Edebiyyat.az » Proza » Kamran Səməd - Müşğül

Kamran Səməd - Müşğül

Kamran Səməd - Müşğül
Proza
nemət
Müəllif:
20:56, 21 oktyabr 2019
1 920
0
Kamran Səməd - Müşğül




İyul ayının buludsuz səmasının tən ortasından asılmış günəş səhranın torpağını 32 dərəcə tempraturda qızdırmaqda idi. Son günlərin istisindən qaralmış səkkiz yaşlı Həsən demək olar ki, özü boyda olan tir tüfəngini qucaqlayıb qaya parçasının üzərində oturaraq özündən təxmini iyirmi metr aralıda hərlənən Habilə tamaşa edirdi. On iki yaşlı Habil onun əmisi oğlu idi.
- Tapdım, - deyə Habil yerdən tapdığı boş konserv qabını əlinə alaraq havaya qaldırdı, - Yaxşı-yaxşı bax, bunu vuracaqsan. O ərəfədə butulkasındakı ilıq suyunu başına çəkən Həsən Habilin səsini eşidən kimi cəld qapağını bağlayaraq butulkanı yanındakı torbaya qoydu. Habil konserv qabını yanındakı daşlaşmış gil topasının üzərinə qoydu və gəlib Həsənin yanında əyləşdi. Həsən qucağındakı köhnəlmiş tir tüfənginin qundağını qoltuğuna söykəyərək lüləsini kanserv qabına tərəfə tuşladı. Bunu eləmək
çox çətin idi, beş saniyədən artıq tüfəngi o vəziyyətdə saxlaya
bilməyib dizinə söykədi. Tüfəngi tutma qaydasını Habildən
öyrənmişdi və indi də əmisi oğlunun gözünə girməyə çalışırdı.
İstəmirdi artıq əmisi oğlu onu fərsiz deyə çağırsın. Amma görünür
nə qədər çalışsa da bu işdə Habil qədər bacarıqlı ola bilmirdi.
Habil həm də ona nisbətən çox güclü idi və bu tüfəngi uzun
müddət atəşə hazırlıqlı vəziyyətdə saxlaya bilirdi. Tir tüfəngi uzaq
məsafədən hədəfi vurmaq üçün əlverişli deyildi, amma Həsənin
gözü qarşısında Habil dəfələrlə yaxın və bir qədər uzaq məsafədən
kiçik qabları vura bilmiş, məhəllə uşaqları arasında keçirilən
yarışlarda qalib gəlmişdi. Video oyunlarda da atışma epizodlarını
sərbəst, rahatlıqla keçən Habil, real atışma yarışlarında da həmişə
birinciliyini qorumuş və beləliklə onun bu sahədə uğurunu daim
kənardan izləyən Həsəndə də tirdən sərrast atmaq həvəsi
yaranmışdı.
Həsən bir qədər həyəcanlı idi. Əmisi oğlu ilk dəfə idi ki,
tüfəngdən atmağı ona icazə vermişdi.
Ətraf torpaq və qayalıqlardan ibarət boş bir səhra idi. Yalnız
hədəfin – yaşıl konserv qabının arxasında, uzaqda qəsəbənin evləri
görünürdü. Habil tozlu əlini üztünə silərək kepkasının
dimdiyindən yapışıb gözlərinin önünə saldı. Həsənin yanındakı
torbadan suyu çıxarıb başına çəkərək qurtumlamağa başladı.
Həsənlə birgə xəlvətcə evdən qaçarkən özləri ilə götürdükləri buz
kimi su artıq isti havanın təsirindən ilıqlaşmışdı. Birazdan lap
istiləşəcək, - deyə düşünüb narazılıqla başını yellədi və suyu
torbanın dibinə dürtdü.
- Ora qoyduğum qabı görürsən? - dedi Habil. Barmağının ucu ilə
kepkasının dimdiyini azacıq yuxarı itələyərək iyirmi metr
aralıdakı konserv qabına baxdı.
Həsən başını tərpərtdi.
- Lap əla, - dedi Habil. - Əgər o qabı vura bilsən, sənə afərin deyəcəyəm. Səni həmişə, hər yerdə tərifləyəcəyəm. Qabı necə vurduğunu məhəllədəki bütün uşaqlara danışacağam. Həm də bundan sonra sənə heç vaxt fərsizsən, bacarıqsızsan
deməyəcəyəm, - Habil ayağa qaxdı və əlavə elədi, - Əgər qabı bir dəfəyə vura bilsən, icazə verirəm, tülkünü də sən vuracaqsan.
Əgər qabı vura bilməsən, həmişəki kimi tüfəngimi daşıyacaqsan, tülkünü isə özüm öldürəcəyəm. Habil çox gözəl bilirdi ki, Həsən ömründə ilk dəfə atmaqla iyirmi metr məsafədən qabı vura bilməyəcək. Beləliklə də ən azından bu günlük tüfəngini ona rahatlıqla daşıtdıra biləcəkdi. Düşünmüşdü ki, başqa vaxt olsaydı, daşımaq üçün Həsənə verəcəyi tüfəngə toxunan kimi, heç vaxt tüfəngdən atmayan Həsən atmaq sevdasına düşəcək, bütün yol boyu tüfəngdən atmaq üçün habilin başını xarab edəcəkdi.
- Bəs demişdin ki, tülkünü sən öldürəcəksən? - cingiltili səsilə dilləndi Həsən. Həsənin qanı yaman qaralmışdı. Elə indidən tüfəng əlində əsirdi.
Qabı vura bilməyəcəyini bilirdi. Beləliklə də əmisi oğlunun yanında yenə də pərt olacaqdı və yenə də həmişəki kimi Habil onun fərsizliyindən aləmə danışacaqdı. Əgər təsadüfən vura bilsəydi yenə də öz aləmində uduzmuş sayılırdı, çünki tülkünü özü öldürmək məcburiyyətində qalacaqdı. Amma əmisi oğlundan gizlətsə də əslində tülkünü qurğuşunla vurmaq istəmirdi. Tülkü Həsənin heyvanlara olan sevgisinə xainlik eləmiş - cürət edib onların bağlarına soxularaq yenicə yumurtadan çıxmış cücələri və Habilin toyuqlarını öldürmüş olsa da qətiyyən onu öldürərək
intiqam almaq istəmirdi. Sadəcə cücələrini itirdiyi üçün tülküyə nifrət edirdi vəssalam. Tülkünü öldürmək lazım idisə bunu Habil
kimi soyuqqanlılıqla bacara bilməzdi. Yol keçərkən bircə qarışqanı belə əzməyən Həsən atası və əmiləri ilə birgə balıq
ovuna gedərkən canlı soxulcanların qarmağa keçirilərək diri-diri suya salınmalarına heç vaxt tamaşa edə bilmirdi. Sanki onların
acısılarını hiss edərdi. O sadist mənzərəyə baxdığında, qeyri ixtiyari özünü soxulcanın yerində təsəvvür edərdi və ürəyi
sıxılardı, suda boğulurmuş kimi nəfəsi daralardı. Görəsən o da böyüyəndə, atası, əmiləri boyda olanda onlar kimi acımasız
olacaqdı? Həsən əsla onlar kimi olmaq istəmirdi. Axı niyə o böyük adamlar suda boğduqları soxulcanların, yolda gəzərkən
tapdaladıqları qarışqaların, qurbanlıq bayramında başlarını acımasızca kəsdikləri qoyunların halına acımırdılar? Məyər o qoyun acı hiss etmirmi? Bir qoyunun boğazına bıçaq dirəyən adam niyə özünü o dilsiz, ağrı hiss edən heyvanın yerinə qoya
bilmirdi, deyə düşünərdi, amma bir cavab tapa bilməzdi. Hələ uşaq idi və böyüdükcə, tamaşa dairəsi genişləndikcə anlayacaqdı
ki, bıçaqlar təkcə dilsiz, şüursuz heyvanların boğazını kəsmir... və acı həqiqətləri anladıqca insanlardan daha çox iyrənəcəkdi.
Elə indi də tülküyə qurğuşun sıxmağa əli gəlməzdi. Amma çox çıxılmaz vəziyyətdə qalmışdı. Əmisi oğlu ilk dəfə idi ki, heç bir
yaşıdı ilə yox, məs onunla plan cızmışdı. Habil düşünmüşdü bu qisası məs onlar ikisi birlikdə almalıydılar, çünki mövzu onların
toyuq-cücələri idi. Həsənin yaşı az olduğu üçün atası onun tir tüfəngindən atmasına icazə vermirdi və bu planı elə cızmışdılar ki,
atasının işdə olduğu bir gün, anasının və bacısının günortalar yatdığı vaxtda reallaşacaqdı. Evdən qaçışlarından tutmuş buraya qədər hər şey plan üzrə gedirdi. Bircə Habilin ani verdiyi qərardan başqa: sərrast atıcı olaraq tülkünu öldürməyi öz boynuna götürmüş
Habil Həsənin ağlına belə gəlmədən öz vəzifəsini ona tapşırmışdı. Deməli buraya qədər mənimlə plan cızdığından və ova
çıxdığından razı olduğu üçün növbəti atdımı mənə həvalə edir, deyə düşünmüşdü Həsən. Amma çıxılmaz vəziyyətdə idi, çünki
həm yaşıl konserv qabını vurub da Habilin gözündə daha da ucalmaq istəyir, eyni zamanda isə tülkünü öldürməyi öz boynuna götürmək istəmirdi. Nə etsin axı?! Bəlkə böyük möcüzə nəticəsində qabı vurduqdan sonra tüfəngi Habilə qaytararaq
tülkünü öldürməyi ona həvalə eləsin? Bu da alınmır, çünki Habil onun qorxduğunu düşünəcək, qabı vurma möcüsəsindən sonra
yenə də onun gözündə qorxaq birisi kimi alçalacaqdı.
- Sən həmişə bu tüfəngdən atmaq istəmisən, amma atan qoymayıb. İndi ki, burada nə atan var, nə anan, nə də bacın. Əsl
məqamıdır. Amma bir şərtlə ki, ilk öncə o qabı vurmalısan. Əgər vura bilsən, öz cücələrinin və mənim toyuqlarımın qisasını sən alacaqsan, - dedi Habil və əli ilə qabı işarə edərək, - göstər hünərini, - deyə əlavə elədi. Həsən qollarına güc verərək dizinə söykədiyi tir tüfəngini
qaldırdı. Kanserv qabına tərəf tuşladığı tüfəngi bu dəfə əlində həvəssiz tutmuşdu. İçində keçirtdiyi hislər ona tanış idi və bu tanış hislərə nifrət edirdi. Bir dəfə də atasıyla balıq ovuna gedərkən atası onunçün hazırladığı kiçik tilovu ona verərək fərasətini
görmək istəmişdi. Lakin bütün diqqəti kiçik qabda bir-birinin içi ilə aramla sürünən, az sonra işgəncə ilə qarmağa keçirilərək suda
boğulacaqlarından xəbərsiz olan soxulcanların yanında qalmışdı. Gözlərini o zavallılardan ayıra bilməyən Həsən xırda soxulcanlara
acıdığını atasına birüzə etməmək üçün, və beləliklə də atasının onun barəsində balıqçı olacağına dair ümidlərini qırmamaq üçün
nə edəcəyini bilmirdi. Həmin vaxtdakı yaşadığı çıxılmazlıq hissi indi də onun yaxasından əl çəkmirdi. Hal-hazırda kiçicik ağlına
heç bir şey gəlməsə də, atasıyla olduğu dönəmdə soxulcana işgəncə verməmək və eyni zamanda atasının gözündə kiçilməmək
üçün qarmağın ucu ilə barmağını azacıq deşmişdi. Əlbətdə soxulcana qıymayan Həsən heç öz canına da qıya bilmədiyi üçün
barmağındakı yaranın adi ağrısız sıyrıntıdan bir fərqi olmamışdı, amma Həsən bir qədər rol oynayaraq, guya ki, onu çox ağratdığını
deyib balıq tutmaqdan canını qurtarmışdı. Görünür rolunun öhtəsindən bacarıqla gəlmiş və atası ona inanmışdı. Beləliklə
soxulcanla birlikdə hansısa günahsız bir balığın da ölümünün
qarşısını almış olmuşdu. Amma indi ağlına heç nə gəlmirdi. Ya qabı vura bilməyib əmisi oğlunun və məhəllədəki uşaqların gözündə fərasətsiz olaraq qalacaqdı, ya da qabı vuraraq o zavallı
tülkünü də öldürmək məcburiyyətində olacaqdı. Bəlkə səy göstərib qabı vursun, amma daha sonrasında tülkünü dəqiq nişan
almayaraq onun qaçmasına şərait yaratsın, deyə düşündü. Amma bu da olmurdu, çünki bu isti havada bu qədər yol qət etdikdən
sonra Həsən tülkünü sağ qoysaydı Habilin ona daha çox qəzəbi tutacaqdı.
Habilin səssizcə durub atışı gözlədiyi bir vaxtda Həsən anidən olaraq tüfəngin lüləsini yuxarı qaldıraraq qundağını torpağa dirədi.
Yorğunluqdan titrəyən əllərini qucağında çarpazladı. Habilin əsəbi baxışlarını görüb onu qabaqlayaraq dedi:
- Habil, konservin arxasında evlər var, - əli ilə uzaqdakı evləri işarə elədi, - ata bilmərəm. Habil bunu eşidən kimi üzündəki əsəb ifadəsi tamam yox oldu, ürəydən qəşş eləyib uğundu.
- Evlər çox uzaqdadır, tirdən çıxan qurğuşun evlərə çata bilməz.
Bu tir tüfəngi kinolardakı kimi odlu güllə atmır, atdığı qurğuşundur ki, o da ən yaxşı halda iyirmi metrə qədər ölümcül
ola bilər, - dedi Habil, - atam elə deyir. Həsən uzaqdakı evlərə baxaraq istəmsizcə Habilin məsğərəli
sözlərini dinləyirdi. Artıq hiss edirdi ki, bu vaxta qədər içində yaşayan tir həvəsi, bircə dəfə də olsa tirdən atmaq eşqi sönməyə
başlayır.
- Olmaya, atdığın güllənin camaatın həyətinə düşməsindən, sonra
da buna görə səni tutub döymələrindən qorxursan?
- Evlərin pəncərələri sına bilər, - ani cavab verdi Həsən, - bəlkə kiminsə evində körpə uşaq yatıb? Sənin körpə bacın kimi.
Həsənin ani, düşünmədən verdiyi cavabla birgə Habilin üzündəki istehzalı gülüş də ani yox oldu. Bu sözünə görə böyük
məmnuniyyətlə Həsəni tir atmaqdan məhrum edərdi, ancaq indi yeri deyildi, belə isti havada tüfəngi daşımaq həvəsi yox idi. İsti
qayanın üzərindən qalxaraq arxasının tozunu təmizlədi, yerdəki yırtıq-yamaqlı çantanı çiyninə ataraq konserva qabının iyirmi
metrlik radiusu boyunca hərəkət eləməyə başladı. Həsən də ağır tiri qucağına götürərək onun arxasınca getməyə başladı. Bir-iki
addım getdikdən sonra günün istisindən qaynarlaşmış tüfəngi əlində tutmağa çətinlik çəkdiyindən qundağını yerə dirəyərək
arxasıyca sürüməyə başladı.
- Qaldır o zəhrimarı yerdən! - yerdə sürünən tirin səsini eşidcək arxaya çevrilmədən bağırdı Habil.
Habilin əsəbi səsindən diksinən Həsən hava tüfəngini qucağına aldı. Əllərinin yandığını hiss etdikdə bu dəfə futbol köynəyinin
ətəyindən istifadə edərək tüfəngi tutmağa çalışdı. Konserv qabının ətrafında yarımdairə cızdıqdan sonra Habil başqa bir qayanın yanında durdu. Həsən ona çatan kimi Habildən öncə qayanın üzərində oturdu və tüfəngi də ehmalca qayaya
söykədi.
- Oturma, - dedi Habil, - vur artıq bu qabı, axşam düşməmiş gedək tülkünü öldürək. - Habil tülkü barəsində danışdıqca hər dəfə
yumruğunu düyünləyirdi və bu dəfə Həsənin gözündən yayınmadı. Bunu görən Həsən Habili çox əsəbləşdirməmək üçün yubanmadan
yanına qoyduğu tüfəngi yenidən qucağına aldı.
- Nişan al və vur, - ayaq üstə duran Habil göstəriş verdi, - gördüyün kimi, konservin arxasında evlər yoxdur. Həsənin vura bilməyəcəyinə adı kimi əmin olan Habil tezliklə bu məsələnin bitməyini və rahatlıqla səhra boyu tüfəngi Həsənə
daşıtdırmağı arzulayırdı. Çünki bilirdi ki, Həsən dilsiz-ağızsız fərsizin biri olsa da onun da tərslikləri var və bəzən onu iki
addımlıq dükana belə göndərmək olmur. Tərs damarı tutdusa, gərəkdir ki, ya onu yola gətirəsən, ya da başını aldadasan.
Həsən konserv qabını nişan almamışdan öncə gözlərini qıyaraq hədəfin arxasına diqqətlə tamaşa elədi. Orada evlər yox idi, amma
uzaqdan qaraltı kimi görünən və Həsənin diqqətini çəkən bir tikili var idi. Bir-birinə bitişik olan bir neçə korpusun ortasında nəhəng,
qəribə bir tikili idi. Nə qədər nəhəng olsa da uzaqdan kiçik görünən, torpaqdan qalxan istinin təsiri ilə görüntüsü dalğalanan
tikilinin bir küncündə göyə ucalan enli boru var idi. Eynən filmlərdəki fabriklərə və uca borusu da həmin fabriklərin tüstü
borusuna bənzəyirdi. Gəlki tüstüsü yox idi, ya da var idi, bəlkə də Həsən uzaq məsafədən görə bilmirdi. Səhranın ortasındakı qəribə tikili Həsənin çox diqqətini çəksə də bununla Habili daha da əsəbləşdirəcəyini düşünüb tikili barəsində kəlmə belə kəsmədi.
- Nəyi gözləyirsən? - Həsənin diqqətinin haraya cəmləndiyini görən Habil dilləndi, - narahat olma, orada heç kim yaşamır, həm
də atdığın güllə oraya çata da bilməz. Habilin əsəbləşmədən, sakit tonda izah eləməsi Həsənin maraqlarını dilə gətirməsinə cəsarət verdi:
- O, kinodakı şokolad fabrikinin eynisindəndir?
- Ay mal, səhranın ortasında şokolad fabriki olar? - deyə rişğəndlə güldü Habil.
- Bəs nədir?
- O... - Habil bir qədər duruxdu, kepkasını bir əlilə çıxararaq digər əli ilə peysərini qaşıdı, düşünürmüşcəsinə özü də tikiliyə doğru baxdı.
- Bəlkə bizim axtardığımız tülkü elə oradadır? - Habilin susduğunu görüncə dedi Həsən. Tülkünün orada olub-olmaması onun üçün maraqlı deyildi əlbətdə, sadəcə həmin qəribə tikili onun marağına səbəb olmuşdu. Həqiqətən, görəsən, səhranın ortasında fəaliyyət göstərən o tikili nə fabriki ola bilərdi? Bəlkə də onun içində nəsə sehirli, gizlin işlərlə məşğul olunduğuna görə insanlardan belə uzaq yerdə ucaldılmışdı. Maraq Həsənə tamtamına sahib kəsilmişdi.
- Tülkü orada heç vaxt yaşamaz, - kepkasını yenidən başına qoyaraq dedi Habil, - ora lənətli ərazidir. Bunu deməklə Həsənin marağı daha da artdı. Əlindəki hava tüfəngini yerə qoydu, cümləsinin davamını gətirməsi üçün diqqətini Habilə yönləndirdi. Artıq tüfəng onun maraq dairəsindən
çıxmışdı.
- Zavodun içində nə olduğunu hələki heç kim dəqiq bilmir. Bəlkə də vampirlərin məskənidir. Yaxınlıqda yaşayan uşaqlardan bəziləri deyir ki, gecələr oradan körpə uşaqların ağlaşma səsləri gəlir. Deyilənə görə vampirlər uşaqları oğurlayıb orada qanlarını
içirlər. Gecələr səsləri gələn o uşaqlar isə, həmin öldürülmüş uşaqların ruhlarıdır. Mən əvvəllər bəzi əhvalatları eşidəndə qorxurdum, amma inanmırdım. Sonralar böyüdüm və uşaqlarla bu səhralara tez-tez çıxmağa başladığımda özüm də oradan qəribə səslər eşitməyə başladım, - dedi on iki yaşlı Habil, - Hətda bir şeyin şahidi oldum; zavoda yaxınlaşdıqca başım ağramağa başlayır, halım pisləşir, sanki boğulmağa başlayıram.
- Bəs indi qorxmursan, vampirlər gəlib bizi apara bilər,- səsinin titrədiyini hiss edən Həsən özü də qorxsa da bu qorxu marağını
üstələməmişdi.
- Ay axmaq, günəş vampirləri yandırır, onlar ancaq gecələr ova çıxırlar. Həm də narahat olma, bizim silahımız var. Bir neçə dəqiqə ikisi də susaraq uzaqdakı tikiliyə doğru baxdılar.
- Atam deyir ki, o tikili sovet dövründə yod zavodu idi, - dedi Habil, - Sovet dağılandan bəri zavod da öz fəaliyyətini dayandırıb.
Məncə elə bu səbəbdən vampirlər oranı öz məskənləri üçün uyğun yer biliblər. Amma atam heç də mənimlə razı deyil, o deyir ki, vampir ya da qulyabanilər yoxdurlar. Mən ona deyə bilmədim ki, oraya yaxınlaşanda boğuluram, nəfəsim daralır. Deyə bilmirdim,
çünki, oraya yaxınlaşdığımı bilsə məni kəsər. Onun dediklərinə görə indi o zavoda ancaq yiyəsiz narkomanlar gedirlər. Atam əsl
həqiqətdən bixəbərdir. Habil nəsə gördü və ani olaraq başını yana çevirən kimi kepkası yerə düşdü. Gördüyü şey nə idisə Habilin diqqətini elə çəkdi ki, yerə düşmüş kepkasını tapdalayaraq irəliyə yüyürdü və gözlərini gün şüasından qorumaq üçün əllərini alnına dayayıb uzağa
baxmağa başladı. Tüfəngi qucaqlayaraq yerində səssiz oturmuş Həsən onun qəribə hərəkətlərinə diqqət kəsildi. Habil irəli
getdikcə gözlərini qıyır, sanki daha ehtiyyatlı olmaq üçün qamətini aşağı əyirdi.
- Qalx ayağa! Getdik! - asta səslə, bir nəfəsə dedi Habil.
- Nə görmüsən? - soruşdu Həsən. Düşündü ki, Habil onu qorxutmaq üçün vampir gördüyünü deyəcək.
- Tülkünü gördüm! - Həsənin təxmin etdiyinin ziddinə dedi Habil və əyilərək yeyin addımlarla getməyə başladı. Bir az da otursa Habildən uzaq qalacağını düşünən Həsən gecikmədən ayağa qalxaraq yerdəki çantanı çiyninə ataraq onun ardıyca yüyürməyə başladı. Özü də fərqində olmadan Habilin yerə düşmüş kepkasını tapdalayaraq keçib getdi.
- Tez gəl! - deyən Habil relslərə doğru istiqamət almışdı. Yəqin tülkünü orada görüb, deyə düşündü Həsən. Çiynində
sallanan çantadan əlavə əllərində bərk-bərk tutduğu tüfəng onun yüyürməsinə maneə yaradırdı və çox keçmədən təngənəfəs olmağa başlamışdı. Qarşıda səhra boyu sonsuzluğa doğru uzanan qatar relslərindən başqa heç nə görmürdü. Habil relslərə çatmamış
yaxınlığındakı bataqlığın ətrafında, sıx qamış kolluqlarında ayaq saxladı və kolların arası ilə irəliyə doğru boylandı. Həsən ondan
bir xeyli uzaqlıqda idi, demək olar ki, Habilə çatmaq üçün sürünürdü. Habil isə gözünü almış intiqam hissinə görə balaca
əmisi oğlu Həsənin harada olduğundan belə xəbərdar deyildi, elə ancaq qamışların arası ilə gizlincə relslər istiqamətinə baxırdı.
Həsən habilə çatan kimi, özünü uzun-uzun qamış kollarının kölgəliyinə atdı. Bütün bədənindən tər su kimi axırdı. Çantasından
su çıxarıb içməyə belə halı qalmamışdı. Silahı özündən kənara, bir
qədər Habilin yaxınlığına tullamışdı. Konserv qabına atəş açmadığına görə sevinirdi, çünki ilk həmləylə vura bilməyəcəyini
bilirdi. Beləcə əmisi oğlunun növbəti istehzalı, rişğənd edici alçaltmaları ondan yan keçmişdi. İndi isə arzuladığı tək şey -
tülkünü öldürməyi Habil öz üzərinə götürsün: elə bu səbəbdən, hava tüfəngini özündən aralıya, onun yaxınlığına atmışdı. Bu
tüfəng bu gün onun kefini yaman pozmağa çalışırdı.
Habilin qamışlıqda dinməzcə eşələndiyini görən Həsən də səsini çıxartmayaraq uzanılı vəziyyətdə başının üzərindəki qamışları
seyr edirdi. Bu həmin qamışlar idi: demək olar ki, hər axşam Həsəndən yaşca böyük məhəllə uşaqları Habilin başçılığı ilə
çöldəki bataqlıqlardan dərib gətirdikləri dəstə-dəstə qamışları siqar
kimi çəkirdilər. Həsənə çəkməyə izin verməsələr də o, qamışın siqara dönüşməsini bütün proseslərinə qədər müşahidə edə bilirdi.
Dostlar toplaşaraq günortalar səhraya gedir, gün batmamış
ağızlarına qədər qamış doldurulmuş torbalarla məhəlləyə qayıdırdılar. İlk baxışdan şişin üzərindəki qızardılmış ət lüləsini
xatırladan qamışların alt hissələrindəki şişin tutacağına bənzəyən yaşıl budağı dodaq üçün azacıq saxlanaraq qalan hissəsi kəsilir,
sonra lüləyə bənzəyən qamışlar isti bir yerə – məsələn sobanın altına yığılaraq sabahkı günə qədər qurudulurdu. Lakin maraqlısı o
idi ki, qamışlar evdə sobanın altına yığılsa belə heç kimin
valideynləri bu qamışların toplanmasının əsl məqsədini sorğulamazdı. Çünki yaşlı nəslin öz dediklərinə əsasən yayda
qurudulmuş qamışları yandırmaq – hansı ki, od vurarkən yanmır,
siqaret kimi közərirdi – ağcanaqanadların həmin yerdən uzaqdurmasına səbəb olurdu. Və beləcə uşaqlar özlərini təmizə
çıxartmaq üçün bircə şablon yalanla kifayətlənirdilər. Siqar kimi
yoğun olan qamışlar quruyandan sonra uşaqlar bir araya
toplaşaraq axşamlar göz görməyən yerlərdə – məsələn damlarda,
ya da tut ağacının başında – siqaret kimi közərdərək çəkərdilər.
Damlara qalxa bilməyən Həsən yuxarıda baş verənləri əmisi oğlu
Habilin dilindən eşidərdi. Habil deyərdi ki, qamışın tüstüsü
siqaretinkindən daha çox olur, həm də həqiqətdən də onun yaydığı
tüstü bütün ağcaqanadları qovurmuş.
- Tiri ver mənə, - diqqətini relslər istiqamətindən ayırmadan dedi
Habil.
- Yanındadı.
Başını arxaya çevirən kimi yerdəki tiri gördü və cəld əlinə aldı.
- Yəqinki içində qurğuşun var, - dedi Habil.
- Evdən çıxanda özün doldurmuşdun.
- Bəs qurğuşunların qutusu hələ də çantadadır?
- Hə.
- Ver mənə çantanı, - əlini Həsənə uzadaraq dedi Habil.
Həsən qıçlarının arasına düşmüş, toza qarışmış çantanı qulpundan
tutaraq Habilə uzatdı. Habil çantanı alan kimi, əsl ovçu cəldiyi ilə
çiyinlərinə keçirtdi və heç nə demədən sıx qamış kollarından
özünə tağ ayıraraq irəliyə diqqət kəsildi. Bir neçə dəqiqə relslər
istiqamətini müşayiət edəndən sonra qamətini düzəltdi:
- Deyəsən, gizləndi. Daha görmürəm onu, - dedi Habil.
Kefsizcə əlini qısa saçlarına çəkdi. Yalnız indi fərqinə vardı ki,
ən çox sevdiyi kepkası başında deyil. Həsən də bunun indi fərqinə
varırdı. Dinməzcə ayağa qalxı.
- Ya qaça-qaça hərəkət etdiyimiz üçün külək başımdan salıb, ya
da yod zavodu barəsində söhbətə başımız qarışdığı zaman unudub
orda qoymuşam, - dedi Habil.
Həsən peysərini qaşıya-qaçıya xatırlmağa çalışdı, amma Habilin
kepkanı harada saldığını xatırlaya bilmədi.
- Eybi yox, gəldiyimiz yolu qayıdanda diqqətlə axtararıq, - Habil
kefini pozmamağa çalışsa da kepkası onun üçün çox önəmli idi.
Üzərində qəzəbli qartal rəsmi əks olunan kepkanı Moskvadakı
dayısı onun doğum gününə hədiyyə olaraq göndərmişdi. Artıq
dörd il keçməyinə baxmayaraq Habil çox sevdiyi bu kepkanı ən
azı hava tüfəngi qədər çox sevirdi, çünki eynən tüfəng kimi həmin
kepka da məhəllə uşaqları arasında yalnız onda var idi. Bu iki əşya
– tüfəng və kepka Habilin öz güvənini həmişə tavanda
saxlamağına, özünü fərqli və digər uşaqlardan üstün hiss
eləməyinə şərait yaratmışdı.
Elə bu zaman, əmi uşaqlarının başlarının üstündən bir quş sürətlə
dəmir yoluna tərəf uçdu. Habil Həsənə “əyil” dediyində quş artıq
tam sürəti ilə qamışlığın o tayına keçdi. Nə olduğunu hələ tam
anlamayan Həsən cəld yerə çökdü.
- Sən onu gördün? - deyə heyrətdən gözləri bərəlmiş, sevincdən
dodaqları qulaqlarına çəkilən Habil əlini alnına qoyaraq quşun
ardıyca boylandı.
Yəqin yırtıcı bir quşun onlara hücum etməməsi üçün “əyil” əmri
vermişdi Habil, deyə düşünən Həsən, Habilin nəyə sevindiyini
anlaya bilmirdi.
- Yox... görmədim, - Həsən başını torpaqdan qaldıraraq bir
Habilə, bir də buludsuz sakit səmaya baxdı.
- Ay axmaq, belə bir quşu necə görməssən? - sevinc hissi hələ də
üzündə əks olunan Habil təəccüblə dedi, - bu ki, müşğüldür. Səhra
müşğülü. Özü də başının tünd mavi rəngli olmasını belə görə
bildim. Mavi rəngli: bu o deməkdir ki, o, erkək müşğüldür, əsl
qartal balasına bənzəyirdi. Eşitdiyimə görə dişilərin başı rəngli
olmur. Bu quşu məhəllədə hələki heç kim mənim indi gördüyüm
qədər yaxından görməmişdir. Axmaqsan ki, sən də görə bilmədin.
- Sonuncu cümləsini deyib qəşş elədi. Kepkasını itirmiş Habilinin
ani sevincinin altında nələrin yatdığını anlamırdı Həsən. Bir quşu
sadəcə görməsi çox önəmli idimi itmiş kepkasından? Yoxsa...
- Narahat olma, qalx ayağa, - deyib əlini Həsənə uzatdı Habil, -
mən gedəcəm müşğülün ardıyca. Fərqi nədir, tülkü olmasın
əvəzində müşğül olsun. Lap bacarıb ikisini də vursam vəziyyət
daha da gül kimi olar.
Həsənə uzatdığı əlinin havada qaldığını görən Habil, dadlı yemək
görmüş ac birisi kimi əllərini bir-birinə sürtdü.
- Heç kimin bacarmadığını mən bacaracam, müşğülü vurmadan
geri qayıdan deyiləm, - dedi Habil, - sən isə burada qamış yığ və
məni gözlə.
Geriyə çevrilib qamışlığın kənarı ilə əyilə-əyilə qarşıya getdi və
irəliyə boylandı: “O de, görürəm onu, relslərin yanındakı elektrik
dirəyində oturub” - dedi Habil və yavaş-yavaş gözdən itməyə
başladı.
Səhra müşğülü, və ya sadəcə müşğül quşu. Bu quşun adı Həsənə
tanış idi və heç vaxt yaxından görməsə də dəfələrlə çox uzaqda
uçarkən ona tamaşa eləmişdi. Yaşadıqları qəsəbədə nəhəng yırtıcı
quşlara qətiyyən rast gəlməyən məhəllə uşaqları qartal nəslindən
olan, adını mütəmadi olaraq eşidsələr də nadir hallarda
yüksəklikdə tez-tez qanad çalan müşğülü gördükdə hamı ayaq
saxlayaraq gözdən itənə qədər ona tamaşa edərdilər. Uşaqların ən
böyük arzusu - haqqında əfsanələr dolaşan müşğül yerdə
oturduğunda onu Y şəkilli sapandla vurub yaralamaq və qəfəsə
salıb saxlamaq idi. Amma məhəllədəki uşaqlardan fərqli olaraq
Həsənin heç vaxt belə bir arzusu olmamışdı. Çünki bu quşun adı
gələndə Həsən anasının ona danışdıqlarını xatırlayırdı. Ömründə
ilk dəfə başının lap yaxınlığında uçan, hətda qanadlarının yelini
hiss edən bu quşun müşğül olduğunu bildiyində yenə də əvvələ –
bağça-bağlarındakı üzüm talvarına qalxaraq anası üçün dolmalıq
üzüm yarpaqlarını dərdiyi zamana qayıtdı. Bacısı ilə anası talvarın
altında durmuş, əlləri çatan yerlərdən özləri dərdikləri halda dərə
bilmlədiklərini isə Həsən həvəslə dərərək onlara yardımçı olurdu.
Başını yuxarı qaldıraraq Həsənə göstəriş verən anası həmin vaxt
göydə sürətlə qanad çalan müşğülü görmüşdü.
- Həsən, başının üzərində müşğül adlı gözəl bir quş uçur. Ona bir
bax, - demişdi anası.
Balaca Həsən meynə qurdlarını əzmədiyinə əmin olaraq sıx
pərçimlənmiş talvarın üzərində oturaraq buludsuz səmaya
baxmışdı. Adını ilk dəfə eşidməyinə baxmayaraq quşun xarici
görünüşü, qanad çalması və çıxartdığı “çay-çay-çay” səsi sıradan
quşları xatırladırdı ona.
- Ana, onun da əti dadlıdır? - bir neçə saat öncə naharda
qardaşından fərqli olaraq dadlı göyərçin əti yemiş bacı da maraqla
göyə baxdı, - atam nə vaxtsa bu quşdan vurub?
- Yox, qızım, atan bu vaxta qədər çoxlu quşlar ovlayıb, amma heç
vaxt atəş açmadığı quşlardan biri də müşğüldür.
- Niyə? - maraqlanmışdı Həsənin özündən üç yaş böyük olan
bacısı. Həsən həmin vaxt talvarda oturub quşun uçmasına tamaşa
etsə də bacısı ilə anasının danışığına da qulaq kəsilmişdi.
- Çünki, bu gözəl quşu vurmaq günahdır.
Həsən başını aşağı salaraq talvarın ana dili dəftərindəki paralel
xətlər kimi düzülmüş dəmirlərinin arasından bacısıyla anasına
baxdı. İlk dəfə idi ki, kiminsə heyvanların yeyilməsinə, acı
çəkərək öldürülməsinin əleyhinə danışdığını görürdü. Əvvəllər
anası onun gözündə bir mələk idisə indi sanki həmin mələk öz
nurunu daha da artırmışdı.
Bacısının dinmədiyini görən Həsən dedi:
- Ana, niyə günahdı? Ona görə ki, Allah baba da quşları mənim
kimi çox istəyir?
Anası günəş şüasında nur kimi parıldayan ağ bənizini yuxarı
qaldıraraq Həsənə baxdı.
- Oğlum, həm Allah baba onları çox istəyir, həm də müşğüllər
balaca olsalar da kəndimizin şahinləridirlər. Onlar çox çevik
olduqları üçün ziyanverici həşəratları asanlıqla ovlayırlar, həm də
bədbinlik gətirən bayquşları evlərin damlarından qovurlar. Əslində
müşğüllərin sayı çox az qaldığı üçün onlar ölkəmizdə təhlükədə
olan quşlar siyahısındadırlar, yəni, əgər insanlar onları ovlasalar
nəsilləri tükənəcək və beləcə bayquşları bizim damlarımızdan
qovan olmayacaq, - dedi anası. Qaşının birini çataraq, - yəqin ki,
sən nə vaxtsa bu quşu sapandla vurmağa cəhd göstərməyəcəksən?!
- dedi və daha sonra gülümsəyərək oğluna göz vurdu və əlavə
elədi, - Mən bilirəm, mənim oğlum heç bir canlıya zərər verməz...
Həsən hələ də dizləri üstə çökərək qamışlığın kölgəsində
oturmuşdu, Habilin uzaqlaşmasına tamaşa edirdi. Ola bilməz!
Mən Habili saxlamalıyam, o müşğülü öldürməməlidir! Bəlkə də
dünyada ən son müşğüldür, onu da Habil öldürəcək. Anam necə
demişdi, bu quşların nəsli təhlükədədir. Anam hələ bir il öncə
bunu demişdi, bəlkə də artıq sonuncu müşğül idi o. Allahın sevimli
quşunun sonuncusu.
Həsən oturduğu yerdə donub heykələ dönmüşdü, içini bürümüş
qorxu və narahatlıq hissi qanını dondurmuşdu. Gözünü nə
Habildən, nə də elektrik xətlərinin ətrafında uçuşan müşğüldən
ayıra bilmirdi. Axı niyə uçub getmirsən oradan? Habil pusqudan
çıxaraq açıq-aşkar ortalıqda durub quşu nişan almışdı. Müşğül
sanki güllədən yayınmaq üçün bilərəkdən ziq-zaq formasında
uçuşurdu,amma nədənsə uçub getmək istəmirdi. Qanadlarını elə
bərk çırpırdı ki, tükcüklərinin qopduğunu Həsən uzaqdan görə
bilirdi.
Əvvəlcə, müşğül öz balalarını Habildən qorumaq üçün o əraizini
tərk eləmidiyini düşünən Həsən həmin dəqiqə xatırladı ki, Habil
onun erkək olduğunu vurğulamışdı. Bəs nəyə görə uzaqlaşmırsan
oradan?
Elə o an, Habilin yaxınlığında, ondan xəbərsiz, qayalığın arası ilə
şələ quyruq tülkünün səssizcə qaçdığını gördü Həsən. İlk dəfə idi
ki, tülkü görürdü; kürən rəngli dərisini və şələ tüklü quyruğunu
çıxmaq şərtilə küçükdən heç bir fərqi yox idi: eynən Habilin təsvir
elədiyi kimi.
Həsən qarşısında canlanan təbiətin bu acınacaqlı vəziyyətinə ağzı
açıla qalmış vəziyyətdə tamaşa edirdi. Bilmirdi yod zavoduna
tərəf götürülən tülkünün ölümdən qurtulmasına sevinsin, yoxsa
hələ də dəli kimi qıy vuran və uçuşmağa davam edən müşğülün
halına acısın. Əlbətdə diqqəti daha çox müşğülün yanında idi,
çünki o, tülkü kimi hiyləgər, ziyanverici deyildi, cəsarətli olduğu
üçün daha çox o yaşamağa, nəslini davam etdirməyə laiq idi.
Tülkünün qaçdığından bixəbər olan Habil artıq bir neçə dəfə idi
ki, cəmi tək qurğuşun tutumlu olan səssiz tüfəngini boşaldıb
doldurmuşdu. Müşğül ziq-zaqvari uçduğundan güllələr ona tuş
gəlmirdi.
Tülkü yod zavoduna tərəf qaçıb gözdən itən kimi, müşğül də
həmin istiqamətə uçmağa başladı, amma çox sürətli quş olduğu
halda hələ də dövrə vuraraq, ya da ziq-zaqvari uçuşurdu. Sanki bu
tamaşada bir sirr var. Müşğül uzaqlaşdıqca habil də onu izləyir,
məkrli həvəsindən əl çəkmirdi. Quş nə qədər uzaqlaşsa da Həsənin
gözünə nöqtə kimi görünə bilirdi, amma Habil onu izlədikcə yer
səviyyəsindən bir qədər hündürlükdə olan relslərin o tayına
keçdiyindən Həsən artıq onu gözdən itirdi. İlahi, tülkü də tərk
edilmiş zavoda tərəf qaçmışdı, indi isə müşğül də o istiqamətdə
uçur. Müşğülün uçmasında bir qəribəlik açıq-aşkar sezilirdi.
Sanki, tülkü ilə müşğül əlbir olub Habili zavoda aparmaq
istəyirlər. Həsən balaca ürəyinin daha da sürətlə döyündüyünü və
nəfəsinin daraldığını hiss elədi. Eyni zamanda əlləri-ayaqları
donub qaldığından heç bir hərkət edə bilmirdi. Habil, bircə
zavoda getmə! Az öncə heyvanların halına acıyan Həsən nədənsə
artıq Habil üçün də narahat olmağa başlamışdı.
Müşğül göydən düşən daş kimi relslərin arxasına qondu. Onun
ani hərəkətinə diksinən Həsən relslərin arxasında baş verənləri
görmək üçün qeyri-ixtiyari ayağa qalxdı. Hələ də Habili görə
bilmədiyi üçün narahatlıq keçirməyə başlayan Həsən xırda daş
parçalarının üzərindən ehtiyyatla keçərək relslərə tərəf getməyə
başladı. Ürəyi partlayacaq həddə döyünürdü sanki, həyəcandan
keyimiş ayaqları isə sözünə qulaq asmır, tez-tez büdrəyirdi.
Görəsən müşğül nəyə görə relslərin arxasına qəzəblə şığıdı?
Həmdə Habilin gözdən itdiyi yerə tərəf şığımışdı. “Habil!” - iki
əlini ağzının ətrafında yumurlayan Həsən cır səsi ilə bağırdı.
Habilin cavab verəcəyini gözlədiyi halda relslərin arxasından uzun
“ça-ay” - deyə qıy vuraraq göyə qalxan müşğülün səsini eşitdi.
Ayaq saxlayaraq müşğülün havaya qalxışını izlədi. Habildən
cavab gəlmədiyini görüb daha da yeyin atdımlarla irəliləməyə
başladı. Qışqırmağa taqəti qalmamışdı, digər tərəfdən qızmar
günəş istisi də onun nəfəsini kəsirdi. Yıxıla-yıxıla gedərək dilucu
həyəcanla Habilin adını sayıqlayırmış kimi sadalayardı. Çox da
irəli gedə bilməmiş yenə ayağı büdrədi və yerə yıxılaraq çirkaba
batmış futbol köynəyinin ətəyi tikana ilişdi. Dərisi sıyrılmış
qollarını sızıldaya-sızıldaya hərəkətə gətirərək tikanı köynəyindən
qoparmağa çalışdı. Tikan titrək əllərinə batmış olsa da tezliklə
köynəyini əsəbi hərəkətlə cıraraq özünü tikandan xilas elədi.
Əllərini yerə dayayıb qalxmağa çalışarkən tam da qarşısında
tülkünün durduğunu gördü. Diksinən Həsən ilk öncə
qarşısındakının tülkü deyil də tülkünün heykəli olduğunu düşündü,
ta ki, şələ quyruğunu sağa-sola yellədənə qədər. Alnından tər
süzülən Həsən hələ bu vaxta qədər nəyinki bu qədər məsafədən
tülkü görmüşdü, hətda heç normal düzgün bir tülk belə
görməmişdi. Tülkü ilə bir neçə dəqiqə baxışsalar da tülkü yerindən
tərpənmirdi. Sən zavoda tərəf qaçan tülküsən, yoxsa onun
dostusan? Nədənsə Həsənə elə gəldi ki, tülkülər heç də təhlükəli
heyvanlar deyillər. Tülkünün ovalşəkilli göz bəbəklərinin təsirinə
düşən Həsənin içində elə bir hiss yarandı ki, bu tülkü ona hücum
etmək üçün buraya gəlməyib. Amma digər tərəfdən ayağa
qalxmağa da ehtiyyat elədiyindən asta-asta geriyə doğru sürünərək
tülküdən hiss olunmayacaq sürətdə uzaqlaşmğa başladı. Sanki
Həsəndən geri çəkilməyini gözləyən tülkü həmin an daha da
canladı, hərəkətə gələrək Həsənin ətrafında torpağı iyləyərək tam
bir dövrə cızdıqdan sonra yeyin addımlarla ondan uzaqlaşdı və
yaxınlıqdakı təsadüfi qayaların birininin altında qazıdığı yuvaya
soxuldu. Həsən ona baxa-baxa ayağa qalxdı. Tülkünün soxularaq
gözdən itdiyi yuvadan bala tülkülərin səslərini eşidən Həsən anladı
ki, qarşısındakı ana tülkü imiş.
Başını qaldırıb yaxınlıqdakı relslərə tərəf baxdığında Habili
gördü. Həsənə tərəf çevrilib yeyin addımlarla relslərin üzərindən
aşaraq ona yaınlaşırdı. Aman Allah, mən tülkülərin yanındayam,
Habil də buraya gəlib tülkülləri görsə, onları da vuracaq! Amma
Habilin hərəkətlərində bir qəribəlik hiss etmişdi Həsən. Daş-qaya
parçalarına əhəmiyyət vermədən hərəkət elədiyinə görə, zombi
kimi yırğalanır, bir çiynindən asdığı çantası ilə digər çiynindən
asdığı tüfəngi bir-birinə toqquşaraq hərəkətini daha da
çətinləşdirirdi. Hə bir də sağ əlini bərk-bərk qucaqlamışdı. Sanki
hansısa ən dəyərli əşyasını itirməkdən qorxurdu. Həsən Habilin
qucağında ölmüş və ya yaralanmış müşğülü görmək istəmirdi. Axı
ola da bilməzdi. Çünki Həsən əmin idi ki, az öncə elektrik
dirəylərinin araları ilə uçub getmişdi müşğül.
Habil tülkü yuvasının yanından ötərkən Həsənin bütün diqqəti
yuvaya kəsilmişdi. Qaranlıq yuvanın girişində görünən ana
tülkünün uzunsov sifəti Habilin ötüb keçən ayaqlarını səssizcə
izləməkdə idi. Gündən qaralmış bənizi nədənsə meyid kimi ağaran
Habil tülkü yuvasını görməzdən keçərək Həsənin yanında ayaq
saxladı və dərhal çiyinlərindəki yükü yerə boşaltdı. Habildə
nələrsə tərs gedir, nəsə qaydasında deyil.
- Gör nə oldu, - Həsənin qarşısına keçən Habil titrək səslə dedi və
bərk-bərk qucaqladığı sağ əlini aşkara çıxardaraq ona göstərdi.
Aman Allah!
Kürəyindən süzülən soyuq tər Həsənin canına vic-vicə saldı, diz
qapaqlarında keyləşmə hiss elədi. Çünki bu yaşına qədər gördüyü
ən ağır yara - diz qapaqlarında və dirsəklərdəki sıyrıntılardan
ibarət olmuşdusa hal-hazırda həyatında gördüyü ən dəhşətli yaraya
zilləmişdi gözlərini. Qoca adamlar kimi əli əsən Habilin sağ
əlindəki baş barmağı ilə şəhadət barmağının arasında yerləşən
pərdə yırtılmış, ağız kimi açılmışdı. Gözləri bərəlmiş Həsən
Habilin əlindəki yırtığın içindəki ağ piyə baxdı. Sanki Həsənin
baxmağını gözləyirmiş kimi ani olaraq yırtığın içinə qan doldu.
Ağ piy və qırmızı ətin yerini qan şırnağı aldı. Ovucundan süzülən
qanı saxlamaq üçün Habil əlini yumruq vəziyyətində sıxdı və
digər əlini də yaranın üzərinə basdı. Əlini qucağında bərk-bərk
sıxaraq gəldikləri yol ilə geriyə doğru yüyürməyə başladı. Həsən
“gözlə!” deyərək yerdəki çantanı çiyninə atıb, hava tüfəngini də
qucağına aldı və başını qaldırarkən yuvasının üzərindəki qayaya
dırmaşaraq onların ardıyca baxan tülkünü gördü. Həm də tək
deyildi, başının üzərində müşğül uçuşurdu.
Habilin uzaqlaşdığını görən Həsən vaxt itirmədən onun arxasıyca
götürüldü. Sürətli qaçmaq istəyən Habil yaralı və son dərəcə
həyəcanlı olduğu üçün tez-tez yıxılmaq həddində büdrəyirdi – bu
səbəbdən Həsən üçün çətin də olsa tezliklə ona çata bildi.
- Əlini müşğül dişlədi? - Habilin bərabərində qaçan Həsən
təngənəfəs halda soruşdu.
- Yox... - titrək səslə inkar elədi Habil. Səsi elə titrək və zəyif
çıxırdı ki, sanki elə indicə ağlayacaqdı. - Mən onu vurdum. Bir
dəfə qurğuşun dəydi... ona.
Hətda belə bir halında da özünü öyməkdən əl çəkmir.
- Amma... uzaqda olduğu üçün çox da təsir... eləmədi, - deyə
əlavə elədi Habil, - yaralandı... düşdü yerə... üstünə qaçdım ki,
tutum onu, yenə qalxdı havaya... mən də tüfəngin lüləsini qırdım,
qurğuşunu yerləşdirdim... lüləni qaldıranda... sağ əlimdən düzgün
istifadə etmədiyimə görə əlim tüfəngin lüləsi ilə qundağı arasında
qaldı...
Səhra boyu iyirmi dəqiqəyə gəldikləri yolu indi on dəqiqəyə
qayıdırdılar artıq. Həsən qaça-qaça hərdən çevrilib arxaya baxırdı.
Artıq nə tülkü görünürdü, nə də müşğül.
Həsən az öncə nələrə tamaşa elədiyini anlamışdı deyəsən...
- Qanı saxlamaq olmur... zibil! - inildədi Habil, - mənə bax,
bizim səhraya çıxmağımızdan heç kəsin xəbəri olmamalıdır.
- Yaxşı...
- Mən bilirəm, hər şey yod zavodunun lənətinə görə baş verdi.
Əgər oraya tərəf yol almasaydım, başıma bunlar gəlməyəcəkdi.
Tülkü də getdi, müşğül də...
Həsən susdu, heç bir şey demədi, çünki heç də hər şey Habilin
gördüyü kimi sadə deyildi. Əgər relslərin bu tayında başına gələnləri Habilə danışsaydı böyük ehtimalla ona inanmayacaq,
uşaq olduğu üçün özündən uydurduğunu düşünəcəkdi.
Həsən anlamışdı ki, ortada heç bir “yod zavodu lənəti” yoxdur. Ortada – dişi tülkünü və balalarını ölümdən xəbərdar etmək üçün
özünü yetirən və düşməni bala tülkülərin ərazisindən uzaqlaşdıran,
və ona dərsini verən cəsarətli erkək müşğül var. Həsən həm də anlamışdı ki, tülkü təkcə öz balalarını qorumaq üçün deyil, eyni
zamanda Habilin köməyinə çata bilməməsi üçün onun qarşısındakı yolu kəsmişdi. Onlar planlı üzrə Habili cəzalandırdılar. Həm də bir quş ilə bir tülkü yola getməz canlılar olduqları halda...
On dəqiqə sonra qızmar səhrada müşğülün “çay-çay-çay” səsləri eşdilirdi... Ana tülkü balaları ilə birgə qamışlığın əhatəsində olan gölməçədən su içirdilər... Və Habilin unudulmuş kepkasının üzərindən əqrəb keçirdi...

SON


9 oktyabr, 2019.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)