Edebiyyat.az » Ədəbi tənqid » TAHİR HƏSƏNLİ - XALTANLI TAĞININ AŞİQANƏ-LİRİK ŞEİRLƏRİ

TAHİR HƏSƏNLİ - XALTANLI TAĞININ AŞİQANƏ-LİRİK ŞEİRLƏRİ

TAHİR HƏSƏNLİ - XALTANLI TAĞININ AŞİQANƏ-LİRİK ŞEİRLƏRİ
Ədəbi tənqid
admin
Müəllif:
23:49, 24 oktyabr 2023
1 012
0
TAHİR HƏSƏNLİ - XALTANLI TAĞININ AŞİQANƏ-LİRİK ŞEİRLƏRİ




       Müdrik el ağsaqqalı, ozan Dədə Qorqud ruhunu yaşadan, xalqın arzu və istəklərini şeir və musiqi ilə el şənliklərində yayan, aşıqlıq sənətini inkişaf etdirən, məclisləri yaraşığa gətirən aşıqlarımız arasında unudulanlar çox, söylədiklərinin, yazdıqlarının bir qismi bizə gəlib çatan sənətkarlarımız isə azdır.

         Zəngin irslərindən yaddaşlarda qalıb toplana bilən aşıq ədəbiyyatımızın görkəmli nümayəndələrindən  biri XIX əsrin əvvəllərində tanınmağa başlamış Xaltanlı Tağıdır. Onun yaradıcılığı vəfat etdiyi vaxtdan yüz il sonra toplanmağa, öyrənilməyə başlandığından şeirlərinin xeyli hissəsi unudulmuşdur. Bu gün  əldə olan yüzə yaxın şeiri içərisində gəraylı, qoşma, qıfılbənd, divani, deyişmə, ustadnamə, müxəmməs, qəzəl kimi növlərə rast gəlirik. Bunların arasında çoxluğu məhəbbətin tərənnümü və gözəllərin tərifi təşkil edir.

       Qoşma və gəraylılarında saf, təmiz və həqiqi sevgisini bıldırən aşiq məşuqunun ona etinasız və biganə münasibətindən şikayətlənir, lakin bu sevda başından çıxmır. Məşuq verdiyi cövrü-cəfadan usanıb insafa gəlmir. Sevgisində inadkar olan aşiq özünü bu yolda Məcnuna, Fərhada bənzədir; çəkdiyi əzabı isə nə sevdiyi, nə də başqaları dəyərləndirmir:

Leyliyə Məcnun, Şirinə Fərhadam, Sorsan əhvalımı könlü bərbadam. Həsrətindən qəm ağlaram dəmadəm, Göz yaşımı silən olmaz, a zalım.

     Məşuq sanki aşiqinə əzab verməkdən zövq alır, sevdiyini sınağa çəkir, hamı bu sevgidən xəbər tutur, o isə əhd-peyman etdiyi şəxsi intizarda saxlayır. Elədıyı münasıbətə görə aşiq sevgilisinin hürü, pəri, ya  qılman olduğunu, onda insan nişanəsinin olmadığını söyləyir:

Gör mənə nə etdi gərdişi-dövran, Könlü həsrət qaldım, didəsi giryan, Gündüz qərarımı kəsdi bu hicran, Gecə yuxum haram oldu, gəlmədi.

       Sevgisi ilə dərdə, əzaba mübtəla olan aşiq bu dərdlərin, əzabların içində öz xoşbəxtliyini tapır. Bu dərd, əzab, hicran, həsrət onun yaşamaq, mübarizə aparmaq istəyinə enerji verir, onu qüvvətləndirir.

Sevgilisinin rəqibə meylindən şikayətlənən lirik-romantik aşiq çəkdiyi iztirablardan yorulmur. Özünü

eşqi yolunda Məcnunla, Fərhadla, Yaxşının Aşığı ilə eyniləşdirir. Canından həsrət odu qurtarmayan, yar yanınından gedəli dünya başına dar olan aşiqin vəziyyətini təbib də görən kimi başa düşür, amma

sevdiyi onun gözlərini yoldan yığa bilmir. Qismətinə düşən bu taleyinə narazılığını bildirir. Ağ geyib üstündən qara bağlaram,

Sinəm üstün düyünlərəm, dağlaram. Gecə-gündüz, vaxt-bivaxt ağlaram, Düşübdür bəxtimə ahi-zar mənim.

        Sevgisi yolunda hər əzaba dözən aşiq məhəbbətin təsiri ilə, gözəlin qəmzələrinin canına qəsd etməsi ilə kifayətlənməyib onun dərdini ürəyinə, qada-bəlasını canına qəbul edir. Eşqinin, məhəbbətinin gücü ilə yaranan ahından sevdiyinin özünü qorumasını istəyir. Sanki Kərəm kimi özünü, sevdiyini məhv edər.


Ovçuyam, durmuşam bərə ovunda, Sidqimi bağlaram haqq dərgahında. Hayıfsan, ahımı saxla yadında,

Qoyma, yar, intizar, gəl qucaqlaşaq.

         Aşığın qoşmalarında sevgi tərənnüm edilməklə yanaşı, bu gözəllərin xarici görünüşlərinin təsvirinə də     yer verilmişdir. Gərdənini minaya, buxaqını qəndə, saçını qarğuya, dişlərini inciyə, dilini xurmaya bənzədən aşıq dinləyicinin, oxucunun xəyalında gözəlin bütün gözəlliyini əks etdirir. Xarici görünüşünü bədii təsvir vasitələri ilə çatdıran aşıq yaşadığı dövrün geyimlərini də təxəyyülümüzdə canlandırır. İlahinin verdiyi gözəlliklə geyim, libas bir-birini tamamlayır:

Bir zalım gözəlin mehmanı oldum, Gördüm sinəsinin qarı gözəldir.

Bağu-bostanını pünhan saxlayır, Qoynu cənnət bağı, barı gözəldir.

Sərib yaşıl çəmən üstə məxməri, O ay camalından yoxdu xəbəri. Bəzəkli qoftası, qızıl kəməri,

Atlasın altında narı gözəldir.

        Xaltanlı Tağı gözəlləri vəsf etməklə yanaşı, öz təmiz adını, şərəfini, ləyaqətini, el içində hörmətini saxlamağa çalışmışdır. Bu barədə halal olmağı da Yaradanı qarşısında özünə borc bilmiş, nə bəndə, nə də Allah qarşısında rüsvay olmaq istəməmişdir. “Olsun” rədifli qoşmasında Allahdan mal-dövlət deyil,    yalnız öz sevdiyini diləyir:

Bir yanım dənizdr, bir yanım Şahdağ, Sevdiyim gözələ olmuşam müştaq Yar yanında alnım açiq, üzüm ağ,

El ıçındə ağlım, kamalım olsun.

       Həsrət, intizar, hicran dolu bu qoşmalarda və gəraylılarda unudulmaz məhəbbətin, nakam eşqin tərənnümü əsas yer tutur. Aşıq hələ gənclik illərində, ilk sevgisində əhdinə sadiqliyini bildirir. Hər gözələ vurulmur.

Tağıyam, əhdimdən dönsəm, Subaylıq taxtından ensəm, Səndən özgəsiylə dinsəm, Qoy qənimim “Quran” olsun.

       Aşıq sevdiyi gözəldən də qarşılıqlı sədaqət, vəfa, etibar istəyir. Ozü əhdindən dönərsə “kor olsun gözüm” deyir, sevgilisi dönərsə, kəskin söz deməyə dili gəlmir, “babalım boynuna olsun” deyir. İlk sevgisində olan sadiqliyini məşhur olduğu vaxtlarda da qoruyur, “Məni” rədifli qoşmasında rast


olduğu gözələ “Bir ağır adım var, bir təmiz dilim” deyir. Gözəllə özü arasında məsafə saxlayır, sazı ilə, sözü ilə mehmanı olduğu gözələ xitabən şeirin sonunda deyir:

Tağı baxmış olsa, xain göz ilə,

Qoy kəssin bu quran, bu heykəl məni.

        Dilindən, milliyyətindən asılı olmayaraq Dərbənd ellərindən üzü bəri Ərdəbil, Xorasan mahallarınadək sazı, sözü ilə məclislər aparan aşıq “Gərək” rədifli ustadnaməsində də ədəb-ərkandan söz açır, məclisdə yerini bilməyi, danışığına fikir verməyi, yeyib-içəndə qədərini gözləməyi məsləhət bilir.

Salam verib bir məclisə girəndə, Böyükdən kiçiyə nəsihət gərək. Ədəb-ərkan görə, yol, təriq bilə, Əslində, nəslində nəcabət gərək.

       Məhəbbət mövzusu insan psixologiyasının, onun mənəvi dunyasının, saf duyğularının yaradılışına,  inkişafına, təşəkkülünə təsir göstərir. Aşıq Tağı yaradıcılığında bunun real, həyati, platonik eşqdən uzaq təcəssümünü görürük. Dili zikr edən aşiqin gözü sevdiyində qaldığından nə elədiyini duymur, hətta qibləsini unudub özündən xəbərsiz sevgilisi səmtə yönəlir. “Vermərəm səni” rədifli qoşmasında  aşıq Tağı gözəlin aşiqi üçün hər şeydən dəyərli olmasını ifadə edir. Dünyanın var-dövlətini yığsalar belə, hər hansı canlara dəyən gözəli versələr belə öz sevdiyini daha üstün tutur. Şərqin böyük sənətkarl Sədi Şirazidən Xaltnlı Tağı daha “səxavətli” imiş.

Dağlara maralsan, düzlərə ceyran, Ordubad, Naxçıvan boyuna qurban. Dəmirqapı Dərbənd, Şamaxı, Şirvan, Küllü Dağıstana vermərəm səni.

Mən qurbanam, bu qamətə, bu boya, Haqq səni saxlasın bayrama, toya.

Təbrizə, Tehrana, Mərəndə, Xoya, Büsbütün İrana vermərəm səni.

      Sevdiyi gözələ sədaqətini, məhəbbətinin yüksəkliyini, böyüklüyünü mübaliğəli şəkildə bu yolla çatdıran aşiq eşqində sabit qədəmliyini bildirməklə yanaşı dinləyicisini də düzgün yola istiqamətləndirir. Xaltanlı Tağının aşiqanə-lirik şeirləri təmiz, saf məhəbbətin tərənnümüdür. Bu şeirlər insanda xoş  duyğular oyadır, gənclərimizə həyatı sevməyi, məhəbbətdə saf və sədaqətli olmağı təlqin edir.


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)