Edebiyyat.az » Film » Nemət Mətin: Həyatı “Lətifə”yə dönmüş “Köpək”lər.

Nemət Mətin: Həyatı “Lətifə”yə dönmüş “Köpək”lər.

Nemət Mətin: Həyatı “Lətifə”yə dönmüş “Köpək”lər.
Film
admin
Müəllif:
03:17, 01 fevral 2022
2 685
0
Nemət Mətin: Həyatı “Lətifə”yə dönmüş “Köpək”lər.




 Stendaldan tutmuş Kamal Abdullaya qədər bir çox yazıçılar müxtəlif ölkələri gəziblər. Hətta bəzi yazıçılar yol qeydlərindən ibarət kitab da çap etdiriblər. Bəzisi getdiyi ölkəyə vurularaq orada qalıb, bəzisi məcburiyyətdən qaçaraq ölkə-ölkə gəzib. Deportasiya edilənlər də var. Lakin indi yazıçının belə çətinliyi yoxdur. Hansı ölkədə nə baş verirsə, müxtəlif saytlardan xəbər ala bilir. Video çarxları izləyərək Braziliya cəngərliklərində yaşayan qəbilənin hansı ritualları nümayiş etdirdiyinə göz və qulaq şahidi olur. İnformasiya aclığı demək olar ki, yoxdur. Hətta qadağan olunmuş kitabları da onlayn versiyada tapmaq mümkündür. Belə bir dövrdə yazıçı, şair nədən yazsın və ən əsası nədən ilham alsın? Sözün açığı heç özüm də bilmirəm. Yazılar günü-gündən qısalır, yazıçılar həvəsdən düşür. İnsanlar meymundan insana çevrilibsə, indi yenidən meymuna geri dönür. Qul kimi işləyən adamların sayı hər gün artır. Kimi dindirirsən, oxumağa vaxtı yoxdur. On iki-on dörd saatlıq iş rejimindən sonra ədəbiyyat yada düşərmi? Mən özüm növbəli iş rejimində işlədiyim üçün gecələr oxumağa vaxt tapıram. Y da məcburiyyətdən səs-küyü, sıxlığı nəzərə almayaraq metro qatarında oxuyuram. Yazan adamların əksəriyyəti ədəbiyyata dəxli olmayan işlərdə işləyirlər deyə, yazdıqları da alaçiy alınır. Özlərini ədəbiyyatın ağuşuna tam olaraq ata bilmirlər. Nəticədə Əli aşından da olurlar, Vəli aşından da.
 Çalışıram hər gün həm nəsə oxuyum, həm də nəsə izləyim. Filmin bir balaca bayağı olduğunu sezəndə yarıda saxlayaraq başqa filmə keçirəm. Bu günlərdə 1989-cu ildə ekranlara çıxmış Azərbaycan filmi izlədim.  Mistik realizm, fantasmaqoriya, qara yumor məni özünə elə çəkdi ki, ekrandan ayrıla bilmədim. Bu üç xətti birləşdirərək son 50 ilin ən yaxşı Azərbaycan filmini çəkə bilmişdilər. 1989-cu il. Qarbaçovun "yenidənqurma" planı. Erməni vəhşiliklərinin üzə çıxmasına az qalmış "Lətifə" filmi çəkilir. Filmdə gizli simvollar, alt qat uğurla işlənmişdir. Hadisə üç yerdə baş verir. Şəhər Partiya Komitəsinin Birinci katibinin otağında büronun iclası gedir. İclasda nə baş verir, onu izləyici görmür. İkinci məkan gözləmə zalı. Üçüncü məkan lift. Filmdə artıq bir dialoq, söz belə yoxdur. Adama iti qılınc kimi batan, qara yumorla deyilmiş fikirlər düşünməyə vadar edir. 
 Bu kinokomediya Ümumittifaq ekranlarına vəsiqə alandan sonra Stavropol diyarında onun nümayişi Sov. İKP Vilayət Komitəsi tərəfindən qadağan olunmuşdur.
 Filmdə olduqca maraqlı, alt qatı olan səhnələr var. Məsələn liliput cütlüyə yeni ev veriblər. Onlar təsirlənərək birinci katibin qəbuluna gəliblər. Lakin gözləməli olurlar. Ona görədə liliput qadın yazdığı "xoşbəxtlik" adlı şeiri digər gözləyənlər üçün oxuyub sevincdən ağlayır. Nə anlamaq olar? O dövrdə verilən xudmani evlər yalnız liliputlar üçün saray kimi görünə bilər və ya yalnız "liliput"lar o dövrdə "xoşbəxt" ola bilərdi...
 İkinci maraqlı səhnə akt zalında baş verir. Gənc komsomollar rəhbərin əmriylə oynamağı, şənlənməyi məşq edirlər. Dayanmadan, filmin sonuna qədər. Axır biri dözməyib yerə yıxılır. Dəli olur. Nə anlamaq olar? Üzdə xoşbəxt görünən insanlar əslində içlərində zar-zar ağlayırlar. Diktatura rejiminin qoyduğu sarsaq qanunlar. İndi bunu Koreyada Kim(oğul) edir. Məcbur ağlaşmalar, gülüşmələr, gülümsəmələr...
 Lift. Filmin ortalarına qədər lift bildiyimiz, gördüyümüz liftlərdəndir. Ortadan sonra lift həbsxana kamerasına çevrilir. Yəni hamımız həbsxanadayıq. Bundan o tərəfi yoxdur filmdə. 
Yeni ev verilmiş sakinlərin evlərinə kanalizasiya xətləri çəkilməyib. Etiraz olaraq hamı "kanalizasiya" qışqırır. Sona yaxın "azadlıq" qışqırırlar. Açıq-aydın xalqın bezdiyini, güzaranın qaralığını göstərirlər. 
 Filmin əvvəlində zavodda yeyinti olduğuna görə zavod direktorunu katibin qəbulunda görürük. Filmin axırında alt paltarda oynaya-oynaya otaqdan çıxan direktor sevinir. Tapıntıdır. 
 Onu da qeyd edim ki, vaxtilə film ekranlarda nümayiş olunanda bütün sovet ölkələrində rezonansa səbəb olub. Sadəcə müharibənin başlanması filmi kölgədə qoyub.
 Cəmi beş il sonra ekranlara “Köpək” filmi çıxır. Yenə alt qat, yenə simvollar, yenə qara yumor. Bir qrup məzlum insan iş tapdıqlarını zənn edərək avtobuslara doluşur. İş yerinə gəldikdə oğurlandıqlarını anlayırlar. Bir qab yeməyə daş daşıdıqlarını anlayanda isə dəli olan kim, yaltaqlıq edən kim, aclığa dözməyib ölən kim… 
 Filmdə köpək simvolu üç yerdə qarşımıza çıxır. Birində ata oğlu üçünköpək şəkli çəkir. Sonra özünü köpək yerinə qoyaraq oğluyla oynayır. Bu məqamda xoşbəxtdirlər. İkinci dəfə insanları qul kimi işlədən əzazil adamın itini ekranda görürük. Üçüncü epizod isə film boyu bizi izləyir. İnsanlar istismar olunduqca köpəyə çevrilirlər. İt döyüşlərini xatırladan bir neçə səhnə də var. Filmin əsas mesajlarından biri də V.Qoldinqin “Milçəklər tanrısı” kitabının mesajı ilə eynidir. İnsan hansı şəraitə düşürsə düşsün, qarşısına nə kimi çətinliklər çıxırsa çıxsın, insan - insan olaraq qala bilər.
 Filmdə original obrazlardan biri Yaşar Nurinin yaratdığı yaltaq obrazıdır. Digərləri sözə baxmayanda köpək evciyində qandallanaraq yatır. Çirk-pasın içində yaşayır. Bir qab yeməyə görə dalaşır. Yaltaq isə təriflənir. Çimizdirilir. Hamını sözə baxmağa çağırır və qarnı toxdur. Filmin xüsusi vurğulanacaq bir səhnəsi var. İnsanlar yorğun halda işdən qayıdıblar. Acdırlar. Simfoniya qoşulur və ortaya iri bir qab gəlir. İçində naz-nemətlər. Yemək üstündə qırğın düşür. Dalaşırlar. Simfoniya isə dayanmır. Musiqi sədaları altında insanın heyvana çevrilməsini görürük. Yəni, mədəniyyət yalnız qarın tox olanda işə yarayır. Ac adama mədəniyyət təsir etmir…
 Bu iki filmi misal çəkərək hansı dövrdə, hansı rejimdə yaşamağımızdan asılı olmayaraq ortaya sənət əsəri çıxarmağın mümkün olduğunu göstərməyə çalışdım. Bəlkə də məhz çətin dövrlərdə ortaya güclü kitab, film, rəsm əsəri çıxır. Çünki orada mübarizə əzmi var…


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)