz, xüsusilə qardaşları da cəbhə bölgəsindədir. Bu zamanda bizim təsəvvürümüzdəki vəfalı qadın öz məhəbbətini qarşı tərəfə göstərə bilər, ən azından bu zaman şəraitində buna cəhd etmək mümkündür. Bundan əlavə Cəmilə vəfadarlığın rəmzi kimi, qadın pilləsinin ucalığı mənasında oxucuya təqdim oluna bilərdi.

Bir gün cəbhədən – Sadıqdan məktub gəlir. Amma məlum olur ki, Sadıq məktubda Cəmiləyə bir cümlə də olsun yazmayıb. Sadəcə sonda ona bir “salam” yazmaqla kifayətlənib. Bu hal Cəmiləni yetəri qədər məyus edir. Məhz bu detalın oxucuya təqdim olunaraq bir qadının qayğısızlıq sindromuna məhkum edilməsi, o dövr üçün önəm daşıyan mövzunun “başayaq” edilməsinə gətirib çıxarıb.

Cəmilə hər şeydən əvvəl öz həyatında hamı kimi müstəqil insandır və buna onun haqqı var. Amma hər bir addımın atılması üçün ortada əsaslı səbəb olmalıdır. Bu addım Cəmilə də bir qədər tələm-tələsik baş verir. O, zamanı qabaqlamaq üçün yarışa girməyə də bilərdi, təmkinli davranış sərgiləyərəq öz qadınlıq sədaqətini göstərməyi bacarardı. Ailə böyük məfhum olduğu üçün onun mürəkkəb, mübahisələrlə dolu günləri də var. Bütün bunlara qarşı davamlılıq nümayiş etdirmək önəmlidir. Amma nədənsə bizim “azadruhlu” müəlliflər kor dediyindən yapışıb buraxmayan kimi, onlar da dediklərindən yapışıb buraxmaq istəmirlər.

 

Düşünürəm ki, müəllif əsərdə canlandırmaq istədiyi problemin zamanını çox yanlış seçib və bu əsəri ağıllı-başlı oxuyub təhlilə çəkən oxucu anlayacaq ki, bu problem müharibə dönəmini əhatə etməli deyildi. Cəmilə əsərin əvvəlində çox ağırməcaz təsvir edilir, ilk əvvəldən heç cür düşünmək olmur ki, Cəmilə sonda bu qədər sərməst sədaqətsizliyə yol verə bilər.

 

Maraqlıdır. O dövrdə yazıçı qarşısında yaranan konyunktura bu durumu vadar edirdi, yoxsa yazıçı bu məqsədlə qərbin nihilist düşüncəsini Şərq dəyərlərinin üzərindən xətt kimi çəkməyi düşünübmüş?! Burası qeyri-məlumdur, amma Cəmilənin bu cür davranışına haqq yükləmək özü dolğun yanaşma ola bilməz. Qadın incəliyin, vəfadarlığın təcəssümüdür. Sovet dövrünün insanlarının hansı geri xüsusları var idisə, ancaq etibarlılıq xalıları da yox deyildi və o dövrün Cəmiləsinin yanlış təsviri bu gün öz daxili “azadlıq” emosiyalarını cilovlaya bilməyənlərə heç bir doğru yol göstərə bilməz.

 

Bu məşum məqamlar İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında da var. Ancaq orada yazıçı hadisələrin zamanını doğru yerdə fiksasiya edib. Ümumiyyətlə, hər iki əsərdə qadın qayğısızlıq əlindən “sərgərdan”, düşür, “girinc-giriftar” qalır, qayğısızlıq sindromu onları tədirgin halətlərə salır. Amma düşünmək də lazımdır ki, nə Sadıq, nə də Adil qadınlarını məcburən ömürlərinə həkk etməmişdilər. Və onlar heç bir xəyanətin qurbanı olmayıblar. Bu gün ailələrin dağılmasına bəhanə kimi diqqətsizliyi göstərmək dərin boşluğun nəticəsidir.

Qayğısızlıq sindromunu yaşayan hər iki qadın – Cəmilə və Səriyyə hər ikisi evli olduğu halda başqa insana könül verir. Bu azad sevgi anlayışının “ekstaz” qavrayışıdır. Cəmilə Sadıqdan görə bilmədiyi dəyəri daha əvvəldən ona bəyan edə bilərdi və bu imkan onun əlində var idi. Daniyar əsasən susqun, sakit təbiətli, öz endogen hisslərini kənara duydurmayan bir şəxsdir. Baxmayaraq ki, maddi cəhətdən yüksək təbəqə sahibi deyil, amma olsun, ən əsas onun insanlıq dərəcəsi Cəmiləni özünə çəkir, ona qarşı səmimi duyğuları var. Amma öz həyat yoldaşı Sadıqa qarşı niyə bu cür sevgini duya bilmir? Sadıq Cəmiləni dağ ayıllarının birindən götürüb qaçmışdır, cəmi 4 ay birlikdə yaşamağa fürsətləri olmuşdu, daha sonra isə Sadıq müharibəyə yollanmışdı. Əvvəl isə Sadıqla Cəmilənin bir-birinə qarşı sevgilərinin olub-olmadığı məlum məsələ deyil. Cəmilə xaraktercə kobud, sərtrəftardı, hətta ona edilən incə bir hərəkətə qarşı söyüşlə cavab verməkdən çəkinən də deyil.

“Qonşular dəfələrlə şikayətə gəlmişdilər:

-         Bu gəlininiz necə adamdır? Kandara qədəm basdığı heç bir həftə olmaz, ancaq, elə bil, dilotu yeyib. Nə hörmət başa düşür, nə həya...” 

Amma qaynanaya bu cəhətlər xoş gəlirdi, çünki belə fikirləşirdi ki, gəlini digərləri kimi onun-bunun arxasınca danışmır, düz sözü üzə deyir, burnunun ucunda mızıldanmır. Bəyəndiyi qədər, bəyənmədiyi tərəfləri də var, məsələn, onun həddindən artıq çox gülməyi, bəzən qeyri-adi hərəkətlər etməyi və s ona xoş gəlmir. Qayınana həmişə öz adət-ənənələri ilə yaşayan, öz dəyərlərinə sahib çıxan biridir. Və daim Cəmiləyə varlı, xoşbəxt ailəyə düşdüyünü bildirərək ona ailə sədaqətini qorumağı möhkəm-möhkəm tapşırır. Ancaq Daniyarla birlikdə getməsi göstərdi ki, Cəmilə üçün var-dövlət əsas deyil, imkan yalnız bəzi rahatlıqları insana qazandıra bilər. Hörmət, səmimilik, saf münasibət ortadakı bütün aporiyaları aradan qaldırır.

 

“- Sən elə bilirdin ki, mən səni ona dəyişərəm? – deyə Cəmilə hərarətlə pıçıldayırdı. – Yox hey, yox! O heç vaxt məni sevməmişdir. Bircə salam göndərir, o da məktubun lap axırında. Onun gecikmiş məhəbbəti mənə lazım deyil!”

Sadıqın məhəbbəti Cəmilənin dediyi kimi heç də gecikmiş eşq deyil. Və Cəmilənin dedikləri əslində onun özünü ifşa etməsidir. Gerçək məhəbbətlər səbəbi olan qayğısızlıqlar ucbatından məhv olması, əslində gücsüzlüyün bəyanıdır.

Cəmilə əsərdə məşum qadındır, çünki o ilk sevgisini qayğısızlıq, diqqətsizlik ucbatından küləyə tolazladı. Ümumiyyətlə, münasibətlərdə “gözləntilər” məsələsi çox primitiv eşq şəkilidir. “uman yerdən küsərlər” məsəli də bunun aydın davamıdır. Cəmilə Sadıqdan   qayğıcıl münasibət gözləyir (əslində, bunu da gözləmir), amma özü ona qarşı etibarlı qadın ola bilmir. Bu onun mənəvi uçurumudur, sonda isə ikinci dəfə başqa bir şəxslə qaçır. Demək ki, Daniyardan da özünün verə bilmədiyi, bacarmadığı diqqəti görməsə, digər biri ilə “qaçmaq”lara davam edəcək. Çingiz Aytmatov Sovet dövründə müstəqil düşüncə sahibi kimi qadın azadlığını ön mövqeyə çəkməyə çalışsa da, ancaq bir o qədər də mono ifrata varmışdır. Bərabərlik, qarşılıqlı etibarlılıq gözlənilməmişdir nədənsə. Biz sonda Cəmilənin özünün seçdiyi şəxslə xoşbəxt günlərinin təsvirini görmürük. Cəmilə ayılda, Sadıq gilin ailəsində yetəri qədər gülümsər idi, özünün kişi meyarını ortaya qoyur, müxtəlif çətinliklərin öhdəsindən çəkinmədən gəldiyinin şahidi olurduq. Amma sədaqətsizliyin nümunəsi kimi bütün yaxşı cəhətləri onun bir yanlış düşüncə əməlinin güdazına gedir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)